Ramiz Duyğun: “Duranda gördüm ki, qaranlıqdır, gözlərim kor olmuşdu...” - MÜSAHİBƏ
Lent.az-ın “Persona” rubrikasının qonağı Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri, “Duyğun” imzası ilə tanınan şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Məlikovdur. Ramiz müəllim bizimlə söhbətdə ömür yolundan, yaradıcılığından, arzularından danışdı...
- Özünüzü necə hiss edirsiniz?
- Allaha şükür, yaşayırıq. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olduğum dövrdə, 2005-ci ilin dekabr ayında ağır xəstələnmişdim, başıma qan sızmış, gözlərim tutulmuşdu. Nazirimiz Səfər Əbiyev məni Türkiyəyə Gülhanə Hərbi Tibb Akademiyasına göndərdi. Müayinə zamanı məlum oldu ki, ürəyim ağır xəstədir. Ürəyimdə aorta-koronar şuntlama əməliyyatı keçirildi. Reabilitasiya dövrü yaxşı keçdi. Ancaq qanun qanundur, yaşım 70-i haqlamışdı, yaş senzinə görə 2007-ci ili aprel ayında istefaya çıxdım. Ancaq istefaya çıxandan sonra nazirimiz mənə iş verdi. Mülki vəzifədə yenə də informasiya sahəsində əməkdaşlıq edirəm.
Yaşayırıq. Çox təəssüf ki, mən dünyanın ən şirin şeyi olan can sağlığımı itirdim. Başqa da şükür Allaha, təminat var, pensiya alır, işləyirəm. Yəni maddi baxımdan yaxşılıqdır.
- Ancaq gözə dəymirsiniz?
- Ortalığa çıxmaq məsələsi mənim üçün bir az problem kimidir. Çünki bir az hərəkətlərim məhdudlaşıb, müstəqil hərəkət edə bilmirəm. Redaksiyalara getmək, qəzetlərdə çap olunmaq problemi var. Günlərim belə keçir. Ailə qayğısı ilə məşğulam. Bacardığım qədər ictimai-siyasi həyatda iştirak edirəm. Telekanallar, Dövlət Radiosu dəvət edir, tez-tez çıxış edirəm. Dəvət olunduğum görüşlərə gedirəm. Xüsusilə hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə iştirak edirəm. Yəni girəvə düşdükcə çalışıram ki, xalqımızın tale yüklü problemlərinə həsr olunmuş proseslərdə təcrübəli insan, yaradıcı şəxs, jurnalist kimi iştirak edim, öz sözlərimi, fikirlərimi deyim. Bir sözlə, boş qalmıram.
- Övladlarınız nə işlə məşğuldurlar?
- Yaxşı bir ailəm var. Böyük oğlum evlənib, ayrı yaşayır. Qızım da ailə qurub. Sonbeşik Vəsfi bizimlə yaşayır, bu il Mədəniyyət və İncəsənət Universitetinə daxil oldu. Ürəyimizə taqət, qüvvət, yeni ruh, sevinc gətirdi.
- Nəvələriniz də varmı?
- Böyük oğlumun 3 oğlu var. Qızımın da Leyla adlı bir qızı var, bu günlərdə 4 yaşı tamam oldu.
- İstirahətiniz necə keçir?
- İşlə dincəlirəm. Allah ürəyi elə yaradıb ki, işləyə-işləyə eyni zamanda dincəlir. Boş vaxtlarımda da əsasən mütaliə, məqamı gələndə də yaradıcılıqla məşğulam. Ona da şükür edirəm ki, Allah mənim ilhamımı əlimdən almadı. Həm də mənim ilkin ixtisasım həkimlikdir. İşləyə-işləyə dincəlirəm.
- Həkim, hərbçi, jurnalist, şair, Müdafiə Nazirliyinin mətbuat xidmətinin ilk rəhbəri. Bir az qəribə görünür...
- Məsələ ondadır ki, çox keşməkeşli bir həyat yolum var. Mən Əli-Bayramlı rayonunun Güdəcühur kəndində anadan olmuşam. Orta məktəbdə 4-cü sinifdə oxuyandan, 11 yaşımdan şeir yazıram. Ən böyük arzum da şair, ədəbiyyatçı, filoloq olmaq idi. Bu arzu ilə də orta məktəbi əla qiymətlərlə bitirmişəm. O vaxt Azərbaycan Dövlət Universiteti Azərbaycan Dövlət Darülfünunu adlanırdı, onun filologiya fakültəsinə daxil olmağı arzulayırdım. Çünki ailəmizdə ədəbi-bədii bir mühit olub. Atam Məşədi Məmməd dünyadan cavan köçüb, çox savadlı bir adam, mükəmməl dini təhsil alıb. Anamın da mükəmməl dini təhsili olub. Anamın atası, babam Molla Hüseyn çox savadlı molla olub və anam 7 yaşında olarkən “Quranı” əzbər bilib. Böyük qardaşım Əhməd çox mükəmməl bir şair idi. Bacılarım Elbəyim, Billurə, Suğra, Kübra da ədəbiyyat əsirləri olublar. Mən də gözümü açıb o mühitdə böyümüşəm. Qardaşım Əhməd fövqəladə bir insan idi, 25 yaşında qəflətən ürəyi partlayaraq öldü. Həm də o, 18 yaşından müharibəyə gedib, döyüşə-döyüşə Berlinə qədər keçmişdi. Əhməd 1946-cı ildə müharibədən qayıtdı, o zaman mənim 8 yaşım vardı. Qardaşım qayıdandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldu. Çox təəssüf ki, 2-ci kursda oxuyanda qəflətən vəfat etdi. Atam 1949-cu ilin iyul ayında 45 yaşında öldü, atamdan 10 gün sonra Əhmədin ürəyi tab gətirmədi. 10 günün içərisində mən 10 yaşımda çox böyük mənəvi zərbə almış oldum. Əhməd vəfat edəndən sonra ardıcıl yazmağa başladım. Gündəliklərimi vərəqləyirəm, onlar uşaq xətti ilə, iri-iri hərflərlə yazılıb. Belə bir söz yazmışam ki, “qardaş, mən sənin yarımçıq qalmış arzularının davamçısı olacam”. Bu amalla da filologiya fakültəsinə gəlmək istəyirdim.
