Uşaqların dünyagörüşünün formalaşmasında uşaq ədəbiyyatı nümunələrinin rolu danılmazdır. Artıq bir sıra elmi araşdırma vasitəsi ilə onların təxəyyülünün genişlənməsində, şəxsiyyət kimi formalaşmasında uşaq ədəbiyyatının, xüsusilə nağılların böyük əhəmiyyət daşıdığı təsdiqlənib. Bu səbəbdən uşaqlar üçün yaradılan bədii nümunələrin ərsəyə gəlməsində iştirak edən hər kəs ikiqat məsuliyyətli olmalıdır. Çünki onlar təkcə bu gün deyil, gələcək qarşısında da mənəvi cavabdehlik daşıyırlar. Xüsusilə burada müəlliflərin çiyninə böyük yük düşür. Lakin təcrübə göstərir ki, son illər yaranan uşaq ədəbiyyatı nümunələrinin bir çoxu estetik tərəflərindən çox qüsurları, uşaq dünyasına zidd fikirləri aşılaması ilə yadda qalır.
Bu günlərdə Aygün Bal adlı müəllifin azyaşlılar üçün nəzərdə tutulmuş “Qaz ilə göyərçinin əhvalatı” kitabı da ictimaiyyət tərəfindən etirazla qarşılanıb. Qeyd edək ki, 12 il əvvəl çıxmış kitab artıq ikinci dəfədir (bir dəfə də çap olunduğu ildə narahatlıq doğurmuşdu) ictimaiyyətin hiddətinə səbəb olur. Kitabda yer alan şeirdən açıq-aydın şəkildə uşaqların dünyagörüşünə ziddi olması görünsə də, müəllif sonradan mətbuata açıqlamasında kitabın “böyüklər üçün nəzərdə tutulduğunu” bildirib. Halbuki kitabın arxa qapağında balacalara ünvanlanmış mətndə müəllif “kitabının uşaqların əxlaqi və estetik tərbiyəsində müəyyən rol oyanacağına” inandığını iddia edib. Lakin Aygün Bal imzalı müəllif buna da cavab tapıb: “Bu, sadəcə, redaktorun səhvidir. Biz kitabın satışı ilə məşğul deyilik”.
Şeirin məzmunu belədir ki, evli qaz göyərçinə vurulur, göyərçin isə onu sevmədiyi halda puluna görə “hə” cavabı verir. Sonra isə qazın arvadı baş verənlərdən xəbər tutur... Qısa məzmundan da göründüyü kimi, şeirdə uşaq dünyasına yad məsələlərdən bəhs olunur.
Artıq qeyd etdiyimiz ki, bu, uşaqlar üçün yazılmış, əslində isə uşaqların tərbiyəsinin pozulmasına, onların mənəviyyatını və əxlaqını korlamağa daha çox xidmət edən ilk əsər, ilk kitab deyil. Son illər uşaqlar üçün nəzərdə tutulmuş kitablarda bu cür nöqsanlar dəfələrlə aşkar edilsə də, müzakirə çıxarılıb, qınanılsa da, görünən odur ki, problem həllini tapmır və biz gələcəkdə bu cür hallarla hələ çox qarşılaşacağıq.
Kitabların çapına, xüsusilə uşaq kitablarının çapına hər hansı şəkildə nəzarətin həyata keçirilməsi ilə bağlı APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, nazirliyin fəaliyyəti və səlahiyyətləri "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında" əsasnamə və digər aidiyyəti normativ hüquqi aktlarla müəyyənləşdirilib və müraciətdə qeyd olunan məsələyə nəzarət nazirliyin səlahiyyətlərinə aid deyil: “Nəşriyyat fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə əlaqədar nəşriyyat işinin subyektləri arasında münasibətlərin tənzimlənməsi, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, nəşriyyat işinin ümumi prinsipləri "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Sözügedən qanunun tələblərinə riayət etməyən fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, məlum kitabda uşaqların yaş xüsusiyyətləri, həmçinin seçilən mövzunun didaktik və tərbiyəvi əhəmiyyəti nəzərə alınmayıb: "Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir. Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır”.
Komitə adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini bildirib: “Belə ki, ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib”.
Məlumatda o da bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.
Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.
Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev hesab edir ki, uşaq ədəbiyyatı yalnız uşaqlar üçün deyil, eləcə də böyüklərə ünvanlanır. APA-ya açıqlamasında uşaq ədəbiyyatının 17-18-ci əsərlərdə formalaşmağa başladığını deyən ekspert bildirib ki, buna qədər çox nadir hallarda belə ədəbiyyatlar yazılırdı: “19-cu əsrdə uşaq ədəbiyyatında dominant janr rolunda müəllif nağılları üstünlük təşkil edirdi. 20-ci əsrdə uşaq ədəbiyyatının janr tərkibi dəyişdi. Burda əsas yeri macəra, fantastika janrı tutdu ki, bunu böyüklər də oxuya bilərdilər. “Uşaqların həvəslə oxuyacaqları zaman bu kitab qalib gələcək” deyən Norveç yazıçısı, Nobel mükafatı laureatı Selma Laqerleyfin ötən əsrin əvvəlində yazdığı “Nils Holqerssonun İsveçdə möcüzəli səyahəti” kitabı indi də aktualdır. Mənim oxuduğum bir neçə böyük yazıçı uşaq yaşlarından bu kitabın onların yazıçı kimi yetişməsindəki rolundan yazıblar”.
Deputat Azərbaycanda uşaq ədəbiyyatının böhran dövrünü yaşadığını vurğulayıb: “Fantastika və macəra janrında demək olar ki, uşaqlar üçün kitablar yazılmayıb. Bizdə uşaq ədəbiyyatı, əsasən, təmsilə köklənib. Hekayələrdə uşaq dialoqları primitivdir. Dünyanın ən varlı yazıçılarından biri olan Coan Roulinq uşaqlar üçün fantaziya janrında yazdığı "Harri Potter" roman seriyaları hesabına şöhrət qazanıb. Uşaq ədəbiyyatı üzərində işləyən yazıçıların mütaliəsi daha geniş olmalıdır. Çünki yazdığı əsərin hesabına uşaqların idrakı genişlənməlidir”.
E. Əliyev uşaq ədəbiyyatı nümunələrinin keyfiyyətinin artırılması yollarından biri kimi müsabiqələrin təşkilini məqsədəuyğun sayır: “Uşaqlar üçün hekayə, esse, pyes yazan yazarların mütəmadi olaraq müsabiqəsi keçirilməlidir. Bunun köməyi ilə bu janra maraq yarana bilər. Çünki yaxşı əsərlər stimullaşdırılmalıdır”.
Əsərləri ilə balacaları tez-tez sevindirən Zahid Xəlil isə məlum şeirdəki anlayışların uşaqlar üçün olmadığını düşünür. Yaradıcılığının böyük bir hissəsini uşaqlar üçün bir-birindən gözəl bədii nümunələr yaratmağa sərf etmiş yazıçı APA-ya bildirib ki, onların psixologiyası, anlamaq səviyyəsi mütləq nəzərə alınmalıdır: “Müəllif bilməlidir ki, uşaq onun yazdığını başa düşəcək, yoxsa yox. Uşaq nə bilir evli nədir, subay nədir, xəyanət nədir, pul nədir, şöhrət nədir?”
Z. Xəlil uşaq ədəbiyyatı sahəsinə nəzarət həyata keçirilmədiyindən bu cür nöqsanların artmasından şikayətlənib: “Mən yüzlərlə belə kitab tapmışam ki, çap olunmamalıdır, amma olunub. Kimin pulu varsa, kitabını çap etdirir. Nəşriyyat da heç bir məsuliyyət hiss etmədən pulunu alıb işini görür. Onun nə vecinədir ki, kitab uşağın dünyasına uyğundur, ya yox?! Heyf ki, bu sahəyə nəzarət yoxdur, tənqid edən də yoxdur. Dünyanın bütün ölkələrində uşaq ədəbiyyatı xüsusi nəzarət altında nəşr edilir. Onu başlı-başına buraxsan, elə “Qaz ilə göyərçinin əhvalatı” kimi bir şey ortaya çıxacaq. Yaxşı olardı ki, bu sahəni Mədəniyyət Nazirliyi və ya Azərbaycan Yazıçılar Birliyi nəzarətə götürsün”.
