Təbii müalicə: min dərdin dərman əvəzi - MƏSLƏHƏT
11 sentyabr 2009 10:15 (UTC +04:00)

Təbii müalicə: min dərdin dərman əvəzi - MƏSLƏHƏT

Çox vaxt insanlar düçar olduqları xəstəliklərin, bədəndə yaranan ağrıların çarəsinin dərmanlarda olduğunu düşünürlər. Müxtəlif növ dərmanlardan lazım olduqda gün ərzində dəfələrlə istifadə edirlər. Lakin Tanrının bizə bəxş etdiyi hər bir bitkidə insanın səhhətinə yaxşı təsir edəcək komponentlər var ki, bədənin müxtəlif ağrılarına, xəstəliklərə qarşı əlverişli vasitə sayılır. Lent.az onlardan bir necəsini sizlərin nəzərinə çatdırır:
Dəvətikanı
Xalq təbabətində təmizlənib qurudulmuş dəvətikanın köklərindən çay dəmləyib, soyuqdəymələrdə hərarətisalıcı, yarpaqlarından, çiçəklərindən və cavan budaqlarından hazırlanmış çay soyuqdəymələrdə tərlədici və sidikqovucu vasitə kimi işlədilir. Dəvətikanın köklərindən, çiçək və meyvələrdən bir yerdə hazırlanmış sulu bişirmə ishala və dizenteriyaya qarşı istifadə edilir. Dəvətikanın çiçəklərindən araqda çıxarış hazırlanıb (“dəvətikanı arağı”) xörək qaşığı ilə qarnı işləyən xəstələrə içirirlər. Quru yarpaqlarından çay dəmləyərək mədə və 12-barmaq bağırsaq xorasında yarasağaldıcı vasitə kimi verirlər. Qurudulmuş dəvətikanın çiçəklərindən dəmlənmiş çay isə babasil xəstəliyində iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir.

Tut və yarpaqları
Tut yarpaqlarından xalq təbabətində çox qədimdən istifadə edilir. Onlardan çay dəmləyib şəkər xəstəliyində, ürək ağrılarında içirlər. Meyvələri həm təzə halda yeyilir, həm də ondan doşab hazırlayıb ürək zəifliyində, qanazlığında qəbul edirlər. Ağ tutun yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymədən baş verən xəstəliklərdə içirlər. Ondan tərlədici və hərarəti aşağısalıcı maddə kimi, həmçinin diabet və epilepsiya xəstəliyinə qarşı da istifadə edirlər. Madə və onikibarmaq bağırsaq xoralarında ağ tutun meyvələri məsləhət görülür. Yarpaq və qabıqlarından hazırlanmış məlhəmlə dəri yaraları müalicə olunur. Ağ və qara tutun yetişmiş meyvələri qanartırıcı xassəyə malikdir. Tut ağacının gövdəsinin qabıqlarından və kökündən çay dəmlənib, sidikqovucu dərman kimi işlədilir. Qara tutun meyvələri qarın ağrılarında və dizenteriyada məsləhət görülür.


Çuğundur
Abşeronda yerli əhali tərəfindən çuğundurun meyvəköklərindən alınan təzə şirə xroniki mədə-bağırsaq xəstəliyində həzm prosesini yaxşilaşdirmaq üçün istifadə edilir. Çuğundurdan müxtəlif yeməklər hazırlanır ki, bunlar da müalicəvidietik xassəyə malikdir. Məsələn, çuğundurda olan sellüloz və üzvi turşular ma’də şirəsini və bağırsağın peristaltikasını stimulə etdiyinə görə spastik kolitlərdə işlədilir. Çuğundurun tərkibindəki çoxlu miqdarda vitəminlər dəmirlə birlikdə homopoezə stimuləedici tə’sir göstərir. Çuğundurun tireotoksikoz, ateroskleroz xəstəliyinə tutunlara da xeyri var. Eləcə də bu xəstələri müşayiət edən ürək-damar sistemi xəstəliklərində çox faydalıdır. Çuğundurda miqdarca çox olan vitəminlər və mineral duzlar (xüsusən kalium) antiaritmik, maqnezium hipotenzif, yod xolesterinolipoid mübadiləsinə müsbət tə’sir göstərir. Çoxdan bəri xalq təbabətində çuğunduru işlətmə, sidikqovucu, iltihaba qarşı, ağrıkəsici və sinqa xəstəliyində istifadə edirlər. Suda bişmiş çuğunduru qəbizlikdə işlətmə dərmanı kimi yeyirlər. Xalq təbabətində qırmızı çuğundurun təzə toplanmış meyvəköklərindən alınan şirəni balla qarışdırıb vərəm xəstəliyinə qarşı qəbul edirlər.


Kasnının kökləri
Xalq təbabətində kasnının (gül növü) köklərindən sulu dəmləmə və bişirmə hazırlayıb xroniki mə’də-bağırsaq xəstəliklərində mə’dənin həzm prosesini yaxşılaşdıran, iştahanı və maddələr mübadiləsini artıran vasitə kimi və hənçinin öd yolları xəstəliklərində (sarılıqda) ödqovucu dərman kimi qəbul edirlər. Kasnının köklərindən hazırlanmış dəmləmə və kasnı arağı şəkər xəstəliyində, eləcə də malyariyaya qarşı işlədilir.


İnnab
Xalq təbabətində innab mürəbbəsi quru öskürəyə qarşı sinəyumşaldıcı vasitə kimi işlədilir. Qurudulmuş innabın yarpaqladan çay dəmlənib, sidik kisəsinin iltihabında sidikqovucu dərman kimi qəbul edilir. İnnabın meyvələri qan təzyiqini aşağı salmaq üçün istifadə edilir.


Ərik
Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, eləcə də xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi istifadə edilir. Dərman məqsədilə ərik ağacının yapışqanından da (kitrəsindən) istifadə olunur.

Heyva
Heyvanin yarpaqlarının dəmləməsi bronxial astmada çox gözəl müalicəvi təsir göstərir.
Heyvanın toxumları soyuqdəymələrdən baş verən tənəffüs yollarının iltihabında, bronxitlərdə sinəyumşaldıcı, iltihabı götürücü maddə kimi, eləcə də xroniki mə’də-bağırsaq xəstəliklərində, m’ədə xorasında, mə’dənin selikli qişasını yumşaltmaq, yaranı sağaltmaq üçün daxilə qəbul edilir. Heyvanın yarpaqlarından və cavan budaqlarından çay dəmləyib ürək ağrısında sakitləşdirici və qan təzyiqini azaldıcı vasitə kimi içirlər. Meyvəsindən hazırlanmış mürəbbə ürək zəifliyində qüvvəverici kimi məsləhət görülür.


Bəlğəmotu
Xalq təbabətində bəlğəmotunun yarpaqlarından, çiçəklərindən və köklərindən dəmlənmiş çay öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici vasitə kimi istifadə edilir.

Əməköməci
Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.
Hazırladı: Kimyə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8870

Oxşar yazılar