- Bəs niyə arzunuz gerçəkləşmədi?
- Rəhmətlik anam yolumun üstündə durdu ki, sən Əhmədin yolu ilə filologiyaya getməyəcəksən, sənin də bağrın çatlayıb öləcəksən. Dedim ki, ay ana, bəs hansı sənətin sahibi olum? Dedi ki, həkimlik oxu, həkimliyin şairliyinə kömək edəcək. Ancaq deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. Mən Nəriman Nərimanov adına Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil oldum və 1962-ci ildə bitirdim. O vaxt SSRİ-nin “bro-bro” deyən vaxtı idi, hər şeyi ancaq partiya həll edirdi, birinci katib Xruşşov idi. Belə bir qanun çıxardılar ki, SSRİ-də ali məktəbi bitirən bütün oğlanlar 25 illik hərbi xidmətə getməlidirlər. Mənə tibb xidməti leytenantı rütbəsi verdilər və Belarusun Qomel vilayətinə apardılar. O vaxt strateji raket qoşunları SSRİ-də yeni yaradılırdı. Mən bir raket alayına düşdüm və orada həkim kimi fəaliyyətə başladım. Şair olmaq arzum belə bir gözlənilməz istiqamət aldı.
Onu da deyim ki, mən Tibb İnstitutunda oxuya-oxuya ədəbi mühitdə, o dövrün ədəbi dərnəklərində çox fəal iştirak edirdim. Ədəbi məclislərin rəhbərlərindən şair Kələntər Kələntərli indi də sağdır, rəhmətlik Tofiq Mütəllibov vardı. Mən o qədər ədəbi mühitdə fəal iştirak edir, çağdaş şairlərin yaradıcılığı haqqında o qədər mükəmməl danışır və şeirlər yazırdım ki… Bir dəfə Maksim Qorki adına səyyar kitabxanada görüş keçirilirdi, mən orada böyük şairimiz Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında baş məruzə etdim. O vaxt müalicə-profilaktika fakültəsinin 6-cı kursunda oxuyurdum. Həmin çıxış indiyə qədər də durur, çap olunmayıb. Bəxtiyar Vahabzadə görüşdən sonra ayağa qalxıb dedi ki, mən təklif edirəm, Ramiz Duyğuna Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin fəxri diplomunu verək. Məclis bu təklifi alqışlarla qarşıladı. O məclisdə sonralar mənim çox böyük dostuma çevrilmiş Xəlil Rza Ulutürk, xalq şairimiz Söhrab Tahir iştirak edirdilər. Lakin tale elə gətirdi ki, 1962-ci ildə institutu qurtaran kimi məni əsgərliyə apardılar. 10 il Azərbaycandan, Azərbaycan ədəbi mühitindən kənarda qaldım. Həmişə yazmışam, heç vaxt qələmi yerə qoymamışam. 10 il müddətində mənim bircə dəfə “Ulduz” jurnalında şerim çap olundu. Amma mən əsgərliyə gedənə qədər artıq gənc şair Ramiz Duyğun kimi tanınırdım. 10 ildən sonra Azərbaycana qayıdanda mən ikinci dəfə Ramiz Duyğun olduğumu ədəbi mühitə sübut etməli oldum. Çünki bizdə ədəbi mühit bir az qarışıq, mürəkkəbdir. Ədəbi təhsilin yoxdursa, kənar sahənin adamlarını o vaxt xüsusilə çap etmirdilər. Mənim poqonlarım vardı, SSRİ Silahlı Qüvvələrində xidmət edirdim. Hətta o vaxt Yazıçılar Birliyində, redaksiyalarda ağır-ağır mükalimələr keçmişəm. Adını çəkməyəcəm, Allah rəhmət etsin, görkəmli şairlərimizdən biri mənə deyib ki, kapitandan şair olar? Demişəm ki, olar. Xəlil Rza Ulutürk yeganə insan idi ki, məni dəstəkləyirdi. Nə isə... Həmişə əsərlərimi çap etmək məsələsinə qısqanclıq olub. 1972-ci ildə Azərbaycana qayıdandan sonra “Gənclik” nəşriyyatına təzə şeirlər kitabımı gətirmişdim ki, plana salsınlar. Bir cavan oğlan yaxınlaşıb soruşdu ki, sən kimsən, burada nə edirsən? Mən də soruşdum ki, bəs sən nə deyirsən? Dedi ki, mən şair Məmməd Kazımam. Mən də dedim ki, şair Ramiz Duyğunam. İnanmadı. Dedim ki, niyə olmur, görürsən ki, qarşında durmuşam! Məmməd Kazım dedi ki, səndən çox xahiş edirəm ki, 2 gündən sonra AzTV-nin Hərbi vətənpərvərlik tərbiyəsi redaksiyasına gəl.