Z. Xəlilin fikrincə hər bir müəllif nədən yazacağını yazı prosesində müəyyənləşdirir: “Uşaqlar üçün əsər yazmağın xüsusi resepti yoxdur. Altı-yeddi yaşında uşaqlar üçün daha çox fantastik mövzular seçilməli və bu nağıllar xeyirxahlıqdan bəhs etməlidir, daha ər-arvad münasibətlərindən yox. Balaca uşaqlar üçün yazmaq daha məsuliyyətlidir, çünki onların yaşına, qavrayışına uyğun mövzu tapmaq olduqca çətindir. Ona görə də indiki dövrdə daha çox müəlliflərin və o kitabları alıb övladlarına oxuyan valideynlərin üzərinə böyük məsuliyyət düşür. Heç olmasa, bu əsərlər yazan müəlliflərə qarşı ictimai qınaq olmalıdır, onda müəlliflər daha məsuliyyətli olarlar”.
Psixoloq Fərqanə Mehmanqızının fikrincə nağıllardakı hər bir obraz uşağın xarakterinin korreksiya edilməsində çox böyük əhəmiyyət daşıyır. Buna görə valideynlər mənfi və müsbət obrazları uşaq üçün analiz etməlidirlər.
“Bu analiz zamanı həm uşağın psixikasını yoxlamalı, həm də müsbət xarakterləri fərdi şəkildə şüuraltına yeritməlidirlər ki, uşağın şəxsiyyətində müsbət keyfiyyətlər formalaşmış olsun. Bundan əlavə, mənfiləri də onların gözündə aydınlaşdıraraq niyə mənfi olduğunu izah etməlidirlər. Təbii ki, hər yaşın özünün qavrama dərəcəsi var və bu qavrama dərəcəsinə uyğun olaraq hər yaşın öz nağılı, hər nağılın da özünün bilgi səviyyəsi var ki, valideyn bu nağıldan istifadə edib uşağın təhtəlşüuruna təsir edə bilsin”, - deyə psixoloq APA-ya açıqlamasında bildirib.
F. Mehmanqızı uşaq ədəbiyyatının çapına nəzarətin zəifliyindən də gileylənib: “Bu gün çox təəssüf ki, uşaq ədəbiyyatı senzuradan keçmir. Amma bu sahəyə xüsusi nəzarətin olması vacibdir. Çünki valideynlərin heç də hamısı nağılın insanın formalaşmasındakı təsirini aydın bilmir”.
O, “Qaz və Göyərçinin əhvalatı” kitabına da münasibət bildirib: “Bu nağıl bərbaddır. Bir çox insan yanlışlıqla düşünür ki, bu cür nağıllar xaricdə də var. Amma yox, Azərbaycan Şərq ölkəsidir. Biz başqa mövzularda Avropa ilə ayaqlaşa bilərik. Lakin bizim ailə dəyərlərimiz, şəxsiyyətin formalaşmasında Şərqin öz düşüncəsi var. Biz nə qədər Avropalaşsaq da, genetik yaddaşımız bizim xüsusi formada inkişafımızı təmin edir. Hər yaşın da özünə görə mənimsəmə qabiliyyəti var. Bu gün azyaşlı uşaqlar o cür nağıllarla tanış olmalı deyil. Çünki səhv anlaya bilərlər. Təkcə həmin adı çəkilən nümunədə deyil, bizim başqa nağıllarımızda da bu cür problemlər var. Məsələn, “Məlikməmmədin nağılı”nda qardaşın qardaşa xəyanəti, var-dövlət, hakimiyyət üstündə mübarizə daha qabarıqdır. Ona görə də uşaqların dünyagörüşü üçün düzgün seçilmiş nağıl deyil. Eləcə də “Tıq-tıq xanım nağılı”nın adını çəkə bilərəm, oradakı mövzu da doğru seçilməyib. Bu kimi mövzulara diqqətlə yanaşılmalıdır. Uşaqlarımız bu gün doğru nağıllar və doğru qəhrəmanlarla böyüdülməlidirlər ki, sabah düzgün formalaşmış şəxsiyyət kimi cəmiyyətə xeyir verə bilsinlər”.