Səddamı döyən, Qarabağı öyən, dərdi köhnəlməyən İlyas - SÖHBƏT
02 fevral 2011 18:55 (UTC +04:00)

Səddamı döyən, Qarabağı öyən, dərdi köhnəlməyən İlyas - SÖHBƏT

O, bizə nədən danışmadı; olimpiadadan, Rövşən Behcətdən, Muraddan, Həmid Herisçidən… hətta… hər şeydən

…Zaman elə gəldi ki, Səddamı döyəndən sonra onu nəşriyyata buraxmırlar. Və artıq 10 aydan çoxdur ki, onun “Azərbaycan” nəşriyyatına girişinə qadağa qoyulub. Qadağa deyiləndə ki, əslində nəşriyyatın necə deyərlər içinə girməkdə, hətta birinci mərtəbədəki mağazadan alış-veriş etməsində elə bir problem yoxdur. Sadəcə, daha nə bilim bufetə girəsən, hansısa redaksiyaya baş vurasan, bunlar qəti şəkildə yasaqlanıb onun üçün. Məhz Səddamı döyəndən sonra.

Əslində Səddam elə döyülməli zad imiş. Çünki onunla məzələnibmiş. Sifariş verdiyi yeməyi gətirən Səddam onunla “prikol” tutmaq istəyib. Amma “prikolu” öz başında çatlayıb. Yaxşıca kötəklənib. Şahidlər deyir ki, bufetçi Anar və bir də şair Vəli Xramçaylı olmasaymış, Səddamın ruhu bəlkə də indi iraqlı adaşının yanında hərlənirmiş. Hə, yadımdan çıxmamış deyim ki, bu hadisədən sonra Səddam nəşriyyatın bufetindən birdəfəlik gedib. O isə 10 ildən çoxdur ki, məskunlaşdığı nəşriyyatı tərk etmək fikrində deyil. Niyə də tərk etsin axı? Həm də bilirsiz nədi məsələ? Axı, bu gün o, nəşriyyatın az qala simvoludur ki var. Onsuz, İlyassız nəşriyyatı təsəvvür edə bilməzsiz, zatən. Çünki 9 mərtəbəli bu azman binaya girəni də o qarşılayır, çıxanı da o yola salır: İlyas Ərnəfəs. Bəli, həmin, 90-ların əvvəllərində publisistik yazıları az qala gözümüzə təpib oxuduğumuz İlyas Ərnəfəs!

“Salam, “525””

Onunla demək olar ki, hər gün ayaqüstü dərdləşirik. Adımı bilir, amma həmişə mənə “525” deyə çağırır. Çünki onunla ilk tanışlığımız 1993-cü ilə təsadüf edir. Mən “525-ci qəzet”də işləyəndə yazılarını gətirirdi. Səhv etmirəmsə, bir neçə yazısını da vermişdik o vaxt. Amma elə bilməyin ki, adımı bilmir, bilir. Sadəcə belə çağırır, nə edə bilərəm ki.
Murad Könəqalaya deyəndə ki, Lent.az üçün İlyasla müsahibə-reportaj etmək istəyirəm cavabı belə oldu: “Əla olar e, amma rabitəsiz danışır, heç nə anlaya bilməyəcəksən”. Burasını onsuz da bilirdim. Amma İlyası yaxşı tanıyan iki adamdan biri - o biri Həmid Herisçidir ki, yeri gəlmişkən, İlyasla söhbət zamanı onun adını çəkən kimi nədənsə əsəbləşdi - kimi Muraddan bəzi məsələləri də əxz etdim. Məsələn, mən heç bilmirdim ki, “Ərnəfəs” təxəllüsünü ona Xəlil Rza Ulutürk veribmiş. Əsil soyadı isə Əfəndiyev imiş. Hə, lap yaddan çıxmamış deyim ki, başqa bir Əfəndiyev, indi baş nazirin müavini olan Elçin müəllim İlyası və Vəli Səyyadi adlı başqa bir gənci zəmanətlə Riqa Dövlət Universitetinə təhsil almağa göndəribmiş. Muradın dediyinə görə, İlyas hansısa səbəbdən təhsilini yarımçıq qoyaraq, Bakıya qayıdıb. Və elə o vaxtdan Bakıdadır. 10 ildən çoxdur ki, nəşriyyatda “məskən salıb”.

“Gəl, Peterburqa gedək”

…Həmin gün onu elə nəşriyyatın birinci mərtəbəsindəki mağazada yaxaladım. Gözlərini qıyıb gülürdü. Əslində onun gözlərini qıyıb gülməsi yaxşı əlamət idi. Yəni bu gün aqressiv deyil. İlyas ki, aqressiv oldu, vay onun gözünə pis görünənin halına. Ən yaxşı halda çoxmərtəbəli söyüş yiyəsi olacaq. Ən pis halda… nə isə, Səddamın aqibətini xatırlasanız, bəs edər.