Onu da deyim ki, mənim Bakıya gəlməyə o qədər də imkanım yox idi. Çünki Azərbaycana qayıdandan sonra nə qədər çalışdım ki, gənc şair olduğum üçün Bakıda qalım, ədəbi mühitdə qalım, kömək edən də olmadı, qoymadılar. Məni Neftçala rayonundakı Bankə qəsəbəsindəki motoalaya tibb xidməti rəisi vəzifəsinə təyin etdilər. Bakı ilə Bankə qəsəbəsi arasında məsafə 150-160 kilometrdir. Mən ayda ancaq bir neçə dəfə Bakıya gəlib-gedə bilirdim. Hələ ev almamışdıq, kirayədə yaşayırdıq, ona görə gedib-gəlirdim. Məmməd Kazıma dedim ki, Bakıya gəlməyim çox çətin məsələdir. O da dedi ki, nə edirsən et, çox xahiş edirəm, bizim bir verilişimiz var, hərbi jurnalistimiz, aparıcı yoxdur.
Mən redaksiyaya gələnə qədər 1972-ci il 9 mayda Məmməd Kazım məni Qələbə Günü münasibəti ilə verilişə dəvət etdi. Mən orada öz şeirlərimi oxudum. Bundan sonra mən vaxt tapıb AzTV-yə redaksiyaya gəldim. Məmməd Kazım “Hünər” redaksiyasının baş redaktoru idi. Arif Əliyev adlı çox istedadlı bir rejissor da var idi. Onlar məni birbaşa studiyaya apardılar. Dedilər ki, bizdən müsahibə götür. Mən də uşaqlıqdan həmişə yazırdım, həm də 10 il qəriblikdə yaşadığım üçün hər zaman əlimdə diktofonum olub, kim qabağıma çıxırdı, xatirələr, arzular, Azərbaycan, muğam, dil həsrəti ilə bağlı müsahiblər götürürdüm. Mən onlardan mükəmməl bir müsahibə götürdüm. Bir də rejissor pultundan Arif Əliyevin “Məmməd, evrika, evrika!” sözlərini eşitdim. Məmməd Kazım dedi ki, sən “Hünər” verilişinin aparıcısı oldun, harada yaşasan da, bu verilişə gəlməlisən. Çox çətinliklə 1973-cü ilin aprelində mən xidmət yerimi Bakıya dəyişə bildim. O vaxtdan mən “Hünər” proqramının aparıcısı oldum və 1990-cı ilin qanlı 20 yanvarına, şənbə gününə qədər 18 il bu proqramın fasiləsiz aparıcısı oldum. O proqram mənim taleyimdə xüsusi rol oynadı. Çünki mən bir hərbi jurnalist kimi püxtələşdim. Mən ayda 3-4 dəfə canlı efirə çıxırdım. Bakıya gələndən sonra burada da motoalaylardan birinin tibb xidməti rəisi kimi çalışır, eyni zamanda Nəriman Nərimanov adına Tibb İnstitutunun hərbi kafedrasında müəllim kimi işləyirdim. Yəni həm peşəkar hərbçi, həm də jurnalist kimi fəaliyyət göstərirdim. Çox çətin idi, çünki komandirlər qısqanc yanaşırdılar ki, öz ana dilində veriliş aparırsan. Amma hərbi hissədə siyasi işçilər bu məsələni dəstəkləyirdilər, bilirdilər ki, bu, gənclərin hərbi vətənpərvərlik tərbiyəsidir.
1989-cu ilin yayında mən SSRİ Silahlı Qüvvələrinin sıralarından polkovnik rütbəsində tərxis olundum. Bunun da səbəbləri vardı. Çünki artıq Milli Azadlıq Hərəkatı güclənməyə başlayırdı və bu Hərəkatda çox fəal surətdə iştirak edirdim. Polkovnik rütbəsində milli mənafedən danışmaq, siyasətə qarışmaq ixtiyarım yox idi, ancaq mən vəzifədə ola-ola həyatımı ciddi təhlükəyə ataraq Azadlıq meydanında onlarla çıxışlar etmişəm. Moskvaya məktub yazdılar ki, Tibb İnstitutunun hərbi kafedrasının müəllimi verilişlər aparır və siyasətə qarışır. Tərxis olundum.
