TQDK sədri: “Dünya fənn olimpiadasında I yeri tutan abituriyentimiz yoxdur” - MÜSAHİBƏ
11 fevral 2011 12:13 (UTC +04:00)

TQDK sədri: “Dünya fənn olimpiadasında I yeri tutan abituriyentimiz yoxdur” - MÜSAHİBƏ

Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü fevralın 10-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilə görüşüb.


Lent.az-ın əməkdaşının da iştirak etdiyi görüşdə media nümayəndələri təhsil sahəsində, xüsusilə də tələbə qəbulundakı proseslərlə bağlı sualları TQDK sədrinə ünvanlayıblar. Görüşdə jurnalistlərin sualları və TQDK sədrinin cavabını kiçik ixtisarla təqdim edirik. Məleykə Abbaszadə əvvəlcə uzun müzakirə və mübahisələrdən sonra “Təhsil haqqında” qanunun qəbulunun təhsildə, o cümlədən ali məktəblərə tələbə qəbulunda hansı dəyişikliklərə səbəb olması ilə bağlı sualı cavablandırıb:

- “Təhsil haqqında” qanun qəbul olunandan sonra prezident sərəncam verdi və bu sərəncama əsasən, təhsil qurumları arasında vəzifə bölgüsü aparıldı. Vəzifə bölgəsinə əsasən, bizə tapşırılan işləri həyata keçirməyə başladıq. O vəzifələr ki, onlar prezidentin sərəncamı ilə elə əvvəlcədən bizə verilmişdi. Yeni qanunun qəbulundan sonra isə prezidentin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətinə aid vəzifələr bir qədər də genişləndirildi. Amma biz əvvəldən elə eyni metodla işlədiyimizdən yeni qanunun tələbləri bizə o qədər də çətinlik yaratmadı. O zaman bir məsələ müzakirə olunurdu ki, o da fənn olimpiadalarının qaliblərinin ali məktəblərə müsabiqədən kənar qəbulu ilə bağlı idi. Bu məsələ müzakirə olunan zaman da mən çıxışlarımda deyirdim ki, biz qanunda əsasən, istisnalar yox, real mexanizmləri nəzərdə tutaq. Çünki istisna hal kimi imtahansız ali məktəbə qəbul olunacaq uşaqlar çox azdır, onlar haqqında bu qədər müzakirələr aparmaq lazım deyil. Bununla belə, qanunda bu müddəa da qəbul olundu. Amma ali məktəblərə sonuncu imtahanlarda fənn olimpiadalarının bir nəfərdə olsun, qalibi yox idi. Nəinki bu il, heç test üsulunun tətbiq olunduğu 1992-ci ildən bu yana belə uşaq olmayıb ki, dünya üzrə fənn olimpiadasında birinci yeri tutsun. Halbuki, dünya üzrə fənn olimpiadasında birinci yeri tutan abituriyentlər dünyanın ən öndə olan universitetlərində təhsil ala bilər. Amma bizdə hələ nə belə uşaq var, nə də bu siyahıya düşən universitet. Ona görə də mən bu məsələnin müzakirəsinin predmetini görmürdüm. O ki qaldı dünya və olimpiya çempionlarına, bunlar da çox nadir halda olur. Düzdür, burada müəyyən idman növlərindən olan gənclər var və onlar müraciət edirlər ki, dünya çempionudur, ali məktəbə daxil olmaq istəyir. Belə müraciətlər bu il çox oldu. Biz bunları Gənclər və İdman Nazirliyi ilə birgə araşdırdıq və məlum oldu ki, onlar nə olimpiya növləridir, nə də çempion. Bu idman növlərinin də gərək hansısa bir göstəricisi olsun, axı! Məsələn, o yarışlarda heç olmasa 3-5 ölkə iştirak etsin ki, onun qalibinin sənədlərinin bir hüquqi əsası olsun. Biz bu sənədləri hüquqi nöqteyi-nəzərdə yoxlayıb təxminən 40 nəfərin sənədini qəbul etdik. Orada həmin ilin çempionları deyildi, faktiki olaraq, onlar əvvəlki illərdə, hətta 2004-cü ildə hansısa yarışların qalibləri idi. Amma onları da qəbul etdik - əslində burada da bir qəbahət yoxdur, bu, qanunauyğundur. “Təhsil haqqında” qanun proseslərə belə təsir göstərdi. İkinci məsələ isə təhsilin bir pilləsindən ikinci pilləsinə keçid zamanı əvvəlkinin nəticəsini nəzərə almaqla bağlıdır. Bu, o deməkdir ki, ali məktəblərə qəbul qaydalarında attestat qiymətləri hansısa formada nəzərə alınmalıdır. Neçə illərdir, biz bununla bağlı araşdırmalar aparırıq və məlum olur ki, hələlik abituriyentin attestat qiymətləri ilə abituriyentin bilik səviyyəsi uyğun gəlmir. Heç olmasa, korrelyasiya əmsalı 0,8-0,7 olsa, hətta mən 0,6-ya da hazıram – onda nəsə bir variant hesablamaq olar. Amma o zaman ki, korrelyasiya əmsalı 0,2-0,3-dür, bunu nəzərə almaq elmi cəhətdən də mümkün deyil. Ona görə də əvvəllər abituriyent eyni bal toplayırdısa, ikinci meyar kimi əsas fəndən topladığı balı götürürdük. Qanunun qəbulundan sonra isə belə müsabiqə vəziyyətlərində ikinci meyar abituriyentin əsas fəndən topladığı balı yox, attestat qiymətini müqayisə etdik. Bu meyar ötən imtahanda təxminən 400-500 nəfərin taleyinə təsir göstərdi. Amma biz bu məsələnin üzərində çox ciddi fikirləşirik. Araşdırma aparırıq ki, hansısa məqamlarda attestat qiymətlərini nəzərə alacağıq. Lakin bu il yox.


