Universitetlər sınaq qarşısında - TƏHLİL
04 mart 2010 17:00 (UTC +04:00)

Universitetlər sınaq qarşısında - TƏHLİL

Gələn ildən dövlət ali məktəblərinin dövlətdən nə qədər vəsait ala biləcəyi abituriyentlərin seçimindən asılı olacaq

Azərbaycan hökuməti təhsil sahəsində daha bir mühüm yeniliyə hazırlaşır. Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı fərmana əsasən, gələn ildən ali təhsildə maliyyələşmə adambaşına hesablanacaq. Bu, o deməkdir ki, ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında aparılacaq. “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” fərmana əsasən, ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər istədikləri universitetləri seçməkdə sərbəstdirlər. Bu hüququ qazana bilməyənlər isə...

İndi Azərbaycan cəmiyyətini narahat edən məsələ məhz bu hüquq qazana bilməyənlərin taleyidir. Həmçinin ali təhsil müəssisələrinin maliyyə imkanları da dövlətin maliyyələşdirdiyi ixtisaslarda təhsil alacaq abituriyentlərin seçimindən asılı olacaq. Lent.az adambaşına maliyyələşmə ilə bağlı apardığı araşdırmada hər iki məsələ ilə bağlı maraqlı məqamlar ortaya çıxarıb. Bəri başdan deyək ki, yeni maliyyələşmə mexanizmi işə düşəndən sonra ali məktəblərə qəbul qaydalarında ciddi dəyişikliklərin olacağı barədə məlumatlar səngimək bilmir. Amma gəlin görək, prezidentin imzaladığı yeni fərman bu məsələyə necə təsir göstərəcək?

Müəllimlər iş yerlərini itirə bilər

Məlumdur ki, indiyədək Azərbaycanda ali məktəblərə tələbə qəbulu iki forma - ödənişli və ödənişsiz əsaslarla aparılırdı. Yəni ödənişli ixtisasları seçən abituriyent başa düşürdü ki, o, təhsil haqqını özü ödəməlidir. Mövcud maliyyələşmə mexanizmi hər bir ali məktəbə tutaq ki, 200 nəfəri bir ixtisasda oxutmaq üçün həmin tələbələrə təhsil verən müəllimlərin maaş və digər xərcləri dövlət tərəfindən ödənilirdi. Plan üzrə müəyyən edilmiş həmin 200 nəfər universitetə daxil olmadıqda belə, dövlət həmin vəsaiti ali məktəbə ayırır.

Elə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik təhlillərindən də bəzi ixtisaslar üzrə plan yerlərinin dolmadığı, amma dövlətin həmin ixtisaslar üçün ayırdığı vəsaitin universitetlərə paylandığı qeyd olunur. Hətta həmin ixtisaslara keçid balı da aşağı olsa belə, abituriyentlər o ixtisasları seçməyiblər. Ali məktəblər isə istəyirdilər ki, ona ayrılmış plan yerləri dolsun. Əks halda, tələbə kontingentini yığa bilməyən təhsil müəssisəsinin növbəti il üzrə büdcəsi kəsilə bilər. Bu məsələlər birbaşa tələbələrin taleyinə elə bir təsir göstərməsə də, ali məktəblərin özləri üçün ciddi problemlər yaradırdı. Yəni plan yerinin dolub-dolmamasına baxmayaraq, dövlət konkret hər bir ali məktəbə ayırdığı vəsaiti bu müəssisənin hesablına köçürürdü. Müəyyən ali məktəblərdə isə hesab edirdilər ki, onsuz da orada ödənişsiz forma üzrə 300 plan yeri varsa, deməli, həmin 300 nəfər tələbə olacaq və bunun üçün lazım olan sayda müəllimləri saxlaya biləcək. Həmin sayda olan müəllimlər isə öz növbəsində məsələyə “nə olursa-olsun, 300 nəfər gələcək və mən işləyib maaşımı alacağam” prizmasından yanaşırdı.


Seçim abituriyentlərindir

Yeni maliyyələşmə mexanizminin tətbiqi isə bu cür yanaşmanı artıq tarixin arxivinə yollayır. Bununla belə, yeni mexanizm təhsil almaq istəyən insanlara təsir göstərməyəcək. Çünki dövlət yenə də əvvəlki illərdəki həcmdə plan yerlərini maliyyələşdiriləcək. Amma o yerlər konkret ali məktəblərə verilməyəcək və bu plan dövlətin hansı ixtisaslara önəm verməsindən asılı olacaq. Məsələn, indi Azərbaycana baytar-həkimlər, neft ixtisasları üzrə mütəxəssislər stomatoloqlardan, ibtidai sinif müəllimlərindən daha çox lazımdır. Çünki əmək bazarında bu kadrlara tələbat xeyli yüksəkdir. Bu səbəbdən də dövlət bu yerləri müəyyənləşdirəndə məhz həmin tələbatın yüksək olduğu ixtisasları maliyyələşdirəcək.

Ölkə başçısının fərmanına əsasən, dövlətin maliyyələşdirdiyi ixtisaslar üzrə plan yerləri müəyyən edilərkən ölkənin əmək bazarının tələbatı və gələcək 4 ildən sonra proqnoz məlumatlar hazırlanıb hökumətə təqdim ediləcək. Təhsilin maliyyələşməsi məhz bu hesablama ilə müəyyənləşdiriləcək və müvafiq plan yerləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndəriləcək. Komissiya isə öz növbəsində dövlət hesabına təhsil almaq istəyənlər üçün ixtisaslar üzrə minimal keçid həddi müəyyən edəcək.

