“Məzunlarının 96 faizinin imtahan nəticələri ilə attestat qiymətləri fərqlidir” – MÜSAHİBƏ
16 sentyabr 2011 11:24 (UTC +04:00)

“Məzunlarının 96 faizinin imtahan nəticələri ilə attestat qiymətləri fərqlidir” – MÜSAHİBƏ

“2000 manat Avropada müəllim üçün normal maaşdır, amma bizim bütün müəllimlər təhsildə qoyduğumuz tələblərə uyğundurmu?”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsi

- Ali məktəblərə bu il keçirilmiş qəbul imtahanlarının nəticələrini necə qiymətləndirirsiniz? Nəticələr Sizi qane etdimi?

- İlkin nəticələr onu göstərir ki, 2010-cu və 2011-ci ilin nəticələri təxminən eynidir. Biz nə ciddi irəliləyiş olduğunu, nə də nəticələrin kəskin pisləşdiyini deyə bilərik. Müəyyən istiqamətlərdə nəticələrdə 1-2 faiz yaxşılaşma və ya pisləşmə müşahidə olunur. Amma ölkə üzrə ümumi nəticələrə baxsaq, 2010-cu ilin nəticələri ilə bu ilin nəticələri təxminən eyni səviyyədədir. Bu bizi qane edir, ya etmir sualını daha çox ictimaiyyətə, müəllimlərə, valideynlərə vermək lazımdır. Məsələ ondadır ki, ali məktəblərə qəbul ola bilməyən və hazırda əmək bazarına ixtisassız daxil olan insanlar özlərinə iş yeri tapırlarsa, bu o deməkdir ki, ictimaiyyət buna qane olur. Yox, həmin gənclər özləri üçün iş tapmırlarsa və işsiz kütləyə qoşulurlarsa, onda demək ictimaiyyət və iş verənlər bununla razı deyil. Bundan başqa, bu il ali məktəbləri bitirən çoxsaylı məzunlar da əmək bazarına daxil olurlar. Bu insanların neçə faizi işlə təmin oluna bilir, necə faizi əmək bazarında öz yerini tapa bilir - bu, daha ciddi sualdır. Bu suala cavab bizim ictimaiyyəti daha çox narahat etməlidir. Ali məktəbləri bitirən insanlara tələbat varmı və onların bilik səviyyəsi iş verənlərin tələblərinə uyğundurmu? Misal ucun, TQDK-da, xüsusilə regional bölmələrimizdə müəyyən vakansiyalar var ki, biz necə illərdir həmin yerlərə bacarıqlı mütəxəssis tapa bilmirik. Həmin iş yerlərinə qoyulan tələblərə uyğun insanlar özəl sektorda daha tez iş tapırlar. Görünür həmin sektorda maaşların daha yüksək olması da buna təsir edir. İnsanlar regionlarda da dövlət qulluğunda çalışmağa ciddi maraq göstərmirlər.

Elektron imzanın tətbiqindən sonra Sənəd Qəbulu Komissiyalarının işçilərinin bir qismi ixtisara salınacaq

- Azərbaycanda artıq elektron imza haqqında qanunun tətbiqinə başlanılıb. Bundan sonra ali məktəblərə tələbə qəbulu prosesinin tam şəkildə elektronlaşacağını demək olarmı?

