“İslam Açıq Masada” – VI söhbət: Azərbaycan Cümhuriyyəti, Azərbaycan müsəlmanı və... təzadlar
03 iyun 2010 14:45 (UTC +04:00)

“İslam Açıq Masada” – VI söhbət: Azərbaycan Cümhuriyyəti, Azərbaycan müsəlmanı və... təzadlar

“Azərbaycan müsəlmanı çox yüksək imtahanlardan keçib”

Lent.az-ın “İslam Açıq Masada” layihəsi çərçivəsində “İslam və Cümhuriyyət” mövzusunda keçirilən VI tədbirinin iştirakçıları tarixçi professor, millət vəkili Nəsib Nəsibli, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu, islamşünas Arif Yunus, Din və Demokratiya Mərkəzinin sədr müavini Vasif Sadıqlı və Qaradağ Dini İcmasının rəhbəri Ramil Həsənzadədir.

Dəyirmi Masanın moderatoru jurnalist Qurban Yaquboğludur.


TƏZADLARI ARAŞDIRAQ...

Qurban Yaquboğlu:

- Açıq Masaya 28 may ərəfəsində, Cümhuriyyətimizin növbəti ildönümünə yaxın günlərdə yığışmışıq. 19-cu əsrin sonu, 20-ci əsrin əvvllərində başlayan və Xalq Cümhuriyyətinin qurulmasıyla sonuclanan milli intibah və maarifçilik hərəkatında din xadimlərinin rolu az olmayıb. Üçrəngli bayrağımızda islamın bir amil kimi əks olunması təsadüfü deyil. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumətin islamla, dinlə bağlı proqressiv qərarları da yaddan çıxa bilməz – Qafqaz müsəlmanlarının vahid idarəsinin yaradılması, dini etiqad nazirliyinin təsisi buna yaxşı misaldır... İstərdim söhbəti bu istiqamətdə başlayaq.

Nəsib Nəsibli:

- Fikrimcə, 28 may və Azərbaycan Xalq Cümhuriyyətinin yada salınması yalnız təqvimə bağlanmamalıdır, biz bu milli hadisəni daim yaşatmalı və onu dərk etməliyik. Mili intibah dövrünə nəzər yetirsək – bəziləri bu dövrü 1905-1926-cı illərə aid edir, bəziləri onu 1920-ci ildə dayandırırlar - əslində bir cəmiyyət və millət olaraq fikir baxımından o səviyyəyə gəlib çatmamışıq. Çox paradoksal haldır... Bu epoxada dinin, islamın rolu nə idi? Bir neçə sahədə həqiqətən Azərbaycan türk və islam dünyasında çox unikal nümunələr göstərdi. Mədəniyyət sahəsində operanı qeyd edə bilərik və sair... Milli şüurun və dövlətçiliyin əsası da məhz onda qoyuldu. Həmin vaxt ictimai həyatda bir neçə siyasi cərəyan təmsil olunurdu. Onlardan biri də İttihad Partiyasının timsalında islami dəyərləri müdafiə edən siyasi təşkilat idi. Bu, daha çox keçmiş Rusiya imperiyası daxilindəki müsəlmanların birliyini proqram məqsədi elan etmiş bir pariya və parlamentdə ikinci böyük fraksiya idi. Qarabəy Qarabəyovun rəhbərlik etdiyi İttihad Partiyası hümmətçilik dövründən qopmamış bir təşkilat kimi diqqəti cəlb edirdi. Müsavat Partiyası və bitərəf demokratları hakim siyasi qüvvə hesab etsək, İttihad onlara müxalifətdə dayanırdı. Müsavata düşmən münasibət göstərdiyini deməsək də, hər halda münasibətlər soyuq idi. İttihadçılar deyirdilər ki, Azərbaycan öz müstəqilliyini elan etsə və bunu gerçəkləşdirsə, onda tatarlardan, Volqaboyu əhalidən, Şimali Qafqazdan, Orta Asiyadan, yəni keçmiş imperiya müsəlmanlarından ayrı düşəcək. Bu da bir məntiqdir. 1918-1920-ci illərdə bu iki cərəyan arasında – müsavatçılarla ittihadçılar arasında mübarizə 1920-ci il aprelin 27-nə qədər davam etdi. Çox maraqlı faktdır, ittihadçılar əslində bolşevik işğalını dəstəklədi və sovet rejiminə əl çaldılar. Bir müddət sovetlərlə yaxşı münasibətdə oldular, amma bu da uzun sürmədi. Dinin, islamın əleyhinə olan bolşeviklər ittihadçılardan istifadə etdikdən sonra bu partiya siyasi səhnəni tərk etməli oldu.

