Dubay söhbətləri: səhrada avtoşluq və... rəqqasə
29 yanvar 2010 16:45 (UTC +04:00)

Dubay söhbətləri: səhrada avtoşluq və... rəqqasə

Lent.az-ın əməkdaşı məşhur şəhərdən yazır

...Heydər Əliyev adına Beynəlxalq Aeroporta yollananda əynimdə yun köynək və gödəkçə, başımda papaq var idi. Bakıda hava soyuq idi. “flydubai” aviaşirkətinin Bakı-Dubay reysilə işləyən təyyarəsinə minib bir də Beynəlxalq Dubay Aeroportunda düşəndə isə yerli adamların yalnız yüngül yay paltarlarında olduğunu görüb təəccübləndim. Baxmayaraq ki, səfərin təşkilatçısı olan “RED Communications” şirkətinin əməkdaşı Kübra Kərimli hələ Bakıda olanda hamımıza “orda hava istidir...” xəbərdarlığını eləmişdi. Elə biz də bu xəbərdarlıqdan sonra özümüzlə yay paltarları götürmüşdük. Beləliklə, bizim – 18 nəfərlik azərbaycanlı jurnalist heyətinin “flydubai” aviaşirkətinin maliyyə dəstəyilə baş tutan üçgünlük (22-25 yanvar) Dubay səfəri başladı.

Otel otağı

Aeroporta daxil olan kimi insanın burnuna gülab iyinə bənzər bir iy gəlir. Ətrafda isə cürbəcür millətlərdən olan turistlər, aeroport işçiləri və milli geyimdə olan məmurlar...
Əvvəlcə aeroportda dayanmış avtobus bizi “Premier Inn” otelinə apardı. Bu, elə həmin otelin avtobusudur və hər yarım saatdan bir oteldən aeroporta və geriyə işləyir – otelin müştərilərinə pulsuz xidmət göstərir. Aeroport özü isə o qədər böyükdür ki, ərazini tərk etmək üçün təxminən 15-20 dəqiqə vaxt lazımdır.
“Premier Inn” otelinə çatıb yerləşdik. Oteldə quraşdırılmış iri plazma ekranlı televizora yalnız adi antena quraşdırılıb. Bu antena vasitəsilə isə təxminən 40 telekanala baxmaq mümkündür. Bunlara Birləşmiş Ərəb Əmirliyinin yerli telekanallarıyla yanaşı “CNN”, “BBC”, “CNBC” kimi TV-lər də daxildir. Yerli telekanallarda müxtəlif ölkələrin filmlərilə yanaşı Türkiyənin məşhur “Kurtlar vadisi-Pusu”, “Aliyə”, “Yabancı damat” kimi teleserialları da ərəb dilində dublyajla nümayiş etdirilir.
“Premier Inn” oteli bahalı otellərdən sayılmasa da, xidmətləri yaxşıdır. Məsələn, müştərilər otelin damına çıxıb şəhər mənzərəsinə baxmaq, həmçinin damdakı hovuza girmək imkanına malikdir. Azərbaycanlı jurnalist heyəti də otelin rəhbərliyilə məhz damda görüş keçirdi.

Haşiyə: Dubayda 1000-ə yaxın otel fəaliyyət göstərir. Burda qiymətlər də cürbəcürdü. Məsələn, “Premier Inn” otelində qiymətlər 100 dollardan (bir sutkalıq) başlayır. Ancaq bir gün üçün 2500 avro tələb olunan otel də var (bu haqda daha sonra). “Premier Inn”in rəhbərliyi bildirirdi ki, əvvəlki vaxtla müqayisədə insanlar indi daha çox beşulduzlu yox, qənaətcil otellərdə qalmağa üstünlük verirlər. Yeri gəlmişkən, gələcəkdə “Premier Inn” markalı oteldən Bakıda da istifadə veriləcəyi gözlənilir.

