Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi təsdiqləndi
14 yanvar 2011 18:40 (UTC +04:00)

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi təsdiqləndi

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” təsdiq edib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə qeyd olunur ki, Nümunəvi Nizamnamə hər bir ümumtəhsil məktəbi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.

Dövlət ümumtəhsil məktəbinin yaradılması, yenidən təşkili və ləğvi “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərar ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülkiyyət formasına görə dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, bələdiyyə və özəl ümumtəhsil məktəbləri də təşkil edilə bilər. Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur.

Ümumtəhsil məktəbində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Ümumtəhsil məktəbinin təsisçisinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Ümumtəhsil məktəbinin təsisçisi ümumtəhsil məktəbinin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, onun yaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyır. Ümumtəhsil məktəbi öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehdir. Qanunvericilikdə və ya ümumtəhsil məktəbinin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, ümumtəhsil məktəbinin təsisçisi (iştirakçısı) ümumtəhsil məktəbinin öhdəlikləri üçün, ümumtəhsil məktəbi isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Ümumtəhsil məktəblərində tədris dili dövlət dili - Azərbaycan dilidir.

Vətəndaşların və təsisçilərin istəyindən asılı olaraq, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənləri tədris olunmaq şərtilə ümumtəhsil məktəblərində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Ümumtəhsil məktəblərinin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur. Hər il sentyabrda 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların məktəb təliminə psixoloji cəhətdən hazır olmalarını təmin etmək, habelə azsaylı xalqların uşaqlarının tədris dili ilə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi ilə ümumtəhsil məktəblərində müəyyən olunmuş qaydalara əsasən məktəbdə hazırlıq sinifləri açıla bilər. Ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Bununla belə, həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi istedadı ilə fərqlənən uşaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada I sinfə qəbul oluna bilərlər.

Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. Ümumtəhsil məktəbinə kütləvi şagird qəbulu məktəbdə yaradılmış komissiyalar vasitəsilə I və X siniflər üzrə aparılır. Ümumtəhsil məktəbinin I sinfinə qəbul üçün uşağın doğum haqqında şəhadətnaməsinin surəti və sağlamlığının vəziyyəti barədə müəyyən edilmiş nümunədə arayış təqdim olunur. Ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında şəhadətnamə hesab edilir. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil olunur.

Dərs məşğələsinin müddəti hazırlıq siniflərində 35, digər siniflərdə 45 dəqiqə müəyyən edilir. Ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri üzrə Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə digər tədris proqramları ilə təhsilə cəlb olunurlar. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5046

Oxşar yazılar