Qurban Yaquboğlu:

- Nə qədər ki, islam Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun timsalında mənəvi-ideoloji aspektdədir - mən 1918-ci ilə qədər olan dövrü nəzərdə tuturam – cəmiyyətdə müsbət rol oynayırdı. Elə ki, islamçılıq siyasi bir təşkilata girdi, işğalla razılaşan bir dünyagörüşə çevrildi. Niyə?

Arif Yunus:

- Camaləddin Əqaninin yaxşı bir sözü var. Deyir, islam ayrı, müsəlmanlıq ayrı. Yəni biri var din, biri də var siyasi islam. Bu gün Qərb-Şərq rəqabətindən çox söhbət açılır, o zaman da belə rəqabət hökm sürürdü. 19-cu əsrdə müsəlman aləmində ən böyük qüvvə Osmanlı imperiyası idi. Xristian dünyasını Avropa ölkələri təmsil edirdi. Avropa ilə müharibə aparan Osmanlı imperiyası uduzduqda islam coğrafiyasında ideoloji fikir axtarışları başladı. Bəlli oldu ki, islam aləmi neçə-neçə yerə bölünüb - şiələrə, sünnülərə, digər təriqətlərə... İslamın ən parlaq dövrünə, peyğəmbər zamanına qayıdışı məqsəd seçən vəhhabilik də bu dövrdə irəli çıxdı. Digər tərəfdən, millətçilik start götürdü, bu, ərəblər arasında, o cümlədən İranda vüsət aldı. Osmanlı imperiyasında pantürkçülük ideyaları yayıldı. Bütün bunlar o vaxtkı Azərbaycana da təsirsiz ötüşmədü. Sadəcə, fərq o idi ki, Şimali Azərbaycan Rusiya imperiyasının çərçivəsində idi və burda proseslər Rusiyada baş verənlərlə əlaqəliydi. Azərbaycan cəmiyyəti o vaxt iki yerə bölünmüşdü. Ziyalıların əksəriyyəti türkçülüklə, millətçiliklə bağlı ideya ətrafında birləşmişdilər. İslam ideyası ətrafında birliyi isə İttihad Partiyası müdaifiə edirdi.
İttihadçılarla kommunistlərin birləşməsi tarixi bir həqiqətdir. Kommunistlər hakimiyyətə gələn gün elan etdilər ki, öz partiyalarından başqa digər siyasi qurumlar ləğv olunur. İttihad rəhbərliyi elan etdi ki, təşkilat üzvləri Kommunist Partiyasına üzv yazılsınlar. Azərbaycanda 1927-ci ilə kimi ittihadçılara toxunmadılar, yalnız millətçilərə zərbə vurdular. Məlumat var ki, 1927-ci ildə İttihad Partiyasının bəzi üzvləri gizli birliyə cəhd ediblər, amma alınmayıb. Sonra repressiyalar başladı...

Qurban Yaquboğlu:

- İslami prinsipləri prioritet seçən bir təşkilatın ateist kommunistlərə loyal münasibəti və ya onları dəstəkləməsi çox təzadlı görünür... Bəlkə burada ayrı amilin rolundan söz açmalıyıq? Məsələn, Qarabəy Qarabəyov haqqında xeyli qaranlıq fikirlər var, onu agent adlandırırlar, özü də 30-cu illərdə müəmmalı şəkildə öldürülüb.

Arif Yunus:

- Mən kiməsə “agent” damğası vurmaqla məsələnin həlli yolunu göstərməyin tərəfdarı deyiləm. 18-20-ci illərdə də siyasi rəqabət şəxsi ambisyalar üzərində qurulmuşdu. Belə münasibətlər fonunda düşmənin kimliyi əsas rol oynamırdı, “təki rəqib sıradan çıxsın” fikri öndəydi...

