Tibbi sığorta: işləməyən qanunu necə “diriltməli”? – ARAŞDIRMA
29 sentyabr 2012 13:36 (UTC +04:00)

Tibbi sığorta: işləməyən qanunu necə “diriltməli”? – ARAŞDIRMA

Dövlət müstəqilliyinin 20 ilini geridə qoyan Azərbaycanda səhiyyə sistemi hələ də sovet qayda-qanunları idarə olunur. Son 20 ildə səhiyyə sistemində müəyyən islahatların aparılmasına baxmayaraq, idarəçilik və maliyyələşmə mexanizmləri dəyişməz olaraq qalır. Görünür, elə bu səbəbdəndir ki, səhiyyə sektorundakı çoxsaylı və çox ciddi problemlər həllini tapmır. Bütün bunların kökündə isə yalnız bir amil dayanır: dünyanın nəinki qabaqcıl, hətta ortabab ölkələrində geniş şəkildə tətbiq olunan icbari tibbi sığorta sisteminə keçid Azərbaycanda ləngiyir.

Yerli və beynəlxalq ekspertlər isə bunun nəticəsi kimi tibb müəssisələrində xəstələrin müalicə almaq hüququ pozulduğunu, ölkədə xəstəliklərdən ölüm riskinin yüksək olduğunu tez-tez söyləyirlər. Üstəlik dövlət xəstəxanalarında qanunvericiliyə zidd olsa da, rəsmi və qeyri-rəsmi ödənişlərin tələb olunması da ölkədə səhiyyə xidmətlərinə əlçatanlıq səviyyəsini aşağı salır. Məhz bu səbəbdən müəyyən qədər imkanlı vətəndaşlar sağlamlıqlarını xarici həkimlərə etibar edirlər.

Bəri başdan deyək ki, ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiqi üçün lazım olan bütün hüquqi əsaslar var. Belə ki, hələ 13 il əvvəl – 1999-cu ildə “Tibbi sığorta haqqında” qanun qəbul edilib. Üstəlik “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin fərmanı (30 dekabr 1999-cu il) da var. Üstəlik “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı” da hazırlanıb və bu sənəd Nazirlər Kabinetinin 11 avqust 2008-ci il tarixli 179 saylı qərarı ilə təsdiq olunub.

Beş illik planın 6 əsas vəzifəsi

Xatırladaq ki, Tədbirlər Planında həmin icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üçün görülməli olan işlərin bölgüsü və icraçı qurumların adları konkret şəkildə göstərilir. Bu Tədbirlər Planı adı çəkilən dövlət orqanları qarşısında 6 əsas vəzifə qoyur: Səhiyyənin maliyyələşdirilməsi sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi; maliyyələşdirilməsinin islahatı prosesinin normativ hüquqi tənzimlənməsi; qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin potensialının inkişafı; səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi; tədris və maarifləndirmə; monitorinq və qiymətləndirmə.

Nazirlər Kabinetinin bu sənədində səhiyyənin maliyyələşdirilməsi sisteminin mövcud vəziyyətinin monitorinqindən tutmuş hazırkı əməkhaqqı sisteminin qiymətləndirilməsi, səhiyyənin maliyyələşdirilməsini tənzimləyən qanunvericilik aktlarının monitorinqinin aparılması, onların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasınadək ən müxtəlif tədbirlər əksini tapıb. Hətta Tədbirlər Planına uyğun olaraq 2009-2011-ci illərdə yeni maliyyələşdirmə sistemi pilot rayonlarda sınaqdan keçirilməli, tibbi xidmətlərin dəyərinin qiymətləndirilməsi üzrə tədqiqatların və baza zərfinin pilot rayonlarda sınaqdan keçirilməsinin nəticələri əsasında baza zərfinin dəqiqləşdirilmiş strukturu müəyyən edilməli idi. Buna paralel olaraq Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinə pilot rayonlarda əldə edilmiş təcrübə əsasında yeni maliyyələşdirmə üsullarının və baza zərfinə daxil olan xidmətlərin alınması proseduralarını təkmilləşdirmək və tədricən genişləndirilməsi üzrə tədbirlər görmək həvalə olunub. Bütövlükdə bu il tam şəkildə başa çatdırılması nəzərdə tutulan tədbirlərin icraçısı rolunda Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi çıxış edir.

Bəs, Tədbirlər Planında müəyyən edilmiş vəzifələrin icrası nə yerdədir? Bu tədbirlərin icrasına məsul olan dövlət qurumları öhdəlikləri tam şəkildə yerinə yetirə bilibmi?

