Keçmiş döyüşçü: “Ayaqqabı ustası olduğuma görə uşaqlar oğlumla dostluq etmir...” - HƏYAT HEKAYƏTİ
On ildən çoxdur, onun müştərilərindənəm. Ayaqqabımda problem olanda yanına qaçıram. Adi bir ayaqqabı təmirçisi kimi tanıyırdım, işim qurtaran kimi də tələsik çıxıb gedirdim. Çünki Bakının bütün yerlərində tez-tez rast gəlinən adi ayaqqabı təmirçiləri kimi onda da diqqəti cəlb edəcək heç nə görünmürdü. Yasamal rayonu, Mətbuat prospektində Bakı Dövlət Universitetinin tələbə yataqxanalarının (indi bura qaçqın şəhərciyidir) həyətində yerləşən, darısqal, köhnə ləvazimatlarla dolu, olduqca yoxsul görünən Çingiz dayının (Məlikov) kiçik ayaqqabı təmiri otağında cəlbedici nəsə bir şey də yox idi. Daim əynində olan qara, nimdaş jaket, ağarmış saçları, ürkək baxışları və Bakı ləhcəsilə çox az hallarda danışması, adamın onunla həmsöhbət olmasına imkan vermirdi. Bu dəfə başqa cür oldu...
Axşam saatlarında işdən çıxıb yolüstü ayaqqabımı təmir etmək üçün yenə Çingiz dayıya baş çəkəndə...
“O boyda prorektor arvadının ayaqqabısını tanımır...”
Kişi elə bil dil açmışdı. Oturduğu yerdəcə kiminsə qarasına deyinirdi: “adını professor qoyub, arvadının ayaqqabısını da tanımır”.
- Nə olub, usta, niyə dilxorsan?
- Ay oğul, daha nə olacaq. O boyda Universitetin prorektorudur, professordur, daha nə bilim nədir, dünən qoyub getdiyi şeyi bu gün boynuna almır... Dünən axşam əlində bir torba gəldi ki, bəs, ay usta bu həyat yoldaşımın ayaqqabılarıdır. Dabanları yeyilib, “remont” eləmək lazımdır. Baxdım ayaqqabı bir az bahalıdır, əlimdə bunun üçün hazır material yoxdur. Dedim, müəllim qoy qalsın, sabah bazardan ona uyğun material taparam, axşama kimi düzəldərəm, gəlib apararsan. Bu gün ancaq onun üstündə əlləşmişəm, düzəltmişəm. Bayaq gəlib, ayaqqabıları verirəm. Mənə qayıdasan ki, “bu mən verdiyim ayaqqabılar deyil, sənə verdiyimi qaytar”. Əvvəl elə bildim zarafat edir. Sonra başladı məni polislə hədələməyə. Gözlərimə inana bilmirəm. O, bir neçə dəfə bura gəlib, tanıyıram. Həmişə də necə lazımdı verdiyi ayaqqabıları “remont” edib, razı yola salmışam. Hər dəfə də öz elmi ixtiralarından, özündən danışır. O boyda adam məni polislə hədələyir. Deyir, ya 150 manat - ayaqqabıların pulu ver, ya da ayaqqabıların özünü. And içdim, aman etdim ki, a kişi, bu sənin gətirdiyin ayaqqabılardır. Məgər, sən öz ailənin ayaqqabısını tanımırsan?! İstəyirsən yoldaşının özünə zəng elə, o öz ayaqqabısını tanıyacaq. Dediyini dedi ki, dedi. Ayaqqabıları da burda qoyub, çıxıb getdi. Mənə də sabaha kimi, “srok” qoyub, əgər dediyini etməsəm, məni polisə verəcək... (siqaret yandırır). Əşi, kimə deyir-desin, ayaqqabısı burda, haqq-ədalət burda. Onsuz da mənə Allah şahiddir... baxmayaraq ki, mən o haqq-ədalətlə 20 ildir vidalaşmışam...
Göstərdiyi ayaqqabını da gördüm, doğurdan da bahalı qadın ayaqqabısı idi. Çingiz dayını tanımasam, bəlkə də başqa cür fikirləşmək olardı. Amma neçə illərdir özümdən də başqa müxtəlif tanışlarımın ayaqqabısı burada günlərlə yatıb qalıb, sonra gəlib aparıblar. Kimliyini bilməsəm də, halal insan olmasına bələdəm.
