Ali təhsilli kadrlarla bağlı 3 faizlik şok! – ARAŞDIRMA
24 may 2011 10:06 (UTC +04:00)

Ali təhsilli kadrlarla bağlı 3 faizlik şok! – ARAŞDIRMA

“Biz ali məktəbə daxil olanda qrupda 14 nəfər idik. Birinci kursdan sonra 2 nəfər başqa ixtisasa keçdi. Qalan 12 nəfər bakalavr təhsilini başa vursa da, heç kəs ixtisasa uyğun iş yeri tapmadı”.

2001-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin mühafizəsi” ixtisası üzrə ali təhsilini başa vuran Rüstəm Əhmədov Bakıdakı şadlıq evlərinin birində fotoqraf işləyir. Dediyinə görə, onunla birlikdə muzeyşünaslıq peşəsinə yiyələnən qrup yoldaşları arasında jurnalist, müəllim, tikinti mühəndisindən tutmuş ən müxtəlif peşələrdə çalışanlar var: “Hərə bir yerdə özünə iş tapıb işləyir. Ancaq heç kəs öz ixtisasına uyğun işləmir. Universiteti təzə qurtaran vaxtlarda uşaqlardan bəziləri ixtisasa uyğun iş tapmaq üçün ora-bura çox baş vurdular. Amma tapa bilmədilər, iş tapanları ya maaş qane eləmirdi, ya da başqa şeylər çıxırdı. Ona görə də hamı başqa sahələrə işləməli oldu”.

Hər il Azərbaycanın ali məktəblərində on minlərlə ixtisaslı kadrlar təhsilini başa vuraraq, əmək bazarına göndərilir. Bunların arasında bütün ixtisas sahələrini, o cümlədən muzeyşünaslıq diplomu ilə fotoqraf işləyən Rüstəm Əhmədovun da aid olduğu mədəniyyət və incəsənət sahələri üzrə ixtisaslaşmış gənc mütəxəssislər də yetərincədir. Amma mədəniyyət evlərində, muzeylərdə çalışan işçilərin böyük əksəriyyəti yenə də pensiya yaşına çatmış insanlar, əmək qabiliyyəti tükənmiş qocaman kadrlardır.

Bəs, görəsən, hər il bu qədər gənc mütəxəssisin əmək bazarına buraxıldığı halda, muzeylərdə, mədəniyyət evlərində kadrlar niyə cavanlaşmır? Ali təhsilini yenicə başa vurmuş ixtisas sahibləri hara gedir? Ümumiyyətlə, Azərbaycanda peşə planlaşdırılması sahəsində vəziyyət necədir?

Lent.az-ın əməkdaşı bu suallara cavab axtararkən xeyli maraqlı, həm də bir-birinə zidd olan məqamlar ortaya çıxarıb. Hər şeydən əvvəl bir məsələ aydın olur ki, indi Azərbaycanda hər kəs istədiyi və seçdiyi peşə üzrə ali təhsil ala bilsə də, diplom əldə etdikdən sonra müvafiq sahələrdə normal maaş, nüfuzlu iş yeri və ya sürətli karyera inkişafına nail olmaq o qədər də asan deyil. Baxmayaraq ki, hər il həm dövlət, həm də özəl ali məktəblərə bütün ixtisaslar üzrə tələbə qəbul Nazirlər Kabinetinin təsdiq etdiyi plan əsasında aparılır.

Təhsil Nazirliyinin ali və orta ixtisas məktəbləri idarəsinin rəisi İlham Mustafayevin fikrincə, tələbə qəbulunun vahid dövlət planı əsasında aparılması heç də o demək deyil ki, gələcəkdə həmin kadrların hamısı müvafiq sahələrdə çalışmalıdır. Onun sözlərinə görə, postsovet məkanının əksər ölkələrində olduğu kimi, Azərbaycanın də əmək bazarında gərəkli peşələrin müəyyənləşməsi və bu seçimlə karyera qurmaq prosesi kökündən dəyişib: “Planlı sovet təhsilindən imtina etmiş Azərbaycanda indi əmək münasibətləri də bazarı iqtisadiyyatının tələblərinə uyğun olaraq sərbəst buraxılıb. Daha doğrusu, indi ali məktəblərin heç birinin məzunlarını təyinatla iş yeri ilə təmin etmək öhdəliyi yoxdur. Bu səbəbdən də ali məktəbləri bitirib əmək bazarına daxil olan ixtisaslı kadrların öz peşəsinə uyğun iş yeri tapıb-tapmaması daha çox onların özlərindən asılıdır”.

İlham Mustafayev deyir ki, bazar iqtisadiyyatına keçid təhsildə də yeni tələblər qoyub və bu tələblər əmək bazarındakı təkliflərin əsasında formalaşır: “İxtisaslı kadr hazırlığı əmək bazarının tələbləri əsasında kompleks şəkildə aparılır. Hər bir universitet əmək bazarında monitorinqlər aparır, 4 ildən sonra hansı ixtisaslar üzrə kadrlara ehtiyac ola biləcəyini müəyyənləşdirir və bunun əsasında tələbə qəbulu üzrə yerlərin siyahısını hökumətə təqdim edir. Amma indi əmək bazarındakı şərait elədir ki, ixtisaslı kadrların bir qismi öz sahəsi üzrə işləmək istəmir. Bu, xüsusilə də əməkhaqqının aşağı olduğu sahələrə, o cümlədən mədəniyyət ixtisaslarına aiddir. Muzeyşünaslıq ixtisasını bitirmiş gənc kadrlar başqa sahələrdə işləməklə daha yaxşı yaşaya biləcəyini düşünüb öz peşəsində karyera qurmaqdan imtina edir. Nəticədə muzeylərdə, mədəniyyət evlərində və bu tip müəssisələrdə kadr korpusu qocalır”.

İlham Mustafayev bildirir ki, Təhsil Nazirliyi strateji və fundamental sahələrdə elmin, təhsilin inkişaf etdirilməsində maraqlıdır. Ancaq onun fikrincə, təmsil etdiyi qurum əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məsələsindəki geriliyi təkbaşına aradan qaldıra bilməz: “Bu məsələ kompleks yanaşma tələb edir. Biz çalışmalıyıq ki, tələbələr təhsil aldıqları müddət ərzində yüksək bilik və bacarığa malik ixtisaslı kadr kimi formalaşsın. Bu, Təhsil Nazirliyinin birbaşa vəzifəsidir. Amma digər tərəfdən, əmək bazarının şərtləri də onların istəklərinə uyğun olmalıdır. Yəni istər iş yerlərində iş şəraiti, istərsə də əməkhaqqı və digər məsələlər onların tələbatın ödəməlidir”.

Maraqlıdır ki, ixtisaslı kadrların öz peşəsi üzrə deyil, başqa sahələrdə çalışması orta ixtisas təhsili müəssisələrinin məzunları üçün də xarakterikdir. Elə Təhsil Nazirliyində də etiraf edirlər ki, peşə təhsilini başa vurmuş məzunların işlə təminatında ciddi problemlər var. Belə ki, son bir ildə texniki peşə təhsili müəssisələrini bitirmiş 10 min məzundan cəmi 4 mini öz ixtisası üzrə işlə təmin olunub. Yerdə qalan 6 min nəfərdən 4 mini hərbi xidmətə yollanıb, 2 min nəfəri isə əmək bazarında ya işsizdir, ya da qeyri-ixtisas sahələrində çalışır.

Yeri gəlmişkən, texniki peşə təhsili müəssisələrini bitirmiş məzunların işlə təminat göstəricisi ali məktəbləri başa vuranlarla müqayisədə bir qədər yüksəkdir. Belə ki, 2010-cu ildə texniki peşə məktəbini 10 min 602 nəfər bitirib və onlardan 3 min 607-si işlə təmin olunub. Ötən il ali məktəblərin bu göstəricisi 12 faiz aşağıdır.

Xaricdə oxuyan 114 məzunun cəmi 40 nəfəri işləyir

Yeri gəlmişkən, Dövlət Proqramı çərçivəsində xaricdə təhsilini başa vurmuş məzunların da heç də hamısı öz ixtisasları üzrə işlə təmin olunmur. Təhsil Nazirliyinin hesabatına əsasən, 2010-cu ilin sonunadək 114 tələbə Dövlət Proqramı çərçivəsində xaricdə təhsilini başa vuraraq Azərbaycana qayıdıb. Qaydalara görə, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan hər bir gənc təhsilini başa vurduqdan sonra ölkəyə qayıdıb ən azı 5 il ərzində burada işləməlidir. Ancaq indiyədək təhsilini başa vurub qayıdan 114 gənc mütəxəssisdən yalnız 40 nəfəri müvafiq dövlət orqanlarında işlə təmin olunub.

Nazirlikdə bildirirlər ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsilini başa vuraraq ölkəyə qayıdanların işlə təminatı üçün ayrıca qurum yaradılacaq. Artıq bunun üçün müvafiq dövlət qurumları ilə məsləhətləşmələr aparılıb və bu istiqamətdə konkret addımlar da atılıb. Yekun qərara əsasən, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərin işlə təminatı, onların potensialından ölkənin inkişafı məqsədləri ilə yararlanmaq üçün ayrıca bir qurumun yaradılmalıdır.

Artıq Nazirlər Kabinetinə təqdim edilən yeni qaydalarda nəzərdə tutulub ki, xaricdə dövlət proqramı ilə təhsil alan gənclərin işlə təminatı üçün onlar müvafiq dövlət qurumlarına göndərişlə getsinlər. Həmçinin Dövlət Proqramı çərçivəsində xaricdə təhsilini başa vuran məzunların dövlət qulluğunda işə qəbulu imtahanda iştirak etmədən birbaşa müsahibə yolu aparılacaq.

