50 il Sabirabadda kassir işləyən knyaz qızının film kimi hekayəti - HƏYAT HEKAYƏTİ
...Bizi qapıda Elba qarşıladı. Sonra isə Şuria nənə. İlk sözü də bu oldu: “Görürsüz də, lap qaraçı kökündə yaşayırıq”.
Elba bu həyətin sadiq itidir.
Şuria nənənin oğlu Akif ha qışqırsa da, Elba sakitləşmədi. Kənar, yad, tanımadığı adamların qapıya gəlmələrini sinirə bilmirdi, bəlkə. Amma deyəsən Akif birtəhər Elbaya başa sala bildi ki, gələnlər necə deyərlər “xoşməramlı səfirlərdir”. Mən və sabirabadlı dostumuz Azər kiçik taxta qapını açıb birtəhər içəri giririk.
***
Qarşımızdakı arıq, sanki sümüklərdən ibarət bir qarı. Üzündə bir nur, kübarlıq, sadəcə xanım-xatınlığını itirməmiş birisi. 97 yaşlı Şuria nənə. Gürcü knyazının qızı. Hə, elə Sabirabada da məhz onunla görüşmək, bu qadının hekayətini öyrənib, Lent.az oxucularına danışmaq üçün getmişdik. Vaxtı ilə Gürcüstanın Oni vilayətinin knyazı olmuş Simone Qamkrelidzenin qızı Şuria Rzayeva ilə görüşmək üçün.
Bir qədər irəli qaçıb mütləq qeyd etməyə özümə borc bilirəm; nə vaxtsa artıq pulum olsa bu qadın haqda film çəkəcəm. Bu gün Türkiyə, Rusiya telekanallarında izlədiyimiz, necə deyərlər, “rekorlar qıran” serialların ssenarisi və ya süjet xətti bu knyaz qızının həyat hekayəsi ilə müqayisədə sadəcə… heç nədir! Qoy, bunu mümkünsə Sabirabad rayonunun rəhbərliyi də nəzərə alsın. Knyaz qızını oğlu və nəvəsi ilə 10 kvadratmetrlik bir otaqda yaşamasına rəva görməsin. Knyaginaya, hə, məhz knyaginaya sadəcə ev tikmək üçün tikinti materialı lazımdır, evi onun oğlu, knyaz nəvəsi Akif də tikə bilər.
Sən kimsən, knyaz qızı?
İndi görək kimdi Şuria Rzayeva (Qamkrelidze), Oni knyazının qızı. Gürcüstanın qərbindən, Kutaisi tərəflərdən keçən əsrin 30-cu illərində necə buralara gəlib çıxıb? Knyaz ata-babalarının başına nə qəzavü-qədər gəlib? Bəs özü hansı iztirablardan keçib, hansı çətinliklərə sinə gəlib?
Özünü dinləyək:
- Mənim babalarım qərbi Gürcüstanda Kutaisi yaxınlığındakı Oni vilayətinin knyazları olublar. Babam Valentin, atam Simone knyaz olublar. Ailədə bir neçə uşaq olmuşuq. Amma bütün qardaş və bacılarım 30-cu illərdə müxtəlif xəstəliklərdən vəfat ediblər. Bircə bacım Eteri bir neçə il bundan əvvələ qədər sağ idi. O da rəhmətə getdi. İndi tək qalmışam. (Kövrəlir) Heç bilmirəm Gürcüstanda bir kimsəm qalıb, ya yox. Heç bir əlaqəmiz qalmayıb. Tək, yetim qalmışam. Adam da yüz yaşında yetim qalar? (Göz yaşlarını saxlaya bilmir).
“Bolşevkilər bütün əmlakımızı əlimizdən aldılar”
Şuria nənə deyir ki, Gürcüstanda sovet hakimiyyəti qurulanda onun 7 yaşı varmış. “Amma yadımdadı, bolşeviklər bütün əmlakımızı müsadirə etdilər. Atam demək olar ki, heç nəsiz qaldı. Malikanəmizi, əkin yerlərimizi, üzümlüklərimizi əlimizdən aldılar. İşğaldan sonra atam bizi Tiflisə gətirdi. Anam və bacı-qardaşlarımla birgə. Özü isə Türkiyəyə keçdi. Sonradan, böyüyəndən sonra öyrəndim ki, atam sovet hakimiyyətinin müvəqqəti olacağını fikirləşirmiş. Yəqin güman edirmiş ki, bir-iki aya ruslar çıxıb gedəcəklər”.
Beləliklə, knyaz ailəsi Qamkrelidzelər Tiflisdə Trudovaya küçəsindəki dar bir otağa sığınırlar. Knyaz arvadı, uşaqları yaşamaq üçün işləməyə məcbur olur. Elə balaca Şuria da Tiflisdəki rəqs klublarının birinə yazılır, hələ uşaq ikən restoranlarda və klublarda rəqqasə kimi çalışır. Çünki ailənin dolanışığını birtəhər yola vermək lazım idi. Knyaz Simonedən isə xəbər yox idi. O, bir də 1931-ci ildə peyda olacaqdı. Və onda da knyaza məlum olacaqdı ki, 17 yaşlı knyagina, onun sevimli qızı Şuria evdə yoxdur. O, azərbaycanlı bir aktyora qoşulub, Bakıya qaçıb.
