Qulu Məhərrəmli: “Bir də gördüm, AzTV-də əl-ayağa düşüb məni təcili axtarırlar...” – MÜSAHİBƏ
11 may 2010 18:00 (UTC +04:00)

Qulu Məhərrəmli: “Bir də gördüm, AzTV-də əl-ayağa düşüb məni təcili axtarırlar...” – MÜSAHİBƏ

Lent.az-ın “Persona” rubrikasının qonağı tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, “Xəzər” telekanalının baş məsləhətçisi, “Jurnalistika və İnkişaf Mərkəzi”nin sədri, BDU-nun professoru Qulu Məhərrəmlidir. Qulu müəllim bizimlə söhbətdə keçdiyi həyat yolu, dünyagörüşü, günümüzün mənzərəsi, dinə münasibəti və əxlaqi dəyərlər barədə danışdı, jurnalistikamızın problemlərindən söz açdı…

- Qulu Məhərrəmli Azərbaycan jurnalistikasında özünə nə dərəcədə asan, nə dərəcədə çətin yer tapa bilir? Jurnalistikamızda öz yerinizi necə görürsünüz?

- Bir az pis yerdən başladınız, düzü, heç bu barədə düşünməmişəm. Amma onu bilirəm ki, jurnalistika bir ərazidir, təbii ki, burada mən də varam. Biz mürəkkəb zəmanədə yaşayırıq, nadir hallarda kimsə öz layiqli qiymətini ala bilir. Mənim böyük umacaqlarım olmadığı üçün gözüm zirvələri gəzmir. Həm də yer müəyyənləşdirmək kimi qəliz işlər bizim iradəmizdən asılı deyil. Hərçənd ki, bəzən cəmiyyətin, mənsub olduğun sahənin elitasının sənə verdiyi qiymət ictimai rəydə xəfif küləklər əsdirir.

- Jurnalistikaya gəlişiniz necə olub, bu sahədəki ilk addımları harada və necə atmısınız?

- Təxminən 8-9-cu siniflərdə oxuyanda artıq qərara almışdım ki, jurnalist olacağam, bir az romantik qərar idi. O vaxt Şuşada internatda-məktəbdə oxuyurdum, yerli “Şuşa” qəzetində yazılarım çıxırdı, respublika qəzetlərinə də kiçik xəbərlər yazırdım. Universitetin jurnalistika fakültəsinə daxil olandan sonra da mətbuatda yazılarım gedirdi. İxtisas bölgüsündə televiziya-radio qrupuna düşmüşdüm və istər-istəməz bu yol məni efirə doğru aparırdı. 3-cü kursda artıq radionun fəal müxbiri idim, əlimdə ağır reportyor zavodlardan reportajlar hazırlayır, elm və sənət xadimləri, tanınmış insanlar haqqında iri həcmli efir materiallar yazırdım. “Qocaman” radioda çoxları inanmırdı ki, bu oçerklər bir tələbənin qələmindən çıxır. Təbii ki, o zaman ixtisas müəllimlərimiz – unudulmaz Tofiq Rüstəmov və indi bir kafedrada çalışdığımız professor Yalçın Əlizadə bizə çox kömək edirdilər. Həmin dövrdə radionun elmi-kütləvi verilişlər şöbəsinin müdiri olan çox savadlı və dürüst bir insan, rəhmətlik Əhməd Xaspoladovdan da çox şey öyrənmişəm. Radio üçün necə yazmağı, redaktənin incəliklərini, tərcümə etməyi, iri kompozisiyalar yazmağı onun yanında mənimsəmişəm. Növbəti praktika ilini isə televiziyanın “Xəbərlər” redaksiyasında keçirdim. Verilən tapşırıqları yarıtdığım üçün daimi əməkdaşlığa dəvət etdilər.