Adambaşına maliyyələşmə nə vəd edir?

Beləliklə, abituriyentin dövlətin maliyyələşdirdiyi ixtisaslarda təhsil ala biləcəyi, yenə də onun ixtisas seçimindən asılı olacaq. Bunun üçün abituriyent ixtisasları seçərkən ciddi götür-qoy etməlidir. Çünki abituriyentin dövlətin, ya özünün hesabına təhsil alacağı təkcə onun yüksək bilik nümayiş etdirməsindən yox, həm də hansı ixtisasları seçməsindən asılı olacaq. Məsələn, “riyaziyyat” ixtisası indi Azərbaycanın əksər dövlət ali məktəblərində – Bakı Dövlət Universitetində, Lənkəran, Naxçıvan, Gəncə Dövlət Universitetlərində, Dövlət Pedaqoji Universitetində, Azərbaycan Müəllimlər İnstitutunun bütün filiallarında var. Amma dövlət proqnoz versə ki, 4 ildən sonra Azərbaycana 500 nəfər “riyaziyyat” müəllimi lazımdır, onda bu müddət ərzində cəmi 500 nəfər həmin ixtisasda ödənişsiz təhsil ala biləcək. Həmin yerlərə iddiaçıların sayı 500-dən çox olduqda müsabiqəyə buraxılmaq şərtləri dəyişəcək. Məsələn, bu qrupda keçid balı 250 baldırsa, dövlətin ayırdığı qrantı qazanmaq istəyənlər 250 deyil, tutaq ki, 300 baldan yuxarı nəticə göstərməlidir. Bu şərti ödəyən abituriyentlərə elan olunacaq ki, onlar istədikləri ali məktəbləri seçə bilərlər. Onlar isə həmin ixtisasların olduğu ali məktəbləri seçməlidirlər.

Adambaşına maliyyələşmənin bir mühüm tərəfi isə odur ki, müsabiqə şərtini ödəyən abituriyentlər hətta özəl ali məktəbləri seçə bilərlər. Bu zaman onların təhsil alması üçün ayrılan dövlət vəsaiti həmin ali məktəbin hesabına köçürüləcək. Beləliklə, hər bir ali məktəbin və fakültənin müəyyən yeri var, burada yerlərin ödənişli, yaxud ödənişsiz olması əsas deyil.

Universitetlər nə etməlidir?

Fərmanda qeyd olunub ki, hər il avqust ayında dövlətin sifarişi elan olunacaq. Həmin elandan sonra bir il vaxt olacaq ki, universitetlər öz planlarında dəyişiklik edə bilər. Hətta özəl ali məktəblər də hansı ixtisaslar üzrə mütəxəssis hazırlaya biləcəklərinə dair təkliflərdə tələbata uyğun müəyyən düzəlişlər edə bilər.

Beləliklə, həmin kontingent ali məktəblərdə də dəyişəcək. Bu qaydaların tətbiqindən sonra ali məktəblərdə bəzi ixtisaslara tələbə qəbulunun azalacağı, bəzilərində isə əksinə, artacağı gözlənilir. Amma bütün bunlar iqtisadiyyatın və əmək bazarının tələblərinə uyğun olacaq. Bütün bunların nəticələri isə 4 ildən sonra özünü göstərəcək. Çünki qarşıdakı 4 buraxılış ilində ali məktəbi bitirənlərin hamısı mövcud sistemə uyğun təhsil alanlardır. Yeni maliyyələşmə sistemi ilə gələn il ali məktəbə qəbul olacaq abituriyentlər isə 4 ildən sonra təhsilini başa vuracaq. Bu səbəbdən də qarşıdakı 4 il keçid dövri olacaq.

Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında isə hesab edirlər ki, yeni maliyyələşmə mexanizmi abituriyentlərin taleyinə o qədər də təsir etməyəcək. Əksinə, ali məktəblərdə onların yüksək səviyyəli təhsil ala bilməsi üçün yeni imkanlar yaranacaq. Çünki dövlətin maliyyə vəsaitlərini almaq istəyən ali məktəblər buna nail olmaq üçün tələbatı nəzərə almaqla müasir ixtisaslarda yüksək təhsil şəraiti təmin etməli olacaq. Əks halda, ali məktəblər dövlətin maliyyələşdirdiyi ixtisaslara ayrılan vəsaitləri itirmiş olacaq.

Xatırladaq ki, hazırda Azərbaycanda ən yüksək reytinqli təhsil müəssisələri arasında birinci yeri Prezident yanında Dövlət İdarəçilik Akademiyası tutur. Növbəti yerlərdə Tibb Universiteti, Bakı Dövlət Universiteti, İqtisad Universiteti və digərləri gəlir. Amma TQDK-nın son hesabatlarından da görünür ki, ayrı-ayrı ixtisaslar üzrə universitetlərin reytinqlər üzrə yerləri dəyişir. Hətta bəzi ixtisaslarda özəl təhsil müəssisəsi olan Qafqaz Universiteti dövlət universitetlərinin hamısını geridə qoyur. Bu isə o deməkdir ki, dövlətin maliyyələşdirdiyi ixtisaslarda təhsil almaq hüququ qazanan abituriyentlər gələcəkdə Qafqaz Universitetini büdcə vəsaitləri həmin təhsil müəssisəsinin hesabına köçürüləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816

Oxşar yazılar