20 yanvardan sonra “Hünər” proqramından ayrıldım. Çünki SSRİ Silahlı Qüvvələri Bakıda əzazillik, barbarlıq etdi, qan tökdü. Mən dedim ki, əgər SSRİ Silahlı Qüvvələri mənim xalqımın əleyhinə çıxırsa, bu verilişi aparmıram. Redaksiya da öz fəaliyyətini dayandırdı. Mən artıq hərbi jurnalist kimi respublikada məşhur idim. 2 ildən sonra, 1991-ci ilin oktyabrında Azərbaycanda Müdafiə Nazirliyi yaradıldı. Mən könüllü surətdə o vaxt müdafiə naziri olan general-leytenant Valeh Bərşadlıya raport yazdım. Valeh Bərşadlı da o vaxt məni artıq yaxşı tanıyırdı. Çünki Valeh Bərşadlı Almaniya Demokratik Respublikasında Üçüncü Zərbə Ordusunun komandanı idi və biz onun haqqında “Hünər” proqramında 4-5 veriliş vermişdik. Valeh Bərşadlı məni görən kimi dedi ki, Ramiz, mən səni axtarırdım, nə yaxşı gəldin? Dedim ki, Milli Ordumuz yaradılır, mən həkim kimi bu prosesdə iştirak etmək istəyirdim. Rəhmətlik ağzımdan vurdu, indi vurmasın, dedi ki, həkim yox, Müdafiə Nazirliyinin mətbuat katibi təyin edirəm. Dedim, yoldaş general, mən həkiməm, hərbi təbabətin təşkilatçısı ixtisası üzrə həkiməm. Valeh Bərşadlı razılaşmadı, fikirləşmək üçün 2 həftə vaxt verdi. Heç 1 həftə keçməmiş arxamca çapar gəldi ki, nazir səni çağırır. Gəldim. Valeh Bərşadlı dedi ki, artıq sənin əmrini imzalamışam. Valeh Bərşadlı 1991-ci ilin noyabrın 13-də Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi kimi əmrimi imzalayıb. Ha atılıb düşdüm, dedi ki, artıq əmri imzalamışam, bu xidməti yaratmağa başla, bu işi respublikada səndən başqa heç kim bilməyəcək, neçə ildir ki, hərbi jurnalistika ilə məşğulsan. Beləliklə də taleyim döndü, müstəqil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin ilk rəisi oldum.
Heç bir şey yox idi. Bir balaca otaq idi, orada da 4-5 zabit otururdu. Mən burada Müdafiə Nazirliyinin mətbuat xidmətini mükəmməl surətdə yaratdım. Az keçəndən sonra döyüşlər getdiyi üçün Silahlı Qüvvələrin döyüş salnaməsini yaratmaq, çəkilişlər aparmaq üçün mən xidmətinin nəzdində “Hünər” adlı video-studiya yaratdım. Məni operatorlarım, jurnalistlərim döyüş əməliyyatlarını çəkmək üçün döyüş bölgələrinə yollanırdılar. Mən Müdafiə Nazirliyinə gələn kimi Valeh Bərşadlıya onu da dedim ki, mütləq Müdafiə Nazirliyinin mətbu orqanı olmalıdır. Valeh Bərşadlı da çox ziyalı bir insan idi, o saat bu ideyanı dəstəklədi. Biz qəzeti yaratmağa başladıq. Mən qəzetin ilkin adını “Xalq Ordusu” qoydum. Bu adı qoyarkən böyük dostum Xəlil Rza Ulutürklə, Söhrab Tahirlə və digər ziyalılarla məsləhətləşdim. Mən qəzet üçün SSRİ hərbi məktəblərini bitirmiş hərbi jurnalistlər axtarmağa başladım. Lvovda, Riqada oxumuş, Ali Hərbi Məktəbi bitirmiş jurnalistlərimizi tapdım. O uşaqların bəziləri indi də xidmət edir.
1992-ci il fevralın 11-də “Xalq Ordusu” qəzetinin 1-ci sayı işıq üzü gördü. İndiki “Azərbaycan ordusu” qəzeti həmin qəzetin varisidir. Müdafiə Nazirliyində mətbuat xidmətinin rəhbəri olarkən başıma çox əzablı oyunlar gəldi. 1992-ci ilin martında Rəhim Qazıyev müdafiə naziri təyin edildi. O vaxta qədər də mən Rəhim Qazıyevlə bir neçə dəfə toqquşmuşdum. O, anti-xalq fəaliyyəti aparırdı. Mən bilirdim ki, o, müdafiə naziri olmaq istəyir və mən onu mətbuatda ifşa etmişdim. 1991-ci il dekabrın 8-də Çingiz Mustafayevin “215 KL” studiyasının “Üz-üzə” verilişində Rəhim Qazıyevi ciddi şəkildə ifşa etdim. Rəhim Qazıyev artıq mənimlə düşmən oldu. O, 1992-ci ilin mart ayında müdafiə naziri olan kimi birinci mənimlə üz-üzə gəldi və 1992-ci il aprelin 28-də məni ədalətsiz olaraq şəxsi qərəzliklə işdən çıxardı. Çünki mətbuat xidmətini mən yaratmışdım və bu işi məndən başqa bilən yox idi. Rəhim Qazıyev Leyla Yunusu mətbuat xidmətinin rəhbəri təyin etdi. Müdafiə Nazirliyinin mətbuat xidmətinin istiqaməti dəyişdi. Qarışıq bir zaman idi, müxalifət hakimiyyətə gəlmək istəyirdi. Rəhim Qazıyev məni işdən çıxardı. Mən bu işin içərisində olduğum üçün görürdüm ki, bizim Silahlı Qüvvələrimizin təşkilatlanması yoxdur, müharibə aparan qüvvələr yoxdur. Dağlıq Qarabağa Yardım Komitəsinin “Azərbaycan” adlı mətbu orqanı vardı, baş redaktoru şair və publisistimiz Sabir Rüstəmxanlı idi. Sonra