- Beləliklə, həyatınızın AzTV dövrü başlandı…

- Bəli, 1978-ci ildən – universiteti bitirəndən “Xəbərlər”də reportyor kimi işə başladım. Radiodan fərqli bir mühit gördüm, daha çevik işləməyi, xəbəri diz üstə yazmağı, dar macalda qərar verməyi, operativ reportaj hazırlamağı, görüntünü və səsi duymağı, mətnlə işləməyi öyrənə bildim. Sonra TV-nin Elmi-kütləvi verilişlər baş redaksiyasında çalışdım. 2-3 ildən sonra AzTV-də «Beynəlxalq həyat» redaksiyası yaradıldı və məni oraya böyük redaktor təyin etdilər. 26-27 yaşım olardı, professorlarla, siyasi-icmalçılarla işləyirdim, onlara irad tutanda və ya bir tapşırıq verəndə xeyli utanırdım.

1991-ci ildə Azərbaycan televiziyasında, sözün həqiqi mənasında, islahatlar başladı. O vaxt bu quruma rəhbərlik edən Məmməd Murad böyük bir yenilikçi kimi işə girişmişdi. Onu AzTV-nin tarixində yeganə islahatçı sədr hesab edirəm, çünki televiziyanın konsepsiyasını, formatlarını dəyişməyə, sterotipləri qırmağa, sovet standartlarından uzaqlaşmağa çalışırdı. Bir ciddi keyfiyyət dəyişməsi də o idi ki, diktor institutu ləğv olundu və jurnalistlər efirdə aparıcılıq etməyə başladılar. O vaxt ekrana çıxan ilk jurnalistlərdən biri də mən oldum. Əvvəlcə “1000 saniyə” adlanan gecə xəbərlərini aparırdım, sonra isə 1993-cü ilə qədər əsas xəbər buraxılışlarına çıxmağa başladım. Həmin ilin sonlarında isə bir müddət Sahib Alıyevlə birlikdə “7 gün” analitik informasiya proqramını apardım. Bu proqrama ciddi ictimai maraq olduğu üçün təbii ki, bir aparıcı kimi mənə də əhəmiyyət verməyə başladılar. Apardığım əsas proqramla yanaşı, Heydər Əliyevin xarici səfərlərindən və rəsmi tədbirlərdən hazırladığım reportajlar da diqqətdən kənarda qalmadı. 1995-ci ildə qısa müddətdə «Xəbərlər»ə baş redaktorluq da etdim. Sonra televiziyanın siyasi icmaçısı oldum, “Təfsilat”, “Gerçəklik” kimi müəllif proqramlarımı təqdim etdim. 12 il “Səhər” proqramının rəhbəri oldum. Sonda isə bu qurumu Müəllif proqramları və xüsusi layihələr departamentinin direktoru kimi tərk etdim. Burada mənim AzTV hekayətim bitir…

- Xeyli zəngin və maraqlı bioqrafiyanız var, amma etiraf edim ki, AzTV kimi mürəkkəb bir təşkilatda çalışmaq və eyni zamanda ictimaiyyətin rəğbətini qazanmaq çox çətindir. Yəqin ki, bunun yalnız Sizə bəlli olan sirləri var?

- Nə sirr olacaq ki? Əvvəla, insan çalışdığı sahəni yaxşı bilməlidir, ikincisi nəfsinə və digər şeytani istəklərinə üstün gəlməyi bacarmalıdır, üçüncüsü də insan peşəkardırsa, öz vəzifə borcu ilə şəxsi ləyaqəti arasında bir harmoniya yaratmağı bacarmalıdır. Digər tərəfdən, insan düşdüyü yerdə özü üçün mikromühit yaradıb, orada özünü ifadə edə bilirsə, bu da bir şansdır. Mən AzTV-yə gələndə elə bir mərhələ idi ki, hələ burada ciddi ənənələr formalaşmamışdı, amma eyni zamanda peşəkar jurnalistlər, maraqlı şəxsiyyətlər var idi. Əksəriyyəti Moskvada və Leninqradda təhsil almış ustad rejissorlar çalışırdı, biz onlardan çox şey öyrənə bildik. Bu mənada hesab edirəm ki, AzTV mənim üçün həm həyat məktəbi, həm də bir növ prinsiplərimin sınaq meydanı oldu.