Cinayətsiz və polissiz

Gecəni oteldə keçirib səhər durub iki-iki, üç-üç şəhərə dağılışdıq. Şəhərdə taksiylə gəzmək o qədər də bahalı deyil. Özü də o qədər taksi var ki: hər addımbaşı taksi görmək olur. Taksi sürücülərinin demək olar hamısı pakistanlıdır. Ancaq hər yerdə – oteldə, ticarət mərkəzlərində, küçədə və s. - olduğu kimi, onlarla da ingiliscə danışmaq olur. Zatən, Dubaya işləməyə gələn pakistanlı, çinli, hindistanlının ingiliscə bilməsi əsas şərtdir. Açıq sarı rəngli taksilərin hamısı demək olar ki, bir-birinə bənzəyir. Özü də hamısında taksometr quraşdırılıb, nə qədər yazsa, o qədər də ödəyirsən. Sürücülər isə sakitdir, üzündə nə əsəb, nə gərginlik görünür.
Ümumilikdə isə Bakıdan fərqli olaraq Dubaydakı insanlar arasında üzündə gərginlik olan adamı nadir hallarda görmək mümkündür: insanlar çox sakit görünür – həm yerli əhali, həm də turistlər. Yeri gəlmişkən, Dubay Əmirliyinin cəmi 1,5 milyon əhalisi var. Ancaq hər sutkada bura təxminən 1 milyon turist gəlir.
Dubayda polisə rast gəlmək demək olar ki, çox çətindir. Ancaq hansısa bir hadisə baş verirsə, polis həmin an peyda olur. Burada cinayətkarlıq hallarına da çox az rast gəlinir. Hətta ilk baxışdan polisin heç cürə peyda olmayacağını düşünmək də olar: xüsusən səhrada…

Dubay avtoşu

Saat 15.00 – həm Dubay, həm də Bakı vaxtıyla. Hamımız əvvəlcədən elan olunduğu kimi həmin saatda oteldə yığışırıq. Səhra-safariyə yollanacağıq. Otelin həyətində bizi “cip” kimi tanıdığımız “Toyota Land Cruiser”lər gözləyir. Sonradan sürücüdən öyrənirəm ki, bu avtomobillər məhz səhra-safari səyahəti üçün xüsusi sifarişlə hazırlanıb. Qızmar günəşli səhra üçün nəzərdə tutulduğundan rəngi ağdır. Qiyməti isə 90 min dollardır. Bu cür bir maşınla səhra-səfari səyahətinə getmək isə 1000 dollardır.
Dubaydakı taksilərdən fərqli olaraq bu cür səyahət maşınlarını yerli ərəblər sürür. Bunu özümçün yalnız bu cür izah etdim: səhra-safari gəzintisi həm əyləncəli, həm də qazanclı işdir.

Səhraya təxminən bir kilometr qalmış “cip”lərin hamısı dayandı. Burada səhra-safari səyahətinə çıxan başqa “cip”lər də var idi. Sən demə maşınlar təkərlərin havasının azaldılması üçün dayandırılıbmış. Sərnşinin qumluq səhrada rahat getməsi üçün avtomobillərin təkərlərinin havası həmişə azaldılır.
Yola davam edirik. Və bu da səhra: ucsuz-bucaqsız, kiçik dərəli, böyük təpəli. Səhraya girməzdən əvvəl sürücü maşının bütün qapılarının və şüşələrinin yaxşı bağlanıb-bağlanmadığını yoxladı, sonra da bizə təlimat verdi: “Təhlükəsizlik kəmərlərini vurmayanlar vursun, hər kəs yuxarıdakı dəstəkdən yapışsın”. Hamımız onun dediklərinə əməl elədik. Elə mən də: təhlükəsizlik kəmərlərini əvvəlcədən hamı kimi mən də vurmuşdum, indi də sağ tərəfdəki dəstəkdən könülsüz şəkildə tutdum. Könülsüz ona görə ki, bunu lazımsız sayırdım. Ancaq lazım imiş. Özü də çox. “Cip”in sürücüsü sükanı sağa-sola döndərə-döndərə sürür, qarşısına çıxan bütün təpələrə çıxır, dərələrə düşürdü. Bir sözlə, əməlli-başlı avtoşluq edirdi. Həmin vaxt olanları ifadə etmək çox çətindir. Ancaq bu zaman təkcə onu fikirləşirdim ki, yaxşı oldu təhlükəsizlik kəmərindən istifadə elədim və əlimi dəstəkdən tutdum, yoxsa adam maşında mayallaq aşa bilər. İnsanda adrenalini yüksəldən bu səhra-safari səyahəti azərbaycanlı jurnalistlərə çox ləzzət elədi.
Ancaq “cip”lərin avtoşluğuna dözməyənlər, bu zaman ürəyi bulananlar da olur. Bu halda “cip”in sürücüsü avtomobili sakit-sakit idarə edir, səhra-safari səfəri qalan sərnişinlərin də burnundan gəlir...

“Cip”dən dəvəyə

“Cip”lər bizi səhranın ortasında iri bir təpənin üstünə gətirdi. Orada avtomobillərdən düşüb bizim üçün nəzərdə tutulan soyuq içkidən dadıb, dəvələrə mindik. Dəvələrə iki-iki əyləşmişdik. Sözün düzü, bu vaxta qədər dəvəyə minib-düşməyin xüsusi qaydası olduğunu bilmirdim. Deməli belə: dəvəyə minəndə sağ əlinlə çulun qarşında, sol əlinlə isə arxa tərəfində quraşdırılmış dəstəyindən tutasan. Əks halda, el diliylə desək, təpəsi üstə yerə gələcəksən. Bu hal dəvədən düşəndə də təkrarlanmalıdır. Dəvəylə getməyin ayrı ləzzəti var. Ancaq istənilən halda, “cip”ə çatmaz.