o qəzetə Şərif Kərimli adlı bir jurnalist rəhbərlik etdi. Mən 1992-ci il may ayının 15-də bu qəzetdə Milli Şuraya, Azərbaycan xalqına, ictimai təşkilatlara böyük bir müraciətlə çıxış etdim. Mən bu müraciətimdə Rəhim Qazıyevin və Baş Qərargah rəisi, vətən xaini Şahin Musayevin fəaliyyətini geniş şəkildə xalqa təqdim etdim. Azərbaycan rayonlarında, Dağlıq Qarabağda kəndlərin getməsinin qrafikasını bütün tarixlərlə göstərdim və səbəblərini açıqladım. O müraciət belə qurtarırdı ki, “tezliklə Rəhim Qazıyevi generallarımızın biri ilə əvəz edin, xalqı bu rüsvayçılıqdan qurtarın, yoxsa tarix bizi bağışlamayacaq!” O müraciət böyük səs-küy qaldırdı. Mən yazmışdım ki, Rəhim Qazıyev adi bir riyaziyyat müəllimidir, ondan müdafiə naziri olmaz. Şahin Musayev də Əfqanıstanda ağır kəllə-beyin travması almışdı, şizofrenik idi. Onlar Azərbaycan Silahlı Qüvvələrinin yaradılması prosesini tamamilə başqa istiqamətə yönəltdilər.
Mən Müdafiə Nazirliyindən apreldə işdən çıxarılandan sonra elə həmin ilin iyununda yeni yaradılan Sərhəd Qoşunlarından, o vaxt Sərhəd Mühafizə Komitəsi adlanırdı, gözləmədiyim halda bir polkovnik gəldi. Mənə dedi ki, sizi Sərhəd Qoşunlarının komandanı, general İsgəndər Allahverdiyev dəvət edir. İsgəndər Allahverdiyev mənə dedi ki, Ramiz müəllim, biz sizi çox yaxşı tanıyırıq, Sərhəd Qoşunlarını yaradırıq və bizə də mətbuat xidmətini yaratmaq lazımdır. 1992-ci il iyun ayının 25-dən mən Sərhəd Qoşunlarının mətbuat xidmətinin rəisi təyin olundum. Orada böyük ştatla, strukturla mətbuat xidmətini, eyni zamanda Sərhəd Qoşunlarının “Sərhəd” adlı qəzetini də yaratdım. Mən 2 il o qəzetə baş redaktorluq etdim. Bir az keçəndən sonra məni Tibb Universitetində hərbi kafedraya dəvət etdilər. Mən həmin hərbi kafedranın da yaradılmasında böyük əziyyət çəkmişəm, orada şöbə rəisi olmuşam. Məni təzədən Tibb Universitetində hərbi kafedraya tibbi xidmətin təşkili və taktikası şöbəsinin rəisi təyin etdilər. Yenə də Tibb İnstitutuna qayıtdım. Orada da metodist işləmələr hazırladım, mühazirələr yazdım. Onlardan indi də istifadə edirlər. Gözləmədiyim halda bir müddət sonra mən Müdafiə Nazirliyində hərbi-elmi tədqiqat mərkəzinə dəvət olundum, məni mərkəzin rəis müavini təyin etdilər. Bu, 1995-ci ilin əvvəllərində oldu. 1995-ci ilin fevral ayında indi general-polkovnik Səfər Əbiyev müdafiə naziri təyin edildi.
1995-ci il aprel ayının 28-də elmi mərkəzdən Hüseyn Mahmudov adlı leytenant mənə zəng açdı. O dedi ki, cənab polkovnik, sizi nazir Səfər Əbiyev çağırır. Öz-özümə dedim ki, günün nəhsliyinə bax, yenə də aprelin 28-dir, Allah, mən yenə nə etmişəm?! Gəldim. Səfər Əbiyev məni gülə-gülə qarşıladı. Biz o illərdə Müdafiə Nazirliyinə Səfər Əbiyevlə birlikdə gəlmişik. Səfər Əbiyev Bakı Dövlət Universitetinin hərbi kafedrasının rəisi idi, oradan işə dəvət olunmuşdu, Baş Qərargah rəisinin müavini idi və məni yaxşı tanıyırdı. Səfər Əbiyev dedi ki, sizi təbrik edirəm, sizi mətbuat xidmətinin rəisi təyin edirəm, buradan birbaşa mətbuat xidmətinə get, ora yaman gündədir, nə yaratmışdın, hamısı dağıdılıb, uşaqlar cavandırlar, işləyə bilmirlər. Dedi ki, get, əmr olacaq. Beləliklə, birbaşa mətbuat xidmətinə gəldim. Orada mənim dəvət etdiyim uşaqlar –Vaqif Dərgahlı, Tahir Əliyev və digərləri işləyirdilər. Onlar da hamısı məni şadyanalıqla qarşıladılar. 1995-ci il mayın 23-də nazir mənim əmrimi imzaladı. O vaxtdan 2007-ci il aprelin 7-nə qədər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi oldum. 1991-ci ildən 2007-ci ilədək fasiləsiz olaraq 2 nazirliyin, həm Müdafiə Nazirliyinin, həm də Milli Təhlükəsizlik Nazirliyinə tabe olan Sərhəd Qoşunlarının mətbuat xidmətinin rəisi işlədim. Mən 16 il Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi olmuşam. Başımız çox zülmlər çəkib. Ağır zamanlar idi. Silahlı Qüvvələrimizə, onun rəhbərliyinə, hərbi hissə və birləşmə komandirlərinə iftiralar, böhtanlar və şayiələri, bütün zərbələri mən ürək ağrısı ilə qəbul etmişəm və hamısına da reaksiya vermişəm. Radikal müxalifətin orqanı olan qəzetlər, informasiya agentliklərində yüzlərlə böhtanlar yer alırdı. Məhkəmələr, çəkişmələr oldu.