İlyas mağazadan 250 qramlıq bir araq alıb çıxırdı. Mən onun məhz bu arağın həvəskarı olduğunu bilirdim, hətta onu da bilirdim ki, İlyas mədəsinə də korluq verən deyil, əksinə, qulluq edənlərdəndir. Heç başqa günü demirəm, elə həmin gün İlyasın “menyüsünə” özüm bir daha şahidlik etdim. Siz də diqqət yetirin. Əlindəki yarımkiloluq bankada düyü şorbası, “vtoroy” üçün 200 qramlıq bükülüdə Rusiya istehsalı olan közərdilmiş donuz filesi (yeri gəlmişkən, qiyməti 3 manatdır), püre və qarabaşaqdan ibarət qarnirlə üç ədəd kotlet və bir də sərinləşdirici içki. İlyasın menyüsünə mən də bəzi əlavələr edirəm.

…Murad Köhnəqalanın yazdıqlarından:
“O, kimsəsiz, istedadlı, əyilməz və yaraşıqlı oğlan idi. Onun kimsəsi elə Həmidlə mən idim. Vədələşib görüşərdik. Gəlirdim ki, Həmidlə çayxanada oturublar. Salamlaşan kimi İlyas deyirdi ki, gedək kafedə yemək yeyək. Həmid dəli olurdu: “A kişi, indicə adama bir dənə plov yemədikmi, sən yenə acsan?” Mən də gülüb deyərdim ki, əşi, istəyirsə gedək. Arıq cüssəsinə baxmayaraq o, heç vaxt yeməkdən doymurdu. Bəlkə də bu, onda bir yetimlik xəstəliyi idi. İçəndə isə çox şən olurdu”.


…- Bəlkə bir az da kolbasa götürək? “Soçinski”!

- Hi, hi, hi. (Qımışır) Götür də.

Bufetçi Elxandan 250 qram adıçəkilən kolbasa, bir yarım həmin araqdan, pendir, bir az turşu, çörək götürürəm. İlyasın birinci mərtəbədəki bufetə girişi qadağandır. Təbii ki Səddamı döyəndən sonra. Ona görə də, İlyasın məkanına qaldığı yerə getmək israrındayam. Yenə qımışır. Deyəsən, razı deyil. Amma gedəcəyimiz yeri də özü təyin edir.

- Bəy, gəl Sankt-Peterburqa gedək!

Hmm, başlandı deyəsən. Nə Peterburq, İlyas nə fikirləşib görəsən?

Amma onun “Sankt-Peterburq”u uzaq deyilmiş, sən demə. Nəşriyyatın arxasındakı balaca bir “besedka”. Göydən yerə yağış tökülür, sızaq adamın qanına işləyir, bu zalım oğlu da yer tapdı da…

“Peterburqa” çatan kimi İlyas boxçasını açır, mən də zəruri azuqəmi stolun üstünə qoyuram. Amma çardağın oturacaqları yaş olduğundan oturmaq istəməməyimi anlayıban İlyas cibindən bir topa “reket” qəzet çıxarır:

- Bunları sər altına, hi, hi,hi…

Birdəfəlik stəkanları da ortaya qoyub dillənir:

- Sən haralardasan?

İlahi, bunu məndən demək olar ki, hər gün rastlaşdığım adamlar belə soruşub qayğılanmırlar.

- Elə belə, İlyas, hərdən ora-bura yazıram.

- Hi, hi, hi. Sən yaxşı yazırsan. Hərdən olimpiadadan da yaz.

- Nə olimpiada İlyas?

- O olimpiada var ha, Ərzurumda, Rövşən Behcət də ora gedib.

Bu nə danışır, İlahi? Nə olimpiada, nə Behcət? Sonradan öyrənirəm ki, sən demə, bu günlərdə Türkiyənin Ərzurum şəhərində tələbələrin qış olimpiadası keçirilirmiş, dediyi Behcət isə Azərbaycanda vaxtilə müğənnilik edibmiş. Bu nə məntiq, bu nə alt şüur?

- Neynir ki, Rövşən Behcət orda?

- Yəqin gedib ki, işləri səliqəyə salsın, yoxsa qudurublar.

Murad haqlı imiş. Bu rabitəsiz dialoqa nəsə bir nizam gətirmək lazımdı. Odur ki, mövzunu - guya mövzu var idi ki? - dəyişirəm.

- İlyas, niyə yazmırsan? Axı, əvvəllər yaxşı yazılar yazırdın?

- Yazıram, yazıram. Hər gün yazıram. Sonra da yandırıram. Hi,hi,hi… Həmid yazır da… Mən niyə yazım ki?

- Nə Həmid?