Nəzərə alsaq ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasının başa çatmasına cəmi 3 ay vaxt qalır, onda məsələnin son dərəcə vacib olduğu daha aydın görünür. Amma Lent.az-ın əməkdaşı məsələni araşdırarkən bu tədbirlərin böyük əksəriyyətinin icra edilmədiyini üzə çıxarıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətində bildirirlər ki, bu qurum öz səlahiyyəti çərçivəsində ilkin hazırlıq işlərinə başlayıb: “Ancaq bir çox məsələlər Nazirlər Kabineti səviyyəsində həll edilməlidir ki, tibb müəssisələri öz fəaliyyətini “Tibbi sığorta haqqında” qanunun tələblərinə uyğunlaşdıra bilsin. Bunun üçün isə hər şeydən əvvəl tibbi sığorta sisteminin maliyyə təminatı həll edilməlidir”.

Nazirlər Kabinetinin səhiyyə şöbəsinin müdiri Elxan Bağırzadə isə icbari tibbi sığorta sisteminin tətbiqinin yubanmasından danışmaq istəməyib. O, qısaca olaraq “Bu istiqamətdə müəyyən işlər görülür. Amma mən onun icrası barədə dəqiq bir şey deyə bilmərəm. Bu suallara yalnız mətbuat xidməti cavab verə bilər” - deyə, bildirib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən isə Lent.az-a bildiriblər ki, aidiyyəti qurumlar öz səlahiyyəti çərçivəsində “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda nəzərdə tutulan hazırlıqları görür. Belə ki, Səhiyyə Nazirliyi tibb müəssisələrinin fəaliyyətinin tibbi sığortanın tələblərinə uyğunlaşdırılması, eləcə də müvafiq sənədlərin hazırlanması məqsədilə bir neçə layihə həyata keçirir. Bu layihələr çərçivəsində görülən işlərin nəticəsi isə ilin sonlarında açıqlanacaq.

Tibbi sığortanın əsas şərtləri

Göründüyü kimi, tətbiqi üçün lazım olan bütün hüquqi əsasları olmasına baxmayaraq, müvafiq dövlət orqanlarında icbari tibbi sığorta məsələsinə soyuq və bir qədər də ehtiyatlı yanaşıldığı diqqəti çəkir. Hətta Nazirlər Kabineti 4 il əvvəl özünün təsdiq etdiyi Tədbirlər Planının belə, icrasında sanki maraqlı görünmür. Məsələni Lent.az-a şərh edən ekspertlər isə bunu Azərbaycanın tibbi sığorta sisteminin tətbiqinə hazır olmaması kimi izah edirlər.

Xatırladaq ki, icbari tibbi sığorta sistemi vətəndaşların hər bir xəstəlik üzrə sığorta ödənişlərinə əsaslanan pulsuz müayinə və müalicəsinin nəzərdə tutur. Bunun üçün hökumət vətəndaşlara xidmətlər paketi təklif edir. Həmin təkliflər paketində hər bir xəstəlik üzrə müalicənin dəyəri müəyyən olunur və cəmiyyətin bütün üzvləri bu xidmətlər paketini istədiyi xəstəxanada pulsuz əldə edə bilər. Lakin bu sistemin tətbiqi üçün hər şeydən əvvəl sığorta paketi hazırlanmalı, vətəndaşların hansı qurumda və necə sığortalanmalı olduğu müəyyən olunmalıdır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev deyir ki, icbari tibbi sığorta sistemi ilə bağlı beynəlxalq təcrübədə kifayət qədər uğurlu nümunələr var və Azərbaycan bu nümunələrdən bəhrələnməklə səhiyyə sistemindəki problemləri birdəfəlik həll edə bilər. Onun sözlərinə görə, qabaqcıl təcrübəyə əsasən, sığortalanmada həm dövlət, həm də özəl şirkətlər iştirak edir. Üstəlik sosial sığortaya əsaslanan pensiya təminatı sistemində olduğu kimi, işləyənlərin özləri də bu prosesə qoşula bilər: “Sadəcə hökumət icbari tibbi sığortanın dərəcələrini, ödəniş şərtləri və sığorta şirkətlərin prosesdə iştirakı qaydalarını müəyyən etməlidir. Burada həmçinin işləyən vətəndaşların tibbi sığortaya cəlbi, işləməyən əhalinin – pensiyaçılar, uşaqlar, əlillər, işsizlərin tibbi sığorta təminatında dövlətin iştirakının nədən ibarət olacağı aydınlaşmalıdır.