İlqar İbrahimoğlu:

- Müzakirələrdə olduqca dəyərli mülahizələr irəli sürülür. “İttahad Partiyası o zaman bütün islami düşüncəni, bütün müsəlmanları təmsil edirdi” fikrini qəbul etmirəm. Ümumi götürsək, o zaman həm Müsavatın, həm də İttihadın ideologiyasnda islami kimlik düşüncəçi mövcud idi. Mən bir az önə gedərdim. Çar imperiyası dönəmində Azərbaycanda nihilistik bir ab-hava vardı, Azərbaycan insanının ancaq mənfi xüsusiyytələrini göstərmək, hər şeyin pis olduğunu qabartmaq, bütün ruhaniləri mənfi qiyafədə qələmə vermək tendensiyası yayılmışdı. Müsavatçılıq ideologiyası və İttihadçılıq Azərbaycan insanının iki düşüncə tərzi idi. Mahiyyət etibarilə götürsək, hesab edirəm ki, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə islami kimlik məsələsində Azərbaycan insanının duyğularını daha yaxşı ifadə etmişdilər və buna ardıcıllıqla sahib çıxmışdlar. İttihadın taleyində sonradan meydana gələn ikiləşmə göstərir ki, bu, İttihad Partiyasının önündə dayanmış insanların şəxsi islami qavrayışları ilə bağlı olub. Yəni illər boyu islamı Azərbaycanda aradan çıxarmaq üçün əlindən gələni etmiş çar imperiyasının o coğrafiyada hər hansı formada mövcudluğunu saxlamaq istəyilə islami kimliyin bir yerdə olması absurddur. Yaxud ittihadçıların özlərinə tamamilə yad düşüncəli kommunistlərlə, ateistlərlə birləşməsi sübut edir ki, bu, islam kimliyinin tam təzahüri deyil. İslam kimliyi ayrı bir məsələdir.
Bizim xarakterimizə uyğun bir yanaşma var – bir hadisəyə ya bərk heyran oluruq, ya düşmən kəsilirik. Halbuki prosesləri, hadisələri olduğu kimi qəbul edib öyrənməliyik. Bəli, 1918-ci ilə qədər də milli varlığımızın qorunub saxlanmasında islami kimlik əvəzedilməz rola malik idi. 1918-ci ildə Cümhuriyyətin meydana çıxmasında islamın böyük rolu vardı. Üstəlik, bu, bayraqda, başqa atributlarda da əksini tapıb. Bundan əlavə, o zaman milli düşüncəmizin öndə gedən insanları islama ikinci-üçüncü, beşinci dərəcəli məsələ kimi baxmırdılar. Özləri o həyatı yaşayan insanlar idilər, bu da çox önəmlidir. Nəticədə bayrağımız, milli düşüncəmiz ortaya çıxdı. Hesab edirəm ki, Cümhuriyyət pozitiv, praqmatik, intellektual Azərbaycan insanının məhsuludur.

Qurban Yaquboğlu:

- 1918-1920-ci ilin müsəlmanları siyasi arenada qəribə bir vektorda dəyişirdilər. 1920-ci ildə islami kimlik daşıyan ittihadçılar Rusiya kommunistləri ilə birləşdilər. Ondan öncə, 1918-i ilin iyun böhranında ilhaqçılar Türkiyə ilə birləşməyin tərəfdarı idilər və çox qızğın mübarizə aparırdılar. Bu təzadların da üstünə getməyin tərəfdarıyam...

“DÖVLƏT MİLLƏTÇİLİK ƏSASINDA QURULUR, NƏ DEYİRSİZ-DEYİN”

Nəsib Nəsibli:

- Bu, “harada olursa-olsun, müsəlmanlarla birlükdə olaq” yanaşmasından qaynaqlanırdı. Ya Osmanlı, ya da Rusiya müsəlmanları ilə... Yəni klassik bir birlik, ittihad proqramı irəli sürülmüşdü. Maraqlı bir cəhət də var. Bizim bayrağımızda əksini tapmış türkləşmə, müasirləşmə, islamlaşmanın ilkin forması bu cürdür: Türk şüuru daşıyaq, müsəlman mənəviyytına dayanaq, firəng qiyafəli olaq. Bu düsturda həqiqi bir tolerantlıq var. İlk baxışda qeyd olunan tezislər bir-birinə ziddir. Amma Azərbaycanın coğrafi möveyi elədir ki, bunlardan birinə üstünlük verib, digərlərini çıxsaq, Azərbaycan dövlət və millət olaraq naqis görünər.
Dövlət millətçiliyin əsasında qurulur, nə deyirsiniz-deyin. Ərəb ölkələlərinin bəzilərində islam birliyi var, amma o da millətçiliyin bir forması kimi təzahür edir. İranda da islam fars millətçiliyinin bir formasını alıb. Mənim diqqət çəkmək istədiyim bu üçlü düsturun həm mürəkkəbliyini, həm də onların bir-birini tamamladığını dərk etməliyik.

Qurban Yaquboğlu:

- Bu üçlük yalnız Azərbaycan hadisəsidir?