- Mən bununla bağlı artıq müvafiq əmr imzalamışam. Biz elektron imzanı çox geniş şəkildə tətbiq edəcəyik. Sənəd Qəbulu Komissiyalarının işçilərinin bir qismi ixtisara salınacaq. Vətəndaşlığı olmayan şəxslər, xarici ölkələrin vətəndaşları ilə bağlı müəyyən halların hamısını araşdıracağıq. Təbii ki, hər bir şəxs öz imzasını elektron şəkildə təsdiq edirsə, bu, artıq hüquqi sənəd sayılır. Ona görə də hər hansı şəxs qəbul imtahanında iştirak üçün ərizə dolduranda öz elektron imzası ilə attestat qiymətlərini təsdiq edirsə və bu zaman düzgün olmayan məlumatlar göstərirsə, şişirtməyə yol verərsə, sonra biz məhkəmə yolu ilə bu nəticələri ləğv etdirəcəyik. İndiki halda biz bu sənədləri fiziki formada yoxlayırdıq. Odur ki, ərizələrin təsdiqi prosesində sənəd qəbulu komissiyaları iştirak edirdi və prosesdə rəsmi şəxsin iştirakı vacib sayılırdı. İndi isə ərizələrin qəbulu proseduralarının heç bir məmurla ünsiyyətdə olmadan həyata keçirilməsinə imkan yaranır. Bizə elektron formada daxil edilən müraciətlərə cavab veririk, amma bəzən bu müraciətlər və şikayətlər anonim olur. İndi isə belə ərizələr bizə daxil olanda elektron imza istəyəcəyik. Elektron imza sənəd kimi istifadə olunacaq. Bu, kütləvi proseslərdə insanların həm yol xərclərinin azaldılması, həm vaxta qənaət baxımından mütərəqqi yenilikdir. TQDK tərəfindən indiyədək müəyyən sənədlər, məsələn, ali məktəblərə qəbul əmrləri həm yazılı, həm də elektron formada göndərilirdi. İndi isə bu əmrlərin çap edilmiş formasına ehtiyac qalmayacaq. Biz elektron imza ilə bu faylları göndərəcəyik və onlar etalon fayllar kimi saxlanacaq, əmrlər oradan çap olunacaq. Abituriyentlərin daxil olduqları ali məktəbdə qeydiyyatdan keçmələri də tam şəkildə elektronlaşacaq. Onların elektron imzası, elektron bazada isə diplomlar və attestatları haqqında məlumatlar olduğundan qeydiyyat ucun ali məktəblərə getməyə ehtiyac qalmayacaq. Bu il bizə Təhsil Nazirliyi tərəfindən söz verilib ki, təkcə attestat bazası deyil, məzunların bazası da TQDK-ya təqdim ediləcək. Beləliklə, bizdə diplomların nömrələri də olacaq və onları avtomatik yoxlaya biləcəyik. Bu baza bizə ötürülsə, magistraturaya daxil olmaq istəyənlər ucun də heç bir problem olmayacaq.

Azərbaycanın ali məktəblərinə qanunsuz köçürmələr daha çox Gürcüstandan və Dağıstandan olur

- Respublika Prezidentinin Sərəncamı ilə TQDK tərəfindən yaradılmış tələbə-məzun elektron məlumat bazasına əsasən vaxtaşırı ali məktəblərə qəbul olanlarla bitirənlər arasında fərq olduğu müəyyən edilir. İndiyədək Azərbaycanda ali məktəbi bitirənlərin sayında nə qədər qanunsuz artım olub?