- Həmid də… Məndən yazıb. Sağ ol!

Stəkanları başımıza çəkirik. İlyas donuz filesinin iri bir tikəsini dişlərinə çəkir. Mən “Soçinski”nin bir dilimi ilə kifayətlənirəm.

Stəkanı başına çəkən kimi yenidən tez-tələsik süzür.

- İndi içdik ki, İlyas, nə qaçaqaçdır?

Əlini əlinə sürtür, gözlərini qıyıb, gülür:

- Soyuqdur, soyuq… Hi, hi, hi…

- Bəs soyuqdur bura niyə gətirdin məni.

- Bura Peterburqdur, ora Qarabağ. (Əli ilə birinci mərtəbədəki bufeti göstərir)

- Niyə Qarabağdır ki, ora, bufetdir…

- Qarabağdır, Qarabağ… Sağ ol! Sən heç yemək yemirsən, ye, ye. Azərlə Xuraman da gələcək.

- Onlar kimdir, İlyas?

- Qarabağdan gələcəklər. Misiri gördün, o da gedir, Səddamın yanına.

Nə dediyindən yenə bir şey anlaya bilmirəm. Bir siqaret çıxarıram. Mənim 50 qəpiklik “Yava” çəkdiyimi görən kimi, İsveçrə istehsallı “Marlboro” uzadır. Əslində mən onun bahalı siqaret çəkdiyini də bilirdim. İlyas əsasən qutusu 3 manata olan “Sobraniye” çəkir. Hərdən isə “Camel”ə də keçir. İllərdir nəşriyyatda işləyən və İlyası tanıyan bir kimsə bilmir ki, İlyas, ümumiyyətlə, bu bahalı siqaretləri hardan və necə əldə edir. Hə, yadımdan çıxmamış deyim, söhbətimizin sonunda, İlyasdan ayrılanda o, mənə bir qutu “Camel” də bağışladı. Etiraz etmək istəyəndə paltosunun cibini çevirib dedi ki, onda hələ 6 qutu var.

- İlyas, gündə nə qədər qəzet oxuyursan?

- Çooox. Çox oxuyuram. Bazar günləri də oxuyuram. Axşama qədər. “Azərbaycan gəncləri” çıxmır ki, oxuyam. Sən niyə yazmırsan? Çoxdandır oxumuram. Sən yaz, mən də yazacam. Həmid də yazır. Murad da yazır. Mən də yazacam.

- Bayaq deyirsən, yazıram sonra da yandırıram…

- Yooox. Olar başqa yazılardır. Onu heç kim yaza bilməz. Soyuq oldu, içək?

Stəkana araq tökmək istəyirəm. Amma İlyas araq şüşəsini götürüb başına çəkir. Sonra da “püre-qreçka”ya girişib onu yarı eləyir. Əllərini cibindən çıxartdığı yaş salfetlə silib, salfeti cibinə qoyur.

- At yerə, cibinə niyə qoyursan.

- Yooox, olmaz. Zibil qutusuna ataram, Qarabağa gedəndə.

- Bəs Qarabağa nə vaxt gedəcəyik səninlə?

- Çox var hələ. Sən bilmirsən. Birinci soldatlar gedəcək, sonra Muradla mən. Sonra sən gələrsən. İstəsən gələrsən. İstəməsən səni kimdi zorla aparan? Kərim də gedəcəkdi, öldü.

- Kərim kimdi?

- Kərim Nalə öldü. Alim də öldü. (Bir qədər əvvəl vaxtsız dünyasını dəyişmiş həmkarımız Alim Məhərrəmlini deyir). Onlar Qarabağa gedə bilmədilər ki... Amma istəsəydilər gedərdilər.

- Bəs bayaq bufeti göstərib deyirdin ki, Qarabağ oradır?

- Ora da buraxmırlar, Qarabağa da…Səndə araq qaldı?

- Yaman çox içirsən, İlyas…

- Hamı içir. Bəs sən niyə içirsən?

- (Gülürəm) Soyuqdu ona görə.

- Yayda da içirdin. Hi, hi, hi…

***
Nəşriyyatın birinci mərtəbəsindəki bufetə o binada çalışanların çox az bir qisminin borcu var. İlyasın isə bufetçi Anara bircə dəfə də olsa borcu olmayıb. Yeməyini yeyəndən sonra haqq-hesabı qəpiyinəcən ödəyib. Hətta bir dəfə Anar zarafatla onun hesabını 40 qəpik artıq hesablayıbmış. İlyas anındaca bu “atmaqlığın” qabağını alıb. Anarın kalkulyatorunu götürüb hesablayıb və onun yanlışını tutub.
***
Bir dəfə yay günlərinin birində İlyas və rəhmətlik Alim nəşriyyatın qarşı tərəfində ağaclıqda oturub vururlarmış. Axşam imiş. Bu vaxt ordan keçən post-patrul xidməti iki nəfərin ağacın altında oturub xısınlaşdığını görüb maşını saxlayırlar. “Şübhəlilərə” yaxınlaşan polislər İlyası tanyıblar. Ona “nə qulluq edək, şair” deyə jest ediblər. İlyasın cavabı isə konkret olub. “Sürün gedin, arağımız soyuyacaq”.

