Nazir müavini qalmaqallı İctimai Şura barədə danışdı - MÜSAHİBƏ
06 may 2011 16:32 (UTC +04:00)

Nazir müavini qalmaqallı İctimai Şura barədə danışdı - MÜSAHİBƏ

“Artıq iki ildir ki, Azərbaycanın şəhər, rayon polis orqanlarının yanında İctimai Şuralar fəaliyyət göstərir. Bu günədək 3500 nəfər könüllü olaraq İctimai Şura üzvlüyünə qəbul olunub. İctimai Şura üzvlərinin böyük əksəriyyətini yaşadığı ərazidə daha çox nüfuza, hörmətə malik olan ziyalılar, ağsaqqallar, təhsil, səhiyyə ocaqlarında, mədəniyyət, incəsənət, idman və s. sahələrdə çalışan şəxslər təşkil edir”.
Bunu APA-ya müsahibəsində Azərbaycan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov polis yanında İctimai Şuranın mahiyyəti barədə suallara cavabında deyib.


Nazir müavini bildirib ki, İctimai Şura üzvləri inzibati sahələrdə yaşayan sakinlərlə polis əməkdaşlarının görüşlərini, o cümlədən “polisin açıq qapı” günlərinin keçirilməsini təşkil edirlər. Onlar yaşayış məntəqələrində idman yarışlarının, digər müsabiqələrin, eləcə də vətəndaşların qəbulu işinin təşkili, polisin fəaliyyəti ilə bağlı əhalinin rəyinin öyrənilməsi, media ilə əlaqələrin yaradılması, “polis-vətəndaş”, “polis-cəmiyyət” münasibətlərinin möhkəmləndirilməsində, etibarlı əlaqələrin qurulmasında iştirak edirlər: “Müsbət haldır ki, son iki ildə polis əməkdaşları bilavasitə asayişin qorunması və cinayətkarlıqla mübarizə sahəsində onlara həvalə edilmiş vəzifələrlə yanaşı, İctimai Şura üzvləri ilə birgə vətəndaşları narahat edən bəzi sosial məsələlərin həllində onlara yardımçı olmaq istiqamətində fəaliyyət göstərməyə başlayıblar. Belə ki, polis sahə rəisləri, sahə inspektorları xidmət etdikləri ərazidə yolların təmiri, küçələrin işıqlandırılması və bu kimi məsələlərlə bağlı vətəndaşların müraciətlərini, İctimai Şura üzvlərinin təkliflərini nəzərə alaraq, rayonun icra strukturları, idarə və müəssisələri qarşısında məsələ qaldırıb, problemlərin müsbət həllinə çalışıblar”.


O. Zalov deyib ki, vətəndaşların polisə müraciətlərinin operativ araşdırılması da qarşılıqlı münasibətlərin yaxşılaşdırılmasına əlavə imkan yaradıb: “Əvvəllər müraciətlərin araşdırılması üçün vətəndaşlar polis orqanına dəvət olunurdusa, artıq İctimai Şura üzvləri ilə birgə şikayətləri doğuran səbəb və şəraitin yerində araşdırılması, daha çox insanın fikir və rəyinin öyrənilməsi son nəticədə düzgün qərar qəbul edilməsinə yardım edir. Polis əməkdaşları tərəfindən vətəndaşların dialoqa və disputa dəvət edilməsi, hər iki tərəfin narahatlığına səbəb olan məsələlərin birgə həll olunması ictimaiyyətin polisə olan inamını artırıb, son bir ildə müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə müraciət edən vətəndaşların sayı ötən illərlə müqayisədə 52% çoxalıb”.


Nazir müavini ərazidə yaşayan vətəndaşlardan polis orqanına daxil olan şikayətlərin bir
hissəsinin ailə-məişət zəminində baş verən mübahisələrlə bağlı olduğunu bildirib: “Ailə-məişət zəminində baş verən münaqişələrin aradan qaldırılmasında İctimai Şuraların aktiv fəaliyyəti həlledici olub. Əksər hallarda hörmət və nüfuz sahibi olan İctimai Şura üzvünün məsləhəti, iradı tərəflərin barışması, qısa müddətdə normal münasibətlərin bərpası və mübahisələrə son qoyulması ilə nəticələnib. Statistik məlumatlara görə, son iki ildə ailə-məişət zəminində baş vermiş cinayətlərin sayının hiss olunan dərəcədə azalmasını müşahidə edərik”.


Nazir müavini deyib ki, İctimai Şura üzvlərinin vəzifələri sırasına çətin tərbiyə olunan uşaqların islah edilməsi, övladlarına qarşı nəzarətsizliyə və baxımsızlığa yol verən valideynlərlə profilaktik söhbətlərin aparılması, təhsil müəssisələrində yetkinlik yaşına çatmayanlarla xidmət əməkdaşı ilə birgə müxtəlif mövzuda tədbirlərin təşkili də daxildir: “Narkomaniya və alkoqolizmin profilaktikası, yaşayış evlərinin və onlara yaxın ərazilərin abadlaşdırılması, saxlanılması və istismarı sahəsində görülən işlər inzibati sahədə hüquq qaydasının təmini üzrə vəziyyətin nəzarətdə saxlanılmasına da şura üzvləri yardım edirlər”.


Nazir müavini bildirib ki, 2009-2010-cu illərdə Qeyri-Hökumət Təşkilatları Forumu və internet vasitəsilə əhali arasında keçirilən rəy sorğusunda, ictimaiyyətin böyük əksəriyyəti polis yanında İctimai Şuraların fəaliyyətini müsbət qiymətləndirib: “Təəssüflər olsun ki, son zamanlar mətbuatda özlərini “polis eksperti" adlandıran bəzi şəxslər İctimai Şuraların fəaliyyətini keçmişdən qalmış miras, “sovet drujinası” kimi qiymətləndirməyə çalışıblar. Belə “ekspertlərə” tövsiyə edilir ki, KİV-də ictimaiyyətə öz fikrini çatdırmamışdan əvvəl inkişaf etmiş dövlətlərin, Avropa ölkələrinin bu sahədə təcrübəsinə nəzər salsınlar. Bu gün daxili işlər orqanları yanında yaradılmış İctimai Şuralar hələ 1829-cu ildə İngiltərədə London metropoliten polisinin fəaliyyətinin əsasını təşkil edən model kimi qəbul edilib, hal-hazıradək “Community Policing” adı altında fəaliyyət göstərir. Bu layihənin yaradıcısı Sir Robert Peel olub. XX əsrdə “Community Policing” bir layihə kimi Avropanın bir çox ölkələrinə yayılıb, o cümlədən Amerika Birləşmiş Ştatlarında və Kanadada tətbiq olunmağa başlayıb. Son 10 ildə həmin layihə Türkiyədə «Toplum Destekli Polislik» adı ilə həyata keçirilir.


2006-cı ildə 20-dən çox ölkənin, xüsusilə də Avropa dövlətlərinin bu sahədə təcrübəsi öyrənilib, ATƏT-in Bakı Ofisinin dəstəyi və Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə eksperiment qaydasında “Cəmiyyət Dəstəkli Polis” layihəsinin həyata keçirilməsinə başlanılıb.


Eksperimentin uğurlu nəticələri nəzərə alınaraq, 2009-cu ildə daxili işlər orqanlarında “polis sahə rəisi” vəzifəsi təsis edilib və hər bir polis sahə rəisinin yanında İctimai Şura yaradılıb”.


O. Zalov deyib ki, ictimai şuralar ayrı-ayrı dövlətlərdə müxtəlif cür adlandırılsa da, məqsəd “polis-vətəndaş”, “polis-cəmiyyət” münasibətlərinin möhkəmləndirilməsi, etibarlı əlaqələrin qurulması, qarşılıqlı inamın artırılması, xalqa xidmət göstərilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163

Oxşar yazılar