724 məktəbdən bir məzun da tələbə ola bilmədi... - ARAŞDIRMA
17 may 2011 11:18 (UTC +04:00)

724 məktəbdən bir məzun da tələbə ola bilmədi... - ARAŞDIRMA

Cəlilabad rayonunu Uzuntəpə kəndindən olan Rasim Həsənov hər il orta məktəblərdən birbaşa əmək bazarına gedən 35 faizlik məzun kontingentinə aid olan ali təhsilsiz gənclərdən biridir. Hazırda Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki daş karxanalarının birində fəhlə işləyən müsahibimiz ali təhsil almadan əmək bazarına daxil olmağın peşmanlığını çəkir: “Kaş, oxuyub ali təhsil alaydım”.

Son illər Azərbaycanda təhsilin, xüsusilə orta təhsilin inkişafını əks etdirən çeşidli xəbərləri tez-tez eşidirik. Hökumət orta ümumtəhsil məktəblərinin tikintisinə və onların kompüterləşdirilməsinə, gənclərimizin xaricdə təhsil almasına dair proqramlar təsdiqləyib, ölkə başçısı təhsildə islahat proqramının gerçəkləşdirilməsinə, məktəblərin maddi texniki-bazasının yaxşılaşdırılmasına, təhsil işçilərinin həyat səviyyəsinin yüksəldilməsinə dair sərəncamlar imzalayıb. Bu proqram və sərəncamlar yeni məktəb binalarının tikintisindən tutmuş təhsil müəssisələrinin kompüterləşməsinədək bir çox yeniliklərə yol açıb. Məhz bunun nəticəsidir ki, əvvəllər 1000 şagirdə 1 kompüter düşdüyü halda indi 27-28 şagird 1 kompüterdən istifadə etmək imkanı qazanıb. Üstəlik, son bir neçə ildə 30 milyon ədəddən çox dərs vəsaiti çap olunaraq şagirdlərə pulsuz paylanıb. Amma deyəsən, bu yeniliklər də ölkədə təhsilin inkişaf səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilməyib.

Zəiflik Bakıdan kəndlərə doğru

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayev kənd məktəblərinin mövcud durumu ilə bağlı araşdırma aparıb. Məlum olub ki, 2007-ci ildə ali məktəblərə qəbul olan məzunların 63 faizdən çoxu üç böyük şəhərin - Bakı (Abşeron da daxil olmaqla), Gəncə və Sumqayıtın payına düşüb. Bütövlükdə isə respublika üzrə orta məktəblərin 40 faizə qədərinin məzunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi imtahanlardan keçə bilməyib. Təhsil Nazirliyi bu rəqəmlərin qeyri-rəsmi olduğunu əsas gətirərək, məktəblərin 40 faizə qədərinin testdən keçə bilməməsi barədə məlumatları təkzib edib.

Ali məktəblərə qəbulun nəticələrindən isə görünür ki, Bakıdan rayon mərkəzlərinə və kəndlərə doğru təhsilin səviyyəsi aşağı düşür. Belə ki, kənd yaşayış yerlərində orta məktəbi bitirən məzunlarının ali məktəblərə daxil olma əmsalı paytaxtın uyğun göstəricilərindən 4 dəfə, rayon mərkəzlərinin analoji göstəricilərindən isə 30 faiz aşağıdır.

Rövşən Ağayev Azərbaycanda təhsil sisteminin mövcud durumundan danışarkən bir məqamı xüsusi qeyd edir. Onun sözlərinə görə, 2009-cu ildə ölkə üzrə bütün məzunların 61 faizi əyalətlərdəki orta məktəbləri bitirənlərdir. Ancaq onların ali məktəblərə qəbul olma göstəriciləri cəmi 34 faiz təşkil edib: “Əyalətlərin məzun sayı iri şəhərlərdən az qala 2 dəfə çoxdur. Ancaq iri şəhərlərdən ali məktəblərə daxil olan məzunların sayı regionların eyni göstəricilərindən 2 dəfə yüksəkdir. Öz növbəsində rayon mərkəzləri ilə müqayisədə kənd yerlərində orta təhsilin səviyyəsi daha pisdir”.

Ekspert hesablamalardan belə nəticəyə gəlib ki, 2009-cu ildə Azərbaycanda mövcud olan 3285 orta ümumtəhsil məktəbinin 31 faizindən (hər 3 məktəbdən 1-i) yaxud 1016 orta məktəbdən bir məzun belə, orta məktəbə daxil ola bilməyib. Hətta bəzi rayonlarda fəaliyyətdə olan orta məktəblərin 60-65 faizinin bir məzunu da ali məktəblərə daxil olmayıb. Attestat ala bilməyənlərin sayına gəlincə, bu sırada üstünlük ölkənin 25 rayonunun məktəblərinin payına düşür. Belə ki, 2009-cu ildə həmin siyahıya daxil olan 25 rayonun bütün məzunlarının 30-50 faizə qədəri attestat ala bilməyib. Heç bir məzunu ali məktəblərə daxil olmayan rayonlar arasında faiz nisbətinə görə ilk 3 yeri Daşkəsən (65,3 faiz), Ağsu (62,8 faiz) və Cəlilabad (57 faiz) tutur.

