Qardaş həsrətindən tikilən evin kədərli tarixçəsi - HEKAYƏT
22 noyabr 2010 12:18 (UTC +04:00)

Qardaş həsrətindən tikilən evin kədərli tarixçəsi - HEKAYƏT

Hüseyn Cavid küçəsi ilə Qəmbər Hüseynli küçəsinin, «İblis»lə «Cücələrim»in kəsişməsində yerləşən bu evin şəhərdəki bütün evlərdən fərqi onun demək olar ki, başdan-ayağa müxtəlif şüşələrdən, xüsusilə də içki şüşələrindən quraşdırılmasıdır. «Butulka ev» - Gəncə sakinləri bu qəribə evi belə adlandırır, şəhərə birinci dəfə gələn qonağa, turistlərə həvəs və bir az da qürur hissi ilə göstərir və kədərli tarixçəsini nağıl eləyirlər.

Gəncədəki «yaradıcılıq ezamiyyətim» zamanı bu evin tarixçəsini və hazırdakı vəziyyətini öyrənmək üçün o məşhur küçələrin kəsişməsinə də getmişim.

Onda fəsil hələ yay, insanlar hələ üzləri ilıq təbəssümlü, Gəncə hələ yamyaşıl idi. Mən yuxarıda adlarını çəkdiyim küçələrin kəsişməsinə çatanda evin adətən boş gördüyüm qarşısında iki qadın əyləşib, gəlib-gedənə baxa-baxa tum çırtlayırdılar. Romantik və hüznlü tarixçəsini qısaca da olsa, dəfələrlə eşitdiyim evin yanında belə sadə və hətta bayağı məişət hadisəsi ilə qarşılaşmağımdan bərk pərt oldum. Amma özümü tez də ələ aldım: zaman və həyat istənilən romantizmin və hüznün öhdəsindən gəlməyə qadirdir.

Ev deyil, incəsənət əsəri

Adamın üz-gözünü sanki cır alça yeyirmişsən kimi qamaşdıran günəş şüaları altında rahat-rahat söhbət eləyən qadınlara yaxınlaşıb, evin sahibi barədə sual verəndə qadınlardan daha yaşlısı və bənizi daha solğunu laqeyd-laqeyd «mənəm» dedi. Azərbaycanlıların «Mənim evim mənim qalamdır» prinsipini nə qədər təhlükəli olduğunu bildiyimdən, qadından onun evi barədə yazı hazırlamaq məqsədimi demək istəmirəm. Eləcənə fotoaparatımı çıxarıb, «sarıdimdik» turistlər, şəhərə qonaq gələn adamlar sayağı şəkil çəkmək üçün icazə istəyirəm. Qadın tum çırtlamağına ara vermədən, yenə də laqeyd-laqeyd bildirir ki, istədiyim qədər şəkil çəkə bilərəm. Qadın bunu deyib, rəfiqəsi ilə yarımçıq qoyduğu söhbətin davamını eləyir.

Evin böyür-başına keçib, müxtəlif bucaqlardan şəkillərini çəkirəm. «butulka ev»in fasadı, artırması, damı az qala bütöv bir rəsm sərgisidir. Müxtəlif xırda dərman şüşələrindən quraşdırılmış mozaika, boya ilə işlənmiş şəkillər, irili-xırdalı, rəngli butulkalardan yığılmış iri vazalar, yazılar…

Amma bir neçə il əvvəl gördüyüm evin onu yaşından daha da qədim göstərən köhnəliyindən, baxımsızlığından əsər-əlamət qalmayıb. Uçulub-dağılmış suvağı təzələnib, yenidən boyanıb, zədələnmiş yerləri təzədən işlənib. Bir sözlə, «butulka ev» əməlli-başlı abadlaşıb.

Şəkilləri çəkəndən sonra, hələ də fasilə vermədən söhbət edən qadınlara yaxınlaşıb, ev haqqında bir-iki sual vermək istədiyimi deyirəm. Evin sahibəsinin qırımından hiss olunur ki, o artıq belə şeylərə çoxdan adət edib. Özünü Məhəbbət xanım kimi təqdim edən qadın deyir ki, Allahın ver günü yoldan keçənlərin, şəhərə gələn qonaqların, turistlərin bu qəribə ev barədəki suallarına cavab verir. Onun quru və mexaniki cavablarından bu onsuz da hiss olunur.

Məhəbbət xanım evin həm keçmiş sahibi, həm də bənnası olan usta İbrahimin gəlinidir. Məhəbbət xanım əri rəhmətə gedəndən sonra bu tarixi evdə bir oğlu və bir qızı ilə yaşayır. Oğlunu bir müddət əvvəl nişanlayıb, yaxın zamanlarda evləndirməyə hazırlaşan Məhəbbət xanım deyir ki, toyun yubanmasının səbəbi evin təmirsiz olmasıdır. Təəccübümü görüb, əlavə eləyir ki, evin çölünə baxmayın, şəhərin görüntüsünə bir gözəllik vermək üçün Gəncə şəhər icra hakimiyyəti onun çöl hissəsinin təmirini öz üzərinə götürüb. Verdikləri sözə əməl edərək, təmir eləyiblər də. Amma evin içi illərdir olduğu kimi, uçuq və təmirsiz qalıb.

Usta İbrahimin kədərli hekayəti

Bu xırda məişət qayğılarından bir az o yana gedib, Məhəbbət xanıma evin tarixçəsi barədə suallar verirəm. Qadın mənə indiyə qədər eşidib-bildiklərimdən artıq heç nə deyə bilmir. Mənim eşidib-bildiklərim isə bunlardır: Böyük Vətən Müharibəsi başlayanda bu həyətdən bir-birini çox sevən iki qardaş – Yusif və İbrahim davaya yollanırlar. Tarixin ən qanlı savaşından qalib çıxan ordunun sağ qalan yorğun əsgərləri arasında İbrahim də olur. Sağ-salamat ata ocağına qayıdan İbrahim böyük bir ümidlə sevimli qardaşının da davadan qayıtmasını gözləyir. Gün keçir, ay ötür, il dolanır, amma Yusif gəlib çıxmaq bilmir. İbrahim illərlə qardaşının öldü-qaldı xəbərini ala bilmir. Amma bir gün qardaşının qayıdacağına ürəkdən inanır. Qardaşı qayıdanda qardaşının, ailəsinin onu burada gözlədiklərinin şahidi olsun, bir də doğma şəhəri Gəncə çapında adı əbədiləşsin deyə, usta İbrahim bu qəribə evi tikir – 1967-ci ildə. Evin fasadına qardaşına demək istədiyi sözləri, Sovet vaxtı dəyər hesab olunan yerlərin, hadisələrin, Gəncənin adını həkk edir şüşə naxışlarla. Usta İbrahim qardaşını gözləyə-gözləyə hələ uzun illər, oğluna, nəvələrinə təhvil verdiyi, bir şəhərin yaraşığı hesab olunan «butulka ev» isə hələ də yaşayır…

Yox, belə deyil…

Məhəbbət xanımın mənə o qədər də təzə görünməyən tarixçəsini eşidəndə, ikinci dəfə pərt oluram. Savaş, qardaş həsrəti, bu həsrəti bacardığı kimi ifadə etmək istedadı, yadigar qalan bu qəribə ev – hamısı kifayət qədər maraqlı və kədərli hadisədir. Amma ciddi həyat hadisəsi olmaq üçün yetərli deyil. Elə bil, nəsə çatışmır, nəsə yarım, kəmdi bu tarixçədə… üstəlik, cavabsız qalan suallarım da var: Niyə Usta İbrahim evi məhz içki şüşələrindən tikməyə qərar verib? Evin inşasında istifadə olunan bu çoxluca dərman şüşələri hardandır? Niyə Məhəbbət xanım bu tarixçəni belə könülsüz, hətta bir az pərt vəziyyətdə danışır?
Amma qadını artıq yetərincə yorduğumu hesab edirəm. Və bundan artıq əziyyətə salmaq istəmirəm. Üstəlik, onun qırımını görüb, başa düşürəm ki, qadın bundan mənə bunlardan əlavə heç nə danışmayacaq.
Əlacım, artıq dəfələrlə eşitdiyim tarixçəyə, bir də əlimdə olan təzə-tər şəkillərə qalır. Durub, dinməzcə geri qayıdıram.
Aradan günlər keçir və sırf təsadüf nəticəsində tamamlaya bilmədiyim hekayəti bitirməyə müvəffəq oluram. Bu qəribə ev barədə Gəncədə tanıdığım hər kəsə suallar verməyimin axır ki, bir nəticəsi olur və evin tarixçəsini bütöv öyrənməyə, beynimdə ilişib-qalan suallara cavab tapmağa kömək edir.

Sərxoşluqdan incəsənətə

Sən demə, Məhəbbət xanımın evin tarixçəsini belə pərt və könülsüz danışmağı əbəs deyilmiş. Qayınatası usta İbrahim evi təsadüfən içki şüşələrindən tikməyibmiş. Bunun sadə və kədərli bir səbəbi varmış. Yalın əl, yalın ayaqla Hitleri diz çökdürən qalib ordunun əsgəri, vətənə qayıtdıqdan sonra qardaş həsrətindən içkiyə qurşanıbmış. Boşaltdığı şüşələri isə atmır, qəsdən, ya da məqsədsiz şəkildə həyətin bir tərəfində qalaqlayırmış. İllərlə qurşandığı içki onu alkoqoldan asılı vəziyyətə gətirir və səhhətini korlayır. İş həkimlərə, uzun sürən müalicəyə qədər gedib çıxır. Usta İbrahim dərman şüşələrini də saxlayır.

Bir gün dünyaya ayıq baş və soyuq gözlərlə baxan usta qollarını çırmalayıb, gələcəkdə «butulka ev» adlanacaq evin təməlini qoyur. Tikintisində isə cüzi daş və sement, bir də illərlə içib boşaltdığı araq, çaxır şüşələrini, dərman flakonlarını istifadə edir. Ustanın butulkalardan ev tikdiyini eşidən qonşular, qohumlar da evlərində olan şüşələri usta İbrahimin həyətinə aparır, evin tikintisinə kömək eləyirlər.

«Butulka ev»in tikintisində gözəl və qədim Gəncənin sakinlərinin çoxu iştirak edir...

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1943

Oxşar yazılar