Bax, məhz bunu, qızının qoşulub qaçdığını knyaz ömrü boyu Şuriaya bağışlamayacaqdı. Knyaz nə az, nə çox - 139 il yaşayacaqdı. Repressiyalara məruz qalacaqdı. Övladlarını itirəcəkdi. Amma... Amma bütün ömrü boyu, lap ölüm yatağında belə Şurianı yaxına buraxmayacaqdı. Hətta Şurianın, anasının, bacısı Eterinin bütün yalvar-yaxarına baxmayaraq. Deyəsən, bir qədər uzağa getdik, amma gəlin düz 80 il əvvələ qayıdaq. Bizi həmin illərə isə elə həmsöhbətimiz aparır:
- 17 yaşım vardı. Nərmənazik, gözəl qız idim. (Şuria nənə söhbətimiz zamanı ilk dəfə idi ki, gülümsündü) Hə, yadımdan çıxmamış deyim, bir zavod direktoru vardı, onun oğluna da deyikli idim. Bu gün - sabah nişan gətirəcəkdilər. Azərbaycan teatrı Tiflisə qastrola gəlmişdi. Bizi də məktəbdən teatra aparmışdılar. Mən qabaq sırada oturmuşdum. Vallah yadıma gəlmir tamaşanın adı nə idi. Amma baş rolun ifaçısı səhnədə əsas rolu oynasa da, gözünü məndən çəkmirdi. Mən isə uşaq sadəlövhlüyü ilə gözümü ona zilləmişdim. Tamaşanın fasiləsində mənə bir məktub uzatdılar. Azərbaycanlı bir tiflisli idi. Gürcücə dedi ki, azərbaycanlı aktyor sizinlə görüşmək istəyir. Məktubu oxudum, rusca idi, yazmışdı: “Mənim adım Yəhyadır, səhnədə ancaq sənin üçün oynayıram. Heç hara getməyin, tamaşa qurtaran kimi teatr binasının qarşısında sizinlə görüşmək istəyirəm”. Mənə o qədər romantik gəldi ki... Tamaşa qurtarandan sonra rəfiqələrim çıxıb getdilər. Mən isə tanımadığım bir adamı gözləyirdim. Nəhayət, gəlib çıxdı. İlk sözü isə bilirsinizmi nə oldu? (Uğunub gedir) Gəl gedək, Bakıya. Dedim Bakı haradır? Dedi yaxındır, çox uzaqda deyil, bir az gəzib qayıdarıq. (Gülür) Sabah tezdən gəl bura, gedib Bakını gəzək. Mən də nə bilim bu məni qaçırtmaq niyyətindəymiş. Səhər də evdə dedim ki, rəfiqələrimlə görüşəcəm, bəzənib-düzənib gəldim teatrın qarşısına. Yadımdadır, bir maşına minib, indiki Gəncəyə gəldik. Artıq günortadan keçmişdi. Dedim ki, Bakı buradır? Dedi yox, lap yaxındadır. Axşam düşürdü, özüm də qorxurdum. Biz başqa bir maşına mindik. Elə maşına minən kimi dedi ki, mən səni Bakıya qaçırdıram, mənin həyat yoldaşım olacaqsan. Məni dəhşət bürüdü. Necə yəni qaçırmaq?! Anam, yaxınlarım, qohum-əqrəba... Amma əlacım yox idi. Səhərə yaxın Bakıya gəlib çıxdıq.
“Bu murdarı niyə gətirmisən?”
Bakıda isə gənc sevgililəri o qədər də yaxşı aqibət gözləmir. Yəhya Şurianı Bakının Nijnaya Naqornaya küçəsində yerləşən evlərinə gətirir. Amma Yəhyanın anası seyid qızı olan Seyidə xanım oğlunun qaçırdığı qızın, necə deyərlər tərsa balası olduğunu bilən kimi cin atına minir.
- Mənim üstümə qışqırdı ki, ey murdar, burda nə gəzirsən? Rədd ol get xarabana! Yəhyanın da üstünə qışqırdı ki, apar bu iti rədd el getsin. Niyə gətirmisən bura? Amma Yəhya məni götürüb bir qohumunun evinə apardı. Mən təkidlə ondan Tiflisə qayıtmağı xahiş edirdim. O isə əksinə, hər şeyin qaydaya düşəcəyini deyirdi.
Hər şey doğrudan da qaydasına düşür. Şurianı məscidə aparılar. İslamı qəbul etdirirlər. Və Yəhyanın anası Seyidə xanım bundan sonra oğlunu və gəlinini evinə gətirdir.
“İki qulluqçum vardı, knyaz qızı idim axı…”
Beləliklə cütlüyün mehriban, qayğısız həyatı başlayır. Yəhyanı tez-tez Azərbaycanın müxtəlif rayonlarına uzunmüddətli ezamiyyətlərə göndərirlər. Şuria da ona qoşulub, Ağdam, Fizuli, Ağcabədi, Yevlaxı “gəzmək” məcburiyyətində qalır.
- Bütün bunlar, açığı, məni bezdirmişdi. Düzdür, iki nəfər qulluqçum vardı. Qismət və Vera adında. Knyaz qızıydım axı! Elə bir məişət əziyyətim yox idi. Amma rayon yeri hara, Bakı hara. Düzdür, hərdən ərimdən icazə alıb Tiflisə gedirdim. Amma nə olsun. Atam yaxına buraxmırdı...
***
Beləcə davam edən sakit həyata müharibə son qoyur. Və maraqlsı odur ki, həm Yəhya, həm də Şuria cəbhəyə getmək üçün ərizə verirlər. Yəhyaya, gələcəyin əməkdar artistinə bron verirlər. O, cəbhə xəttində əsgərlər qarşısında konsertlər, tamaşalar verən truppa rəhbəri təyin olunur. Şuria isə əksinə döyüşür. Stalinqraddan tutmuş, düz Yaponiya sərhədinə qədər. Zenit topunun atıcısı olan bu knyaz qızı müharibə vaxtı onlarla orden və medala layiq görülür. Və bir gün Şurianın da olduğu batareyadakı qızların bir neçəsi, habelə tamam başqa hərbi hissələrdə ki qadınları Moskvaya çağırılar. Müharibənin qurtarmasına bir neçə gün qalmış.
“Stalin balaca, kobud bir şey idi”
- Bizi Qızıl Meydana, ordan da Kremlə gətirdilər. Təxminən yüz nəfərə qədər idik. Dedilər ki, indi yoldaş Stalin gələcək. Gəldi. Mən elə bilirdim ki, o, nəhəng, cüssəli biridir. Amma balaca boy, özü də kobud bir adam idi. Bizi salamlayıb dedi ki, artıq müharibə qurtarır, ona görə də, cəbhə boyu, ümumiyyətlə bütün hərbi hissələrdəki qadınları orduda xidmətdən azad etmək haqda əmr verib. Bizə də konfet, şirniyyat payladılar. Hə, lap sonradan “Faşizm üzərində qələbəyə görə” medal da verdilər. Bax, bunları (Medallarını göstərir). Çox idi, uşaqlarım balaca vaxtı medallarla oyuncaq kimi oynayırdılar. Yarısı itdi. Yarısı da ki... Qalanı budur.
Bunu deyib, medalların səpələyir stolun üstünə.
***
Müharibə qurtaran kimi Yəhya da cəbhədən qayıdır. Yenidən həyat öz axarına düşür. Amma bu dəfə Yəhyanın işləri düz gətirmir. O, Bakıda iş tapa bilmir. Yenidən Ağdama üz tutur. Düzdür, artıq əməkdar artist olsa da, ona iş tapılmır. Elə bu vaxt Sabirabada stomatoloq işləyən dayısı oğlu Teymur onu rayona çağırır. İki uşaqla - sonuncu Akif Sabirabada doğulacaqdı - Sabirabada gələn cütlük burda özlərinə yurd salırlar. Yəhya mədəniyyət klubunda işə düzəlir. Şuria isə kinoteatrda. Sonradan Səməd Vurğunun adı verilən kinoteatrda Şuria nə az, nə çox - düz 50 il kassir işləyəcəkdi. Və günlərin bir günü ərizəsini yazıb işdən gedir. Kinoteatrın direktoruna deyir ki, mən plan doldura bilmirəm, bilet sata bilmirəmsə, çıxım gedim.
- Vicdanım qəbul etmirdi ki, havayı maaş alım. Amma sonra eşitdim ki, mənim yerimə kassir götürüblər. (Gülür) Beləcə gəlib oturdum evdə...
Ev deyəndə ki, əslində bu ev deyil. Sabirabad şəhərinin Qurban Namazəliyev küçəsi 6 ünvanında oğlu Akif və nəvəsi ilə yaşayır. 10 kvadratmetrlik daxmada məskunlaşıblar. Keçən il onların həyətlərini qrunt suları basıb. Ev yararsız hala düşüb. Akif ailəsini rayonun Cavad kəndinə göndərib. Anasını tək buraxmaq istəməyib, onunla birgə qalır. Tək arzuları evi təmir edib ərsəyə gətirməkdir. Bunun üçün isə onlar yerli icra hakimiyyətindən kömək istəyirlər. Bu kasıb ailənin tək istədiyi tikinti materiallarıdır. Akif deyir ki, evi özü də təmir edə, yenidən tikə bilər.
***
Onlardan ayrılanda knyagina bircə bunu dedi:
- Bayaq dedim ki, qaraçı günündə yaşayırıq. Oğlum, bunu yazma. Yaraşmaz, hirsimdən elə dedim.
Hə, yaraşmaz, hörmətli knyagina. Heç yaraşmaz...
Amma yazmalı oldum bunu. Keç günahımdan, knyagina...
Səbuhi Məmmədli
Bakı-Sabirabad-Bakı

1764