Bəzən… bəzən yox, əksər hallarda adamların uşaqlıqda yaşadıqları böyüdükdə hansısa formada özünü büruzə verir, onların xarakterində təzahür edir. Özünə hörmət edən psixoloqların hamısı bu məsələdə mənimlə eyni fikirdədir. Zarafat edirəm, mən onlarla eyni fikirdəyəm.
Şəxslərin xarakterindəki özünəməxsusluğun kökündə mütləq və mütləq uşaqlıqda başına gələn hansısa hadisə və ya epizod dayanır.
Yox, mövzumuz psixologiya deyil. Lent.az-ın “Tərs sual” rubrikasının uzun fasilədən sonrakı növbəti müsahibinin müsahibəsinin girişidir. Yuxarıdakı girişin isə, siz elə hesab edin ki, aşağıdakı müsahibəyə dəxli çox azdır, hətta olmadığını da iddia edə bilərsiniz.
Beləliklə, “Tərs sual”ın hədəfi prezidentliyə keçmiş namizəd, seçicilərin 1 faizdən az səsini alan, özünün tələffüz etdiyi kimi Azərbaycan Satsial Demakrat Partiyasının sədri Araz Əlizadədir.
- Araz müəllim, prezident seçkilərində niyə namizəd olmuşdunuz? Məqsədinizə nail ola bildinizmi?
- Bilirsiniz, seçkinin əvvəlindən aydın idi ki, şəksiz favorit prezident İlham Əliyevdir. Mənim seçkidə iştirak etməkdə məqsədim isə insanları proqramımızla tanış etmək idi. Əgər baxsanız görərsiniz ki, mən ilk iki çıxışımda proqramımı açıqladım. Lakin ondan sonra Milli Şura tərəfdarları mənə qarşı qara piara keçdilər. Mən də məcbur olurdum ki, çıxışlarımda onlara cavab verim. Bu da mənim seçki kampaniyama mənfi təsir göstərdi. Çıxışlarımdan özüm də narazı idim, amma ayrı yolum yox idi. Mən ya qara piara dözməli, ya da onlara cavab verməliydim. Ancaq müəyyən mənada insanların yadına düşdü ki, bu şəxs siyasətdə qalıb.
- Mərkəzi Seçki Komissiyasına 40 mindən çox imza təqdim etmişdiniz, amma yekunda məlum oldu ki, cəmi 32 min səs almısınız. 10 mindən çox imza sahibi sizə səs verməkdən imtina etmişdi. Bu sizə necə təsir etdi?
- İmza vermək ayrı, seçkidə iştirak etmək ayrı. O insanlar imzanı mənə ona görə verirlər ki, Araz Əlizadə seçkidə iştirak edib, özünü mənə göstərsin, mən də bəyənsəm, seçki günü ona səs verərəm. İmza vermək o demək deyil ki, bu adamların hamısı mənə səs verməlidir. Toplanan imzalarla verilən səslər heç vaxt uyğun gəlmir.
- Bəs sizcə, imza verən adamlar sonra səs verməkdən niyə imtina etdi?
- Yəqin istəmədilər. Onlar istədi ki, baxsın görsün Araz nəyə qadirdir?! Baxdı ki, Arazın proqramı da var, amma başqaları ilə dava da edir. Ona görə də səs vermədi. Ancaq mən düşünürəm ki, 22 ildən sonra bizim partiyanın seçkiyə buraxılması əsas müvəffəqiyyətdir.
- Namizədlər arasında ən çox tənqid olunanlardan biri siz idiniz…
- - Birincisi mən idim.
- Yox, sizdən başqaları da var idi.
- Əşi, Hafiz (Hafiz Hacıyevi nəzərdə tutur – müəllif.) heç.
- …özünüzü bu tənqidlərin hədəfinə çevirmək sizi narahat etmədi?
- - Mən partiya yaranan gündən iqtidara da, müxalifətə də müxalif olmuşam. Hər kəsi də faktla tənqid etmişəm. Məni tənqid edənlərin dedikləri isə söz yığını idi. Aciz qalıb, məni təhqir edirdilər.
- - Araz müəllim, bu aralar nə oxuyursunuz?
- - İndi çox vaxt memuar oxuyuram. Axırıncı dəfə Sergey Baburinin memuarını oxumuşam. Ondan qabaq da Korjakovun memuarını. Yeltsin və ondan öncəki dövrü təhlil ediblər.