“...oğlumla dostluq etmirlər”
Çingiz dayının “mən o haqq-ədalətlə 20 ildir vidalaşmışam” sözü mənə çox maraqlı gəldi. Ürəyinin açılmasından istifadə edib, onunla elə bu mövzuda söhbətə başladım. Oturduğu yerdəcə yarımçıq qoyduğu bir ayaqqabını əlinə alıb qurdalaya-qurdalaya söhbətə başladı: “Bilirsən, oğul, çoxları indi bizim sənətə yuxarıdan aşağı baxır. Düz 1992-ci ildən - Şuşada gedən döyüşlərdə yaralanıb gələndən mən bax bu kiçik otağı qurub, burada ayaqqabı tikirəm. Mənim babam da, atam da bu sənətin sahibi olublar. Onların dövründə bu sənətə hörmət vardı. Onlar öz dövrlərində ehtiyac ucbatından deyil, sənətə yaxın olduqlarından bu işdən yapışıblar. Amma aspiranturanı bitirsəm də, düz 18 ildir dolanışıq xətrinə ayaqqabı tikirəm”.
Həmsöhbətim 1961-ci ildə Bakının Pirşağı qəsəbəsində doğulub. Atası da ayaqqabı tikən imiş. Orta məktəbi bitirdikdən sonra Çingiz Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Maşınqayırma fakültəsinə daxil olur. Oxuduğu fakültəni fərqlənmə diplomu ilə bitirir. Fərqli qabiliyyətə malik olduğu üçün müəllimlərinin təkidi ilə həmin ixtisasdan aspiranturaya daxil olur: “İndi yerindən duran cızma-qaraçı gəlib alimliyini adamın gözünə soxur. Dövran onlarındı axı. İndi kimə deyirəm ki, cəmi iyirmi il bundan əvvəl ölkənin qabaqda gedən gənc alimlərindən biri də mən olmuşam, gülür. Bəlkə də ürəklərində deyirlər ki, bu dəlidir. Nə isə... O vaxt elmi işimi müvəffəqiyyətlə yazıb başa çatdırdım. Moskvadan gələn Komissiya üzvləri işimlə bağlı çox yüksək rəy də vermişdilər. Lakin başa çatdırmaq qismət olmadı. SSRİ dağıldı, Qarabağda müharibə başladı. Mən də hər şeyi buraxıb getdim döyüşlərə. Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralandım. Həkimlər yenidən cəbhəyə qayıtmağı məsləhət görmədilər. Həmin vaxtlar çox çətin dövr idi, çörək belə güclə tapılırdı. Bizim kimi imkansız ailə üçün də belə vaxt dolanmaq çox çətin idi. Atam artıq qocalmışdı, xəstə idi. Evin bütün qayğıları mənim üstümə düşmüşdü. Ona görə də hər şeyi buraxıb, yapışdım ayaqqabı tikməkdən. Elmi iş-filan getdi öz işinin dalınca. O illərdə elmin adın tutana gülürdülər. Həmin vaxtdan bəri də, alimdən tutmuş fəhləsinə qədər hamının ayaqqabısını “remont” edirəm. Özüm Binəqədi kəndində yaşayıram. Düz 18 ildir Binəqədidən bura hər gün səhər gəlib, axşam qayıdıram.” Çingiz dayı deyir ki, o vaxt yaşı keçməsinə baxmayaraq Qarabağda döyüşə getdiyi üçün evlənməyib. “Hər gün cəbhədən neçə-neçə meyit gəlirdi. İçərilərində cəbhə yoldaşlarım da olurdu. Elə vəziyyətdə mən necə özümə toy edəydim? Ona görə də çox gec evləndim. İki övladım var, böyüyü 13 yaşındadır. Ayda qazancım ən yüksək halda 250-300 manat olur. Onunla mən uşaqlarımı da oxuduram, evdəki xəstəmi də müalicə etdirirəm. Beləcə, Allaha sığınıb yaşayırıq, oğul. Hər qəpiyin halallığına-haramlığına diqqət edirəm ki, birdən nəsə qarışar və Allahın qəzəbinə tuş gələrəm. Ondan sonra hayanım kim olar? Dəfələrlə burada çantası, pul kisəsi yadından çıxıb qalan olub. İşimin qızğın vaxtı da olsa buranın qapısını bağlayıb, düşmüşəm onun yiyəsinin dalınca ki, tapım qaytarım”.