Bu illər ərzində əsəblər, gərginliklər səbəbindən səhhətim pozulmuş imiş. Mən 2003-cü ilin yayında şəkərli diabetə tutuldum. Yuxarıda da dediyim kimi, 2005-ci ilin dekabrında isə yatdım, səhər duranda gördüm ki, dünya qaranlıqdır. Gözlərim kor olmuşdu. Bildim ki, beynimə qan sızıb. Dərhal nazirimiz Səfər Əbiyev, müavini Çingiz Məmmədov məni Mərkəzi Hərbi Klinik Hospitalın nevroloji şöbəsinə qoydular. Hospitalda işləyənlər də mənim həkim dostlarımdır. Onu da deyim ki, bu gün Silahlı Qüvvələrimizdə xidmət edən hərbi həkimlərin, onlar polkovnikdir, yüksək rütbədədirlər, əksəriyyəti mənim tələbələrim olub, dərs demişəm. Bu da taledir. Mənim dərs dediyim tələbələrdən biri bu gün də Mərkəzi Klinik Hərbi Hospitalın sinir xəstəlikləri bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Elxan Muradovdur. Onlar məni çox yaxşı müalicə etdilər. Bir neçə ay müalicə olundum və gözlərim açıldı. Nazirimiz Səfər Əbiyev sağ olsun, sorğu verdi, məni Gülhanə Hərbi Tibb Akademiyasına göndərdi. Orada dərin müayinədən sonra məlum oldu ki, ürəyim xəstədir. 2006-cı il fevralın 10-da, bu mənim anadan olduğum gündür, həmin gün Gülhanə Hərbi Akademiyasında cərrahiyə şöbəsində ölüm stolu demirəm, həyat stolunun üzərində idim. İkinci dəfə mən anadan həmin gün doğulmuşam. Əməliyyatı tibb xidməti general-mayoru Harun Tatar apardı. Dünya şöhrətli Harun Tatar özü Azərbaycan türküdür, Gəncəbasar zonasındandır. Harun Tatarın köməkçiləri, professorlar, polkovniklər və generallardan Türkiyədə o qədər məhəbbət gördüm ki! Bir neçə ay Türkiyədə müalicə aldım.
Ulu öndərimiz Heydər Əliyev də bir neçə ay Gülhanə Hərbi Tibb Akademiyasında müalicə alınıb. Məni reanimasiyadan sonra Heydər Əliyevin yatdığı palataya qoydular. 2006-cı ilin mayında Azərbaycana qayıtdım və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi kimi fəaliyyətimi davam etdirdim. 2007-ci ilin aprelinə qədər işlədim. Görürsüz, aprel ayı mənim həyatımda necə tez-tez xatırlanır!
...Yazıb yaradıram. Çoxlu şeirlərim var, indi şeir kitabımı hazırlayıram. Mənim hərbi publisistikam, ədəbi publisistikam çar olunmayıb. Onu da deyim ki, bütün bu hadisələrin hamısı mənim şeirlərimdə əks olunub. Harun Tatarın ürəyimdə əməliyyat keçirməsinə dair “Ürəyimdə nələr gördün” adlı böyük lirik poemam var. Mən neçə ildən bəri yazdığım əlyazmaları artıq kompüterdən keçirməyə başlamışam. O poemanı da bu günlərdə çap etmişəm:
Ürəyimi tabutdan ölü götürən kimi,
Köksümdən götürdün, Harun Tatar.
Ürəyimdə nələr gördün, Harun Tatar...
Həyatda çəkdiyim bütün əzablar, məşəqqətlər, Azərbaycana məhəbbəti o poemada öz əksini tapıb. Bu yaxınlarda o poemanı çap etdirməyə hazırlaşıram.
Təbii ki, ağır xəstəliklər keçirmiş insan kimi əhvalıma həmahəng olan bir az bədbin şeirlərim var. “Halım qalmayıb” adlı bir şeirim var:
Heç bir şeyi əhd eləmə,
Allahı da mədh eləmə.
Güldürməyə cəhd eləmə,
Gülməyə halım qalmayıb.
Sən dünyaya hayıl-mayıl,
Heç olmasa, indi ayıl.
Duyğun, gəlməsin əzrayıl,
Ölməyə halım qalmayıb.
- Dostlarınız nə dərəcədə sədaqətli oldular? Vəzifədən çıxandan sonra nə müşahidə etdiniz?