Maraqlıdır ki, Rövşən Ağayevin söylədiklərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) elmi-statistik təhlilləri də təsdiqləyir. TQDK-nın 2010-cu il üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə dair yekun hesabatında ötən il üzrə ölkəmizin hər bir bölgəsinin məzunlarının qəbul imtahanı nəticələrinin məktəb və rayon (şəhər) səviyyəsində elmi-statistik təhlillər yer alıb. Bu sənəd ali məktəblərə qəbulolma faizləri, habelə yüksək və zəif göstəricili məktəblər haqqında dolğun məlumat əldə etməyə imkan verir.

Yeri gəlmişkən, hazırda Azərbaycanda natamam orta və ibtidai məktəblər də daxil olmaqla 4547 məktəb fəaliyyət göstərir. Onlardan 3240-ı orta məktəblərin payına düşür. TQDK-nın rəsmi məlumatına görə, 2010-cu il qəbul imtahanlarında ölkə üzrə 3070 məktəbin, 40 dövlət və özəl liseylərin məzunu iştirak edib. Onlardan 724 məktəbdən bir nəfər də olsun, tələbə adını qazana bilməyib, 165 məktəbin məzunları isə 100 baldan aşağı nəticə göstərib. Hətta məzunlarının tələbə adını qazana bilmədiyi məktəblər arasında paytaxt məktəbləri də var. Belə ki, ötən il qəbul imtahanlarında Bakının 316 məktəbindən 18832 məzun iştirak edib. Bunlardan 87 saylı (lal-karlar üçün axşam-qiyabi), 159 saylı məktəbin nəzdindəki qiyabi-axşam məktəbinin, 185, 209, 262, 295 və 324 saylı orta məktəblərin bir abituriyenti belə ali məktəbə qəbul olmayıb.

“Biz belə bir hesabat aparmırıq”

Bir çox bölgədə isə bu göstərici hətta 50 faizə yaxındır. Məsələn, Ağsu rayonunda 32 məktəbdən 21-nin, Daşkəsəndə 20 məktəbin 16-nın bir məzunu belə, ali məktəbə daxil ola bilməyib. Dörd illik cəhddən sonra ali məktəbə daxil ola bilməyən Rasim Həsənovun sakini olduğu Cəlilabad rayonu da 2010/2011-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında ən zəif nəticə göstərən bölgələr sırasındadır. TQDK-nın hesabatına görə, 2010-cu ildə bu rayondan 74 məktəbin məzunu qəbul imtahanlarına qatılıb. Amma rayondakı 74 məktəbdən 36-dan bir nəfər də tələbə adını qazana bilməyib. Üstəlik, 4 məktəbin məzunlarının qəbul imtahanında göstərdiyi nəticə 100 baldan aşağı olub.

Təhsil Nazirliyində məktəblərin əhəmiyyətli hissəsinin məzunlarının testdən keçə bilməməsinə münasibət bildirməyiblər. Nazirliyin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri Təranə Hacıyeva deyir ki, TQDK-nın keçirdiyi imtahanların nəticələri ilə bağlı hesabatdan xəbərsizdirlər: “Biz belə bir hesabat aparmırıq. Ona görə də məktəblərin neçə faizinin məzunlarının testdən keçmədiyini deyə bilmərəm”.

Şöbə müdiri onu da əlavə edib ki, nazirlik yalnız orta məktəblərdə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlarla bağlı hesabat hazırlayır. Ancaq orada məzunlarının testdən keçə bilmədiyi məktəblərin faiz nisbəti TQDK-nın rəqəmlərindən xeyli fərqlənir.

Tacikistan və Özbəkistanla bir sırada

Ölkədə iri şəhərlərlə, xüsusilə də Bakı və Abşeron yarımadası ilə müqayisədə, əyalətlərdə orta təhsilin keyfiyyəti çox aşağıdır. Bu qənaəti TQDK-nın 2009-cu il üzrə ali məktəblərə qəbul göstəricilərinin təhlili də təsdiqləyir. Maraqlıdır ki, bu cür zəif nəticələr TQDK-nın ali məktəblərə qəbul üçün müəyyənləşdirilən keçid ballarını aşağı saldığı əvvəlki il üçün də xarakterik olub. Belə ki, 2009-cu ildə I ixtisas qrupu üçün keçid balları 250-dən 200-ə endirildiyi halda Bakı və Abşeron yarımadası ilə müqayisədə əyalətlərdəki məzunların böyük əksəriyyəti yenə də tələbə adını qazana bilməyib. Hazırda ali məktəblərə qəbul əmsalının aşağı olmasının nəticəsidir ki, bu gün Azərbaycan əhalinin hər 10000 nəfərinə düşən ali məktəb tələbələrinin sayına (150 nəfər) görə inkişaf etmiş ölkələrdən 4-5 dəfə (600-700 nəfər), Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan kimi keçid ölkələrindən 2-3 dəfə (300-500 nəfər) geri qalır. Azərbaycan bu göstəricinin səviyyəsinə görə Tacikistan və Özbəkistanla bir sırada dayanır.

7 rekordçunun 5-i Bakı məktəblisidir

Bakı və Abşeron yarımadası ilə müqayisədə əyalətlərdə orta təhsilin keyfiyyəti çox aşağı olmasını özündə əks etdirən başqa bir məqam da var. Belə ki, 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında 7 nəfər maksimal nəticə - 700 bal toplayıb. Rekordçuların 5-i Bakı, 1-i Mingəçevir, 1-i isə Şəki şəhər məktəblərinin məzunudur. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirir ki, ümumilikdə 2010-cu ildə orta məktəblərin ötənilki məzunlarının yalnız 65 faizi ali və orta ixtisas məktəblərinə sənəd qəbulunda iştirak edib. Ancaq həmin abituriyentlərin göstərdiyi nəticələr çox aşağıdır. Onun sözlərinə görə, imtahanlarda ötənilki məzunların cəmi 8 faizi 500-700 bal arasında nəticə göstərib. 50 faiz məzunların imtahanlarda göstərdikləri nəticə isə 0-200 bal arasında olub. Bu isə o deməkdir ki, orta məktəblərin builki məzunlarının 50 faizə qədəri ali məktəblərə qəbul üçün minimal keçid balını toplaya bilməyib.

2010-cu ildə digər şəhər və rayonlardakı məktəblərlə bağlı vəziyyətlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Bölgələr Məzunların imtahanda iştirak etdiyi məktəblərin sayı Məzunu ali məktəbə daxil olmayan məktəblərin sayı 100 baldan aşağı nəticə göstərən məktəblərin sayı

Bölgələr

Məzunların imtahanda iştirak etdiyi məktəblərin sayı

Məzunu ali məktəbə daxil olmayan məktəblərin sayı

100 baldan aşağı nəticə göstərən məktəblərin sayı

Bakı şəhəri

316

7

1

Naxçıvan MR

165

20

10

Abşeron rayonu

33

1

1

Ağcabədi

50

19

5

Ağdam

108

46

9

Ağdaş

41

14

6

Ağstafa

34

2

0

Ağsu

32

21

4

Astara

42

11

2

Balakən

35

8

1

Beyləqan

44

12

4

Bərdə

59

11

2

Biləsuvar

26

3

0

Cəbrayıl

40

8

1

Cəlilabad

74

36

4

Daşkəsən

20

16

1

Şabran

19

6

0

Şirvan şəhəri

14

Məlum deyil

Məlum deyil

Füzuli

72

28

9

Gədəbəy

50

12

4

Gəncə şəhəri

45

Məlum deyil

Məlum deyil

Goranboy

59

12

3

Göyçay

39

3

1

Hacıqabul

28

10

4

Xaçmaz

53

17

8

Göygöl

37

9

2

Xızı

8

1

0

İmişli

57

24

8

İsmayıllı

45

15

2

Kəlbəcər

87

27

0

Kürdəmir

41

14

4

Qax

25

4

0

Qazax

35

7

0

Qəbələ

50

10

3

Qobustan

17

8

5

Quba

64

23

2

Qubadlı

30

1

2

Qusar

41

16

3

Laçın

76

36

1

Lerik

36

10

4

Lənkəran

69

15

5

Masallı

63

7

3

Mingəçevir

22

1

0

Naftalan

2

-

-

Neftçala

28

2

0

Oğuz

28

8

0

Saatlı

28

4

4

Sabirabad

62

18

3

Salyan

36

4

0

Samux

23

3

1

Siyəzən

13

4

1

Sumqayıt

49

1

0

Şamaxı

43

21

1

Şəki

73

14

3

Şəmkir

70

23

7

Şuşa, Xocalı, Xocavənd rayonları

37

13

3

Tərtər

34

10

1

Ucar

36

3

3

Yardımlı

41

20

4

Yevlax

40

8

2

Zaqatala

49

11

5

Zəngilan

33

7

0

Zərdab

23

6

3

Cəmi:

3070

724

165



Eltac İsazadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095

Oxşar yazılar