Qəhrəmana bərabər qəhrəman... – MÜSAHİBƏ - FOTO
Yaraların qopmağa başlayan qaysağı
Həmişə qardaşının yadigarı olan balaca Camalın amansız suallarına cavab verməyə məhkum olmuş Nənəş Orucova indi də onun qəribə taleyi haqda yazı yazmaq arzusunda olan jurnalistlərin gözlənilməz və yaralarının qaysağını qopardacaq suallarına cavab verməli olduğundan həyəcanlı idi... Amma qələmlərimiz səsləndirəcəyimiz suallara verilən cavabları sətirlərə düzmək üçün əsgər soyuqqanlılığı ilə işə hazırlaşırdı...
O, qardaş itkisinin gətirdiyi acıları dada-dada, öz taleyini öz qaməti boyda ucalan sual işarələrinin ümidinə buraxmışdı... Gəncliyini, balaca toppuş əlləri ilə ata tabutunu sığallayıb son mənzilə yola salan bir körpənin başına fırlayıb nəzir demişdi: “Tanrı, atasız-anasız qalan bu oğlanı böyüdüb boya-başa çatdırmağa möhlət versin!”
Duasını eşitdi Uca Yaradan-Nəziri qəbul olunub. Vətən uğrunda şəhid olan qardaşının yeganə yadigarını, onun oğlunu göz bəbəyi kimi qoruyub illərlə nazını çəkib, böyüdə bilib...
Vəzir Orucov şəhid olanda, oğlu Camal lap balaca olub. Nənəş xanım deyir ki, qardaşının cənazəsi evə gətiriləndə Camal nə baş verdiyini anlamasa da, gözlərini atasının tabutuna zilləyib baxışlarında canlandırdığı suallarla hamını yandırıb-yaxırdı...
Biz onun həyatı haqda bəzi məqamlarla tanış olsaq da, suallara amansızcasına başladıq:
- Bir tərəfdə qardaşınızın tabutu, bir tərəfdə isə ondan qalan yeganə yadigar-Camal... Həmin anda hansına tərəf can atdınız?
Elə sualımız kimi qəfil axan göz yaşlarında boğula-boğula güclə cavab verdi: “Çətin, dağlar qədər ağır oldu... Qardaşımın meyitini qucaqladım... Uşaq yadıma düşmürdü həmin an. Amma başımı Vəzirin tabutuna söykəyib ağlayanda Camalın bizə necə baxdığını, üzündəki ifadəni indi də unuda bilmirəm. Nə qədər çətin, nə qədər ağır oldusa, çətin olduğu qədər də şərəfli bildim çəkdiyim əziyyətləri. Qardaşımın balasını böyüdə bildim.”
Nənəş Orucova (bu müsahibə lentə alınana qədər ailə qurmamışdı) ömrünü-gününü balaca Camala həsr edib.
Mən ona görə xoşbəxtəm ki...
- Bəs ailə qurmayan, bioloji baxımdan analıq hissi keçirməyən adam bir körpəylə necə yola gedə bildi?
- Düzdür... (doluxsunur) Düzdür, mən ana olmamışam. Ancaq analıq hissini yaşamışam, Camalın anasız qaldığını ona hiss etdirməmişəm. Vəzir kimi qardaşa Vəzirin adına layiq bacı olmağı bacara bildim. Mən buna görə çox xoşbəxtəm həyatda.
- Bəs körpəylə necə dil tapa bildiniz... O bir müddət əvvəl anasından, sonra isə atasından ayrı düşüb. Hər halda öyrəşdiyi, duyduğu ətirlər vardı... Bir-birinizi necə başa düşürdünüz?
- Belə deyim də, mən demək olar ki, 16 yaşımdan uşaqlara baxmışam. Vəzirdən böyük qardaşımın da həyat yoldaşı vaxtsız dünyasını dəyişib. Camaldan qabaq, mən həmin qardaşımın üç uşağını böyütmüşəm. Gedib Yevlaxda qalmışam illərlə. Yeniyetmə qız idim. Anam göndərdi ki, get qardaşının uşaqlarına bax, onlar yetimlik nə olduğun bilməsinlər. Təsəvvür edin, mən həyata göz açmamış, həyatı hələ başa düşməmiş, nə qədər ağırlıqlara qatlaşmışam. Elə o vaxtdan da alışa-alışa gəlmişəm indiyədək... 1992-ci ildən bu yana həyatımın bütün anlarını qardaşlarımın uşaqlarına həsr eləmişəm. Bu, o qədər çətin olub ki...
Vəzir 1992-ci ildə Rusiyadan gələndə Camalı da özüylə gətirdi. Məni çağırdı, Yevlaxdaydım. Gəldim... Dedi ki, “Bacı, Camalı da gətirmişəm, özümsə döyüşə gedirəm. Səni həyatda nə ilə desən təmin edəcəm, həyatda heç bir çətinlik, heç bir əziyyət görməyəcəksiniz. Bir sözlə, bir ana kimi Camala elə baxırsan ki, mənim gözüm arxada qalmasın...”
Onunla həmin danışığımız həmişə yaddaşımda səslənir, elə bilirəm ki indi də Camal haqda danışırıq...
Dedim, qardaş, sənə yaxşı yol, mənə başqa heç nə lazım deyil. Bircə, sən müharibədən sağ-salamat gəl!
“Mən onun sözünü yerinə yetirdim, o isə mənim yox”
Nənəş xanım deyir ki, Vəzirə verdiyi sözü yerinə yetirə bildi, o isə bacısına verdiyi vədi yerinə yetirmədi – sağ-salamat gəlmədi: “Hamımızdan əziz tutdu bu torpağı. Amma ona yanıram ki, Vətəndən nigaran getdi Vəzir. Qardaşımdır deyə, demirəm, Vəzirdən ötrü, bu torpaq, bu Vətən, Azərbaycan nə demək idi, onu bircə Allah bilir. Bir də özü bilirdi...”
- Vəzirin cənazəsi bura gətirildi?
- Bəli.
- Həmin anlarda Camalın hansı hərəkətləri yadınızda qalıb?
- Bir tərəfdə durub baxırdı... Elə bil, başına nə gəldiyini anlayırdı...
- Camal kimdi Sizdən ötrü?
- Camal mənim hər şeyimdi, Camal mənim həyatımdı, aldığım nəfəsdi, gözümün işığı Camaldı. İndən belə həyatda nə qədər ömrüm varsa, onun üçün nə desə, eləyərəm “uf” demədən.
- Vəzirin ətri gəlir ondan?
- Çox.
- Camalın hərbi xidməti dövründə ondan necə ayrı qaldınız?
- Təsəvvür edin, Camal əsgərlikdə olanda Vəzirin gözlərim önündən getməyən görkəmini Camalın xəyalları ilə birgə bağrıma basıb tab gətirdim bu bir ilə... Bayaq dediyim kimi, Camal mənə ana olmağı öyrədib. Bəlkə də, nə deyim, analar keçirmədiyi hissi mən keçirmişəm. O 1 ildə analar çəkmədiyi əzab-əziyyəti çəkmişəm. Bakıdan xəbər gəldi ki, Camal əsgərliyi başa vurub, qardaşım onu özüylə götürüb gəlir. Onlar çatana qədər, neçə dənə ürək dərmanı atdım. Gecə saat onun yarısı idi, yolda qarşıladım. Camal yolun ortasında maşından düşdü, məni qucaqladı. Elə bilirdim ki, Vəziri yenidən qazanmışam onda.
Cavabı tapılmayan suallar, istəklərinə boyun bükən balaca
- Bu illər ərzində qarşısında lal və sükutla dayandığınız sual işarəsi olubmu? Yəni, Camal xəstələnəndə və ya uşağa dair şıltaq istəklərini ortaya qoyanda, onun üçün edə bilmədikləriniz...
- Olubdu...
- Bax onda nə düşünmüsünüz?
- Onda o qədər fikirləşmişəm ki, heyf səndən qardaş, yaşasaydın balan hansısa ehtiyacın qarşısında boynubükük qalmazdı. “Vəzir, kaş müharibəyə getməyəydin, bu yolu seçməyəydin, sən həyatda yoxsan, balan xəstələnib, ya bir yeri ağrıyır, ürəyi səni istəyir, amma mən heç nə edə bilmirəm” - deyə, o qədər xəlvətlərə çəkilib ağlamışam ki... O anlar mənə nə qədər ağır, nə qədər çətin idi. O hisslərin hamısını keçirmişəm.
- Məzarı üstünə getmisiz Camalla birgə?
- Çox.
- Birinci dəfə gedəndə Camal nə edib?
- Camal uşaq idi sadəcə, durub baxırdı.
- Danışa bilirdi onda?
- Danışırdı. Vəzirin dəfnindən 2 ay sonra Camal sərbəst danışdı...
- Nə danışırdı? Birinci dəfə atasının məzarı üstünə gedəndə nə soruşdu?
- Sadəcə, qəbirə baxır, baxır, dayanırdı. Camal indinin özündə də içində ağlayır, qəlbən ağlayır. Birdən, elə vaxtlar olur ki, həyatdan küsür. Elə bil, otağımız məhkəmə otağıdır. Camalın o qədər suallarına cavab verməli oluram ki... Nə sözü olsa, birinci ünvanı mən oluram. Amma yaşa dolduqca, atasının niyə həyatda olmadığını düşünüb özündə güc tapa bilib həmişə. Çox şeylər danışmışıq Vəzirsiz ötən bu illərdə Camalla mən... Elə sualları olub ki, cavab verə bilməmişəm...
- Cavablamaqda çətinlik çəkdiyiniz suallardan hansısa birini xatırlayırsınız?