İcbari sığorta haqqı İcbari Tibbi Sığorta Agentliyinə (ölkə başçısının 7 dekabr 2007-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında Tibbi Sığorta üzə Dövlət Agentliyinin yaradılması barədə fərman da icra olunmamış qalır – E.S.) toplanır və həmin vəsait ayrı-ayrı sığorta şirkətlərinə bölünür və onlar vətəndaşların sığortalanmasını həyata keçirir. Bu halda dövlət büdcəsinin “səhiyyə xərcləri” bölməsindəki vəsait birbaşa səhiyyə müəssisələrinə deyil, icbari sığorta vəsaiti kimi ayrılır. Həmin vəsait hesabına insanlar dövlət büdcəsindən hansı xidmətlərin sığortalandığını konkret bilirlər.

Yubanmaya səbəb nə?

Belə bir mükəmməl sistemin ləngiməsinə gəlincə, ekspertlər bunu bir necə səbəblə əlaqələndirir. Azər Mehtiyev deyir ki, bu sistemin tətbiqi üçün hər şeydən əvvəl səhiyyə sistemində ciddi islahatlar aparılmalı, mövcud maliyyələşdirmə mexanizmi dəyişməlidir. Onun sözlərinə görə, çox vacib olan elementlərdən biri tibbi müalicə protokolların hazırlanmasıdır ki, bunsuz tibbi sığortanın tətbiqi mümkün deyil. Həmçinin müalicə olunan ayrı-ayrı xəstəliklərin növlərinin dəyəri müəyyən olunmalıdır: “Növbəti mühüm məsələ baza xidmətlər paketin müəyyən olunması, müxtəlif sosial təbəqələrin sığortaya cəlbi ilə bağlıdır. Yəni müəssisələrin və təşkilatların, işçilərin və vətəndaşların bu prosesdə iştirakı konkret müəyyən olunmalıdır”.

Azər Mehtiyev hesab edir ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə mane olan ən vacib məsələ mövcud səhiyyə sisteminin qalmasında maraqlı olan qüvvələrdir. Çünki müəyyən dairələr səhiyyə sistemində islahatların aparılmasını istəmir: “Təbii ki, başqa səbəblər də var. Məsələn, bu islahatlar ilkin dövrdə müəyyən qədər narazılıqlar doğura bilər. Ortada olan ən mühüm arqumentlərdən biri də odur ki, iqtisadi imkanlar getdikcə artır. Belə bir şəraitdə bəzi maraqlı tərəflər düşünür ki, icbari tibbi sığorta sisteminin tətbiqdənsə, səhiyyənin dövlət maliyyələşdirilməsinin qalması daha məqsədəuyğundur. Ancaq hətta mövcud maliyyələşmə sistemini alqışlayanlar özləri də etiraf etməlidirlər ki, əhali dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərdən faydalana bilmir. Bu gün bir sıra səhiyyə müəssisələri və təşkilatları yalnız mövcud olduqlarına görə büdcədən maliyyələşir. Halbuki bu, keçmiş SSRİ-dən qalma sistemdir. İndi isə dövr dəyişib, müasir texnologiyalar daha çevik və səmərəli idarəetmə tələb edir. Təəssüf ki, tibb müəssisələri işinin nəticəsinə görə maliyyələşmədiyindən dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlər səmərəsiz xərclənir, əhali bu vəsaitlərdən faydalana bilmir”.

Xoşməramlı islahat kimin ziyanınadır?

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə mane olmaq istəyən qüvvələrin olduğu qənaətindədir. Onun sözlərinə görə, səhiyyə sektorunda mövcud maliyyələşmə sisteminin saxlanması müəyyən qurumların marağındadır və onlar bu sahədəki dəyişikliyin tərəfdarı deyil: “Lakin istənilən halda bu sahədə ciddi islahatlar aparılmalıdır və biz də çalışırıq ki, icbari tibbi sığorta sistemi Azərbaycanda da tətbiq olunsun. Bunun üçün hər şeydən əvvəl Səhiyyə Nazirliyinin sistemində ciddi islahatlar aparılmalıdır. Bunlar fundamental islahatlardır, adi dəyişikliklər deyil. Amma tibbi sığortanın tətbiqi həddindən artıq vacib məsələdir. Biz istər Milli Məclisdəki çıxışlarımızda, istərsə də hökumət nümayəndələri ilə görüşlərdə bu məsələyə mütəmadi olaraq toxunuruq”.

