Bəxtiyar Sadıqov: “Telekanallar dilimizin korlanmasında “mühüm” rol oynayır”
15 oktyabr 2012 19:06 (UTC +04:00)

Bəxtiyar Sadıqov: “Telekanallar dilimizin korlanmasında “mühüm” rol oynayır”

Bu gün Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Media və ana dilindən istifadə xüsusiyyətləri” adlı layihəsi çərçivəsində “Media və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda dəyirmi masa keçirib.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov xatırladıb ki, rəhbərlik etdiyi qurum ötən il də KİVDF-nin maliyyə dəstəyi ilə mediada ana dilimizin normalarına əməl edilməsi ilə bağlı layihə gerçəkləşdirib.

Həmin layihə çərçivəsində baş tutmuş tədbirlərdə müzakirə olunmuş nöqsanların aradan qaldırılması istiqamətində ayrı-ayrı mətbu vasitələrin özləri tərəfindən təşəbbüslər irəli sürülüb. Şuranın sonrakı monitorinqlərinin nəticələri də onu deməyə əsas verib ki, mövcud sahədə bəzi müsbət meyllər yaranıb. Bununla belə, mediamızın ana dilindən istifadəsində meydana çıxan problemlər hələ də aktuallığını qorumaqdadır və Mətbuat Şurası bunu nəzərə alaraq bu il bir növ, ötən ilki layihənin davamı olaraq “Media və ana dilindən istifadə xüsusiyyətləri” adlı layihə həyata keçirməkdədir: “Bu ilin mayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalayıb. Layihə eyni zamanda həmin sənəddə ifadəsini tapan məsələlərin həllinə bir növ, dəstək göstərmək məramından irəli gəlir”.


Layihənin konkret məqsəd və vəzifələri haqqında söhbət açan Əflatun Amaşov bildirib ki, burada əsas xətt ölkənin media orqanlarının Azərbaycan ədəbi dilinin normalarının qorunmasına nə dərəcədə riayət etdiklərini müəyyənləşdirməkdən, konkret meylləri izləməkdən, qarşıya çıxan problemləri qruplaşdırmaqdan, bu kimi məsələlər barədə ictimaiyyətin məlumatlandırılmasından ibarətdir. Mövcud istiqamətdəki başlıca fəaliyyət isə aylıq monitorinqin keçirilməsi olub. Mətbuat Şurasının müvafiq təlimatına əsasən ölkənin tanınan, ictimai fikrə təsir göstərən 30 qəzetində aparılmış monitorinqin birinci mərhələsi iyul, avqust və sentyabr aylarını əhatə edib. Leksik pozuntuların müəyyənləşdirilməsində alınma sözlərin, terminlərin, dialekt və şivə sözlərinin, neologizmlərin yaradılması və işlədilməsi ilə bağlı pozuntulara diqqət yetirilib. Morfoloji və sintaktik pozuntular qrammatik pozuntular kimi araşdırılıb. Həmçinin dili praktik bilməməkdən və bəhs olunan predmeti bilməməkdən irəli gələn pozuntular nəzərdən keçirilib.

Əflatun Amaşov qeyd edib ki, iyul, avqust və sentyabr aylarında monitorinqi aparılmış qəzetlərdə ümumilikdə 2993 pozuntu faktı qeydə alınıb. Bunlardan 437-i alınma sözlərin işlədilməsi ilə bağlı pozuntulardır. 208 pozuntu faktı terminlərin işlədilməsi ilə əlaqədardır. Dialekt və şivə sözlərinin düzgün işlədilməsinə dair 96 fakt qeydə alınıb. 278 halda KİV-lər neologizmlərin yaradılması və işlədilməsi ilə bağlı pozuntulara yol verib. Bu mənada morfoloji pozuntuların sayı 275, sintaktiklərin sayı isə 376 olub. Üslubi pozuntuların ümumi sayı 1323-dür ki, onlardan dili praktik bilməməkdən irəli gələnlər 686, dilin qaydalarını bilməməkdən irəli gələnlər 284, bəhs olunan predmeti bilməməkdən irəli gələnlər 353-dür.


Milli Məclisinin deputatı, Mətbuat Şurasının Dil komissiyasının sədri, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da Azərbaycan ədəbi dilinin qorunması məsələsinin daim gündəmdə saxlanılmasını vacib sayıb: “Dildən istifadədə daha bərbad vəziyyət telekanallardadır. Nəzərə alsaq ki, auditoriyaları daha genişdir, telekanallar dilimizin korlanmasında “mühüm”» rol oynayır. Hesab edirəm ki, ictimai müzakirələrin qayəsi dilimizi sevdirmək üzərində qurulmalıdır. Biz əksər hallarda sevdiyimiz şeylərə qısqanc yanaşan xalqıq. Dili də bu müstəviyə qaldırmaq vacibdir. Çünki dil Azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm amildir. İlkin mərhələdə “Azərbaycan” nəşriyyatında vahid korrektura şəbəkəsinin yaradılması vacibdir. Hazırda qəzetçiliyin vacib elementi sayılan korrekturanın sıradan çıxması da ədəbi dilin pozulması ilə bağlı mənzərənin formalaşmasında mənfi rolunu oynamaqdadır”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay vəziyyətdən çıxış yolunun müəyyənləşdirilməsi üçün effektiv təsir mexanizminin yaradılmasını zəruri hesab edib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli məsələyə “dil demokratiyası” anlayışı baxımından yanaşmağın vacibliyinə toxunub. Onun fikrincə, dilin inkişafını da müəyyən mənada həmin demokratiyanın şərtləri baxımından qiymətləndirməli, lakin ana dilimizin fundamental xüsusiyyətlərinin qorunmasına da həssas yanaşmalıyıq. Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mətbuatın daha çox ana dilimizdə qarşılığı olan sözlərdən istifadəyə önəm verməsinin vacibliyindən söz açıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081

Oxşar yazılar