Nəsib Nəsibli:

- Eyni yanaşma Türkiyədə də olub. Türkiyə Cümhuriyyətinin təcrübəsi göstərir ki, həqiqətən də “üçlük”dən birinə ifrat üstünlük verəndə, mənfi nəticələrə gətirir. Bölgü düz olmayanda, yəni din mənəviyyat sahəsindən uzaqlaşanda, yenə problemlər yaranır.

Vasif Sadıqlı:

- Azərbaycanlıların müstəqilliyə və teokratik dövlətə münasibəti məsələsi ilə bağlı bir şeyi qeyd etmək istəyirəm. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, azərbaycanlılar müstəqillik dönəmində xaricdə və daxildə çox qatı düşmənlərlə üz-üzə idilər. Daxildəki qatı düşmənlər deyiləndə kommunist ideologiyasından başqa, həm də guya dini düşücəli, əslində dinəzidd fikirli müsəlmanlardan söhbət gedirdi. Mirzə Fətəli Axundovu qırağa qoyaq, hesab edək ki, o, ateistdir. Amma Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi ziyalılar da islamın kütlə tərəfindən qəbul edilən formasını rədd edirdilər. Azərbaycan ziyalıları üçün Xalq Cümhuriyyəti o vaxt zərurət idi, əhali üçünsə rahatlığı pozan bir şey... İttihadçıların kommunistlərlə dil tapmasına gəlincə, müəyyən məqamlara diqqət yetirmək lazımdır. 1917-ci ildə Sovet Rusiyası kilsənin dövlətdən ayrılması haqqında dekret verdi. Kilsənin hüquqi şəxs statusu əlindən alındı, mülkiyyətdən məhrum edildi. Öz dininə belə münasibətdə olanlar müsəlmanların nəyinə aşiq olmuşdular? Müəyyən dövrdə bolşeviklər Azərbaycanda hətta Mübariz Mollalar İttifaqı da yaratdılar, dünyaya azadlıq gətirəcəklərini söylədilər. Çünki konkret məqsəd vardı. Azərbaycan da daxil olandan sonra Rusiyada 30 milyon müsəlman bir araya gəlirdi. Sovet Rusiyası bu gücdən istifadə edib, Türkiyə və İranı da öz təsir dairəsinə almaq, bütün dünyada kommunizm qurmaq istəyirdi. Ancaq sonradan durum dəyişdi...
Mən İranla bağlı məsələyə də toxunmaq istəyirəm. Məhəmməd Əmin Rəsulzadə yazır ki, Xalq Cümhuriyyəti qurulanda İrandan təbrik gözləyirdik, nifrətlər gördük. Bu da təbii idi. Çünki Azərbaycan adlanan xalq 100 il əvvəl İranla Rusiya arasında bölünmüşdü. Ona görə də Şimali Azərbaycanda yaşayan azərbaycanlıların müstəqil olması presedentini İran qəbul edə bilmirdi. Xalq Cümhuriyyətinin məzhəb fərqini aradan qaldırması, Avropa modelini irəli sürməsi cənub qonşumuzun xoşuna gəlmirdi.

Arif Yunus:

- Hər bir xalqın dinə, islama münasibəti fərqlidir. Biz bunu unutmamalıyıq. Bu münasibət tarixən də dəyişir. 20-ci əsrin əvvəlində Azərbaycanda “molla” sözü neqativ, mənfi xarakter daşıyırdı, bunu da vurğulamalıyıq. O ideya da vardı ki, islam dünyası Qərb ölkələrinə uduzursa, deməli, inkişaf eləmiş Qərbdən öyrənməliyik. Modernləşmə ideologiyası bu yanaşmadan törədi. O zamankı liderlərimiz anlayırdılar ki, əhalinin əksəriyyətinin həyatında islam böyük rol oynayır və əlbəttə, bunu kənara qoymaq qeyri-mümkündür.

Vasif Sadıqlı:

- Tək islamdan söhbət getmir. Bütün dinlər yaranandan sonra onun çox böyük amil olduğunu görüb, onu ya siyasi, ya etnik mənafelərə uyğun şəklə salmaqla yararlanmağa çalışıblar.