Həmsöhbətim peşəsinə görə övladlarının da suallarına tuş gəldiyini deyir: “Axı niyə indi ayaqqabı tikmək Azərbaycanda əskik sənət olub? O gün axşam 4-cü sinifdə oxuyan kiçik oğlum gəlib yanımda oturub mənə deyir ki, “ata, niyə sinif yoldaşım Fəridin atası polisdir, sən ayaqqabı tikən? Bunu bilən uşaqlar mənimlə dostluq etmirlər, onunla edirlər”. Mən ona cavab verə bilmədim. Çünki özümü nə qədər duruya çıxartsam da, yenə mənə görə onun dostu yoxdur”.
Çingiz dayı deyir ki, gün ərzində müxtəlif xarakterə malik ən azı 10-15 adamla rastlaşır. Ayaqqabı tikmək indiki zamanda mənəvi cəhətdən ağır olması ilə yanaşı, güclü əsəb də tələb edir: “Mən bu 18 ildə az qala bütün Bakının nazı ilə oynamışam. Adam var, gəlib ayaqqabısının palçığını da mənə təmizlətmək istəyir. Bir parça çörəkdən ötəri məcbursan nazı ilə oynayasan”. Usta and içir ki, ölsə də övladını qoymayacaq bu işə möhtac qalsın: “Elə vaxtlar olur ki, burada günortalar nahar eləmirəm, ayın axırına bir az pul toplaya bilim, oğlumun məktəbi yarımçıq qalmasın. Onun çox yüksək savadı var, birdən elə suallar verir ki, mən də məəttəl qalıram. Hədən tək olanda özüm-özümə bağışlaya bilmirəm belə imkansızlığımı, çünki mənim ixtiyarım yoxdur oğlumun gələcək arzusunu ürəyində qoyum”.
Usta deyir ki, indi cəmiyyət çox təhlükəli dövrünü yaşayır. Ən böyük problemi də tərbiyənin kasadlığında görür: “Buna mən bu balaca komamda demək olar ki, hər gün şahid oluram. Yanıma gələn hər 10 nəfər yeniyetmə, yaxud da gənclərdən beşi mənimlə elə danışır ki, fikirləşirəm ay Allah, nə yaxşı mən bunun evində qanuni xidmətçi deyiləm, yoxsa məni it yerinə qoymaz. İndi valideynlərin başı o qədər pul dalınca qaçmağa qarışıb ki, evdə uşağın özbaşına nəyin arxasınca getməyi yaddan çıxıb. Birdə ayılırlar ki, uşaq həddi-buluğa çatıb, küçələrdən yığışmır. İstər qız olsun, istərsə də oğlan. Srağagün yenə axşam vaxtları idi. Ayaqqabı tikirdim. Bir də gördüm bir xarici markalı maşın burnunu düz dirədi komamın qapısına. Sükan arxasından təxminən 16-17 yaşında bir qız uşağı (deyəsən, Universitetin tələbələrindən idi) qulağında telefon danışa-danışa saymazyana içəri girib, əlindəki kiçik selofan torbanı fırladıb qarşımdakı stolun üstünə tulladı. İçində bir cüt qadın ayaqqabısı vardı: “Kişi, bunun dabanları qopub, sabah səhər gəlib götürəcəm”. Söz ağzından çıxmağı ilə bir onluq da üstümə tulladı. Heç cavabımı da gözləmədən tez çevrilib maşınına oturaraq qapının ağzında maşını ilə toz qoparıb getdi. İndi özün təsəvvür et ki, onun gələcəyi necə olacaq. Mən qonşuluğumda adam tanıyıram, günlərlə yuxarı sinifdə oxuyan oğlundan xəbəri olmur və bir axşam gəlib evdə televizoru açanda oğlunu kriminal verilişlərin birində görür. Pinəçi baba olsam da, mənə elə gəlir ki, belə vəziyyət öz-özünə baş vermir. İnsanlar bütün günü televizor, internet qabağındadırlar. Bu ölkə də həddindən artıq sərvətli ölkədir. Mən gənclik illərimdə demək olar ki, İttifaqın bütün ölkələrin gəzmişəm, təbii zənginliyinə görə Azərbaycan kimisini görməmişəm. Ona görə də dəqiq bilirəm ki, bizdə gözü olanlar çoxdur. Açıq-aşkar hücum edə bilmirlər, televizor və internet vasitəsi ilə evimizi elə evimizin içindən yıxırlar. Belə davam etsələr, qarışıq bir ölkə olacağıq, axırda da bir bəhanə tapıb “sizdə demokratiya qurmaq istəyirik” adı ilə açıq-aşkar içimizə girəcəklər”.
