Məhkumun hakimi qucaqladığı ölkə - REPORTAJ
27 iyul 2010 19:30 (UTC +04:00)

Məhkumun hakimi qucaqladığı ölkə - REPORTAJ

Bir qrup azərbaycanlı ABŞ Ədliyyə Departamentinin dəvəti ilə sözü gedən ölkədə səfərdə olduq - Milli Məclisin üzvləri, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının sektor müdiri Adil Vəliyev, Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Əliməmməd Nuriyev, vəkil Namiq Ələkbərov, BDU Hüquq fakültəsinin dekan müavini İpək Abbasova, Hüquq elmləri üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov, Azərbaycan Hüquqşünaslar Forumunun həmsədri İntiqam Əliyev, tərcüməçimiz Mehriban Əliyeva və mən - APA informasiya agentliyinin ingilis şöbəsinin redaktoru Şaiq Məmmədoğlu.
Səfər zamanı bizi ABŞ-ın Azərbaycandakı səfirliyinin Ədliyyə Departamentinin hüquq müşaviri Piter Strasser müşayiət edirdi. Səfərin başlıca məqsədi Təqsirin Etirafı ilə bağlı ABŞ qanunvericilik təcrübəsi ilə yaxından tanış olmaq, Federal Məhkəmədə hazırlıq iclaslarını müşahidə etmək və bir sıra görüşlər keçirtməkdən ibarət idi. Ancaq biz Təqsirin Etirafıyla yanaşı, yalnız ABŞ-a aid maraqlı özəlliklərlə tanış olduq.

Azərbaycan musiqisini bilib-sevən amerikalı xanım hakim

ABŞ-a səfərimiz cazın vətəni hesab edilən Luiziana ştatının Yeni Orlean şəhərindən başladı. Əvvəl biz ABŞ-ın ən böyük ciddi rejimli “Anqola” adlanan Luiziana Dövlət Cəzaçəkmə Müəssisəsinə baş çəkdik. Ərazisi 73 km² olan həbsxana üç tərəfdən Missisipi çayı ilə əhatə olunur. 1740 əməkdaşı olan bu cəzaçəkmə müəssisəsində 5108 məhbus var ki, onların 86 faizi ağır cinayətlərə görə ömürlük həbs cəzasına məhkum olunanlardır. Burada 84 kişi və 1 qadın ölüm cəzasına məhkum edilib. Maraqlı olduğunu nəzərə alaraq bildirək ki, Luiziana ştatında əvvəllər ölüm hökmü ipdən asılma üsulu ilə həyata keçirilib. Sonralar bu, elektrik stulu ilə əvəzlənib. İndi isə Luizianada ölüm hökmü inyeksiya üsulu ilə (öldürücü iynə vurmaqla) reallaşır. Bu həbsxanada ölüm hökmü sonuncu dəfə 2010-cu ilin yanvar ayında həyata keçirilib.
Həbsxanada muzey, kitabxana, kilsə, hətta radio belə fəaliyyət göstərir. Məhkumların saxlanma və həyat şəraiti ilə tanış olduqdan sonra əvvəllər üç dəfə Azərbaycanda olmuş, Birləşmiş Ştatların Dairə Məhkəməsinin Baş Hakimi xanım Helen Berriqan bizi evinə qonaq etdi. Xanım Berriqan və həyat yoldaşı bizi əsl Azərbaycan qonaqpərvərliyi ilə qarşıladılar. Birləşmiş Ştatların məhkəmə sistemində sözün əsl mənasında böyük nüfuza malik bu xanım həmin gün heç də sadə sıravi Amerika vətəndaşından fərqlənmirdi. O, Azərbaycan milli musiqi və rəqslərini çox sevdiyini deyəndə, sözün düzü təəccübləndik. Adil Vəliyev isə pianoda milli musiqilərimizi ifa edərək dərhal xanım Berriqanı rəqsə dəvət etdi. O milli rəqslərimizi lap bizimkilər kimi, məharətlə ifa edirdi.

Hakimlə ömürlük məhkumun... qucaqlaşması

Növbəti gün biz Birləşmiş Ştatların Federal Məhkəməsində Ştatın Baş Prokuroru, o cümlədən Federal İstintaq Bürosunda və seçilmiş müdafiə vəkilləri ilə görüşlər keçirdik, məhkəmə sistemində mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı qarşılıqlı fikir mübadilələri apardıq. Daha sonra Federal Məhkəmədə bir sıra görüşlər, o cümlədən məhkəmənin hazırlıq iclaslarını müşahidə etdik və borcla, girovla əlaqədar işləri, təqsirin etirafı (plea bargaining) ilə əlaqədar razılaşma və cəza təyin etmə qaydaları ilə tanış olduq. Ümumiyyətlə, ABŞ-da ittiham və təqsirin etirafı əqdlərinin razılaşdırılması prokurorlarının səlahiyyətlərinin özəyini təşkil edir. ABŞ-da cinayət hökmlərinin 90%-dən çoxunda şəxs təqsirin etirafından belə demək mümkünsə, yararlanır. Bu ölkədəki məhkəmə proseslərində təqsirin etirafı əqdlərinin əldə edilməsi ucun prokurorlar müxtəlif taktikalardan istifadə edilər. Bu taktikalar istifadə edilməsi Amerika hüquq sisteminə spesifikasından irəli gəlir və onların əksəriyyətinin kontinental hüquq sistemində istifadəsi mümkün deyil. Təqsirin etirafı (plea bargaining) və onun gələcəkdə Azərbaycanda tətbiqi məsələləri də keçirdiyimiz görüşlərdə diqqət mərkəzində oldu.

HAŞİYƏ: Təqsirini etiraf edərək, təqsirləndirilən şəxs Konstitusiya ilə təmin edilən bir çox hüquqlarından imtina edir :
– özünə qarsı ifadə verməyə məcbur edilməmək ;
– şahid ifadələrinin dinlənilməsi hüququna malik olmaq və onlar üzrə qarşılıqlı
dindirilmənin keçirilməsi;
– qanunsuz əldə edilmiş sübutların təqsirin müəyyən edilməsi zamanı rədd
edilməsi hüququ;
– təqsirin ictimaiyyət arasında seçilən andlılar tərəfindən müəyyən edilməsi
hüququ.
Təqsirin etirafının əvəzinə, təqsirləndirilən şəxs prokurordan ittihamın dəyişdirilməsini və ya hakimə xüsusi tövsiyələrin edəcəyi barədə söz verməsini əldə edə bilər. İttiham aktının dəyişdirilməsi müxtəlif formalarda ola bilər :
- bəzi ittihamların geri götürülməsi;
- ittihamın dəyişdirilməsi, təqsirləndirilən şəxs əvvəlcə nəzərdə tutulan cinayətdən
daha az ağır cinayətə görə təqsirini etiraf edir.
İttiham aktının dəyişdirilməsinin həyata keçirilməsi asandır, çünki, demək olar ki,
tam azadlığa malik olan prokuror cinayət təqibi başlamağın məqsədəmüvafiqliyi
haqqında qərarını tam sərbəst surətdə verir. Cinayət təqibi başlandığı andan, o, cinayət
təqibini dayandıra və ya azalda bilər.
Prokuror həmçinin hakimə humanistlik göstərmək barədə tövsiyələr edə bilər (sərti məhkum etmə, minimal cəzanın tətbiq edilməsi, cəzanın icra edilməsi qaydaları) və heç bir qaydanın mane olmadığı və hakim özünün cəza seçmə səlahiyyətini saxladığı halda hətta hakimlə məhkum edilmə ilə bağlı razılığa gələ bilər. Ancaq bu cür tövsiyələr hakim üçün məcburi deyildir. Federal cinayət prosessual qaydaları müəyyən edir ki, bu tövsiyələr həmçinin təqsirləndirilən şəxs üçün məcburi deyil.
Təqsirin əvvəlcədən etirafından sonra məhkum edilmə, andlılar tərəfindən təqsirin müəyyən edilməsindən sonra məhkum edilmə ilə eyni hüquqi nəticələrə səbəb olur. Buna baxmayaraq, təqsirin əvvəlcədən etirafı ilə bağlı danışıqlara bəzi hallarda təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti etmək hüququndan imtina da daxildir.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs və ailə üzvlərinin özlərini necə də təmkinlə aparması və əl və ayaqları qandallı şəkildə olan təqsirləndirilən şəxsin hakimin suallarını sakit tərzdə və aramla cavablandırması məndə qəribə, həm də xoş təəssürat oyatdı.

Anqola həbsxanasına səfər zamanı bizimlə Baş Hakimi xanım Helen Berriqanın ömürlük həbs cəzası kəsdiyi məhkumlarla necə də səmimi görüşdüyünü, sanki neçə illərin ən yaxın dostları kimi bir-birini qucaqlayıb hal-əhval tutmaları səhnəsi məni olduqca təəccübləndirdi: qaradərili məhkum, ona ömürlük həbs cəzası verən zərif və incə hakim xanımla sanki çoxdan görmədiyi yaxın qohumuyla görüşürmüş kimi hal-əhval tutdu.
Həbsxanadakı məhbusların 82%-i zorakılığa görə cəza çəkir. Məhkumların 52%-i ömürlük cəzaya məhkum edilib. Ölüm hökmünü gözləyən 85 məhbus arasında 1 qadın da var.
Ölüm hökmünün icra olunduğu otağa daxil olarkən insan istər-istəməz ağır hisslər keçirdir. Əvvəllər bu həbsxanada ölüm hökmü asılmaqla, sonra elektrik stolu indi isə inyeksiya üsulu ilə həyata keçirilir. Zərərçəkən tərəf istədiyi təqdirdə bu prosesi izləyə bilər.
Luiziana Ali Məhkəməsinə və Tulan (Tulane) hüquq fakültəsinə baş çəkdik. Burada professor Oliver Houck ekologiya mövzusunda maraqlı mühazirə oxudu. O, Meksika körfəzində “BP” şirkətinin günahı ucbatından baş vermiş neft sızmasının səbəbləri, nəticələrinin aradan qaldırılması barədə danışdı.

Amerikanların yüksək sürücülük mədəniyyəti

New Orleans deyəndə ağıla ilk caz gəlir. Hava limanı da elə əfsanəvi cazmen Lois Amrmstronqun adını daşıyır. Şəhərin ən önəmli küçəsi Canal Street-dir və ən dəbdəbəli otellərdə elə bu küçədə inşa edilib. Yeni New Orleans, iş mərkəzləri Canal Street-in bir tərəfində, köhnə New Orleans Fransız məhəlləsi (French Quarter) isə küçənin digər tərəfindədir.

Caddenin və French Quarter’in ən önəmli və məşhur küçəsi Bourbon Street-dir. Gecə klubları, hər cür əyləncə məkanı bu küçədə yerləşir. Olduqca uzun bir küçədir və hər tərəfdən caz səsləri ucalır.

Müqəddəs Lois Qəbiristanlığı olduqca qəribə bir yerdir. Təsəvvür edin. New Orleans dəniz səviyyəsindən aşağıda olduğu üçün burada ölüləri torpağa dəfn etmək əməlli-başlı problemdir: yeri azca qazırsan su çıxır. Ona görə də ölüləri yerin üstündə dəfn edirlər. Torpağın üstündə tabut kimi, lakin yerə bitişik qəbir düzəldilir, meyit ora qoyulur və üstü qapadılır. Sonradan həmin “qapağın” üzərində növbəti qəbir düzəldilir. Beləliklə, burada hətta bütün ailənin üst-üstə basdırılmasına da rast gəlmək olar.

Mən Amerikada yüksək sürücülük mədəniyyəti gördüm. Sürücülər piyadalara qarşı o qədər hörmətlə yanaşırlar ki, bu hörməti görən istənilən piyada yol-hərəkət qaydalarını pozmaq ağlının ucundan belə keçməz.

ABŞ-da diqqətimi cəlb edən məqamlardan biri isə Vaşinqton metrosu oldu. Bu şəhərin metrosu lap Bakı metrosunu xatırladır: çünki orada da izdihamla qarşılaşdıq.

Ümumiyyətlə müşahidələrim əsaslanaraq deyə bilərəm ki, Amerika xalqı dünyanın ən mədəni, qonaqpərvər insanlarındandır. Bəlkə də əvvəllər bu insanların soyuq və etinasız olduqlarını fikirləşirdim.

Şaiq Məmmədoğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873

Oxşar yazılar