- Biz bu nəticələri hər iki ildən bir ictimaiyyətə çatdırırıq. Sentyabrın sonu, oktyabrın ortalarında yeni nəticələri elan edəcəyik. Mən ümidvaram ki, Azərbaycan Beynəlxalq Universiteti və Moskva Açıq Universiteti bağlandığı üçün belə artımlar olmayacaq. Bir məsələ də var ki, bu cur qeyri-qanuni universitetlər bağlananda onların qeyri-qanuni tələbələri də qanuni yolla hansısa ali məktəblərə köçürülür. Bizim tələbə ovuna çıxan ali məktəblər xarici ölkələrdən köçürmələrə də üstünlük verirlər. Xüsusən də Dağıstandan və Gürcüstandan köçürmələrə daha sıx rast gəlinir. Bu il mən Gürcüstanda rəsmi səfərdə olarkən bu ölkənin təhsil naziri və Tələbə Qəbulu üzrə Komissiyasının sədri ilə görüşümüzdə də bu məsələyə toxundum ki, belə köçürmələrin olması nə dərəcə düzgündür? Məlum oldu ki, bu köçürmələrin heç bir hüquqi əsası yoxdur. Çünki orada da test üsulu ilə ali məktəblərə qəbul olurlar və bu şəxslərin heç birini başqa yerə köçürməyə cəhd göstərmirlər. Amma ali məktəb statusunda olmayan hansısa təşkilatlar məsələn, dərzi kursu açır, bu dərzi kursunun adını qoyur universitet və oradan kimsə köçürüləndə deyir ki, mən Gürcüstandan köçürülmüşəm. Onlar universitet kimi tanınmayan təşkilatlardır. Adını nə istəsəniz qoya bilərsiniz. Biz Gürcüstanın təhsil naziri ilə belə qərara gəldik ki, Gürcüstandan kütləvi halda köçürmə aşkar etdikdə onlarla əlaqədar sorğunu bu ölkənin Təhsil Nazirliyinə göndərəcəyik. Onlar araşdırmalar nəticəsində bizə cavab verəcəklər. Bu tələbələrin qeyri-qanuni köçürülməsi faktiki olaraq onların hansısa kurslardan ali məktəblərə köçürülməsi deməkdir. Bunun qarşısı alınacaq. İkinci problem isə Dağıstanla əlaqədardır. Bilirsiniz ki, Rusiyada ali məktəblərə qəbul vahid dövlət İmtahanı əsasında aparılır. Dağıstandan bura köçürülən adamlarla əlaqədar biz Rusiyanın ümumi elektron məlumat bazasına müraciət edəcəyik. Həmin şəxsin ötən ilki imtahanda balını yoxlayıb, bu məlumatı müvafiq orqanlara təqdim edəcəyik. Qeyd edim ki, hazırda Maliyyə Nazirliyi tələbə-məzun elektron məlumat bazası ilə fəal iş aparır. Çünki bazanın məlumatları əsasında dövlət sifarişli yerlərə qəbul olunanların hara köçürülməsinə dair məlumatlar vacibdir. Biz cari ildən ali təhsil müəssisələrini də həmin bazaya qoşmağa çalışacağıq. Elektron imzanın tətbiqi bu prosesdə də bizə kömək edəcək və hansısa qeyri-qanuni addımın qabağını almağa imkan yaradacaq. Universitetlər hər bir mərhələdə tələbə kontingentinin dəyişdirilməsi, kursda qalanlar, ali məktəbi bitirənlər və bitirməyənlər, ali məktəbə köçürülənlər, xaric olanlar, sonrakı kurslarda ixtisasdan ixtisasa köçürülənlər haqqında bütün məlumatları bazaya daxil etməlidir. Ümidvaram ki, onlar bunu edəcəklər. Çünki qanuna görə, bazaya məlumatı daxil etməmək müəyyən cəzalara gətirir. İnzibati Xətalar Məcəlləsində bununla bağlı müvafiq maddələr var. Bu bazalara qoşulmaq həmin qurumların öz fəaliyyətini daha açıq və şəffaf etməsi demək olacaq. Şəffaflıq müəyyən adamlardan daha çox məsuliyyət tələb edir. Bir var, adamlar bilir ki, bu işi görəndə heç kimin xəbəri olmayacaq, bir də var bilir ki, bu işi görsə, hamının xəbəri olacaq.

Orta məktəbləri bitirən məzunların 96 faizinin imtahan nəticələri attestatda olan qiymətlərlə üst-üstə düşmür

- Təhsil Nazirliyi orta məktəbləri qızıl və gümüş medalla bitirən namizədlərin hamısının qəbul imtahanlarında yüksək nəticələr göstərdiyini açıqlayıb. Siz bu göstəricilərin özünü nə dərəcədə doğrultduğu qənaətindəsiniz? Sizcə, Azərbaycanda orta məktəb məzunlarının göstəriciləri ilə ali məktəblərə qəbul imtahanlarında toplanılan nəticələr nə zaman üst-üstə düşəcək?