- Bu il qəbul qaydalarında hansısa dəyişiklik nəzərdə tutulurmu?

- Dəyişikliklər hər il olur, amma məzmunla bağlı. İndi tutaq ki, 11-ci sinifdə oxuyan uşaqlar 6 il əvvəl hansısa dərslik dəyişibsə, o dəyişiklik indi ümumi proqramda nəzərdə tutulur. Bunu isə biz mütəmadi olaraq, həm saytımızda, həm də açıq elmi-metodik seminarlarımızda ictimaiyyətə çatdırırıq. Bizim seminarlara videobağlantı vasitəsilə regional bölmələrimiz də qoşulur. Bu il həm də proqramlarda, ədəbiyyatlarda olan dəyişikliklər gələn həftə çap olunaraq abituriyentlərə çatdırılacaq. Bu dəyişiklik yarım il ərzində aparılan müzakirələr nəticəsində ortaya çıxan və qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün çox vacib metodiki materiallardır. Həmçinin uşaqlar fənnin əsas proqramını mənimsəyibsə və görsə ki, yeni proqramda bir mövzu çıxarılıb, yaxud yenisi əlavə olunub, onların hazırlaşmaları üçün hələ yarım il vaxtları var.


- Attestat qiymətlərinin qeyri-obyektivliyi barədə də çox müzakirə gedir? Bu məsələdə vəziyyət nə yerdədir?