Dəvələrlə təxminən 300-400 metr getdik. Bu müddətdə təbii ki, hər dəvənin yüyənindən bir nəfər tutmuşdu. Bunlar deyəsən taksi sürücüləri kimi pakistanlılar idi. Dəvəylə çadırlar qurulmuş bir düşərgənin girişinə çatdıq. Burada dəvələrdən endik. Bizi əlində ərəb qəhvəsi və gülab olan iki ərəb qarşıladı. Girişdə xeyli sayda “cip” var idi. Bunlar bizim və bura səfər edən başqa turistlərin gəldiyi avtomobillər idi sadəcə dəvələrlə gələn bizdən əvvəl çatmışdılar.

Bu da rəqqasə

Artıq hava qaralmışdı. Düşərgənin həyətində məşəllər və ocaqlar yanırdı. Yanaşı çadırlardan birində hindli qadın oturub xanım turistlərin əlinə xınayla cürbəcür naxışlar vururdu. Bu iş o qədər məharətlə görülür ki, hətta əlinə naxış vurdurmayan xanımlar və bəylər də gəlib bu mənzərəyə tamaşa edir.
Çadırlardan birinin qarşısında uzun növbə var. Burada turistlərə soyuq içkilər təklif edilir. Spirtsiz içkilər hindli xanımın bəzək xidməti kimi pulsuz, spirtlilər isə pulludur.
Başqa bir çadırda oturub qəlyan çəkmək olar. Biz də bir az qəlyan çəkib özümüz üçün ayrılmış, başdan-başa xalçalar sərilmiş, həcmi iri sayılan xüsusi çadırda yerləşdik. Bizdəkilərə bənzər salatlara, dəvə, qoyun və toyuq ətindən hazırlanmış müxtəlif kabablara və heç vaxt görmədiyimiz başqa yeməklərə qonaq olub bir qədər çadırda əyləşib gözləməyə başladıq. Çünki əvvəlcədən “rəqqasə gələcək...” xəbərini eşitmişdik. Düşərgədə çadırların əhatəyə aldığı iri həyətdə 10-a yaxın xalça sərilmiş, qıraqlara isə bizlərdəki mütəkkələrə bənzər yumşaq iri yastıqlar düzülmüşdü. Ətrafda isə məşəllər alovlanırdı. Biz də, dediyimiz kimi oturub gözləyirdik. Birdən ərəb musiqisinin səsi gəldi və... ayaqyalın bir rəqqasə yüyürərək xalçanın üstünə çıxdı. Biz də daxil olmaqla bütün turistlərin hamısı xalçanın ətrafına yığışdıq. Kimisi mütəkkələrə söykəndi, kimisi oturdu, yer çatmayanlar isə ayaq üstündə durub tamaşa eləyirdi. Qeyri-ərəb millətindən olan qarayanız rəqqasə isə rəqs edir, arabir də xalçanın qıraqlarıyla dövrə vururdu. Onun nə vaxt belindəki şalı açıb qıraqda əyləşmiş ingilis turistin boynuna atmasından heç “qurban” seçilmiş kişinin özünün də xəbəri olmadı: rəqqasə onu rəqsə dəvət etdi, ingilis kişi isə durmaq istəmirdi. Ancaq sonda kişi boynuna dolanmış şalı əlində olan rəqqasənin istəyinə razı olub rəqs elədi. Bundan sonra rəqqasə arabir qıraqda əyləşmiş kişiləri, sonra isə qadınları rəqsə dəvət edirdi. Bu dəvətlər cürbəcur olurdu: gah şalla, gah əlinə götürüb rəqs elədiyi əsanın tutacaq yerilə, gah da kiminsə qarşısında rəqs eləməklə. Bizimkilər də rəqsə dəvət olundu, əksəriyyəti də gedib oynadı. Adətən rəqqasələr oynayarkən onlara pul verilir, daha dəqiqi göbəyinə, sinəsinə pul qoyulur. Bu dəfə də belə oldu. Ancaq bunu nə qədər sərxoş olsa da, xəsisliyi daha çox olan ingilislər yox, azərbaycanlılar elədi...
Təxminən 40 dəqiqəlik rəqs bitdi. Bundan sonra biz yenidən “cip”lərə əyləşib otelə qayıtdıq. Artıq sürücümüz də avtoşluq eləmirdi, maşını sakit-sakit sürürdü...

(ardı var)

Pərvin ABBASOV

Bakı-Dubay-Bakı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134

Oxşar yazılar