Vahid Əhmədov deyir ki, hazırda dövlətin geniş maliyyə imkanları var və hökumət bu imkandan istifadə edərək icbari tibbi sığortanın tətbiqini sürətləndirməlidir. Onun sözlərinə görə, bunun vacibliyini hökumətdə də başa düşürlər: “Ancaq əsas problem ondadır ki, tibbi sığortanın tətbiqi üçün işləyə bilən hər kəsin iş yerləri olmalıdır. Çünki pulsuz tibbi xidmət ala bilmək üçün hər kəs maaşından müəyyən bir hissəni tibbi sığorta ödənişləri kimi müvafiq fonda köçürməlidir. Hesab edirəm ki, hazırda tibbi sığortanın tətbiqinə mane olan səbəblər o qədər də ciddi deyil və onun yubanması sadəcə müəyyən qurumların öz işinin öhdəsindən gələ bilməməsi, yaxud da bunu istəməməsindən irəli gəlir. Lakin bir daha deyirəm, Azərbaycanın maliyyə təminatı kifayət qədər yüksəkdir və “Tibbi sığorta haqqında” qanun tezliklə işə salınmalıdır”.

“Səhiyyədə ciddi islahatlar aparılmayınca...”

Bu məsələdə hökumət nümayəndələri ilə də məsləhətləşmələr apardığını deyən millət vəkili bildirir ki, “Tibbi sığorta haqqında” qanunun üçün çoxlu işlər görülməlidir. Onun fikrincə, səhiyyə sahəsində islahatlar aparılmayınca, tibbi sığortanın maddi bazasını təmin etməyincə, insanların iş yeri və əməkhaqqı sistemindəki problemləri, xüsusilə də ayrı-ayrı idarə və müəssisələrdə, səhiyyə sektorunun özündə şəffaflıq və açıqlıq məsələləri həll edilməyincə icbari tibbi sığorta sistemini tətbiqinə başlamaq mümkün deyil: “Bunların hamısı çox ciddi məsələlərdir və qanunin işləməsi üçün ən kiçik detallaradək hər bir məsələ tam aydınlaşmalıdır. Bugünkü vəziyyət, dövlətin və insanların imkanlarının olması bu qanunun tətbiqi üçün xeyli şans yaradıb. Təəssüf ki, qanunun qəbulundan 13 il keçməsinə baxmayaraq, indiyədək nə Nazirlər Kabinetində, nə Səhiyyə Nazirliyində, nə də digər aidiyyəti qurumlarda bu istiqamətdə real addımlar atılmayıb”.

İcbari tibbi sığorta sisteminin tətbiqinin yubadılmasında daha çox hansı qurumun məsuliyyət daşımasına gəlincə, Vahid Əhmədov deyir ki, bu işdə əsas yük Nazirlər Kabineti və Maliyyə Nazirliyinin üzərinə düşür. Onun fikrincə, bu işlərin həyata keçirilməsi təkcə Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil: “Çünki hər şeydən əvvəl icbari tibbi sığortanın maliyyə təminatı həll olunmalıdır. Maliyyə təminatı isə həm dövlətin imkanlarına, həm də insanların normal iş yerləri ilə təminatına bağlıdır. Yəni təkcə səhiyyə sistemi deyil, iqtisadi şərait də bu sistemə uyğunlaşmalı, ölkədə geniş spektrli iqtisadi və sosial islahatlar aparılmalıdır. Nazirlər Kabineti və başqa qurumlar “İcbari tibbi sığorta haqqında” qanunun tətbiqi istiqamətində ona görə ciddi addım atmır ki, bunun mexanizmini tapa bilmir. 2005-ci ildə biz “Gəlir vergisi haqqında” qanun qəbul etmişik. Amma bu günə qədər həmin qanun işləmir. Çünki onun da işləmə mexanizmi yoxdur. Lakin tibbi sığorta sisteminin tətbiqinə başlamaq lazımdır. Ən azından bu qanunu pilot şəklində müəyyən bir bölgədə, yaxud da bəzi şirkət və ya təşkilatlarda çalışan işçilər üçün tətbiq etmək olar. Müəyyən dövrdən sonra isə əldə olunan təcrübə əsasında icbari tibbi sığortanı bütün ölkə ərazisində tətbiq etmək mümkündür”.

Millət vəkili “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin böyük əksəriyyətinin indiyədək həyata keçirilməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, tibbi sığortanın tətbiqi üçün müvafiq qurumlar konkret rəyə gələ bilmir. Xüsusilə də səhiyyə sisteminin özündə islahatların aparılması, iş yerləri, əməkhaqqı sistemi və digər məsələlərlə bağlı köklü dəyişiklik tələb olunduğundan Tədbirlər Planında müəyyən edilmiş müddəalar yerinə yetirilməyib: “Yəni hökumət bu məsələdə qəti rəyə gəlmədiyi və müəyyən problemləri həll edə bilmədiyi üçün belə qənaətdədir ki, icbari tibbi sığorta sisteminin tətbiqi hələlik dondurulsun”.

Elxan SALAHOV
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2581

Oxşar yazılar