- Mən bu məsələlərə indi toxunmaq istəmirəm. Çünki biz desək ki, hər bir məktəbdə, hər imtahanda bu yoxlamanı araşdıracağıq, bu, mümkün deyil. Biz imtahan nəticələri üzrə belə araşdırmalarımızı hər il “Abituriyent” jurnalının 12-ci buraxılışında dərc edirik. Cədvəllərə baxanda görürük ki, abituriyentin Ana dilindən attestat qiyməti “5”dir. Bu, o deməkdir ki, həmin abituriyentin Ana dilindən nisbi balı heç olmasa 80-100 olmalıdır. Amma həmin uşaq bu nəticəyə 20 faiz nail olub. Deməli, həmin uşaq məktəbdə Ana dilini 20 faiz mənimsəyib və “5” alıb. Ola bilsin ki, həmin uşağın oxuduğu məktəbin özü zəifdir. İndiyədək biz belə faktlarla qarşılaşanda başa düşürdük ki, məktəbdə müqayisəli qiymətləndirmə gedir. Yəni sinif zəifdirsə, onların arasında uşaqları bilik səviyyəsinə görə fərqləndirəndə kimsə, daha zəif olur. Amma indi attestat almaq üçün ölkə üzrə mərkəzləşdirilmiş keçirilən standart imtahan var. Bunun nəticəsində kifayət qədər uşaq var ki, imtahandan keçmir və onlar attestat almır. İmtahandan keçənlər isə qəbul imtahanlarında hansısa balı toplaya bilməlidir. Kiminsə attestat qiyməti “3”dürsə qəbul imtahanında 150, 78, lap 50 bal toplasın. Attestat alan heç bir uşaqda bundan aşağı nəticə olmamalıdır. Çünki standart imtahan minimal plankanı göstərməlidir. Amma biz görürük ki, bətn imtahanda məzunların 30 faizi 0-100 bal arasında nəticə göstərib. Attestat qiyməti ala bilən uşaq necə ola bilər ki, cəmi bu qədər bal toplasın?! Təsəvvür eləyin ki, attestat qiymətləri “3” olan abituriyentlərin 85 faizi ötən imtahanda 0-100 bal nəticə göstərib. Ən maraqlısı odur ki, attestat balı “5” olanların 0,6 faizi də imtahanda 100 baldan artıq nəticə göstərə bilməyib.


- Sizcə, nəticənin belə olmasının səbəbi nədir?

- Mən bu nəticələri sentyabr ayında “Gülüstan”da keçirilən iclasda da söylədim və dedim ki, bunlar bizi qane eləyə bilməz. Səbəbləri mən araşdırmıram, mən real vəziyyəti izah edirəm və deyirəm ki, bu attestat qiymətləri ilə göstəricilər necə olmalıdır. Ona görə də qəbul imtahanlarında müsabiqə vəziyyəti yarananda attestat qiymətlərini nəzərə almaq qeyri-mümkündür.


- Dediniz ki, iclasda vəziyyəti izah etmisiniz. Onda sizə nə cavab verildi?

- Mən vəziyyəti göstərirəm, buna cavab verilməyə bilər. Amma cavabı hər kəs bilir.


- Belə bir ictimai rəy var ki, Azərbaycanın orta məktəbləri uşaqları qəbul imtahanlarına hazırlaşdırmağa qadir deyil…

- Mən bu fikirlə tam razı deyiləm. Çünki vəziyyətin belə olmasına görə valideynlərin də günahı var. Mən abituriyentləri şərti olaraq, 4 qrupa bölürəm: oxumaq istəməyən və oxumağı bacarmayanlar; oxumaq istəyən, lakin oxumağı bacarmayanlar; oxumaq istəməyən, amma oxumağı bacaranlar; oxumağı istəyən və oxumağı bacaranlar. Ona görə də bu məsələdə təkcə məktəbi günahlandırmaq olmaz. Çünki valideynlər öz övladlarının təhsili ilə hələ birinci sinifdən maraqlanmalıdır. Bizdə əksinədir, hamı uşağının təhsil qayğısına 9-10-cu sinifdən sonra qalır. Bu isə artıq gecdir. Valideyn uşağının təhsilinin qayğısına birinci sinifdən qalsa, heç repetitora da ehtiyac qalmaz.


- Orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanları tərəf tutmayan müstəqil bir qurum tərəfindən keçirilə bilərmi? Xarici təcrübədə olduğu kimi, qiymətləndirmə müstəqil bir komissiya tərəfindən aparılsın…

- Bu, o qədər də asan məsələ deyil. Çünki bizdə mütəxəssis çatışmazlığı var və belə olan halda müasir tələblərlə, imtahanları şəffaf şəkildə keçirə bilən, düzgün və şəffaf qiymətləndirmə aparan yeni bir komanda formalaşdırmaq çox çətindir. Həm də ona görə ki, təhsildə qiymətləndirmə aparan mütəxəssislər lazımdır, biz belə mütəxəssisləri xaricdən gətirə bilmərik ki!

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar