Aysel Əlizadə yazır: “Evimizdəki Maşa” - ÜÇÜNCÜ MƏKTUB
19 oktyabr 2012 17:30 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Evimizdəki Maşa” - ÜÇÜNCÜ MƏKTUB

Oxucum, məktub yazmaq nə gözəl iş imiş. Üstəlik buna görə bir də üstünə para verirlərsə bu işin misli-bərabəri yoxdu. Pul hamıya lazımdı. Adam onun haqda heç düşünmürsə aqibəti yaxşı olmur. Çox düşünürsə, yenə yaxşı olmur. Adam pul haqda sadəcə düşünürsə, yaxşı olur. Nə çox, nə yox ...anlaşdıq?

Beynimdən keçən fikirlərin sürəti ilə yazı sürətim üst-üstə düşmür. Tutub yazıya gətirməyə fürsət tapmadığım o qədər fantastik fikir var ki, mineral su kimi havayı yerə axıb gedir. Yazarım, bu nə özgüvən belə, düşünə bilərsiz. Nədən olmasın? Məncə, insanın sözdən böyük kəşfi yoxdu. Söz! O, mineral sudan da dəyərlidi. Hər şey bir yana, məktub yazmaq ehtiyacım düşündüyümdən artıq imiş.

Bütün günü yazmaq istəyirəm...Yenə ağlımdan dostlarım keçdi. Demişdim aa ki, küsüblər, “danışmağa adamım yoxdu” deyəndə bizi nəzərə almamısan-filan, yenə yadıma düşdü.

Bir ciddi məqam var, onu mütləq gərək qeyd edim. Həm Siz bilin, həm dostlarıma agah olsun. Son vaxtlar danışa bilmirəm. İki sözü bir-birinə calayıb cümlə qura bilmirəm. Yazı nitqimi əlimdən alıb. Danışanda fikrimi deyə bilmirəm. Səbəb bəlkə də çoxdu. Ancaq indi ağlıma biri və bəlkə də ən maraqlısı gəlir. Qızım dil açandan
o qədər sual verir, o qədər danışdırır məni, başqa hardasa, kiminləsə söhbət eləməyə heyim və həvəsim qalmır. Canımı İzelin əlindən alan kimi ancaq və ancaq susmaq istəyirəm.

Bu gün bağçaya getməyib. Nənəsi evdə olanda deyir, getməsin, qalsın mənimlə. Düzdü, axşama yaxın artıq bu qərarına görə xeyli peşmançılıq çəkir, ancaq peşmançılıq gələn dəfəyə qədər unudulur və yenə nənə işə getməyəndə İzeli yanında saxlayır. İzel axşama kimi nənənin pişiyini divara dırmaşdırır. Yazıq anam, bir də görürsən sakitcə zəng vurub soruşur: “Asi, nə vaxt gələrsən?” Bilirəm ki, vəziyyət gərgindi, qız anamı əldən salıb. Deyirəm, ana, “Maşa i medved”i qoy baxsın, gəlirəm. Uşaqlar üçün animasiyon serial hazırlayıblar, “Maşa və Medved”, izləyənlər bilər, dəhşətli bir şeydi. İzeli ancaq bu serial sakitləşdirə bilər. Bir də “Nu, poqodi”yə diqqətlə baxır. Zəmanə cocuqları özlərini harda görürlərsə, ona maraq göstərirlər. Maşanı İzel ona görə sevir ki, özünü görür onda. Anladığınız, Maşa bizim evdə yaşayır. Anamla İzel bir yerdə qalanda elə Maşayla
Medvedin günündə olurlar. Ciddi deyirəm.

Dünyanın heç bir oyuncağı 2 gündən artıq Maşaya maraqlı gələ bilməz. Mən oyuncaq dükanını evimizə daşımaqdan yorulmuşam. Xeyri yoxdu, nənənin qazanları daha ilgincdi. İzel bağçadakı ən sakit, qəşəng qızın adını evdəki ən sevdiyi gəlinciyinə qoyub. Gəlinciyin adı Ayandı. İzel azmış kimi, evimizdə yaşayan bu Ayan da, ayaqqabılarımı heç bir məsuliyyət hiss eləmədən geyir, köynəklərimi əyninə keçirir, ətirlərimdən səxavətlə vurur, nəsə, danışılıb bitəsi məsələ döy.

Ancaq İzeli kədərləndirən bir mövzu var. Bütün bu haray-həşirin, dəcəlliyin içində İzel həmişə bu barədə düşünür. Bunu, verdiyi suallardan, bəzən durduq yerə qışqırmağından, hərdən gecələr sayıqlamalarından bilirəm. Və bu, mənə inanılmaz əzab verir. Elə qəribə məqamlar müşahidə eləmişəm ki, onda, adam heyrətə gəlir. Heç vaxt ağlına gəlməz ki, 3 yaşı hələ tamam olmayan bir uşaq , bunları
anlaya bilər. İstərdim indi paylaşam, alınmadı. Gələn məktuba qalsın, nəsə doldum yaman... üzrlü sayın, davam edə bilməyəcəm...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Aysel Əlizadə

Oxşar yazılar