Aysel Əlizadədən oxucusuna: “Ağıllı gözlərini...” – BEŞİNCİ MƏKTUB
22 oktyabr 2012 14:15 (UTC +04:00)

Aysel Əlizadədən oxucusuna: “Ağıllı gözlərini...” – BEŞİNCİ MƏKTUB

Kaş bütün məktublar belə başlayardı: Salam. Gözlərini gözlədiyim adam gəlib çıxdı.

Mənə ən yaxşı yazıları Sən yazdırmısan. Qapıma gül qoymuşdun, üstündə bir not vardı, yadında? Bir kəlmə söz yazmışdın - bircə kəlmə; yalnızca adını... Sənin necə gözəl xəttin var. Necə gözəl adın... Sənin qədər heç kimlə məktublaşmadım.

Bir də Vulfun kitabını gətizdirmişdin Türkiyədən. Bir də Cem Yılmazın disklərini göndərmişdin. Bir də Tolqa Çevik vardı... Sevdiyim nə varsa sənin də sevdiyindi. Necə diqqətlisən, İlahi... Dünyaya mənim gözlərimlə baxan gözlərini aylardı özləyirəm. Elə maraqlıdı, görəsən indi harda, nəyə baxıram.

Xoşum nədən gəlir? “Əgər rəqqasə qıza vurulsaydım, heç vaxt onun üçün hardansa rəqs paltarı gətizdirməzdim” deməyindən. Bütün məmləkət “rəqqasə qızlara, mahnı oxuyanlara” vurulanda sən bir yazarı sevmişdin. Müğənnilik, rəqs sənəti həmin adamların badına getdi, oxucum. Mədəniyyətimizi yaman günə qoydular. Bilirsən, ölkədə vəziyyət bərbaddı. Bir vaxt kişilər efirə baxıb özlərinə müğənni qız seçirdilər. İndi də könüllərinə yazıçı qızlar düşüb. Nə tərbiyəsiz adamların içində yaşayırıq biz. Bir vaxt
efir “moddaydı” indi virtual mühit. Saytların birində dostum işləyir. Gözü kəlləsinə çıxır adamın. Deyir, yazar xanımlara görə o qədər zəng vuran var: “necə şeydi?”

Səlahiyyətim olsa hər “necə şey” sözünə görə elə bir cərimə kəsərdim ki, deyənin atası yansın. Elə qorxuram, qorxuram indi də ədəbiyyatın zayını çıxaralar.

Ağlımdan Bernard Şou janrında bir fikir keçdi. Adam yekəqarınlara baxanda fikirləşir ki, ölkədə qıtlıq təhlükəsi gözlənilir. İyrəncdi, arkadaş. Ancaq mədəniyyətin əlindən tutanlar da var. Var, arkadaş. Yoxdu deyənin dilinə yara çıxar.

Sən də qürurlu, qısqanc... Əsəbiləşmə haa, bunları sənə deməyə bilərəm, ancaq kiməsə deməliyəm axı, bağrım yarılır. Dişlərini sıxıb, burnunun pərlərini şişirdirsən indi yəqin. Bir də yumruğunu sıxıb, gözünü bərəltməyin var. Adama elə gəlir ki, indicə bəbəyindən güllə açılacaq. Tamam, gəl sənə xoş şeylərdən danışım, hirsin soyusun.

Azərbaycan efirinə baxan elə bilər bu ölkədə evlənib toy edən ancaq müğənnilərdi. Elə deyil. Bizim uşaqlar da evlənirlər. Yazarların da toyu olur.