- Vəzifəmə görə mən heç kimlə dostluq etməmişəm və heç kim də mənimlə vəzifəmə görə dostluq etməyib. Mən şan, şöhrət, vəzifə insanı deyiləm. Mən belə şeylərin hamısını ötəri hesab etmişəm. Ona görə də bütün həyatım boyu kimlərlə dostluq etmişəmsə, o dostlarım da yenə mənə sədaqətlidir. Mənim həyatdakı dostlarım, məndən yaşlı olan şair Söhrab Tahir də bu gün dostumdur. Xəlil Rza Ulutürk son nəfəsinə qədər mənimlə dostluq etdi, Allah ona rəhmət etsin. Tələbəlik illərində bir otaqda yaşadığımız, MDB məkanında böyük şöhrətə malik cərrah-uroloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Südeyf İmamverdiyevlə bu vaxta qədər dostluq edirik. Silahlı Qüvvələrdəki dostlarım həmişə mənə hörmətlə yanaşırlar. Müdafiə nazirimiz məni heç vaxt unutmur. Müdafiə Nazirliyində mənim yetirdiyim, orduya gətirdiyim gənclər heç vaxt məni unutmurlar. Məsələn, mənim Müdafiə Nazirliyinin mətbuat xidmətinə leytnant kimi gətirdiyim zabitlər bu gün böyük vəzifələrdədirlər. Bu gün Azərbaycanın NATO-dakı daimi hərbi nümayəndəsi general-mayor Hüseyn Mahmudovu mən Müdafiə Nazirliyinin mətbuat xidmətinə gətirmişəm. Mən bundan iftixar hissi keçirirəm. İran İslam Respublikasında hərbi attaşe polkovnik Mehman Süleymanov da mən orduya gətirmişəm. Mən onu “Xalq ordusu” qəzetinin baş redaktorunun müavini təyin etmişəm. Çox ağıllı bir insan, gözəl jurnalistdir. O, Azərbaycanda birinci hərb tarixi elmləri doktorudur. O ay olmaz ki, Mehman Süleymanov Tehrandan mənə zəng edib, halımı soruşmasın. Yetirmələrimdən Vaqif Dərgahlı hazırda Müdafiə Nazirliyində xidmət edir, polkovnik-leytenantdır. Onlarla belə insanlar var. Mən o insanları həmişə öz balalarım hesab etmişəm. Vəzifəyə görə heç kim mənimlə dostluq etməyib və ona görə də indiyə qədər də o səmimiyyət, dostluq davam edir.
- Bu qaynar həyatınızda evliliyiniz nə vaxta təsadüf etdi?
- O illərdə Tibb İnstitutunda oxuya-oxuya məcnunsayağı sevdiyim bir qızla ailə qurmuşam. 1962-ci ildə hərbi xidmətə, Belarusa birgə gedib, xidmət etmişik. Böyük oğlum Qəlbi dünyaya gəlib. Sonra Azərbaycana qayıtdıq. Azərbaycana qayıdandan sonra günlərin birində 25 il ömür sürdüyüm xanım mənə dedi ki, səninlə yaşamaq istəmirəm. Adını çəkmirəm, dedim ki, Allah səni xoşbəxt etsin. Mənim ondan heç bir narazılığım yoxdur, könlü belə istəmişdi. Mən ürək adamıyam, 25 il onunla ömür sürmüşəm və bütün lirik şeirlərim də ona həsr olunub. Bu şeirlərim də kitablarımda həsr olunub. Dedim ki, təki sən xoşbəxt ol...
Bu, 1990-cı ildə olub. 1990-cı il mənim həyatımda həm milli, həm də şəxsi faciə ili olub, çünki ailəm dağıldı. Orada da başqa siyasi amillərin olduğunu zənn edirəm. Çünki o, o qədər sədaqətli bir xanım idi ki... Özü gedib ərizəsini də yazdı, heç məhkəməyə də getmədim. Mən 50 yaşımda papağımı götürüb, evdən getdim. Bütün nəyim vardısa, heç nəyə toxunmadım. Bir arxivimi, kitablarımı götürüb, kirayədə yaşamağa getdim. Heç bir naxələfliyə yol vermədim. Taleyin naxışı, allahın qismətidir. İndiki həyat yoldaşım Dilbər xanımla rastlaşdıq və ailə həyatı qurduq. 1990-cı ilin yayında ailəm dağıldı, 1990-cı ilin payızında isə Dilbər xanımla evləndim. Olduqca çox xoşbəxtəm. Çünki ailədə birinci növbədə inam, səmimiyyət və sədaqət əsasdır. Dilbər xanım da elə bir xanımdır, ingilis dili müəlliməsidir, bütün işlərimdə mənə kömək edir. Qızımız Günay xanım Tibb İnstitutunu bitirdi. Vəsfi 1993-cü il yanvarın 21-də dünyaya gəlib, gələn il yanvarın 21-də 18 yaşı tamam olacaq. Yaşayırıq, bu günümə şükür. Bütün ailələrə xoşbəxtlik arzulayıram. Dövlətimizin, Silahlı Qüvvələrimizin günü-gündən möhkəmlənməsini arzu edirəm. Milli mənliyini dərk edən bütün azərbaycanlılar kimi ən böyük arzum isə tezliklə Qarabağımızın qaytarılmasıdır. Mən demirəm ki, qayıtsın. Özümüz qaytarmalıyıq. İnanıram da ki, tezliklə torpaqlarımızı ya sülh, ya da müharibə yolu ilə biz qaytaracağıq. O günü mən və ailəm səbirsizliklə gözləyir. Həyat yoldaşım Dilbər xanım zəngilanlıdır, Şuşada böyüyüb. Bir gün kövrəldi və dedi ki, görəsən biz Şuşanı bir də görəcəyik? Mən bununla bağlı bir şeir yazmışam:
Biz o günü görəcəyik,
Biz Şuşaya tank üstündə,
Qalib kimi girəcəyik…
Bizim o torpaqları istər müharibə, istərsə də sülh yolu ilə almağa gücümüz var. Prezidentimizin simasında diplomatiyamız çox güclüdür. İnanıram və inanmaq istəyirəm ki, diplomatik yolla torpaqlarımızı geriyə qaytaraq. Ermənistan artıq bütün dünya ictimaiyyəti tərəfindən dalana, küncə sıxışdırılıb. Baxmayaraq ki, ikili yanaşma, bəzi dövlətlərdə xristian həmrəyliyi var, ancaq o da çox çəkə bilməz. Bu gün bizim çox qüdrətli Silahlı Qüvvələrimiz var, hərbi sənaye kompleksimiz də sürətlə inkişaf edir. Torpaqlarımızın qaytarıldığı, ərazi bütövlüyümüzün bərpa olunduğu gün mənim ən xoşbəxt günüm olacaq və bütün yaralarım, keçirdiyim bütün xəstəliklər sağalacaq. Hesab edəcəm ki, nə beynimə qan sızıb, nə gözlərim tutulub, nə də ürəyimdə əməliyyat aparılıb. O gün mən buz baltası kimi sağlam olacam və ölənə qədər də sağlam qalacam.
- Yeri gəlmişkən, binanızın önünə gələndə diqqəti bir elan çəkdi. Bina sakinləri binanın yığıncağı ilə bağlı iclasa çağırılır. Binanızın nə problem var?
- Öncə onu deyim ki, bir neçə il kirayədə yaşamışıq, sonra Sərhəd Qoşunlarında xidmət edəndə mənə ev verdilər. O, dəmir-beton bina idi, yoldaşımın isə əsəbləri, ürəyi xəstədir. Ona görə də arzu etdi ki, daş bina olsun. Biz də nəyimiz vardısa, satdıq və binadakı bu mənzili 2007-ci ilin oktyabrında almışam. 4-cü ildir ki, bu binanı almışıq. Neçə qışdır ki, biz burada qazsız yaşayırıq. Bu da bizim üçün müəmmadır ki, necə olub ki, bina bu vaxta qədər qazlaşdırılmasın? Demə, tək bu bina deyil. Bakıda onlarla, hətta bəziləri deyirlər ki, yüzlərlə bina var ki, qazlaşdırılmayıb. Dərin araşdırmalardan sonra məlum olur ki, bu binanın üzərində tikilən torpaq özəlləşdirilməyib. Gərək torpaq özəlləşdirilsin, bina dövlət komissiyası tərəfindən təhvil alınsın, ondan sonra buna avtomatik qaz verirlər. İndiki mərhələdə binaya qaz verməyin qeyri-mümkün olduğunu deyirlər. Binanın özəlləşdirilməsi isə hansı yollardan, mərhələlərdən keçir, ondan baş aça bilmirəm və qəti fikir də söyləməkdə çətinlik çəkirəm. Ancaq mən bir istefada olan polkovnik, SSRİ və Azərbaycan Silahlı Qüvvələrinin veteranı, şair, Yazıçılar Birliyinin üzvü. İkinci dərəcəli əlil mən prezidentimizə müraciət edirəm ki, bu müşküllərin tezliklə həll olunmasına yardımçı olsun. Bu binada 283 mənzil var, hamısında da insanlar yaşayırlar. Ancaq qışda biz zillət çəkirik. Xəstələr, qocalar, uşaqlar var. Məsələn, mən Rusiyadan elektrokombi gətirdib qoydurmuşam, o da mənzili tam qızdırmır. Hər ay 250-300 manat işıq pulu verirəm. Bu məbləğdə işığa pul ödəmək çox çətindir. Mən prezidentimizdən bu binanın bütün sakinləri adından xahiş edirəm, ondan başqa bu işə əncam qılan bir insan yoxdur. Çünki bir ziyalı kimi ürək ağrısı ilə deyirəm ki, çox təəssüf olsun ki, bizim məmurlarımızın yarısından çoxunda vicdan defisiti, qıtlığı var. Öz vəzifələrindən sui-istifadə etməyə çalışanlar var. Niyə bu bina özəlləşdirilmir, qaz verilmir? MTK-nın prezidenti ilə Əmlak Məsələləri Dövlət Komitəsinin işləri məhkəmədədir. “Günəşli” MTK ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında nə mübahisə var? Bir məhkəmə qərar qəbul edir, o biri məhkəmə həmin qərarı ləğv edir. Biz əziyyət çəkirik. Biz səsimizi prezidentimizin eşidəcəyinə inanırıq...
Ramiz Mikayıloğlu

2446