İmişliyə gəlin köçən fransız gözəlinin dramı Fransa mətbuatında
12 sentyabr 2011 19:32 (UTC +04:00)

İmişliyə gəlin köçən fransız gözəlinin dramı Fransa mətbuatında

Bir neçə həftə əvvəl Azərbaycana gəlmiş fransız jurnalist Pyer Loran Mazar “Le Journal du Dimanche” həftəliyində bu qadın barədə “İvonnanın itirdiyi ölkə” adlı yazı dərc edib. Burada qeyd etmək yerinə düşər ki, sözügedən qəzet bazar günləri 300 000 nüsxə tirajla nəşr edilir və bütün fransızdilli ölkələrdə yayılır.

Lent.az bu məqalədəki maraqlı detalları sizə təqdim edir. Əvvəllər bu qadın haqda geniş məlumat verdiyimiz üçün, 4 səhifəlik materialı tam tərcümə etməyə lüzum görmədik.

İmişlinin Murquzallı kəndinə gedən daşlı yollar Araz çayı boyunca uzanır. Getdiyimiz yolla İran sərhədi arasında təqribən 40 km məsafə var. Araz çayı azərbaycanlılar üçün ayrılıq simvoludur. Bəlkə də İvonnanın taleyi ilə gəlib düşdüyü yer arasında bir oxşarlıq var? Bura İranla sərhəd olduğu üçün Azərbaycanın digər yerlərində yaşayanlar bura icazə almadan gələ bilmirdilər. Bu vəziyyət SSRİ dağılanadək davam etdi.

Bundan sonra jurnalist fransız qadının buradakı həyatı və Fransada olan qohumları ilə yazışmaları barədə məlumat verib.

Fransız qadının necə aşkar edilməsini isə jurnalist belə təsvir edib: “İyul ayında seldən zərərçəkənlər barədə reportaj hazırlamaq üçün İmişliyə gedən bakılı jurnalist (Səbuhi Məmmədli – müəl.) İvonna Botto Jak – Şıxməmmədova adı ilə qarşılaşdıqda təəccüblənir və bu şəxslə maraqlanır. Söhbət əsnasında qadın Fransanın Azərbaycandakı səfirinə çatdırmaq üçün ona bir məktub verir”.

Jurnalist Parisə qayıtdıqdan sonra dövlət qurumlarına sorğu göndərib, lakin müsbət cavab ala bilməyib: “Fransa xarici İşlər Nazirliyinə göndərdiyimiz sorğuda isə xanım Bottonun Fransa vətəndaşlığını təsdiq edəcək heç bir sənəd olmadığı bildirildi. Konsulluq onu Azərbaycan vətəndaşı hesab edir.

Jurnalistin dediyinə görə, xanım Botto bəzi hadisələrin – nikah tarixi və qohumların vəfatı – dəqiq vaxtını bilmir. Məsələn o, Şəmməd Şirməmmədovla 1947-ci ildə Le Fayetdə evləndiyini bildirsə də, bu kommunanın arxivində ona dair heç bir məlumat tapılmadı. Əslində onların nikahı 2 il əvvəl qonşu Passi kommunasında bağlanıbmış. Səfirlik də onun heç zaman viza üçün müraciət etmədiyini iddia edir”.

Lakin jurnalist yazını optimist əhval-ruhiyyə ilə yekunlayıb: “Ahıl çağında vətənini görmək istəyən İvonna üçün bir ümid doğdu. Londonda yerləşən bir Azərbaycan təşkilatı (Avropa Azərbaycan Assosiasiyası – müəl.) onu vətənə aparmağa söz verib. Əlbəttə ki, viza ala biləcəyi təqdirdə...”

Vüqar Yaşaroğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248

Oxşar yazılar