- Bir insan kimi indi AzTV-dən küskünlüyünüz qalmayıb ki?

- Bu, bir az xırda məsələdir. AzTV-də ömürlük işləmək heç kimin alnına yazılmayıb. Tarixini araşdırdığımdan bilirəm ki, AzTV həmişə yaxşıların adı ilə yadda qalacaq. Mən ayrı-ayrı fərdlərin ləyaqətsiz davranışına görə inciyə bilərəm. Verilişlərinin bəsitliyinə, yayım siyasətindəki nöqsanlarına, xüsusən, özəl kanalların arxasınca süründüyünə görə AzTV-ni, eləcə də tarixə, ənənəyə və peşəkarlara mutant münasibətinə görə onun rəhbərliyində olan kimisə tənqid edə bilərəm, amma heç bir küskünlükdən söhbət gedə bilməz. Sabah orda rəhbər dəyişikliyi olarsa, dəvət olunsam, yenə AzTV-yə qayıdıb işləyə bilərəm.

- Bəs indi özünüzü “Xəzər” TV-də necə hiss edirsiniz?

- Mən burada iş bacaran, ləyaqətli və imanlı adamların əhatəsindəyəm. Bu televiziya ilk addımlarını atır, qısa müddətdə böyük uğurlar qazanıb, xüsusən, xəbərçiliyin infoteyment üslubunda mühüm nailiyyətləri var. Bu TV-yə baxırlar, təbii ki, onu bəyənməyənlər də ola bilər. Amma sonuncu araşdırmalarda diqqətimi cəlb edən maraqlı faktlara rast gəldim. Xəzər TV-yə baxanların 46 faizi ali təhsillidir, auditoriyası isə universaldır. Məsələn, digər kanallara yalnız gənclər və ya yalnız qadınlar üstünlük verirsə, “Xəzər”ə münasibətdə bu nisbət optimaldır. Güman edirəm ki, ciddi problemlər olmasa, “Xəzər” daha da irəli gedə biləcək.

- Amma “Xəzər” televiziyasının bir növ “Samanyolu” kanalının əsasında formalaşdırıldığı deyilir. Burada müəyyən dini baxışların təbliğ olunduğunu iddia edənlər də var…

- Mən o fikirdə deyiləm ki, Xəzər “Samanyolu”nun davamıdır. Bir yaxşı televiziya digərinə oxşaya bilir. Bu mənada, əlbəttə, Xəzərdə müəyyən əxlaqi çərçivə var. Bu isə onun qüsuru deyil, əksinə üstünlüyüdür. Bütövlükdə “Xəzər” TV Türkiyədən daha çox, Qərb menecmentinin məhsuludur. Onun uğurlarından narahat olmağa dəyməz. Məsələn, bizdə bəzi kanallar xəbər proqramlarındakı təqdimatlarında “Xəzər”in qrafik üslubunu təkrarlamağa çalışırlar. Mən buna çox normal baxıram. Biz dünyadan və bir-birimizdən öyrənməliyik.

- Ətrafınızda olan insanların dini dünyagörüşü ilə bağlı müəyyən rəylər var. Məsələn, Fətullah Gülənə və nurçuluğa Qulu Məhərrəmlinin münasibəti necədir?

- Azərbaycanda şayiə fabriki tam gücü ilə işləyir. İctimaiyyəti aldatmaq və insanları zədələmək üçün çox yalanlar uydurulur. Haqqında təsəvvürüm sizin bildiklərinizdən çox olmayan nurçuluq nağılları da belə uydurmalardandır. İşlədiyim “Xəzər” televiziyası da heç bir xüsusi dini təbliğat aparmır, hansısa verilişdə əxlaq və davranış barədə danışarkən Qurana və ya Peyğəmbərə istinad olunursa, bunun nəyi pisdir ki? Belə yanaşma nə vaxtdan günah sayılır? Amma təbii ki, bütün məsələlərdə olduğu kimi, burada da müəyyən ölçü hissi olmalıdır.

O ki, qaldı Fətullah Gülənə, bilirəm ki, Türkiyədə ondan ehtiyatlanan və ideyalarından xoşlanmayan insanlar var. Həmin insanların Azərbaycanda müəyyən insanlara təsiri də sirr deyildir. Mənim isə Fətullah Gülənlə bağlı başqa fikirlərim var, çünki on il əvvəl İstanbulda onunla görüşüb müsahibə almışam. Bu adamı jurnalistlik fəaliyyətimdə görüşüb müsahibə aldığım M.Tetçer, B.Yeltsin, M.Olbrayt, İ.Rabin, H.Əliyev, S.Dəmirəl kimi maraqlı adamlar sırasında görmüşəm. Mən Fətullah Güləni əsrimizin nəhəng düşüncə adamlarından biri, dialoq və xoşgörüşlü insanı hesab edirəm. Onu Mahatma Qandi ilə müqayisə edənlər yanılmırlar. Fətullah Gülənin təşəbbüsçüsü olduğu böyük maarifçilik xəttini və “könüllülər hərəkatını” alqışlayıram. Bu hərəkat özünü və dünyanı dərk etməyin yeni möcüzəsidir. Dialoqa, tolerantlığa və xoş niyyətə əsaslanan bu hərəkat dünyanın onlarca ölkəsində türk dilini, türkçülüyü təbliğ edir və ən müasir təhsil texnologiyasına əsaslanır. Bilirsiniz, biz nəhayət ki, adamları onların haqqında bəd niyyətlə yayılan şayiələrə görə deyil, əməllərinə görə qiymətləndirməyi öyrənməliyik. Mən əxlaqlı, dinə səmimi olanlara, təbii ki, xalqıma və ölkəmə fayda verənlərə rəğbətimi gizlətmirəm. Ümumiyyətlə, münasibət gizlətmək mənim xarakterimə yaddır. Xoşum gəlməyən adam bunu mütləq bilir. Kiməsə xoş görünmək üçün özümü başqalarının ölçülərinə uyğunlaşdıra bilmərəm.

- Necə hesab edirsiniz, hər hansı jurnalistin öz dini-siyasi dünyagörüşünü ortaya qoyması jurnalistika baxımından düzgündürmü?

- Biz indi müxtəliflik şəraitində yaşayırıq, hər kəsin fərqli dini – siyasi görüşü, dinə, siyasətə, dünya problemlərinə fərqli baxışı ola bilər. Amma bunun jurnalistikaya, cəmiyyəti məlumatlandırma işinə heç bir aidiyyatı olmamalıdır. Düzdür, jurnalistika üçün də mövzu məhdudiyyəti yoxdur. Biz dindən də, din əleyhinə olan adamlardan da yaza bilərik. Fəqət heç bir halda heç kəs öz fərqli dini baxışlarını qəzet və ya televiziya vasitəsi ilə heç kimə təlqin edə bilməz. Kimsə xüsusi siyasi məqsədlərlə dini təbliğat aparırsa, qarşısına müəyyən perspektiv məqsədlər qoyub dini həmin məqsədlərə tabe edirsə, bu, artıq dindarlıq deyil, siyasi fəaliyyətdir. Hesab edirəm ki, bütün hallarda buna qarşı çıxmaq lazımdır. Amma geniş mənada din də bizim böyük dəyərlərimizdən biridir və ən zəruri dəyərlərimiz kimi ona da çox həssas yanaşmalıyıq.

- Dəyərlərə belə xüsusi önəm verməniz haradan qaynaqlanır, ailədən, yoxsa böyüdüyünüz mühitdən?