Abituriyentin seçimi, dövlətin istəyi

O ki, qaldı əmək bazarında hansı peşələr üzrə ixtisaslı kadrlara daha böyük tələbatın olmasına, bu, ötən ildən tətbiq olunan ali təhsil müəssisələrində yeni maliyyələşmə sistemi ilə müəyyənləşir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ötənilki test imtahanlarının nəticələrinə əsasən, abituriyentlərin böyük əksəriyyəti yenə də humanitar sahəyə daha çox maraq göstərib. Bu sahəyə sənəd verənlərin əksəriyyəti beynəlxalq əlaqələr, jurnalistika, tibb və digər ixtisasları seçib. Bu isə Azərbaycanda məhz həmin ixtisasların nüfuzlu peşə sayıldığını göstərir. Məhz bunun nəticəsidir ki, hüquq, beynəlxalq əlaqələr, jurnalistika, tibb, gömrük və digər nüfuzlu ixtisaslarda plan yerlərin hamısı elə birinci turda tutulur.

TQDK-nın açıqladığı siyahıya əsasən, ötən il boş qalan yerlər daha çox I ixtisas qrupuna aid olan fundamental sahələrdə qeydə alınıb. Bunların arasında “Faydalı qazıntı yataqlarının axtarışı və geoloji plana alınması”, “Tətbiqi geokimya, petrologiya, minerologiya”, “Tətbiqi fizika”, “Geofizika”, “Hidrogeologiya və mühəndis geologiyası” ixtisaslarına qəbul olunanların sayı barmaqla sayıla biləcək qədər azdır. Bundan başqa, abituriyentlər “İstilik energetikası, maşın və qurğuları”, “Yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiyası”, “Dəniz neft-qaz hidrotexniki qurğularının tikintisi”, “Mühəndis sistemlərinin və qurğularının tikintisi”, “Çoxişlənən malların texnologiyası”, “Standartlaşdırma və sertifikasiya”, “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə”, “Metallurgiya” və “Cihazqayırma” ixtisaslarına da az maraq göstərir.

Maraqlıdır ki, abituriyentlərin az maraq göstərdiyi peşələr arasında mədəniyyət və incəsənət sahəsinə aid olan ixtisasları da var. Bu tendensiya özünü dövlət sifarişli yerlərin sayında da göstərir. Belə ki, 2010/2011-ci tədris ili üçün ali məktəblərə dövlət sifarişli yerlərin siyahısında “Muzeyşünaslıq, arxiv işi və abidələrin mühafizəsi” ixtisası üzrə 11 yer ayrılıb. “Kitabşünaslıq” ixtisasında bu göstərici 24, “Sənətşünaslıq”da 20, “Kinoşünaslıq”da cəmi 3 olub. “Teatrşünaslıq” ixtisası üçün isə 3 yer nəzərdə tutulsa da, bunlardan cəmi 1-i tutulub.

“Kadr korpusu sürətlə qocalır”

Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev isə deyir ki, Azərbaycanda ixtisaslı kadrların öz peşələrində deyil, başqa sahələrə üz tutması kadr potensialının əmək bazarının tələblərinə uyğun olmamasının göstəricisidir. Onun sözlərinə görə, əslində Azərbaycanın da qoşulduğu Boloniya prosesi həm də bu problemlərin həlli məqsədi güdür: “Bütün ali məktəblər Boloniya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsələr də, onların istifadə etdiyi proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər öz əksini tapıb. Ona görə də ali məktəb məzunlarının bilik səviyyəsi günün tələblərinə cavab vermir, kadr korpusu sürətlə qocalır, onları əvəz etmək üçün Avropa təhsil standartlarını ölkəmizdə bərqərar etməyə qadir olan gənc kadrlar isə kifayət qədər deyil. Öz istəkləri ilə sevib seçdikləri ixtisaslarda təhsilinin başa vuran gənclərin bir qismi 120-150 manat əməkhaqqı müqabilində muzey işçisi, yaxud arxeoloq işləmək istəmir”.

Yeri gəlmişkən, məzunların işlə təminatı Boloniya təhsil prosesinin əsas tələblərindən biridir. Həmin tələblərə görə, hər bir universitet 3 mərhələdə məzunlarının işlə təminatını müntəzəm şəkildə izləməlidir. Birinci mərhələ təhsildən sonrakı ilk ili nəzərdə tutur və bu müddət ərzində məzunların 95 faizə qədəri öz ixtisası üzrə işlə təmin olunması ən ideal nəticə sayılır. İkinci mərhələ təhsildən sonrakı 3, sonuncu mərhələ isə 5 ildə məzunların peşə fəaliyyətinin izlənməsini nəzərdə tutur. Təhsildən sonrakı 5 ildə məzunların 3 faizə qədəri öz peşəsi üzrə işlə təmin oluna bilmirsə, universitet özünün mütəxəssis hazırlığı siyasətinə yenidən baxmalı və istiqaməti əmək bazarında ehtiyac duyulan ixtisaslara doğru dəyişməlidir. Maraqlıdır ki, hazırda Azərbaycanda bu standartlar əsasında mütəxəssis hazırlığı yalnız 2 ali məktəbdə - “Qafqaz” və “Xəzər” universitetlərində aparılır...

Eltac İsazadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1603

Oxşar yazılar