- Bu il orta məktəbləri qızıl və gümüş medalla bitirənlərin 3 nəfəri ümumiyyətlə qəbul imtahanlarında iştirak etməyib. Qalanları kifayət qədər yüksək nəticələr göstəriblər. Amma 400-500 bal arası nəticə göstərənlər də var, hamısı 600 baldan yuxarı toplamayıb. Bu, yaxşı nəticədir. Attestat qiymətləri ilə abituriyentlərin qəbul imtahanındakı nəticələrini müqayisə edəndə görürük ki, əlaçıların 65 faizi öz nəticələri doğruldub. Bu məlumat qeyd olunan istiqamətdə irəliləyişin olduğunu göstərir, çünki bir necə il əvvəl belə deyildi. Amma məsələ ondadır ki, əlaçılar ümumi məzunların sayının cəmi 2 faizini təşkil edir. Digər 2 faizi isə attestatda 3 alanlardır. Onların da əksəriyyəti 0-100 bal arası nəticə göstərir. Bəs qalan 96 faiz? Təmizlənmə gedib, ancaq yalnız 2 faiz əlaçılar arasında. Onların bilik səviyyəsi, attestat qiymətləri ilə imtahanda göstərdiyi nəticələr uyğundur. Amma 2004-cü ildə əlaçılar 8 faiz idi. Demək, 7 il ərzində əlaçıların sayı 4 dəfə azalıb. Beləliklə, bu il 2% əlaçı və 2% attestat qiyməti “3” olanlar orta bala uyğun nəticə göstəriblər. Bəs qalan 96 faizin nəticələri? Onları nəticələri attestatda olan qiymətlərlə üst-üstə düşmür. Bir faktı da qeyd edim ki, medalçılar yalnız məktəbdə müəllimlərin verdiyi qiymət əsasında müəyyənləşməyiblər. TQDK tərəfindən keçirilmiş sınaq imtahanlarında onların göstərdiyi nəticələr bizdən sorğu əsasında əldə olunaraq seçim zamanı nəzərə alınıb. Ümumi iş üçün bu, yaxşı məqamdır, amma gələcəkdə bizə müəyyən çətinlik yarada bilər. Müəyyən valideynlər var ki, uşağının zəif olduğunu bilir. Sınaqda yaxşı nəticələr əldə etməyə çalışıb, sonra imtahanda pis nəticələr olanda hay-küy qaldırırlar. Təəssüf ki, valideynlər də müxtəlifdir. Müxtəlif üsullara əl atırlar. Elə valideynlər var ki, bilə-bilə uşaqlarını yalana tərəf istiqamətləndirirlər. Biz həmin şəxsləri məhkəməyə göndəririk. Bu il rezidenturanın nəticələri açıqlananda cavab kartlarının qrafik təsvirini də verəcəyik. Bu prosesi texnoloji baxımdan həyata keçirmək ucun bizim cəmi bir ədəd skaynerimiz var. Bu, bahalı skaynerdir. Nəzərdə tutmuşuq ki, bu il skaynerlərin sayını çoxaldaq. Əvvəlcə kiçik imtahanlarda – magistratura və rus bölməsi üzrə Azərbaycan dili imtahanında bunu tətbiq edəcəyik. 2013-cü ildən isə cavab kartlarının qrafik təsviri kütləvi imtahanlarda tətbiq ediləcək. Qrafik təsvirləri verdikdən sonra artıq test kitabçalarını abituriyentlərə verməyəcəyik. Çünki abituriyentlərin açıq testləri necə işləməsi, köçürüb-köçürməməsi test kitabçalarına əsasən müəyyən olunacaq.

Özəl ali məktəblər öz ambisiyalarının qiymətini uşaqlara təhsil qiyməti kimi elan edirlər

- Artıq neçə illərdir ki, qəbul imtahanlarında keçid ballarının aşağı salınması ənənə halını alıb. Bu, abituriyentlərin ümumi bilik göstəricilərinin aşağı düşməsinin nəticəsidir?

- Keçid ballarını heç kim aşağı salmır. Bu ifadə düzgün ifadə deyil. Biz ixtisas qrupları üzrə qəbul imtahanlarından sonra müsabiqədə iştirak etmək ucun tələb olunan minimal balı təyin edirik. Müsabiqədə iştirak edərək 30 faiz müsbət nəticə göstərən abituriyenti müsabiqəyə buraxmaq normaldır. Biz müsabiqədə ayrı-ayrı qruplar üzrə 250 balla da, 200 balla da iştiraka icazə verirdik. Xüsusilə özəl ali məktəblər belə bir məsələ qaldırırlar ki, oxumaq və pul ödəmək istəyən insanların qarşısında heç bir bal baryeri olmasın. Cari ildə Azərbaycanda özəl ali məktəblərdə boş yerlər qaldı ki, həmin yerləri seçən olmadı. Nə ucun? Bizdə elə abituriyentlər oldu ki, 400-500 bal arasında nəticə göstərib, amma texnikuma gediblər. Biz hər bir qrupda olan abituriyentlərin bilik səviyyəsinin medianına baxırıq. Hər qrupda 30 min adam imtahan veribsə, median 150-dirsə, demək, 50 faizdən çox abituriyent 150 baldan aşağı nəticə göstərib. Bizdə ayrı uşaqlar yoxdur. Bu bizim ölkəmizin abituriyentləridir. Biz gərək heç olmasa o yerlərə uyğun olaraq ən yuxarı nəticə göstərənləri qəbul edək. Biz bu müsabiqəyə I qrupda 200 baldan, digər qruplarda 250 baldan yuxarı olanları buraxdıq. Ayrı-ayrı ixtisaslar üzrə keçid balı isə müsabiqədə iştirak edən abituriyentlərin seçimi əsasında formalaşır. Hansısa ixtisası yüksək bal toplamış çoxsaylı abituriyent seçirsə, orada keçid balı 500-dən yuxarı formalaşır. Yaxud regional ali məktəbin hansısa bir ixtisasını az adam seçirsə, orada keçid balı 205-215 arasında formalaşır. Biz yalnız o həddi göstəririk. Bu il 400-500 bal arasında nəticə göstərən 42 nəfər ali məktəbləri deyil, orta ixtisas məktəblərini seçib. Bunlar əsasən qızlardır. Onlar hər bir qrupda ali məktəblərə qəbul ola bilərdilər. Hətta müəyyən ixtisaslarda ödənişsiz təhsil formasında dövlət sifarişli yerlərə qəbul ola bilərdilər. Amma onlar orta ixtisas məktəblərini seçiblər. 300-400 bal arasında nəticə göstərənlərdən isə 397 nəfər kollecləri seçib. Halbuki, o abituriyentlər də özəl ali məktəbin kontingenti ola bilərdilər. Bizim ali məktəblər ödəniş haqqını bir az aşağı salsaydılar, yəqin ki, onlar ora gedərdilər. Nəhayət, orta ixtisas məktəblərinə qəbul olanların 54 faizi 200-300 bal arasında nəticə göstərənlərdir. Cəmi 33 faiz 100-200 bal arasında nəticə göstərib. Bu o deməkdir ki, orta ixtisas məktəblərinə qəbul olunanların 66 faizi ali məktəblərə gedə bilərdilər. Texnikuma gedib hansısa ixtisas üzrə 3-4 ildən sonra özlərinə iş tapanlar çoxdur. Hər bir həkimin yanında 10 tibb bacısı işləməlidir. Kompüter, rabitə kollecini bitirənlər dərhal özlərinə iş tapırlar. Özəl ali məktəblərdə təhsil haqqı böyükdür. Təhsili verən müəssisələr fikirləşməlidir ki, təhsilin keyfiyyəti, verdikləri bilik onlar istədikləri qiymətlə nə dərəcədə uyğundur. Özünü doğruldan özəl ali məktəblər də var. Amma özəl ali məktəblər faktiki olaraq bu kontingenti itiriblər. Onlar adekvat qiymət qoysaydılar, uşaqlar o ali məktəblərə gələrdilər. Amma özəl ali məktəblər öz ambisiyalarının qiymətini uşaqlara təhsil qiyməti kimi elan edirlər.

- Təhsil naziri bildirib ki, orta məktəblərdə müəllimlərə 2000 manat maaş verilərsə, şagirdlər repetitor yanına getməzlər. Bu məbləğdə əmək haqqı repetitorluğun qarşısını ala bilərmi?

- Maaş görülən işə görə verilməlidir. Maaş verib görülən işin nəticəsini və keyfiyyətini yoxlamasaq, yenə də keyfiyyət olmayacaq. İş elə qurulmalıdır ki, müəllim işin keyfiyyətinə görə qiymət veriləcəyini bilsin. Ümumiyyətlə müəllimlik fədakarlıqdır. Müəllimlik kimi müqəddəs ixtisasa yiyələnən insan təkcə maaşa görə işləmir. Təbii ki, müəllimin orta hesabla aldığı maaş ölkədə olan maaşa uyğun olmalıdır. 2000 manat Avropada müəllim üçün normal maaşdır. Amma bizim bütün müəllimlər təhsildə qoyduğumuz tələblərə uyğundurmu? Orta və ali məktəblərdə nə qədər təsadüfi insanlar var. Evdən çıxmaq xətrinə müəllimliyə, məktəbə gələn insanlarla doğrudan da müəllim olan, hər bir dərsə hazırlaşan insanların arasında fərq olmalıdır. Mən hesab eləyirəm ki, bəli, müəllimin maaşı yüksək olmalıdır. Amma o maaşı layiqli adamlar almalıdırlar. Onların səriştə və biliklərini müəyyən etmək ucun müvafiq imtahanlar olmalıdır. Necə ki, həkimlərin imtahanı keçirilir. Müəllim o imtahanda uğur qazansa, onun maaşını qaldırmaq olar. İmtahana getmirsə, qoy köhnə maaşa işləsin. İmtahana gedib onu verə bilməyən şəxslərə isə iki ildən sonra yenidən imtahana getmək şansı yaradılmalıdır. Yəni keyfiyyət qalxmalıdır, amma müəllimlərin sayı da azalmalıdır.

Attestat qiymətlərinin nəzərə alınmasının daha geniş tətbiq olunması nəzərdə tutulur

- “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlığı ilə bağlı işlər nə yerdədir? Yeni strategiyada Azərbaycanda tələbə qəbulu ilə bağlı hansı yeniliklərin olacağı gözlənilir?

- 2014-cü ildən Azərbaycanda tələbə qəbulunun yeni model əsasında keçirilməsi nəzərdə tutulur. Yeni modelin müəyyən konturları “Təhsil qanunu”nda var. Attestat qiymətlərinin nəzərə alınması və s. Bu modeldə əsas işlərdən biri yeni nov testlərdən istifadə olacaq. Açıq testlər hazırda riyaziyyat fənni üzrə tətbiq olunur. Digər fənlər üzrə də açıq testlərin istifadə olunması nəzərdə tutulur. Təbii ki, açıq testlər daxil olacaqsa, ayrı növ yoxlama üsulları, esse yazmaq və s. da tətbiq oluna bilər. Tədricən, hər il qəbul prosesinə müəyyən element daxil ediləcək. Bu ilin nəticələrin statistik təhlili aparılandan sonra oktyabr ayında hansı elementləri 2014-cü ildə qəbul prosesinə daxil edəcəyimizi elan edəcəyik. Milli Strategiyanın hazırlanması üzərində çalışan işçi qrupunda da qeyd etdiyim modelin elementlərini müzakirə edəcəyik. Milli Strategiya necə qəbul olunacaqsa, konkret olaraq 2014-cü ildən hansı formada imtahan keçiriləcəyini elan edəcəyik. Biz də Milli Strategiyada təklif olunan məsələləri müzakirə edəcəyik. Təkliflərdən biri attestat qiymətlərinin nəzərə alınmasıdır. Bu təkcə təklif deyil, qanunda da nəzərdə tutulub. Biz çoxdan bunu istəyirik. Bilirsiniz ki, ballar eyni olanda, biz attestat qiymətlərinə baxırdıq. İndi bunu daha geniş tətbiq etməyi nəzərdə tuturuq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2527

Oxşar yazılar