- Elə anlar olub ki, məndən atasını istəyib. Vəzirin niyə gəlmədiyini soruşub, cavab verə bilməmişəm. Yekəldikcə, suallarına heç cavab tapa bilmirdim...
- Atasını İstəyəndə nə deyirdiniz?
- Balaca vaxtı birtəhər keçinə bilirdim. Böyüyəndən sonra həmişə demişəm ki, həyatdır, hamının başına gəlir, Atan müharibəyə gedib, həlak olub... Bu da bir tale, bir alın yazısıdır.
Qəbrinə pıçıldadım ki çox xoşbəxtəm...
- Sizcə “Qardaşımın əmanətinə yetərincə yaxşı baxa bilmişəm” deyə özünüzü rahat hiss edə bilirsiniz, yoxsa?
- Mən bacardığım elədim... Amma onun atasının yerini heç vaxt verə bilmərəm, nə də anasının. Bacardığım qədər çalışmışam ki, yaxşı olsun, heç nədən inciməsinlər-nə Camal, nə də ki Vəzir...
- Yuxularınıza gəlib Vəzir?
- Çox
- Nə istəyib?
- Çox gəlib, həmişə də Camalı tapşırıb mənə. Bir dəfə də, yuxuda gördüm ki, mənim özümə görə narahatdır. Ailə qurmadığım üçün: “Dedi ki, Camalı sənə verib həyatını alt-üst elədim...” Durub getdim qəbri üstə, məzarına pıçıldadım ki, Camalla çox xoşbəxtəm... Qəbirdə narahat yatmasın deyə o qədər danışdım ki...
- Vəzir kimi qəhrəmanın bacısı olmaq nə deməkdi?
- Böyük şərəfdir.
- Nə qədər?
- Nə bilim, əlçatmaz zirvədir, amma ölümü min o qədər də ağırdır. Bacı kimi istəməzdim həlak olmağını... Amma bu qardaşımın özünün tutduğu yol idi. Vəzir özü başladığı yolu tamamlaya bilmədisə də, Camal üçün, hamımız üçün qürur dolu bir dünya qurub getdi...
Yuxuma gələndə, üzünə necə baxa bilərəm?
- Siz bir belə zillətlər yaşamısınız, doğrudan inanırsınız ki, Vətən üçün ölmək lazımdır?
- (Üzündə kədər qarışıq bir təbəssüm canlanır, sualımıza sualla cavab verir) Siz nə düşünürsünüz, Vəzirlə bərabər digər qardaşını da şəhid verən ana, bacı başqa cür düşünə bilər? Əgər elə fikirləşməsəydim, Vəzir yuxularıma gələndə, onun üzünə necə baxa bilərəm?!
Mən sizə bir şey göstərim: (qonşu otaqdan gətirdiyi bağlamanı açır) Bax, bu dərman onun gözünün dərmanıdır, gözü ağrıyırdı, həmişə evdən çıxanda dərman töküb döyüşə gedirdi. Bax, bu təsbehi o vaxt Nəcməddin Sadıqov bağışlamışdı ona. Bu qəlpə də, birinci dəfə yaralananda bədənindən çıxmışdı. (Bağlamada çəhrayıya çalan bir darağı göstərib kövrəlir). Saçlarının ətri hələ də var bu daraqda. O qədər gizlicə gəlib bu darağı burnuma tutmuşam, ağlamışam ki...
- Vəzirə görə, axtaran, maraqlanan olubmu ailənizlə?
- Vəzir qiymət üçün vuruşmurdu, Tərtər üçün, Azərbaycan üçün vuruşurdu. Biz heç kəsdən heç nə ummuruq. Onun öz adı bizə bəsdi, dünyalar qədər bəsdi.
- Sizin şəklinizi çəkməyə icazə verərsiniz?
- Niyə, şəkil nəyə lazımdır ki?
- Hər halda, yazımızın qəhrəmanını oxucularımıza tanıtmalıyıq... Bizi onlarla üz-üzə qoymayın, xahiş edirik... Camalla birgə çəkək şəklinizi.
- ...(xeyli susur, sonra nəzərlərini Canmala zilləyir) Olar.
P.S. Yazını hazırlayanda bir neçə məqamı qəhrəmanımızın özüylə razılaşdırmaq üçün onunla əlaqə saxlamaq istədik... Amma eşitdiyimiz bir xəbəri göz yaşları içində dönə-dönə düşüncəmizdə səsləndirib, niyə zəng elədiyimizi xəttin o başındakı həmsöhbətimizə demədən trubkanı asdıq.
... Nənəş Orucova məzarda nigaran uyuyan Vəzirin balasını böyüdüb boya-başa çatdırdığı kimi, şəhid qardaşının ruhunu da rahatlaşdıra bilib: Nənəş ailə qurub!
Solmaz Kazımova
Nərgiz Hüseynzadə
Teymur Zahidoğlu

2103