Aysel Əlizadə yazır: “...heç kim heç kimi sevmir burda” - DÖRDÜNCÜ MƏKTUB
20 oktyabr 2012 14:42 (UTC +04:00)

Aysel Əlizadə yazır: “...heç kim heç kimi sevmir burda” - DÖRDÜNCÜ MƏKTUB

Oxucum, indi saat 1:13-dü. Demək istəyirəm, gecədi. Gün boyu xeyli iş görüb, indicə yerimi rahatlayıb, kompüterin qarşısına keçmişəm. Bu gün nəhayət ki, evdən çıxdım. Neçə gündü yapışıb qalmışam bu döşəməyə. Çoxdandı qadın salonuna da getmirdim. Bu gün anamın evdə olmasından əməllicə yararlandım. Qızı yanında qoyub, evdən çıxdım.

Gücümü toplayıb, özümü həyatın qoynuna atdım. Öncə getdim salona. Bəzəndim, sonra evin təmiri üçün lazım olan şeyləri aldım, pərdə sifariş verdim. Ordan da üz tutdum APA-ya. Daha detallı desəm, Lent.az-a. Sizin üçün maraqlı layihələr planlayırıq. Sağlıq
olsun, tezliklə gerçəkləşdirəcəyik. Bir də müqavilə vardı, onu imzalamalıydım. İmzaladım. Elə ordanca qızlarla zəngləşdik ki, işdən sonra yığışaq. Lent.az-dan çıxıb düzəlləndim şəhərə doğru. Xanımlardan biri hamıdan tez gedib çıxmışdı görüş yerinə. Elə acmışdım, dözə bilmirdim, yoldan zəng vurdum ki, mənə salat sifariş ver, çatıram. Restorana çatanda “kələm təpəsi” bəzənib-düzənib masanın üstündə məni gözləyirdi. Baxdım ki, bu istədiyimdən deyil. Kələmin böyür-başına 5-6 dilim lazımsız pomidor-zad qoyub mayonezi doldurub, salat qayırıblar. Bu kələmi bir az didələdim, gördüm yox, bundan bir şey çıxmayacaq. Təzədən seçdim-seçmələdim, başqa bir salat tapıb sifariş verdim. Bu dəm digər xanım gəlib çıxdı. O, klassik adamdı. Bilmədiyi yeməkdən dünya dağılsa da dadmaz. Tanıdığı salatı sifariş verib, oturdu. Elə o biri də nəsə ona oxşar salat seçmişdi. Mən eksperimentalist isə növbəti macəranı gözləyirdim. İkinci salatımı da gətirdilər. Gözüm dörd oldu. Nə olsa yaxşıdı? Yenə “kələm təpəsi”. Böyür-başındakı dadsız-duzsuz pendir-pündürdən bir az didələdim, gördüm yox, getmir. Dedim, qızlar bu gün mənimki gətirmir, nə sifariş verirəm içindən kələm çıxır. Qızlar təklif elədilər ki, şansımı bir daha sınayım. Atalar üçdən deyibən axşamı, forma-filanı, kalorini nəzərə alaraq düşünüb-düşünüb tapdım.

Sevdiyim bir kek var, üçümüzə də ondan istədim. Qəşəng, yekə bokalda verirlər, həm tutumludu, həm ləzzətli, həm də kalorisi az. “Ofisiant ölməyəsən səni”, utanmaz-utanmaz nə cavab verər? Bokalda olandan yoxdu, ancaq o birindən var . O da bircə dilim qalıb. ” Qızlar qayıtdılar ki, içində kələm yoxdusa, xanım üçün gətirin, biz istəmirik.

Dedik-güldük, bir az gəzişdik və hərə öz yuvasına uçdu...

Məktub yazmadan əvvəl netdə qurdalandım. Gündəmə baxdım. Polislə-vətəndaş yenə toqquşur, Gülər Əhmədova məsələsi səngimir, 11-ci sinif şagirdi intihar edir, Nigar Yaqublu həbsdədi... Düşünürdüm ki, necə eləmək olar ki, bu ölkədə hamı mutlu olsun? İnsanlar mutsuz olanda müstəqillik gününə-zada da adamın sevinməyi gəlmir. Əsas hansısa təqvim günü deyil, axı. Əsas insandı. Face-də müstəqillik günü belə bir status oxudum: “Nigarın yanına gedən olsa, mənim əvəzimə bayramını təbrik eləsin, desin
ki, kül mənim kişi başıma ki, sən türmədəsən”. Düzdü, mən bilmədim, o özü niyə getmir Nigarın yanına, ancaq istənilən halda “Hər şey çox kədərlidi.” Hətta o qədər ki, biz bunu artıq şüara çevirmişik.

Nigarı tanımıram, heç vaxt üz-üzə gəlməmişik. Sadə bir səbəb var. Mən istəmirəm qadınlar həbsə düşsün. İstəmirəm adamlar türmələrdə çürüsün. İstəmirəm qəzalar, qətllər, oğurluqlar olsun. İstəyirəm yaxşı olaq , mutlu olaq dünyada. İstəyirəm əl uzatsın hamı bir-birinə. Biz niyə bir-birimizin ətini didməyə hazırıq axı? Niyə heç kim heç kimi sevmir burda? Bu ölkədə heç kim sevgiyə inanmır. Bu ölkədə heç kim dostluğa inanmır.

Bu ölkədə heç kim qanuna inanmır. Heç kim hakimə, vəkilə, polisə inanmır. Bu ölkədə
yaşayanların xoşbəxt olması üçün nə edə bilərik... Məncə biz bunun üçün əlimizdən gələni etməliyik. Biz - hamı!

Belə şeylər düşünə-düşünə gözüm bir videoya sataşdı. Hərbi prokurorluğun qarşısında bir ana elə dad edirdi, elə bir ah-nalə, elə bir nərə çəkirdi, adamın damarında qanı donar. Ananın başına hava gəlirdi dərddən. Deyir ki, oğlunun başına güllə çaxıb kimsə, meyitini yarıb, içalatını çıxarıb, üstündə də bir not buraxıb - “ölüb!” Kimdi bu kimsə? Kimdi bu “kimsə-LƏR?” Nə olar, bizə bir cavab verən tapılsın. Nə olar, qanunu sevdirən biri çıxsın ortaya, həmin o “kimsə(LƏR)” cəzalansın. Adamlar cinayət etməkdən çəkinsinlər. Kasıbın uşağı yiyəsiz qalmasın, müəmmalı şəkildə ölməsin.

Yenə Savaşdan yox, hərbi hissədən gəldi ölüm xəbəri. Kim yiyə duracaq bu ölümlərə, intiharlara... İnsan nə qədər dəyərsiz, sahibsiz varlığa çevrilir bu dünyada, Tanrım. Sən buna görə indi hər şeydən çox gərəksən. İnsana yiyə duran lazımdı. İnsan geriyə, yabanılığa qayıdır. Duyğusuz, güvənsiz, anlamsız olur.

Oxucum, əllərim buzlayır, ürəyim donur. Sənə yazmaqdan savayı əlimdən heç nə gəlmir. Qanını da qaraltdım, bağışla. Bağışla yazarını. Gözlərini qoru. Görürsən , bilmədən “siz” dən, “sən”ə keçmişəm.

Yazdıqca yaxınlaşırıq... gedim yatım, yata bilsəm. Birinci günə qədər, hələlik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3136
avatar

Aysel Əlizadə

Oxşar yazılar