Həsən Kərimov: “Oğlumun ölümündə danışmaq istəmədiyim məqamlar var...”
19 iyul 2010 20:00 (UTC +04:00)

Həsən Kərimov: “Oğlumun ölümündə danışmaq istəmədiyim məqamlar var...”

Bəzən tale insana olduğundan daha sərt davranır. Bu davranışa layiq olub-olmadığını düşünürsən. Düşünürsən, amma cavab tapa bilmirsən. O zaman iki yoldan birini seçmək qərarına gəlirsən: Ya taleyə qarşı gəlib, üsyan edirsən, ya da Ondan gələn nə varsa, qəbul edib, verilən hökmə razı olursan. Hər iki halda hökmün gəldiyi yer və hökm sahibi heç nə itirmir. Lakin, sən qazana da bilərsən, itirə də.

Tam bir il ötdü Həsən bəyin taleyin bu cür zərbəsi ilə üz-üzə gəlməsindən. Fələyin eyni həftə içərisində iki cavan oğlunu ondan almasından tam bir il ötdü. Bu yükü daşıya bilməyəcəyini zənn edib, göylərdən izahat tələb etdi. Amma daşıdı həmin yükü. Əlindəki başqa əmanətlərə sahib çıxmaq üçün, iki gül nəvəsini iki itkinin yerinə qoymaq üçün daşıdı. Əslində, kimsəyə daşıya biləcəyindən artıq yük verməyib Allah.

Vesti.az” portalı müsahibi ilə söhbət əsnasında çiynini az da olsa, o yükün altına verməyə çalışıb. Dərdini dinləyib, həmdərd olmaq istəyib. Lent.az Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimovla “vesti.az”da gedən müsahibəni təqdim edir...

-Özünüzü necə hiss edirsiniz?

-Çox sıxıntılı, çox tənha və çox yorğun. Oğlanlarımın ölümündən sonra həm səhhətimdə, həm də psixoloji-mənəvi durumumda çox ciddi problemlər yarandı. Yaxşı ki, heç olmasa dostlar var. Məni tək buraxmayan dostlar. Həmçinin, iki gözəl nəvəm var. Təsəllimi onlardan alıram.

-Bir il ötdü həmin günlərdən. Bu bir il ömrünüzə necə yazıldı?

-Bu bir ilin dəhşətlərini heç düşmənimə də arzulamıram. Tamamilə keçmişin xəyalları ilə yaşamışam, övladlarımı yada salmışam, onlarla olan söhbətlərini xatırlamışam, yoxluqlarına inanmamışam, gecələr intizarla ayaq səslərini gözləmişəm. Kiçik oğlum gecələr evə gec gələrdi və durub qapını açardıq. İndi də gözüm yolda, qulağım səsdədir. Hər qapı tıqqıldayanda dik atılıram ki, indi oğlum içəri girəcək. Bu bir ildə şəhərə ümumiyyətlə çıxmaq istəməmişəm. Çünki onlarla gəzdiyim və onları xatırladan yerləri görsəm, ürəyim dözməz. Gözümün önündən getmirlər. Bəzən öz-özümə deyirəm ki, artıq heç biri yoxdur, boş yerə xəyala qapılma. Amma olmur, xəyallardan ayrıla bilmirəm. Böyük mübarizə yolu keçmişəm. Bu yolda qazandığım Azərbaycanın müstəqilliyi, itirdiyim isə oğlanlarım olub. Bu bir ili nələr çəkmişəm, onu Allah bilir. Lakin yenə də özümdə güc tapıb ayaqda qalmışam. Nəvələrimin və arzuladığım gələcəyin xətrinə yıxılmamışam. İstəyirəm ki, heç olmasa, özümün görə bilmədiyim o aydın gələcəyi balalarım görsün. Qısası, bu gün öz ömrümün mənası itib, sadəcə nəvələrim üçün yaşayıram.

-Necə baş verdi o faciəvi hadisələr?

-Kiçik oğlum Rəşad iyunun 29-da iş dalınca Qubayamı, yoxsa harasa getmək məqsədilə evdən çıxdı. Üzərində telefon da götürməmişdi və düşünürdük ki, yəqin iş dalınca gedib. Sonra, yəni iyulun 6-da böyük oğlum İftixar evində yatdığı yerdə canını tapşırdı. Bu hadisə araya düşdüyündən Rəşadı itirib-axtarmaq imkanımız olmadı. Yas mərasimindən başımız açıldıqdan sonra hüquq-mühafizə orqanlarına məlumat verdim. İyulun 30-da Nəsimi rayon polis idarəsinə çağırıldıq və anası, dayısı, mən yollandıq oraya. Əvvəlcə, yoldaşımla məndən gizlətdilər, sadəcə qaynıma deyiblər. Sonradan bizə xəbərdarlıq etdilər ki, hər şeyə hazır olun, çünki artıq Rəşad da yoxdur.


-Rəşadın ölüm səbəbləri nə idi?

-Burada mənim üçün çoxlu müəmmalar var. Bakıdakı dostlarından birinin evinə getsin, bloka girəndə pilləkəndə ürəyi tutub, komaya düşsün, oradan xəstəxanaya çatdırsınlar və orada keçinsin. Bu mənə heç cür inandırıcı gəlmir. Tibbi ekspertiza gizli infarkt, yəni ürək tutması diaqnozu qoysa da, mən inanmıram. Çünki o uşaq heç vaxt ürəyindən şikayət etməmişdi. Hələlik açıqlamaq istəmədiyim məqamlar var. Çünki ən azından nəvələrimin təhlükəsizliyini düşünürəm. Amma zaman gələcək və hər şey ortaya çıxacaq.

-Dostunun evinə gedibsə və orada ürəyi tutubsa, nə üçün dostu sizə xəbər verməyib?

-Burada da şübhəli məqamlar var. Guya həmin gün blok qaranlıq olub və dostu bunu tanımayıb. Bu, mümkün deyil. Yaxşı, blokda tanımadı, bəs bayıra çıxaranda, bərabər təcili yardım avtomobilinə mindirəndə də tanımadı? Biz Rəşadı axtaran vaxt dostları mənə demişdilər ki, həmin bu adamla əlaqəsi olub. Mən onlara zəng vurub, Rəşadı soruşanda dedi ki, guya belə bir adam tanımır. Hazırda istintaq işləri gedir, lakin mən hələlik müsbət bir şey gözləmirəm. Xəstəxanada tanınmaması isə normaldır. Çünki üzərində heç bir sənəd olmadığından xəstəxanada kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

-İftixarın qəfil ölümü nəylə bağlı idi?

-İyunun 6-da bizə gəldi, uşaqları bizdə idi, bir az onlarla oynadı. Sonra yaxınlıqdakı çayxanaya gedəcəyini deyib, çıxdı bizdən. Lakin çayxanaya getməyib, birbaşa evlərinə gedib. Bizə yaxın qalırlar. Yoldaşı yemək verib, bu da yeyib yatıb. Sonra yoldaşı bizə gəldi və İftixarın yatdığını dedi. Yoldaşı bizdən gedən vaxt mən də yaxınlıqdakı çayxanaya düşdüm. Təxminən axşam saat 20-21.00 arası idi, qəfildən xəbər gəldi ki, oğlum ölüb. Ölümü də çox qəribə oldu. Yoldaşı evə gedəndə görüb ki, paltarını soyunub, yerinə uzanıb və arxası üstə yatılı halda keçinib. Tibbi diaqnozda gizli ürəktutma göstərildi.

-İşləyirdilərmi oğlanlarınız?

-Böyüyün öz şəxsi işləri olurdu, maşın alıb-satmaq, düzəltmək və sair. Kiçik isə bir müddət ora-bura yazı verdikdən sonra özünə iş axtarmağa başladı. Lakin mənim siyasi fəaliyyətim uşaqlarımın üzünə bütün qapıları bağlamışdı. Axır vaxtlar mənə deyirdilər ki, onsuz da bizə burda imkan verməyəcəklər, gəlin yığışıb, ölkədən gedək. O zaman onların təkidinə əhəmiyyət vermirdim. Lakin indi peşmançılıq çəkirəm ki, gərək ölkəni tərk edəydim.

-İndi ölkədən getmək barədə düşünmürsünüz?

-İndi iki körpə nəvəm var. Onları və yaşlanmış yoldaşımı götürüm haralara aparım? Özümün yaşamağım hələ sual altındadır. Bəlkə getdiyimiz yad ölkədə başıma bir iş gəldi, bəs bunları neyləyim? Günü bu gün siyasi sığınacaq alıb, ölkədən çıxa və istənilən ölkədə rahatca yerləşə bilərəm. Lakin biri 5-ci, digəri 2-ci sinifdə oxuyan iki nəvəmi özümlə hara aparım? Hələlik burdayam.

-İki böyük zərbə. Necə düşünürsünüz, bununla tale sizə nəsə demək istəyirdimi?

-Görünür, Allah bəzi insanları belə sınağa çəkir. Deyirlər, Yaradan öz sevdiyi bəndələrini bu cür sınağa çəkər və daha tez yanına aparar. Təsəllim odur ki, oğlanlarım bütün ömürləri boyu hər kəsə yaxşılıq ediblər, bir tikə çörəklərini belə kimsədən əsirgəməyiblər. Bütün qohum-qonşu, dost-tanış onlardan yer-göy qədər razıdırlar. Tale biri 30, digəri 32 yaşında iki oğlumu aldı. Lakin bu cür gözəl əməlləri olan iki balamın xatirəsini mənə təsəlli olaraq buraxdı.

-Bəzi alimərin dediyinə görə, insanın başına gələn bütün fəlakətlər onun nə vaxtsa törətdiyi əməllərin nəticəsidir. Belə bir əməlinizi xatırlayırsınızmı?

-Elə bir həyat keçmişəm və elə bir ailədə tərbiyə almışam ki, bu cür əməlləri istəsəm belə, törədə bilməzdim. Bu hadisələrdən sonra yoldaşımla oturub çox fikirləşmişik ki, axı kimə pislik etdik, kimin balasına yamanlıq etdik. Ağlımıza gələn bir xatirə olmayıb. Çox sadə və zəhmətkeş ömür yaşamışam. Universitetin jurnalistikasını bitirdikdən sonra bir müddət mətbuatda çalışmışam. Sonra Abşeron Xalq Deputatları Sovetində şöbə müdiri işləmişəm. Daha sonra hakimiyyətimiz dövründə Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşımışam. Bütün vəzifələrimdə insanlarla səmimi olmuşam, onların dərdini dinləməyə çalışmışam. 17 il keçib icra başçısı olmağımdan. Bir nəfər deyə bilməz ki, kiməsə pislik etmişəm. Qonşuluqda da, qohumluqda da hamıya yaxşılıq etmişik. Heç vaxt heç kimin kömək üçün uzanan əlini boş geri qaytarmamışıq. Bütün bunların qarşısında özüm də bilmirəm ki, niyə bunlar başıma gəldi. İftixarın ölümünün ardınca Rəşadın ölüm xəbəri gələndə üzümü göyə tutdum ki, ay Allah, mən sənə neynəmişdim? Bu gün də həmin sualın cavabını gözləyirəm. Əgər hansısa pis əməlim vardısa, cəzasını özümə verərdi, uşaqlarımın günahı nəydi?

-Bir il öncəki Həsən Kərimovla bu günkü adam arasında hansı fərq var?

-Siyasi əqidəm olduğu kimi qalır və dəyişmək niyyətim yoxdur. Nə vaxtsa – 1 ildən, 5 ildən, 10 ildən sonra siyasətdən tamamilə gedə bilərəm. Lakin heç vaxt əqidəmi, yolumu qurban vermərəm. Çünki bu yolu doğru sayıram. Digər tərəfdən, bu bir ildə bütün dostlarımı, qohumlarımı, qonşularımı tanımışam. Onların arasında etibarlısını da, etibarsızını da gördüm. O ki qaldı fiziki-mənəvi fərqə, çox şey dəyişdi. Artıq halım, gücüm, enerjim əvvəlki deyil, tamam yorulmuşam, tənhalaşmışam. Özümü cəmiyyətdə sanki tərk edilmiş hesab edirəm.

-Dini inanclarınız hansı həddədir?


-Bütün ömrüm boyu Allahımı sevmişəm, amma qorxmamışam. Müsəlmanam və İslamın bütün mütərəqqi adətlərini qəbul edirəm və etməyə də hazıram. Sadəcə heç vaxt Allahdan qorxunun tərəfdarı olmamışam. İbadət əhli olmamışam və hazırda səhhətim də yol vermir. Amma inanıram ki, gec-tez ibadətə gələcəm. Bunu hələ gec hesab etmirəm.

-Həyatınızın daha öncəki dövrlərində başqa bu cür sarsıdıcı zərbə almısınızmı?

-Bəli, qardaşımı itirmişəm. 1991-ci ildə mənim 36, qardaşımın 32 yaşı vardı. Yaxın qohumlardan biri qısqanclıq və paxıllıq üstündə bıçaqladı onu. O hadisə mənim üçün çox böyük zərbə oldu. Çünki özümə ən böyük arxa onu hesab edirdim. Olduqca qoçaq, işgüzar bir oğlan idi. Ondan da qabaq ata-anamı itirmişdim. Bu gün özümə arxa sayacaq heç kimim qalmayıb artıq. İki bacım var, biri kəndimizdə - Köçəskərdə, digəri qonşu kənddə yaşayır. Lakin oğul və qardaş başqadır. Həm arxadır, həm nəslin davamı. Bu gün özümü arxasız hesab edirəm. Yenə də deyirəm ki, sağ olsunlar yaxşı dostlar.

-Dostlarınızdan nə dərəcədə razısınız?

-17 ildir işləmirəm, sadəcə dostlarımın maddi-mənəvi dəstəyi ilə ayaqda qalmışam. Heç bir qohumum deyil, məhz dostlarım dar günümdə yanımda olublar. Burda olmamışam, ailəmi itirib-axtarıblar, yardım ediblər. Bu gün adlarını çəkmək istəmirəm, amma qismət olsa, gələcəkdə bu xatirələri yazmaq istəyirəm. Ürəyimlə bağlı iki dəfə Türkiyədə olmuşam, hərəsində xeyli maliyyə vəsaiti xərclənib. Bütün bunları dostlarım edib. İndi yenə də məni Türkiyəyə göndərməyə hazırlaşırlar. Ürəyimdən əməliyyat olunmalıyam.

-Zaman əlinizdə olsaydı, ömrünüzün hansı dövrünə qayıtmaq istərdiniz?

-1977-ci ilin 8 martına – oğlum İftixarın anadan olduğu günə. (müsahibənin bu yerində artıq müsahibimiz göz yaşlarını saxlaya bilmir və qısa fasilə veririk –müəllif).

-Bu qədər böyük itkilərdən sonra sizi hansı güc ayaqda saxladı?

-İki oğul itirib, həyatda qalmaq olduqca çətindir. Rəşadın cənazəsini həyətdən qaldırıb dəfn etməyə aparanda yoldaşım mənə yaxınlaşıb dedi: “Həyatımızın birinci erası bitdi, biz artıq nəvələrimiz üçün yaşamalıyıq. İki oğulun yerində iki nəvə var – bir qız, bir oğlan. Bunların xətrinə yaşamalıyıq”. Məni bax bu sözlər yaşatdı.

-Bundan sonra hansısa işlə məşğul olmaq barədə düşünürsünüzmü?

-Yalnız bir işlə məşğul olmaq istəyirəm – nəvələrimin təlim-tərbiyəsi və təhsili ilə. Başqa heç bir istəmirəm. Hansısa bir işin qulpundan yapışmağa nə fiziki, nə də psixoloji durumum imkan verir. Arzum budur ki, oğlanlarıma edə bilmədiyimiz nəvələrimə edim. Bu gün Nuray və Ərturan balam mənim yeganə yaşam mənbəyimdir. Bunlar İftixarın yadigarlarıdır, Rəşadsa subay idi.

-Kimə bənzəyirlər nəvələriniz?

-Qız atasına, oğlan əmisinə. Maraqlıdır ki, bu gün də Ərturana hamımız çaşıb “Rəşad” deyə müraciət edirik. Həm xarici görünüş, həm də xarakter baxımından əmisinə çox bənzəyir.

-O hadisələri uşaqlara necə izah etdiniz?

-Nənəsi ilə mənim gücümüz çatmazdı izah etməyə. Qıza anası, yəni gəlinim izah etmişdi. Oğlansa bilmirdi. Aradan bir müddət keçmişdi, Ərturanı da yanıma alıb, bağa getmişdim. Orada qəfil mənə dedi ki, baba, sən bilirsən Rəşad əmi ölüb? Çox sarsıldım və haradan öyrəndiyini soruşdum. Qayıtdı ki, Maya nənə, yəni ana nənəsi deyib ki, Rəşadı maşın vurub öldürüb. Bu sözü dedi və başqa heç bir kəlmə demədi.

-Gəlininizin gələcəyi barədə nə düşünürsünüz?

-Mən ona heç vaxt, gəlin kimi yox, qızım kimi yanaşmışam. Hazırda bir yerdə yaşayırıq və çalışacam ki, axıradək də bir yerdə olaq. Öz balam kimi baxıram və baxacam ona.

-Məlum hadisələr zaman sizə xüsusilə ağrılı gələn məqam oldumu?

-Rəşad xəstəxanada keçindikdən sonra aparıb kimsəsizlər qəbiristanlığında dəfn etmişdilər. Bu mənzərə mənə çox pis təsir etmişdi. İyulun 13-dək morqda gözləyiblər və xəbər çıxmadığı üçün 13-də dəfn etmişdilər. Mən onu oradan avqustun 1-də çıxarıb gətirdim.

-Harada dəfn etdiniz oğlanlarınızı?

-Hövsan qəbiristanlığında. İkisinə bir başdaşı qoydurdum, daş uzununa deyil, eninə olub, hər ikisini birləşdirir. Maraqlıdır ki, mən İftixar üçün qəbir yeri alan zaman iki yer təklif etdilər və mən razılaşdım. Amma heç ağlıma da gəlmirdi ki, ikinci yeri Rəşada hazırlayıram. Daha bir maraqlı məqam da yaşandı. Qəbir yerləri sıra ilə olur və dəfni növbə ilə sırası çatan qəbirdə edirsən. Lakin təsadüfdən İftixarı ikinci qəbirdə dəfn etdik. Deməli, Rəşadın cənazəsi birinciyə düşürdü. Bu, əslində sıranın pozulması idi. Lakin sonradan tarixə baxanda məlum olur ki, əslində doğru seçim olub. Çünki Rəşadın ölümü İftixardan qabaq baş veribmiş. Sanki ortada bizdən xəbərsiz ilahi bir ardıcıllıq gözlənilir.

-Deyirlər, övladın başına hansısa bir fəlakətdən gəlməzdən öncə valideynin ürəyinə damır. Bu tip hisslər yaşandımı sizdə?

-Çox maraqlıdır ki, həmin gün mistik hadisələr baş verdi. Yoldaşım eyvana çıxıbmış. Elə o anda yoldaşımın gözləri qarşısında binanın yuxarısından bir göyərçin var gücü ilə özünü yerə çırpıb. Məhz həmin dəqiqədə İftixar canını tapşırıbmış. Biz bu xəbəri 10 dəqiqə sonra eşitdik.

-Yuxuda görürsünüzmü övladlarınızı?

- İki dəfə yoldaşım görüb. Görüb ki, İftixar həmişəki kimi oğlu ilə əl-ələ tutub bizə gəlir və evə yaxınlaşanda Ərturan onun əlindən çıxıb mənim qucağıma qaçır. Bir dəfə də Rəşad başıaşağı peşman-peşman harasa getdiyi yerdə yuxusuna girib. Bundan əlavə, Rəşad bəzi dostlarının da yuxusuna girib. Maraqlıdır ki, bütün yuxusuna girdiyi dostlarına eyni sözləri deyib: “Valideynlərimə de ki, məndən nigaran olmasınlar, mən ölməmişəm və burada yerim çox rahatdır”. Yuxusuna girdiyi bir qonşu danışırdı ki, Rəşadı anamla birgə (yəni, qonşunun anası ilə -müəllif) Həcc ziyarətindən gələn görüb. Yuxuda Rəşad qonşuyla belə söhbət edib: “Mənim söyüdlərimi niyə sulamırsız? Səhər atam bağa gəlmişdi, lakin mənim söyüdlərimi sulamadan qayıtdı. Dibində də daş var, həmin daş onların böyüməsinə imkan vermir”. Həqiqətən də, mən bağa getmişdim və hava küləkli olduğundan geri qayıtmışdım. Səhərisi gün qonşu bu yuxunu bizə danışanda şoka düşmüşdük. Gedib qazdıq və həqiqətən söyüdlərdən birinin dibindən böyük bir daş çıxdı.

-Övladlarınızla bağlı hansısa qeyri-adi bir xatirə yadınıza gəlir?

- Mən icra başçısı işləyən vaxt Rəşadın 13 yaşı vardı. Bir dəfə qəfildən yoxa çıxdı və evdə belə bir qeyd tapdıq: “Deməli, vəzifə üçün mübarizə aparırmışsan. Qarabağ əldən gedir, camaat cəbhədə vuruşur, sənsə vəzifədə oturmusan. Mən Qarabağa gedirəm”. Çox axtardım, axırda səsi Tərtərdən gəldi. Tərtərin o vaxtkı icra başçısı Sərdar Həmidovla bərabər onu döyüş bölgəsində tapdıq. Onu görəndə Sərdar Həmidov təəccübləndi ki, bu uşaq mənə Şuşa qaçqını və yetim olduğunu demişdi. Ona görə də orada hamı onu “Yetim” ləqəbi ilə çağırırmış. Nə qədər əlləşsəm də, həmin gün onu qaytara bilmədim. Ayağını dirədi ki, bu gün “Drambon” əməliyyatında iştirak etməliyəm. Dediyini elədi və səhərisi gün birtəhər qaytarıb gətirdim. Sonra dəfələrlə yenə qaçıb getmişdi. Bir dəfə hətta “Laçın dəhlizi”ndən, güllənin qabağından tutub gətirmişdilər. Bir illik hakimiyyətimiz dövründə mən onu Bakıda tapa bilmirdim. Gələndə də qaçqınlara, kimsəsizlərə kömək etməklə məşğul idi. Çox həssas, canıyanan, hamıya kömək etmək istəyən, əyninin paltarını, ayağının ayaqqabısını, boğazının tikəsini başqasına verən bir uşaq idi. O boyda topun-tüfəngin içindən, güllənin qabağından sağ çıxasan, gəlib burda durduğun yerdə canını tapşırasan. Çox ağrılıdır...

-Allah səbr versin!

-Təşəkkür edirəm…

Tural Talehoğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213

Oxşar yazılar