DİNİMİZ CÜMHURİYYƏTƏ BÖYÜK ÖNƏM VERİR

Ramil Həsənzadə:

- Mövzumuz Cümhuriyyətlə bağlıdır. “Cümhuriyət” ərəbcə müsəlmanların cəm halda yaşadıqları ərazini bildirən “cümhuriyyə” sözündəndir. İslam mənbələri olan Quran və hədislərə müraciət edəndə islamda cümhuriyyətə böyük önəm verildiyini görərik. İslam cəmiyyətin islahını cümhuriyyətsiz qəbul etmir. İslamın böyük şəxsiyyəti həzrət Əlinin dövlətçilik prinsiplərində xüsusi rolu olub. Həzrət Əli buyurur ki, insanlara bir hökmdar gərəkdir, istər yaxşı əməl sahibi olsun, istərsə pis. Çünki hökumətin vasitəsilə vergilər yığılar, düşmənlə müharibə aparılar, yollar əmin-amanlıq olar, zəifin haqqı güclüdən alınar, yaxşı əməl sahibi asayişdə yaşayar. Soruşurlar, ya Əli, məgər islam pis hakimi də qəbul edir? Həzrət Əli buyurur ki, zalım hakim yırtıcı şirdən betərdir, amma uzun-uzun fitnələrdənsə zalim hakim yaxşıdr. Həzrət Əli başqa bir kəlamında vurğulayır ki, dövləti möhkəmləndirən ən mühüm amil ədalətdir. İnsanlara nə lazımdır? Allaha ibadət etmək üçün imkanı olsun. Çünki bir qapıdan aclıq girirsə, o biri qapıdan müxtəlif fəsadlar girəcək. 1993-cü ildən dini icmada çalışıram. O vaxtdan nə qədər insanların yad təriqətlərə qoşulmasının və başlarına nələrin gəldiyinin şahidi olmuşam. Bunların əsas səbəbi maarifsizlikdir.

Qurban Yaquboğlu:

- Son 90 ildə Azərbaycan müsəlmanları nə qədər dəyişib?

İlqar İbrahimoğlu:

Burada fikir səsləndi ki, 20-ci əsrin əvvəllərində, eləcə də Cümhuriyyət dönəmində avam kütlə müsəlman idi, liderlər də məcbur qalıb, islama sahib çıxdılar. Mən əksinə düşünürəm. İslam o insanların canındaydı. Cümhuriyyət banilərinin 30-cu illərdən sonra yazdıqlarına fikir verdikdə görürük ki, mənəvi dəyərlərin, islami ruhiyyənin aradan getməsindən nə qədər daxili narahatlıq və nigaranlıq keçirirdilər. O zamanın Cümhuriyyət ziyalısı islami kimliyə sahib idi. Bugünkü Azərbaycan intellektualı islami kimliyə malik deyil, əkisnə daxilində islamafobiya əhvalı var. Bunu hamıya aid etmirəm... Ən ciddi fərqlərdən biri budur. İkinci ciddi məsələ var. Bugünkü inanclı kəsim Cümhuriyyət dövründə olan kəsimdən çox fərqlənir. Fərqlər nədən ibarətdir? Birincisi, bugünkü inanclı kəsim Xalq Hərəkatından keçib. İkincisi, Rusiyaya qətiyyən meyilli deyillər. Bu, çox ciddi məsələdir. Bu gün Azərbaycan inanclısını Tükiyə, İran və başqa meyillərdə günahlandıra bilərlər, amma Rusiyaya yönümdə günahlandıra bilməzlər.

Növbəti mühüm fərq ondan ibarətdir ki, bu gün ümumi kütlə təhtəlşüurda nə qədər islamdan çəkinirsə, savadlı gənclik o qədər islama rəğbətlidir. Yəni Cümhuriyyət dönəminin əksidir... Umumi xalqın islamla bağlı təhtəlşüurunda ciddi bir ehtiyatlığı var. Bu da maraqlı məsələdir ki, sovetlərdən sonra formalaşan intellektual elita islama doğma inanc və öz kimliyi kimi baxır. Bir məsələni də deyim. Bu gün millətçilik məsələsi də transformasiya olunub. Məhəmməd Əmin Rəsulzadənin, Cümhuriyyətin banilərinin millətçiliyə verdiyi tərif isə bu gün ən müasir təriflərllə daha çox uzlaşır. Bu özü maraqlı bir məsələdir.

Qurban Yaquboğlu:

- Bunu konkretləşdirmək olarmı?

İlqar İbrahimoğlu:

- Milli anlayış məsələlərinə Cümhuriyyət banilərinin verdiyi istiqamətlər zaman ötdükcə təsdiqini tapır. Həm də onların bütün bu problemlərin həlli üçün çox az - cəmi 2 il vaxtları olub. Cümhuriyyət rəhbərlərinin məcburiyyət qarışısnda işlədikləri institusional qurumlar çar imperiyasının qalıqları idi. Ona görə də çox çətinliklərlə qarşılaşırdılar.

Nəsib Nəsibli:

- Bir neçə qeydim var. 1917-ci ildə Bakı Sovetinə seçkilər keçiriləndə çoxmillətli Bakı əhalisi arasında azərbaycanlılar aktiv olmasaydılar, seçkini uduzacaqdılar. Onda Məhəmməd Əmin Rəsulzadə xalqa müraciət edib dedi ki, qadınlarmız bu seçkidə iştirak etməlidirlər. 1917-ci ildə o müraciət oldu, 1918-ci ildə İstiqlaliyyət Bəyannaməsində yazıldı ki, cinsi, dini, etnik fərqlər nəzərə alınmadan bütün vətəndaşlar bərabər hüquqlara malikdirlər. Biz onunla fəxr edirik, amma fərqinə varmırıq ki, bu adamlar birdən-birə necə böyük addımlar atıblar... Hətta onlara qarşı çıxan, dinsizlikdə suçlayanlar da vardı.

Zamanında standart geyimin xaricinə çıxan insanları barmaqla göstərirdilər. 10-15 il əvvəl Bakıda dar şalvar geyinən qıza münasibət başqa cür idi, bu gün başqa cür. Yəni zaman dəyişir və şərtlərini diqtə edir. Bu prosesdə əsas götürülməli məsələ millətin, toplumun faydasıdır. Maraq tələb edəndə prinsipləri dəyişmək olar. Məsələn, ədalət prinsipini dəyişmək olmaz, amma digər məsələlərdə korrektələr etmək olar və gərəkdir. Deyirlər, Şərqlə Qərbin ən böyük fərqi ondadır ki, Şərq həmişə ədalət arxasınca getməyə çalışıb, ona nail olmayıb. Qərb isə azadlıq arxasınca gedib və çox şeyə yetişib. Böyük fərqdir...

Arif Yunus:

- Mən də o fikirlə razıyam ki, dövrü yaddan çıxarmamalıyıq. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bütün siyasi elita müsəlman idi. Sən uşaqlıqdan islam adət-ənənələrilə yaşayırsansa, bəzi şeylər xoşuna gəlməsə də, həyatını sürürsən. O zamankı siyasi elitanın əksəriyyəti liberal islamçılara aid idilər. Onlar başa düşürdülər ki, islam Azərbaycana lazımdır, xalqımız islam sivilizasiyasının bir hissəsidir, amma zamana uyğun olaraq islamda da modernləşdirmə aparmaq lazımdır. Əlbəttə, mühafizəkar qrup bunun əksinə gedirdi.
90-cı illərdə müstəqillik uğrunda mübarizədə millətçilik üstün ideologiya idi, bu, birinci mərhələdir. Sonra ikinci dövr başladı, indi dinimizə qayıdırıq. Üçüncü mərhələ, zənnimcə, bunların, yəni millətçiliklə dinin birləşməsi, uyğunlaşması olacaq.

ÜÇ “D” MƏSƏLƏSİ...

Ramil Həsənzadə:

- Millətin millət kimi formalaşması üçün üç “d” lazımdır. Söhbət dil, dövlət və dindən gedir. Şükür Allaha, bu gün Azərbaycanda dilimizlə bağlı təhlükə yoxdur. Şükür ki, dövlətimiz də artıq özümüzün, azərbaycanlı müsəlmanların əlindədir. Təəssüf ki, bəzi hallarda dinimizin xaricdən ildarə olunduğunu görürük.

Qurban Yaquboğlu:

- Dinimizin kənardan idarə olunduğunu bir dindarın söyləməsi ciddi bəyanat oldu... Məscid söküntüsüylə bağlı İrandan, ayətullah Məkarim Şirazidən gələn açıqlama ətrafında xeyli qınaqlar, narahatlıqlar ortaya çıxdı.

Ramil Həsənzadə:

- Mənim o alimə çox böyük hörmətim var, onun kitablarını oxumuşam. Alim səhv etmir, sadəcə, ona informasiyalar düzgün çatdırılmayıb. Onun Azərbaycandan xəbəri yoxdur. Mən Şiraziyə məktub yazdım ki, hörmətli Ağayi Şirazi, siz Azərbaycan barədə fətva verəcəyinizdən danışmısız. Amma yaddan çıxarmayın ki, Azərbaycanın dövlət büdcəsindən şiə məscidlərinin və ziyarətgahlarının təmirinə, genişləndirilməsinə və bərpasına 100 milyon dollara yaxın pul ayrılıb. Bibiheybət, İmamzadə məscidinə hətta iranlı mütəxəssislər də cəlb olunub. Eyni zamanda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində şəxsən Şirazinin kitabları qeydiyyatdan keçib və dini məktəblərdə dərslik kimi istifadə olunur. Bunun müqabilində Azərbaycanda bütün vəhhabi məscidlərinin qeydiyyatı ləğv olunub, ən böyük məscidləri bağlanılıb. Bu, faktdır. Şiraziyə müraciətimdə bunları yazdım. Sual çıxır: Əgər Şirazinin söylədiyi vəziyyət olsaydı, bu dediklərimi gerçəkləşdirmək mümkün olardımı?..