“Qarabağı almaq üçün onu istəmək lazımdır”
Həmsöhbətimin bu qədər məşğuliyyətinə baxmayaraq bu qədər məlumatlı olmasını görüb, ölkədə baş verənlərə münasibətini öyrənmək istədim. Dedi ki, Azərbaycanın bütün problemlərinin özəyi Qarabağdır. “Mən orada döyüşmüşəm, oranın necə cənnət olmağını gözlərimlə gördüm, xüsusən də Şuşa. Ona görə də, ağlım çətin kəsir ki, erməni elə bir torpağı bu şəkildə özxoşuna geri versin. Məsələ düyünə düşüb. Ona görə də, dünyanın hegemon ölkələri Azərbaycanın bu düyünlü və yaralı yerindən tutub, ölkəmizdə hər oyundan çıxırlar. Bayaq misal çəkdiyim o tərbiyə məsələsi də elə bura aiddir. Bizim onlardan kömək ummağımızdan istifadə edirlər. O günü qəzetdə oxuyuram ki, filan təşkilat seçkidən narazıdır, filankəs Azərbaycanda demokratiyanı tam görmür, filankəs belə deyir, bəhmənkəs də belə deyir. Adama deyərlər, ay balam, bu ölkənin ən gözəl diyarı işğal altındadır, ərazisi tam deyil, ölkə “stressdədir”. Bu vəziyyətdə sən məni dolamısan ki, 200 illik Amerikanın demokratiyasını iki dəqiqədə məndən istəyirsən? Oğul, bunlar hamısı boş şeylərdir. O təşkilatlar, onların ölkəsi burda demokratiya yox, başqa şey axtarırlar”.
Çingiz dayı deyir ki, itirdiyimiz torpağı qaytarmaq üçün əvvəlcə onu istəmək lazımdır. “Camaatın özündə istək olmalıdır ki, Qarabağ qayıtmalıdır, vəssalam! Gəl düzün danşaq də, bu camaatda belə bir şey görürsən? Amma, əvəzində ay başına dönüm Qarabağ olub bir lotereya, deputat olmaq istəyəndə ondan istifadə edir, özünə “pensya” düzəltdirəndə. Camaatın, xüsusən də bax bu gənclərin özündə evinə olan marağı qədər marağı olmalıdır ki, mənim torpağım erməninin əlindədir və mən onu geri almalıyam. Neçə ildir burda otururam, bütün günü bu yataqxanada yaşayan qaçqın ailələrdən olan, istərsə də yerli camaatdan cavanlar yığılırlar bu həyətə; biri filan xarici maşından danışır, biri nə qədər araq içməyindən, biri filan qızdan, o birisi də nə bilim, nədən. Bir dəfə də eşitmədim ki, bircəciyi döyüşdən, torpaqdan danışsınlar. Oz aramızdı cəmiyyətin vuran əli bu cavanlardır, bunlar torpaq əvəzinə belə şey istəyəndə bu camaat ümidini nəyə bağlasın? Gündə televizorda göstərirlər ki, filan qaçqın şəhərciyi salındı, neçə ailə evlə yüksək səviyyədə təmin olundu və s. Gözəl. Amma bu camaata, xüsusən torpağını itirib gələn adamları məncə burada bu qədər gözlərini qamaşdırmaq lazımdı deyil. Onlara bilsələr də, bilməsələr də torpaqları lazımdır. Elə təbliğat aparmaq lazımdır ki, camaat Qarabağı istəsin”.
Artıq Çingiz dayı yavaş-yavaş evinə hazırlaşırdı. Deyir, evdə heç kəs onsuz axşam naharını etmir. Söhbət əsnasında ayaqqabılarımı vermişdim, xırda bir iş vardı, onu da görüb bitirdi. Çıxardıb 3 manat verdim, birini qaytardı: “o mənim deyil...”
Mübariz Aslanov
[email protected]

1353