- Hər bir insan, təbii ki, öz mühitinin məhsuludur. Mənim uşaqlığım çox çətin keçib, atamı tez itirmişəm. İnternat məktəbində oxumuşam, həyat sınaqlarım çox tez başlanıb, çox sərtliklərlə üzləşmişəm, uşaqlıqdan bir çox qanunları beynimə yazmalı olmuşam. Məsələn, hələ o vaxt bizim uşaq qavrayışımıza belə prinsiplər sızdırılırdı: sən gücsüzün yanında olmalı, haqsızdan uzaq durmalı, yalan danışmamalı, döyülən adama kömək etməli, dostunu darda qoymamalı, birsifətli olmalı, yaltaqlıqdan çəkinməli, sirr saxlamağı bacarmalısan. Həyatım boyu bu prinsiplərlə yaşamağa çalışmışam. Bunlardan zərər çəkdiyim anlar da çox olub, amma geriyə də yol yoxdur. Məsələn, göz qabağında kütləvi riyakarlıq olur, birisi öz şəxsi marağı üçün ictimai əxlaqı tapdalayır, digəri savadsızlığını və ləyaqətsizliyini yaltaqlanmaqla pərdələyir, başqası əlinə fürsət düşən kimi ortaya bəsit dissertasiya çıxarır. Belədə danışmaq və etiraz etmək lazım gəlir. Düzdür, səndən inciyirlər, sınağa məruz qalırsan, amma başqa cur davranmaq da olmur.

- Sizcə, mürəkkəb proseslərin cərəyan etdiyi Azərbaycan cəmiyyətində dost tapmaq asan, yoxsa çətindir?

- Mənim aləmimdə hər bir azərbaycanlı üçün əsl dost anlayışı müqəddəsdir. Bu gün bir millət kimi bizim varlığımız iki mühüm institutda özünü qoruyub saxlayır. Bunlardan biri ailə, digəri dostluqdur. İndi ekran-efirdə onların hər ikisinə total hücum var və bununla işim yoxdur.

Cəmiyyətdə dost tapmaqdan danışdınız, əslində bu gün cəmiyyətdə dostdan çox, həmdərd axtarmaq lazım gəlir. Mən dost anlayışına bir az fərqli baxıram. Yəni dost deyəndə biz dəyərləri paylaşdığımız adamları, yoxsa sərvət və imtiyazları, maraqları bölüşdüyümüz kəsləri nəzərdə tuturuq? Cəmiyyət bizlərə nələri etibar edir? Biz ictimai etimadı necə doğrulduruq? Məncə, bu barədə düşünmək lazım gəlir. Əslində bu ölçülərlə yanaşanda dost tapmaq çox çətindir, amma nə yaxşı ki, uzun illər boyu həyatda tanıdığımız və dəyərləri bölüşdüyümüz layiqli dostlarımız var.

- Yanaşmanız bir az sərtdir. Bu yanaşma Sizin üçün ailədə və dostlar arasında problem yaratmayıb ki?

- Bəzən sərtlik adamın köməyinə gəlir. Əksinə, yumşalanda və kriteriyalardan uzaqlaşanda problemlə üzləşirsən. Normal ailəmiz var, həyat yoldaşım ixtisasca jurnalistdir, qızlarımın biri həkim, digəri tərcüməçidir. Hələlik ailədə qarşılıqlı anlaşma var. Övladlarımın da dəyərlərə üstünlük verməsindən çox məmnunuq. Dostlara gəldikdə isə, onların arasında idealistlər olmadığından problemsiz ötüşə bilirik.

- Bir telekanalda mühüm post tutursunuz, universitetdə dərs deyirsiniz, jurnalistika ilə bağlı QHT-nin də rəhbərisiniz. Qulu Məhərrəmli jurnalistikamızın inkişafına hansı formada dəstək verməyə çalışır və buna nə dərəcədə nail ola bilir?

- Nail olmaq məsələsi ilə bağlı bir şey deyə bilmərəm. Amma imkanım olan bütün sferalarda jurnalistikamız üçün nəsə bir iş görməyə çalışıram. Şəxsi yaradıcılığımı bir kənara qoyuram. Son 15 ildə jurnalistikanın, o cümlədən, teleradio jurnalistikasının tarixi, nəzəriyyəsi və təcrübəsinə dair elmi tədqiqatlar aparmışam, xeyli kitablar yazmışam, 2-3 dərslik çap etdirmişəm, metodik vəsaitlərim var. Amma bunların kifayət etmədiyini görürəm. Bu yaxınlarda “Jurnalistikanın əsasları” dərsliyimin yenidən işlənmiş ikinci nəşrini təqdim edəcəm. Zeynal Məmmədli ilə birlikdə “Televiziya jurnalistikası” dərsliyini də tamamlamışıq.

