“Avqustun ayının 5-dən artıq yumşalmalara başlanılıb”.
APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Ş. Mövsümov bildirib ki, artıq bir neçə gündür, vətəndaşlar çimərliklərdən istifadə edir: “Növbəti həftə atılacaq addımlarla bağlı da dünən qərar açıqlanıb. Addımlar tədricən həyata keçirilir. Bu addımların həyata keçirilməsi bir çox digər ölkələrin təcrübəsinə uyğundur. Açılma nəticəsində virusa yoluxma riski artır. Bu bütün ölkələrdə narahatlıq doğurur. Bütün bunları nəzərə alaraq Azərbaycanda addım-addım yumşalmalara gedəcəyik. Yumşalmalar nəticəsində yoluxmanın artması ehtimalı böyükdür. Bizim qarşımızda duran ən əsas məsələ virusun yoluxmasının qarşısımı almaqdır. Birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına əməl etməkdir. Bu, ən vacib məsələdir. Bu hər birimizdən asılıdır. Qaydalara əməl etsək, yoluxmanın sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulan qaydalara əməl olunmasına nəzarəti həyata keçirməkdir. Bu istiqamətdə çox ciddi addımlar atılacaq. Bunun yükü hökumətin üstünə düşür. Bu gün Baş nazirin başçılığı ilə böyük iclas keçiriləcək. Bütün icra başçılarına müvafiq tapşırıqlar veriləcək. Üçüncü virusa yoluxanları tez aşkar etməkdir”.