***
Bir dəfə də kimsə İlyasa deyib ki, mənə kənddən meyvə arağı gətiriblər, amma bilmirəm ki, tutdur, yoxsa zoğal. İlyas da qayıdıb ki, “nə fərqi var ki, iç getsin”.

“Get çay iç, indi Loğman Rəşidzadə də gələcək”

Demək olar ki, hər gün içsə də onu sərxoş vəziyyətdə görmək mümkün deyil. Onun içdiyini ancaq əl-qolunu ölçə-ölçə deyib-gülməsindən bilmək mümkündür.
Yenə Muraddan: “Mən Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna qəbul oldum. Bir də eşitdim ki, bəs, yazıçı Elçin İlyasla Vəli Səyyadini öz təşkilati və şəxsi dostluq xətti ilə Riqa Universitetinə təhsil almağa göndərib.
İlyas bir-iki il oxuyandan sonra təhsilini yarımçıq qoyub Bakıya qaçmışdı. Nə qədər eləmişdilər, bir də geri qayıtmamışdı. Həmid deyir ki, İlyas orda kök bir rus qadını ilə yaşayırdı, ikinci dəfə gedəndə gördüm ki, o qadının İlyasdan bir oğlu olub. İlyas qadının evində qalırmış. Deyir, bir gün getdim ki, İlyas su tökür, qadın isə uşağın arxasını yuyur. Deyir, məni görəndə İlyas o qədər güldü ki, məni də gülmək apardı”.

İlyasla oturmaq nə qədər xoş idisə, soyuq da bu lənətə gəlmiş “Peterburq”da canımıza işləyirdi.


- Bəlkə duraq, İlyas, soyuqdu...

- Sən mənə baxma, get çay iç. Loğman Rəşidzadə də gələcək. Gələn kimi mənə zəng et, mən də gəlim.

- Sənin telefonun yoxdu axı?

- Var, ala bax.

Əlindəki balaca radioqəbuledicini göstərir…

Murad belə nəql edirdi:

“Bakıya qayıdanda bir ilə yaxın idi ki, arağı atmışdım. Fikirləşdim ki, gedəcəm kafeyə, tanışlardan birinci kimi görsəm onunla yüz qram araq içəcəm. İçəri girdim ki, İlyas ortadakı sütunun böyründəki stolda dirsəklənib. Məni görəndə o qədər sevindi ki... Qucaqlaşıb görüşdük. Oturan kimi yüz qram vurmaq məsələsini dedim. “Harda itib-batmısan?” - dedi. Mən də ordan-burdan danışdım. Arağın 400 qramını İlyas içdi, dedik-güldük. And olsun Allaha, yalan danışmıram, birdən İlyasa dedim ki, ayə, nə yaxşı indiyə qədər dəli olmamısan. İlyas xeyli güldü. Sonra dedi ki, sən burda olmayanda mən sənin şerlərini bir neçə dili tərcümə eləmişəm. Yapon dilinə, fars dilinə, bir də fransız dilinə. Dedim, İlyas, yekə oğlansan, məni dolama. İlyas sifətini ciddiləşdirib “dolamaq nədi?” dedi: “Mən o şerlərə hələ musiqi də bəstələmişəm”. Sonra da İran müğənnisi Ququşun hansısa mahnısına uyğun, guya farsca, ancaq anlaşılmayan sözlərlə bir mahnı oxudu. Onun oxuduğu bu mahnı məni o qədər kədərləndirdi ki, bildim, artıq İlyas dəli olub”.


Məndən telefon nömrəmi istədi ki, bufetə çatan kimi ona zəng eləyim. Verdim. Ayrılanda dedi ki, “içmək istəyirsənsə, “Viski” varımdı”.

- Hardandı İlyas?

- Hi,hi, hi... “Tormoz Hüseyn” verib…

Özgə nə deyəydim ki? Amma İlyasın cibində doğurdan da bir şüşə “Camesson” viskisi vardı…Üstəlik məni gülə-gülə yola salıb dedi ki, mən heç vaxt yaxşı şahmatçı ola bilməyəcəm. Amma biz təxminən bir saat ərzində onunla şahmat barədə söhbət etməmişdik.

P.S. əvəzi

Rabitəsiz dialoqlara və məqamlara görə İlyasın və öz adımdan sizdən üzr istəyirəm, hörmətli oxucu!

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2189

Oxşar yazılar