Jurnalistlər üçün təşkil edilən treninqlərdə oluram, məsləhətə ehtiyacı olanlarla fikir mübadiləsi aparıram, tələbələrlə davamlı görüşürəm. Hazırda jurnalistika təhsilinin inkişafı ilə bağlı böyük bir layihədə iştirak edirəm. Dediyiniz kimi, həm də “Jurnalistika və İnkişaf Mərkəzi” ictimai birliyinin rəhbəri kimi bəzi layihələri gerçəkləşdirməyə çalışırıq. Bu işlərin nə dərəcədə səmərəli olması, təbii ki, jurnalistikamızın öz durumundan da çox asılıdır. Bu gün bizim media mühitimiz çox solğundur. Əvvəlki dövrlə müqayisədə xeyli geri getmişik, fədakar redaktorlarımız azalıb.

Hazırda çap mediasındakı keyfiyyət boşluqlarını internet mediasında doldurmağa çalışırıq. Bu sahə bizim media üçün çox böyük perspektivlər açır. Bu prosesləri görməli, internet mediasının inkişafına, xüsusən internet radiosu və televiziyasının çiçəklənməsinə çalışmalıyıq.

- Yeri gəlmişkən, televiziyalarımızın ümumi durumunu necə dəyərləndirirsiniz?

- Deyəsən, son vaxtlar mən bu barədə çox danışıram, amma danışmaq üçün də çox ciddi əsaslar var. Bizim telekanalların səviyyəsi aşağı düşüb. Jurnalistikaya aid olmayan tele-şou bazarı və ictimai rəyi işğal edib. Əlbəttə, bu təkcə jurnalistikamızın yox, cəmiyyətimizin və mənəvi həyatımızın problemləridir. Hazırda ölkə telekanallarına əhalinin 10-15 faizi baxır. Evdar qadınlar bu tamaşaçıların əhəmiyyətli hissəsini təşkil edir. Ekranlarda ciddi publisistik proqramlar, parlaq layihələr, ictimai müzakirələr az qala yoxa çıxıb. İndi bəsit şou aparıcıları cəmiyyətin və mənəvi həyatın qəhrəmanlarına çevrilib. Bu, bizim ictimai düşüncəmizin və televiziyaçılığımızın fəlakətidir. Mən çıxış yolunu büdcədən maliyyələşən telekanallarımızın hər cəhətdən gücləndirilməsində görürəm.

- Bir vətəndaş və bir insan kimi Qulu Məhərrəmli nədən nigarandır, nədən qayğılanır?

- Əslində, qayğılarımızın bir hissəsindən danışdıq. Bizim nigarançılığımız, sözün geniş mənasında ölkənin, dar mənasında isə uşaqlarımızın sabahı ilə bağlıdır. Məsələn, mən düşünürəm ki, böyüməkdə olan nəvələrim sabah hansı cəmiyyətdə yaşayacaq, bu uşaqlar harada və necə təhsil alacaqlar, cəmiyyət üçün özlərini nə dərəcədə ifadə edəcəklər və onların özlərini ifadə etməsi üçün arzulanan şərait olacaqmı? Biz, hər halda, pis-yaxşı, mürəkkəb, ziddiyyətli və kəskin keçidlər dövrünü yaşasaq da, özümüzü bu və ya başqa formada ifadə edə bilmişik. Bəs bizim övladlarımız indiki durumda bu narahatçılığım meyar, heç bir yönəltmə nişanları olmayan, kələ-kötür, dumanlı və çətin yolları necə gedəcəklər? Mənim narahatlığım bax, bunlarla bağlıdır.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344

Oxşar yazılar