“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edildi
10 iyun 2011 17:59 (UTC +04:00)

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edildi

Lent.az-ın məlumatına görə, sessiyada müzakirə olunan sonuncu layihə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklər edilməsi isə bağlı olub.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova qanun layihəsi ilə bağlı deputatlara geniş məlumat verərək, Azərbaycanda dini fəaliyyətlə məşğuliyyətin tarixinə toxunub. Qanuna ümumilikdə 19 dəyişikliyin nəzərdə tutulduğunu bildirən R.Aslanova deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin dünyada özünəməxsus hörməti var və ölkə daxilində dini qurumların fəaliyyətinə bu idarə nəzarət etməlidir: “7-ci maddəyə təklif edilən əlavədə qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) öz fəaliyyətləri haqqında hesabat təqdim etməlidir. QMİ-yə hesabat təqdim olunması heç də təsadüfi deyil. İslam icmalarına din xadimləri təyinatı qanunvericiliyə əsasən QMİ-nin razılığı ilə olur. Burada məsuliyyəti QMİ daşıyır”.

Qanunun 9-cu maddəsində “ziyarətgahlar, dini təhsil müəssisələri və dini qardaşlıqlar” sözlərinin “dini təhsil müəssisələri” sözləri ilə əvəzlənməsi təklif olunur.

Qanuna başqa bir dəyişiklikdə isə qeyd olunur ki, dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər. Qanunun 12-ci maddəsinə də (dini qurumların nizamnamələrinin qeydə alınması) dəyişikliklər təklif olunur. Dəyişikliklərə əsasən, mövcud qanunda dini icmanın qeydə alınması üçün onu yaratmış azı on nəfər yetkin yaşlı şəxs icmanın nizamnaməsi (əsasnaməsi) əlavə olunmuş ərizə ilə yerli icra hakimiyyəti orqanına müraciət etməlidir.

Layihədə isə bu sayı 50 nəfər təklif olunur.

Başqa bir əlavəyə əsasən, dövlət mülkiyyətində olan dini təyinatlı binalar və digər əmlak dini qurumların əvəzsiz istifadəsinə verilə bilər. Dini qurumlar torpaq sahələrindən Torpaq Məcəlləsinə uyğun olaraq istifadə edə bilərlər. Başqa bir əlavəyə görə dövlət mülkiyyətində olan dini tarixi və mədəniyyət abidələrinin özəlləşdirilməsinə və Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş dini təyinatlı mədəniyyət sərvətlərinin mülki dövriyyəsinə yol verilmir.

Qanuna dəyişiklikdə dini mərkəzlərin maliyyələşməsinə dair məsələ də yer alıb. Təklif olunan varianta görə, dini mərkəz və idarələrin maliyyə vəsaiti bu qanunun tələbləri nəzərə alınmaqla əldə edilən vəsait, həmçinin fiziki və hüquqi şəxslərin, dini qurumların və ziyarətgahların könüllü ayırmaları hesabına yaranır. Dini qurumlara dövlət və yerli özünüidarə orqanları tərəfindən maliyyə yardımı da göstərilə bilər.

Dini qurumların xeyriyyəçilik və mədəni-maarif fəaliyyəti barədə təklif edilmiş dəyişikliyə əsasən, dini qurumlara xeyriyyəçilik fəaliyyəti ilə bağlı fondlar təsis etmək səlahiyyəti verilir. Belə ki, dini qurumlar təsis etdikləri fondlar, o cümlədən ictimai fondlar vasitəsi ilə mədəni-maarif fəaliyyəti göstərə bilərlər.

Qanunun dini qurumlarda əmək-hüquq münasibətləri ilə bağlı maddəsində də dəyişiklik edilməsi nəzərdə tutulur. Bu maddənin təklif olunan yeni redaksiyasına görə dini qurumla işçi arasında əmək münasibətləri Əmək Məcəlləsi, işçilərin sosial sığortası “Sosial sığorta haqqında”, pensiya təminatı “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir.

Millət vəkili İqbal Ağazadə bildirdi ki, peşəkar dini fəaliyyət anlayışı dəyişdirilməlidir. O deyib ki, peşəkar dini fəaliyyət və din xadimləri ilə icazəni dini komitə verməlidir. Dini qurumların hesabat vermələrinə də toxunan millət vəkili Azərbaycanda fəaliyyət göstərən dini qurumların yalnızca QMİ-ə hesabat verməli olduğunu vurğulayıb.

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov isə çıxışında dini qurumla işçi arasındakı münasibətlərə toxunub. O, layihədə nəzərdə tutulan texniki dəyişikliklərə də münasibət bildirərək deyib ki, dini qurumların hesabat verməsi qanuna ziddir: “Bu qurumlar müstəqil fəaliyyət göstərir”.

Qüdrət Həsənquliyev hesab edir ki, qanunda İslam dini ilə bağlı ayrıca vəzifə nəzərdə tutulmalıdır. O deyib ki, Avropanın özündə belə, konkret Fransada çarşab geyinənlərlə bağlı qadağalar tətbiq edilib: “Əgər gələcəkdə də bu məsələ ilə bağlı ölkəmizdə də narahatçılıqlar yaransa, qanun qəbul etmək lazımdır. Onsuzda Azərbaycanda dini ekstremizmi gücləndirmək istəyən qüvvələr var”. İcma yaradılmasının əleyhinə olduğunu deyən deputat İslam dinində hər kəsin qardaş olduğu, icmalara yer olmadığını vurğulayıb.

Siyavuş Novruzov isə deyib ki, insanlara dinin çatdırılması formaları müxtəlifdir. Dini idarələrin xüsusi formalarının olmamasından gileylənən deputat İran modelinin tətbiqindən narazılığını bildirib: “Biz Azərbaycana özəl forma müəyyənləşdirməliyik”.

Çıxış edən Azərbaycan İslam Universitetinin rektoru və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli də qanun layihəsini dəstəklədiklərini bildirib.

Daha sonra digər deputatlar da qanun layihəsi ilə bağlı öz fikirlərini bildirdilər. Sonda spiker Oqtay Əsədov layihəni deputatların səsverməsinə çıxardı. Dəyişikliklər səsvermə nəticəsində təsdiqləndi.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158

Oxşar yazılar