Bilirsən şənbə günü harda idim? Fərid Hüseyn var e, İranda həbs olunan şairlərin boyu “nisbətən” balaca tayı, onun toyunda. Möhkəm stress atdıq. Əyləndik xeyli. Flora xanım ordaydı, necə yaraşıqlı qadındı, İlahi. Şəhriyara deyirəm (Şəhriyar da - İran, həbs, şeir müsabiqəsi...) gör necə formadadı bu qadın, gör necə cavan görünür. Deyir, darıxma, 5 ildən sonra sən də elə olacaqsan. İncimədim, gülüşdük. Mən heç yaşa dolmaqdan qorxmuram. Toyda Vaqif Səmədoğlunu görəndən sonra heç qorxmuram. Kişi
yenə üzünün ifadəsini dəyişmədən zarafat edirdi. Özü də adam gülümsəmir də. Elə zarafat edir, nə dediyini eşitməsən düşünərsən ki, danlayır səni, möhkəm acıqlanıb. Kamal Abdullanın da kefi kök idi. Ondan bir aləm söz yazmışam, deyir, Elbrus qoy “Qafqaza” oxuyum. Elə bil Qafqazdan Kamal müəllimin otağına canlı bağlantı var. Məzədilər e... Vaqif Bayatılı da gözümüzə dəydi, ancaq ani oldu. Harda , necə
dəydi, bilmirəm. Bilirəm ki, 100 faiz gözümüzə dəydi. Orxan Fikrətoğlunu toya gələndə dəhlizdə gördük.

Divanda oturmuşdu, dərin və hüznlü görünürdü. Həm onun qaşları aşağıya meyllənir deyə üzündə əbədiyyən kədər işarəsi var. Başı səs götürmür, nədi, axır ki, toyu dəhlizdə keçirirdi. Səlim Babullaoğlu Elçin Hüseynbəyli ilə yanaşı oturmuşdu. Biri qazlı su içirdi, biri qazsız. Səlim dindardı axı... Deyir, bir vaxt elə içən olmuşam, danışılası deyil. Ayaqqabılarımı boynumdan asıb gəzmişəm. İndi yox, adamın üstündə Allah var, indi içmir. Allah da niyə adamın üstündədisə... nə isə.

Cavanları izləyirsən də, desəm tanıyarsan. Qismət ordaydı, xeyli ətir vurmuşdu. Dalğalanıb bizim masaya gəlirdi qoxusu. Rəbiqə Nazimqızını kədərini, Günel Xəzəl qızını götürüb gəlmişdi. Bizim üçümüzü Elbrus Ərud yığıb apardı toya. Cavid Zeynallı yenə mənalı-mənalı gülümsəyirdi. Mən onun artıq yazıb bitirdiyi romanını, o mənim heç cür bitirə bilmədiyim romanımı xeyli təbrik etdik. Şəhriyar Del Gerani... Şəhriyar Del Gerani toydan gedənə qədər bir ucdan elə hey məndən küsdü. 5 ildən sonra qocalassan deyən də o, küsən də o. Anlamadıq getdi. Sözümün canı bu ki, Fəridi evləndirdik. Uşaq yaman sevincək idi. Toyun səhərisi həvəslənib qıza yazdığı şeiri paylaşmışdı facebookda.

Bütün bunlar çox yaxşıdı. Dostluq və dost əhatəsi adamı bayquşluqdan xilas edir. Bu canlı nə qədər “bəy” olsa da, tənhadı. Tənhalıq zülmdü, cəzadı. Çək, çək, bitməz. Ona görə də Yer üzündə dostluqdan ötə insan münasibəti ola bilməz. Adamlar dost deyillərsə, deməli, heç nə deyillər, heç kim deyillər. Yavaş-yavaş köşə yazısına girişirəm deyəsən. Vərdiş. Ancaq ağlıma bir yaxşı mövzu gəldi.

Bu günlərdə yazaram, həvəsin olsa oxuyarsan. Məktubluq deyil. Oxuyarsan nədi, onsuz da hər yazımı oxuyursan. Sən oxuyanda gözlərindən axan enerji gəlib buralara çatır. Gözlərini qoru, lütfən. Ağıllı gözlərini...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3180
avatar

Aysel Əlizadə

Oxşar yazılar