Nəsib Nəsibli:

- İran vətəndaşının Azərbaycanın işlərinə müdaxiləsi yolverilməzdir. Azərbaycan əhalisinin 99 faizi də, zənnimcə, bu fikirdədir. Deməli, bu məqamda üstünlük verdiyimiz nədir? Milli mənafe, dövlət maraqları...

İlqar İbrahimoğlu:

- Səslənmiş bir neçə fikrə münasibət bildirmək istəyirəm. Bəli, 20-ci əsrdəki milli intibahın nailiyyətlərindən biri qadına münasibətin dəyişdirilməsi idi. Amma Azərbaycan istisna yerlərdən biridi ki, bu prosesdə məhz ruhanilərin köməyindən yararlandılar. Dövrün böyük alimləri olan Mir Məhəmməd Kərim ağanın, Əbu Turab ağanın evini fanatiklər bu səbəbdən yandırır, onları təqib edirdilər. Məhz həmin alimlər qadınların məktəbə getməsinə, səsvermədə iştirakına razı olan fətva vermişdilər. Zənnimcə, Amerika kəşf etməyə ehtiyac yoxdur. Məmləkətdə belə nüfuzlu müctəhidlər olmalıdır ki, insanlar onlara müraciət etsin və fətvalarını əsas götürsünlər. Söhbət müəyyən mərtəbəyə yüksəlmiş ruhanilərdən – akademiklərdən, mərceyi-təqlidlərdən gedir. Bu gün bizim dəyərli sünni qardaşlarımızın müraciəti üçün akademik mənbə yoxdur – onlar Misirin Əl-Əzhər Universitetinə üz tutmalı olurlar. Cəfəri məktəbində olanlar da ya İraqa, ya da İrandakı akademikə, mərceyi-təqlidə müraciət edirlər. Bu bir gerçəklikdir. Bu gerçəkliyə etirazımız varsa, Azərbaycanda akademik ilahiyyatçılar yetişdirək, qoy dünyadan bizə müraciətlər gəlsin.

“Fatimeyi-Zəhra” məscidilə bağlı məsələlərə gəlincə, hamıya məlumdur ki, bu sayaq problemlər son iki ildə orataya çıxıb. Hamısında günahı məsciddəki adamlarda axtarmaq o qədər də inandırıcı deyil. Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi dedi ki, “Fatimeyi-Zəhra” məscidində hər şey qaydasındadır, biz o məscidə zaminik. Amma faydası olmadı. Bir ildir bu barədə danışılır. Məscidlərin məzhəbi olmur – buna da diqqət yetirmək lazımdır. Fikrimcə, Allah evləri istənilən halda bağlanmamalıdır.

Sonuncu mövzuya baxaq. Təəssüf ki, Azərbaycan mətbuatı bu mövzuya Şirazinin müraciətindən sonra qoşuldu. Mayın 7-də Türkiyənin “Fateh” camesində türk müsəlmanları cümə namazından sonra məscidin sökülməməsi üçün Azərbaycana müraciət etdilər. Mayın 10-da islam dünyasının alimlərindən olan Ayətullah Gülpiyaqani xahişlə Azərbaycanın dövlət başçısına məktub yolladı. Məsələ ayın 13-də həllini tapmışdı. Həmin gün “Fatimeyi-Zəhra” məscidinin taleyilə bağlı məktub Qafqaz Müsəlmanları İdarəsinin ixtiyarında idi. Yəni məsələ müsbət həll olunmuş, mövzu bitmişdi. Demək istəyirəm ki, məscid problemi Şirazinin müraciətindən sonra çözülməyib. Bu, Azərbaycan dövlətinin qələbəsidir.

İNANCLI KƏSİM ÇOX İMTAHANLARDAN ÇIXIB

Qurban Yaquboğlu:

- Cümhuriyyət dövrünün müsəlmanından söz açdıq, bəzi səhvləri qeyd etdik. Bəs bugünkü inanclı kəsim haqda nə demək olar? Hazırkı Azərbaycan müsəlmanı tarixi-siyasi baxımdan tələblərə cavab verir, ya yox?

Nəsib Nəsibli:

- Norma qoyub ölçmək çox çətindir. Bu gün Azərbaycanda həqiqətən özümüzün dini mərkəzlərimizin yoxluğu bir problemdir. Böyük bir alimin kənardan Azərbaycandakı məsələlərə münasibət bildirməsi problemi də yoluna qoyulmalıdır. Mən çox istərdim ki, ölkədə güclü intellektual islami mərkəzlər olsun. İstərdim həqiqətən bayrağımızdakı üç rəng cəmiyyət həyatında bir-birini tamamlasın. Cəmiyyətimizdə olan naqisliklərin böyük bir hissəsi sovet dövründə dinin rolunun ifrat səviyyədə aşağı salınması və qadağan olunmasından qaynaqlanır.

Arif Yunus:

- 1918-1920-ci illərlə Azərbaycan cəmiyyətində hamı bir nəfər kimi müsəlman idi. Siyasi liderlər islama münasibətdə liberal və mühafizəkarlara bölünmüşdülər. Hazırda Azərbaycan əhalisinin maksimum 7 faizi əsl dindardır.

Qurban Yaquboğlu:

- Həmin 7 faiz 20-ci əsrin əvvəllərilə müqayisdə hansı keyfiyyət dəyişikilərinə uğrayıb?

Arif Yunus:

- Dəyişiklik var, problemlərsə daha çoxdur. Azəbaycanda nüfuzlu dini mərkəzlərimiz hələ yoxdur, bu faktdır. Amma dindarların xaricdən idarə olunması fikrinə məntqilə yanaşmaq gərəkdir. Son hadisəni götürək. Məscid probleminə ABŞ-dan reaksiya gəlsəydi, cəmiyyət onu necə qarşılayacaqdı? Söhbət onda deyil ki, İrandan səhv etiraz səsi gəlib. Söhbət ondadır ki, İrana münasibət neqativdir. Bu etiraz yaxşı imicli ölkədən gəlsəydi, ona daha dözümlü yanaşardıq.

Ramil Həsənzadə:

- Fikrimcə, hazırkı dünayda xarici təsiri tamam yox eləmək mümkün deyil. Ola bilsin, bizdə bu təsir nisbətən çoxdur. Mən də o fikirlə razıyam ki, dini təhsillə bağlı problemlər həllini tapmalıdır. İslam Universiteti var, amma orta məktəblərdə din tədris olunmur. Baza biliyi almayan gənc necə universitetdə oxuya bilər? Bu gün kadr qıtlığı da danılmazdır.

İlqar İbrahimoğlu:

- Azərbaycan dövləti üçün bugünkü inanclı kəsimin vəziyyəti çox müsbətdir. Birincisi, bu kəsim savadlı, təhsillidir, ikincisi, inanca ənənələrdən yox, könüllü surətdə gəlib. Bundan əlavə, çox yüksək patriotizm mühiti var. Azərbaycan inanclısını incik salan faktlar da az deyil. Amma hesab edirəm ki, Azərbaycan müsəlmanı bu dövrlərdə çox yüksək imtahanlardan keçib. İnanclı insan onun fərqindədir ki, cavan dövlətdə yaşayır, adaptasiya mərhələsidir, dinlə, dindarla davranış ənənəsi indi-indi yaranır.

Vasif Sadıqlı:

- Cümhuriyyət dövrünün inanclı kəsimini müasir dövrün inancı kəsimi ilə müqayisə etdikdə, böyük irəliləyişdən danışmaq lazımdır. Sovet dövründə azərbaycanlıların din haqqında geniş anlayışı olmasa da, dünyagörüşü yetkinləşdi. Seyid Əzim Şirvani “Qafqaz müsəlmanlarına xitab” şerində yazırdı ki, desən, Yer yumrudur, zəlzələnin səbəbi buxardır, balığın tərpənməsi deyil, deyərlər, bu, kafərdir. Çünki o adamlar inanırdılar ki, zəlzələ məhz balıq tərpəndiyinə görə baş verir. Aradakı 70 ilin bizə verdiyi müsbət yeniliklər o oldu ki, din haqqında heç bir anlayışı olmayan adamı artıq həmin mövhumat səviyyəsinə endirmək qeyri-mümkündür. Eyni zamanda, islam adlanan yaramaz biçimli dövlətlərin örnəyi Azərbaycanda rəğbət doğurmyacaq, bu da inkişafın nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar