Əlləri polis zabitinin qanına batan sürücünün həyatından film kimi bir gün - REPORTAJ
24 fevral 2011 14:55 (UTC +04:00)

Əlləri polis zabitinin qanına batan sürücünün həyatından film kimi bir gün - REPORTAJ

Adi günlərdən biri idi. Paytaxtda 96 nömrəli marşrut avtobusunda, arxa oturacaqların birində əyləşmişdim. Elə yenicə özümə yer eləmişdim ki, lap qabaqda - sürücü tərəfdə möhkəm səs-küy düşdü. Səs-küyün içində bir qadın səsi lap bərk gəlirdi. Səs kəsilmədikcə maraq güc gəldi, adamların arasından keçib, birtəhər qabağa yaxınlaşdım. Mən “hadisə yeri”nə çatanda səsi gələn qadın artıq düşüb uzaqlaşırdı. Sürücü isə əsəbi halda deyinirdi.

Maraq güc gəldi, özümü sual verməkdən saxlaya bilmədim:

- Nə olub qardaş, niyə narahatsan, nə səs-küy idi?

Elə bil soruşmağıma bənd imiş. Açıldı sürücünün sinəsi, nə açıldı: “Qardaşım, daha canımızı boğazımıza yığıblar. Marşrut şoferiyik deyə, elə bil ən axırıncı adam olmuşuq. İki dayanacaq əvvəl minmişdi o arvad, əlində də iki yekə “sumka”sı vardı. Minən kimi düz gəlib durdu yanımda - ayaq altında. Çox dedim xala, bura pis yerdir, tez-tez “tormoz” verirəm, yıxılarsan. Keç arxada boş yer var, rahat otur, düşəndə gələrsən. Nə qədər elədim, getmədi, dedi elə bura yaxşıdır. Bayaq da dayanacaqdan tərpənəndə qəfil qabağıma bir CİP çıxdı, tormoz verdim, arvad zənbilləri qarışıq uçdu ayaq altına tərəf. Qapı açıq olsaydı, düz təkərlərin altına düşəcəkdi, çünki dayanacaqdan yeni tərpənirdim. Arxadan da kömək etdilər, arvadı durğuzduq. İndi durub özünə gələndən sonra yapışıb yaxamdan ki, niyə qəfil tormoz verirsən? Deyirəm, ay xala, axı gedib camaatın maşınına girəcəydim, necə tormoz verməyim?! Sənə dedim axı, keç otur arxada. Ay mənə qulaq asdı ha... iki əli ilə belinin tutdu ki, “yıxıldım, böyrəklərim əzildi, gedirəm polisə şikayət etməyə”. Düşdü, hələ avtobusun nömrəsini də yazıb götürdü, aparıb “paqon”lara verəcək. Mənə deyir “canın çıxsın elə sür ki, mən bir ayaq üstə olsam da yıxılmayım, şofer deyilsən?!”. Bizim günümüz budu, qardaş... Nə bilim... evdəkilər olmaya çoxdan başmı götürüb gedərdim...”

Sözünü bitirəndə növbəti dayanacaq idi. Nədənsə elə bil həmin gün ya sürücününkü gətirmirdi, ya da bu onun peşəsinin ənənələrindən idi. Çünki həmin dayanacaqda təqribən 10 nəfər düşdü, onun yarıya qədəri müxtəlif bəhanələrlə pul vermədi. Biri 20 qəpikdən ötəri 20 manat çıxardı ki, “xırdala, burdan çıx”, biri polis vəsiqəsi göstərdi, biri dedi heç imkanım yoxdur və s. Mənə elə gəldi ki, bu onun qanını lap qaraldacaq, amma gördüm ki, o qədər də reaksiya vermədi. Hiss olunurdu ki, gündəlik rast gəldiyi və öyrəşdiyi haldır. Onsuz da çoxdan fürsət axtarırdım marşrut sürücülərindən nəsə yazmağa, rastlaşdığım sürücü və gördüklərim mənim üçün fürsət oldu.

- Deyəsən belə “sağ ol”a çox işləyirsən?

- Neyniyim, qardaşım?! Dillənəcəm, məni borclu çıxardacaqlar. Dillənməyəndə də, axşam evə əliboş gedirəm. Heç bilirsən bizim gündəlik planımız nə qədərdir?...

- Nə qədər?

- 130 manat təkcə plandır, 50 manat benzin pulu, üstə gəl gündəlik “rasxod”. Bütün bunlardan sonra nə qalsa, mənim qazancımdır. Yenə plan əvvəl normal idi - 90 manat. Gün ərzində qoyulan plandan və “rasxod”dan başqa arxayın işləməklə orta hesabla günə 20-25 manat çıxarmaq olurdu. Amma ilin sonuna yaxın birdən-birə planı 130 manata qaldırmaqla belimizi qırdılar, səhər saat 6-dan gecə 11-ə 12-yə qədər işləsək də əmələ gəlmir... Beləcə, indi atam və mən bir yerdə günə 190-200 manat “rasxod”a işləyirik.

- Bəs niyə birdən-birə bu qədər plan qoyublar?

- Mal yiyəsidir, istədiyi planı qoyur. Ağzımızı açanda da bizi söyüb təhqir edir ki, “avtobus böyükdür, qoyuram, xoşun gəlmir, rədd ol”... Bir parça çörəkdir bizi buralara gətirib çıxaran. Yoxsa mənim şəhərdə nə işim var?! Öz rayonumuza nə gəlmişdi ki?!...

Həmsöhbətim İmamverdiyev Əsəd Zahid oğlunun 32 yaşı var. Şəkinin dağ kəndlərindən birində anadan olub, elə orada da böyüyüb. Evin tək oğludur. Atası Zahid kişi Sovet dövrü Şəkidə müxtəlif vəzifələrdə işləyib. İmkanlı adamlardan olub. İttifaq dağılandan sonra əlində olan var-dövlətini pay torpağını əkib-becərməyə qoyub. Lakin tale İmamverdiyevlər ailəsinin üzünə gülməyib. Dalbadal məhsulun zəifliyi və borclar onları çətin duruma salır. Axırda məcbur olub torpaqlarını satıb, qazanc üçün şəhərə gəlirlər: “2004-cü ildə köçdük Bakıya. Atamın sürücülük vəsiqəsi, həm də xeyli sürücülük təcrübəsi vardı. Şəhərə gələn kimi marşrutda şofer düzəldi, mən də tikintilərdə fəhlə işləməyə başladım. Ara-sıra gəlib atamın yanında öyrənə-öyrənə mən də avtobus sürməyi vərdiş etdim. Çünki fəhləlikdə daha bacara bilmirdim, ağır daşları qaldırmaqdan belim çökürdü. İndi ata-bala ikimiz də bir avtobusda işləyirik, gözümü bura dikmişik. İndi mən də evliyəm, iki övladım var. Ailəm və valideynlərim hamımız bir yerdə Biləcəridə yaşayırıq, 250 manata kirayə ev tutmuşuq. Bütün evin gəlirləri və xəstə anamın müalicəsi bu marşrut avtobusdan asılıdır. Atam olanda əksər vaxt mən “konduktor”luq edirəm. Çalışırıq nəsə çıxardaq. O da bir gün olur, bir gün olmur. Elə gün olub ki, gündəlik “rasxod”u çıxara bilməmişik, başqasından alıb planın üstünü düzəltmişik”.

Əsəd deyir ki, bu gün təsadüfən 137 nömrəli marşrutda bir günlük boş yer olub deyə atası oradadır, ona görə bu gün təkdir. Orada bir günlük kimisə əvəz edir. Həmin marşrutun da son dayanacağı 96 ilə eynidir (96 saylı avtobus Dövlət Dram Teatrının yanından Yeni Avtovağzala qədər işləyir).

“İnşaatçılar” metro stansiyasını keçirdik. Düşmək istəyənlər təzəcə ayağa durmuşdular ki, qəfil Əsəd əyləci basdı, avtobus silkələndi. Bir-iki nəfər müvazinətini itirərək yıxıldı. Qarğışın və söyüşün biri bir qəpik! Günah isə Əsəddə deyildi, dayanacaqda ona yer verməyən başqa bir avtobus qəfil qabağında saxlamışdı. Əsəd də ona toxunmamaq üçün məcburən qəfil əyləci sıxıb. İkicə dəqiqənin içində avtobusda aləm qarışmışdı, artıq mən də yaddan çıxmışdım. Sürücü lap dəli olmaq dərəcəsinə çatmışdı. Bilmirdi içəridəkilərə cavab versin, yoxsa qarşıda onun yolunu kəsən avtobusa nəsə desin. İçəridəkilərə onu söyə-söyə pullarını atıb, düşüb getdilər. Qarşıda da yol açıldı və biz yolumuza davam etməyə başladıq. Bayaqdan dil-dil ötən həmsöhbətim indi yazıq bir görkəm almışdı. Deyir, təxminən buna oxşar əhvalata görə bir ay əvvəl möhkəm bir “zibil”ə düşüb: “Keçmiş Əzizbəyov heykəlinin yanından “kruq” edib Hüseyn Cavid prospektinə tərəf yönəlirdim. Orda bir dayanacağımız var. Dayanacağa yaxınlaşmaq istəyəndə qəfil avtobusun qabağına iki nəfər balaca məktəbli keçdi, məcbur olub qəfil tormoz verdim. Bu zaman arxadan avtobusa möhkəm nəyinsə çırpıldığını eşitdim. Aşağı düşdüm ki, bir dənə təzə xarici markalı avtomobil arxadan mənə dəyib. Bərk əzilmişdi. Yiyəsi maşından düşən kimi aldı məni, nə aldı. Ağzına gələni mənə dedi. Nə qədər etdimsə başa sala bilmədim ki, qarşıma keçən uşaqlara görə elə tormoz vermişəm, bilə- bilə yox. Anlamadı ki, anlamadı. Qışqıra-qışqıra pis söyüşə keçəndə özümü saxlaya bilmədim, özümdən asılı olmayaraq əlimi atıb sifətini necə cırmaqlamışdımsa əllərim qanın içində idi. Məlum oldu ki, bu adam özü polis zabitidir. Nə isə... uzun sözün qısası, polis gəldi, məni apardılar. Düz bir həftə başım onun bəlasını çəkdi. Evdə oğluma kiçik toy etmək üçün bir az pul yığmışdım, hamısını bu “zibil”dən qurtarmağa verdim. Hətta məlum oldu ki, qarşıma keçən uşaqlar da elə onun öz uşaqları imiş, yaxınlıqdakı 20 saylı məktəbdən çıxıblarmış, yolun kənarına keçirmişlər ki, onun maşınına minsinlər. Mənə hələ də aydın olmur ki, bu adam öz balalarının salamat qurtarmasına sevinmək əvəzinə niyə mənimlə müharibə edirdi. Görəsən bu varlıların hamısının balası onlar üçün var-dövlətdən ucuzdu?”

Artıq gecə düşmüşdü. Saat təxminən 9 və ya 10-a işləyirdi. Söhbət o qədər maraqlı oldu ki, artıq bir dəfə dövr edib, yenidən son dayanacağa - Yeni Avtovağzala çatmışdıq. Boşalan avtobusu bir kənara verib növbəti çıxma vaxtını gözləməyə başladı. Dediyinə görə, bundan sonra cəmi bir dövrə edə biləcəkdi.

Bu zaman bizə bir yaşlı kişi yaxınlaşdı. “Tanış ol, atamdı”, - dedi. Üzünü atasına tutub:

- Nə oldu, ay papa, bir şey çıxdı bu gün 137-də?

- Belə də bala... xərci borcun ödəmədi...

Hiss etdim ki, kişi nəsə demək istəyir, amma məni görüb danışa bilmir. Telefonla danışmağı bəhanə edib, kənara çəkildim. Əsəd cibindən pul çıxardıb, atasına verdi. Atası gedəndən sonra biz yenidən marşrut xətti üzrə qayıdarkən Əsədin anası ilə telefonla danışığından sonra düzü, bərk dilxor oldum. “Alo... hə, mama, necəsən?... salamatlıqdı mama, işləyirik. Papa bir az olar getdi, narahat olma, bir azdan çatar evə... yox, mama, bu gün də zəifçilik oldu, papamda vəziyyət “voobşe” yaxşı olmadı, qanı da qaraydı. Nə olar, üstünə getməyin, cibində heç nəyi yoxdur, bayaq cəriməni məndən aldı.... düzələr, mama, narahat olma, Allah kərimdi... hə... papam elə gedəndən sonra gərək mən bir-iki “kruq” da işləyim... heç nə olmaz, narahat olmayın... yaxşı, mama, sağ ol”.

Söhbəti bitirəndən sonra mənə dedi ki, bayaq atası ondan 10 manat pul alıb ki, özündə olanları da üstünə qoyub, əskik işlədiyi planın üstünə qoysun. Deməli, həmin gün Əsədin atası nəinki o biri marşrutda qazanc edib, əksinə, planı vermək üçün özündən 25 manat da əlavə avtobus sahibinə ödəyib.

Həmsöhbətim onun üçün sürücü işləməyin yox, insanlarla işləməyin çətin olduğundan şikayətlənir: “Gün ərzində mən eşitdiyim təhqiri, qarğışı bəlkə də heç bir sənətin sahibi eşitmir. Şəhərdə hər addımbaşı tıxacdır, içəridəki sərnişinlərin də kimisi harasa tələsir, kimisi əsəbidir, başqası da bir cürdür. İndi gəl o vəziyyətdə belələrinin nazı ilə oyna görüm, necə oynayırsan. Elə yerlər var ki, məsələn, Yasamalda Şərifzadə yolunda hər addımda avtobusu saxladırlar. Dayanacaqdan düşüb ən uzağı 50 metr yolu piyada getmək əvəzinə ən pis şəraitdə belə avtobusu istədikləri yerdə saxladıb, düşürlər. Baxırsan geyimi-keçimi alimə oxşayır, yarım saat izah etsən başa sala bilmirsən ki, dayanacaqda düşmək lazımdı. Bax belə-belə şeylər bizim işimizin gündəlik yaraşığıdır”.

Əsəd deyir ki, camaat bir yana qalsın, eyni xətdə işlədikləri marşrut sürücüləri arasında bəzən elə vəziyyət yaranır ki, məsələ axırda polis bölməsində həll olunur. Həmsöhbətim bunu lap ekspertlər kimi izah etməyə başladı: “Nə olsun özüm də marşrut sürücüsüyəm?! Kişi kimi boynuma alıram ki, bu gün Bakıda marşrutda şofer işləyənlərin yarıdan çoxu sükan arxasında ilk dəfə oturanlardır. Birdən-birə sürməyi elə marşrutda öyrənirlər. Halbuki, şəhərdə marşrut sürmək başqa maşınları sürməkdən qat-qat çətindir. Bir də görürsən ki, şəhərin mərkəzində o boyda avtobusu içi dolu sərnişin elə sürürlər ki, elə bil “avtoş”- zaddı. Onu da deyim ki, əksəriyyəti məcburən edir. Yəni, o qədər plan qoyurlar ki, sürücü məcburdur qarşısındakı dayanacağa o biri avtobusdan tez çatsın ki, daha çox adam götürə bilsin. Elə məqamda təcrübəsiz şofer haradan biləcək marşrut avtobusu necə sürülür, nə cür olur. Ona pul lazımdı. O qədər elə şeylərin üstündə davalarımız olub... Amma mənə elə gəlir ki, şofer də olsaq, mədəniyyət bizə də aid olmalıdır. Neçə saatdır yanımdasan, hər cür vəziyyətə düşdüm, bir dəfə də olsun sürəti artırdığımı gördün? Mənim də planım yüksəkdir, mənim ailəm və onların böyük ehtiyacları var, amma bu, içi sərnişinlə dolu avtobusu heyvan kimi sürməyimə əsas vermir axı”.

Əsəd bu qədər problemlərin arasında peşəsinə və güzəranına baxmayaraq ölkənin və dünyanın işlərindən də bixəbər deyil: “Bizim camaatın hər şeyi var, amma yeməyi bilmirik. Məsələn, götürək elə bizim işi: bir balaca “xozeyinimiz”in tamahı aşağı olub planı qaldırmasa, bir balaca da bu camaat bizi başa düşsə, biz heç də pis dövrdə yaşamırıq. Qardaşım, bizim dövrümüz pis deyil, insanlarımızın üzü dönüb, özü də çox pis dönüb. 1 manat üstündə az qala bir-birimizin ətini yeyirik, bunun sonu hara gedəcək bəs? Deyirlər Qarabağı erməni qaytarmayacaq, ay qardaş erməni kimdir ki, axı biz hər şeyi onların üstünə buraxmışıq?! Əgər bu camaatın hamısının daxilində ən azı 10 manata olan sevgi qədər Qarabağı qaytarmaq istəyi olsa, inan Allaha, bu məsələ qısa vaxtın içində həll olar...

P.S. Axırıncı dövrəsini vurub, son dayanacağa doğru gedirdi. Düşməli idim, gec idi, saat 11 olardı. Son dövrəsinə başlamamışdan əvvəl Yeni Avtovağzaldakı dayanacaqda mənə dedi ki, bu gün pis işləməyib. Plana cəmi 10 manat - zad qalıb. Ondan sonra nə işləsə, özünə qalacaq. Amma gecə olduğu üçün daha marşruta o qədər adam minmirdi. Mən sağollaşıb düşəndə də son dövrəsi başa çatmaq üzrə idi, avtobusda cəmi 10 nəfər vardı, onların da 4-5 nəfəri polislər. Yəqin ki, onlar da düşəndə ona pul verməyəcəkdilər...

Mübariz Aslanov

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271

Oxşar yazılar