- - Azərbaycan prezidentliyinə iddialı siyasətçi kimi, Azərbaycan ədəbiyyatından nə oxuyursunuz bəs?
- - Hazırda Azərbaycan ədəbiyyatı yoxdur. Mən nə oxumuşamsa, hamısı cavanlıq dövründə oxuduğumdur (Klassik Azərbaycan ədəbiyyatından adlar sadalayır). Atamın 1600 səhifəlik doktorluq dissertasiyasını da demək olar, əzbərləmişəm.
- - Prezident seçkisi sizlə bağlı bir məqamla da yadda qaldı: qardaşınızla konflikt yaşadınız.
- - Zərdüştlə bizim yolumuz 2000-ci ildən ayrılıb və mən bu ilə qədər ona bir dəfə də cavab verməmişəm. Lakin o, ən ağır vaxtda, mənə qarşı tamamilə əsassız çıxış etdi. Dedi ki, Arazın çıxışlarında sosial demokratiyadan əsər-əlamət yoxdur. Bilirsiz, insanlar Zərdüştə hörmət edirlər. Səhv danışanda da, bəzən insanlar onu düz kimi qəbul edirlər. Zərdüşt isə mənim haqqımda tamamilə səhv danışırdı. Mənim platformam vətənin dayağıdır: ana, müəllim, hərbçi.
- - Və Zərdüşt Əlizadənin bu sözü sizi o qədər qəzəbləndirdi ki, milyonların önündə ona kərtkənkələ deyərək, təhqir etdiniz.
- - Onun elədiyi arxadan zərbə idi. Bəyəm hərbçiləri, müəllimləri, anaları müdafiə etmək sosial demokratiya deyil? Bəyəm mən biznesmenlərə müraciət etmişəm? Belə olan halda, özünü ağıllı sayan bir politoloq belə söz deyə bilərmi? Artıq bu, kin-küdurətdir. Bu kin isə yalnız bir qadına görədir. Bir qadına görə partiyayla, qardaşınla, bacınla müharibə elə. Bu, hansı demokrata yaraşar?
- Bəs qardaşı ilə yola getməyən bir adamın ölkə rəhbərliyinə iddia etməsi sizcə, kənardan necə görünür?
- - Qardaşımla 50 il yola getmişik. Mən onunla yola gedirəm, qardaşım mənimlə yola getmir. Mən ona cavab verməmişəm heç vaxt, həmişə o mənim haqqımda danışır. Adama da bir dəfə, iki dəfə sillə vurarlar, üçüncüdə o da birini sənə vurar. Adətən, heç kimi cavabsız qoymuram. Düzdür, “Balıq Hafiz”ə cavab vermədim. Axı mənim də ailəm, övladım var. Övladım düşünəcək ki, atamın deməyə sözü yoxdursa, deməli qarşı tərəf haqlıdır. 2000-ci ildən bu adam mənim haqqımda mənfi rəy yayır. Haçansa mənim də səbr kasam dolmalı idi, ya yox?!
- - Zərdüşt müəllimlə uşaqlıqda necə idi münasibətiniz, uşaq vaxtı da dalaşırdınız?
- - Biz bütün ömür boyu ayrılmaz idik. Hətta mən deyirdim ki, Zərdüşt mənə qardaş və dost deyil. Mən dindar deyiləm, fikirləşirdim ki, Zərdüşt mənə Allah kimidir. 2000-ci ildə aramızda konflikt olanda böyük bacım mənə irad tutdu ki, günah səndədir. Sən 50 ildə Zərdüştə bir dəfə də niyə sualını verməmisən, həmişə “baş üstə demisən”. Fikirləşib ki, həmişə sənin üzərində hökmü olmalıdı. Birdən sən ona yox deyəndə də, bu onu qəzəbləndirdi. Ondan sonra bacımla da əlaqəni kəsib. İndi yalnız kiçik bacımla danışır.
- - Qardaşınızla münasibətlərinizin bu səviyyəyə gəlməsinə təəssüf edirsiniz?
- - Mən 3 il qapını açıq saxladım ki, qayıtsın. O dövrdə 3 dəfə özü gəlməsə də, onu qurultayda həmsədr seçirdik. 2003-cü ildə isə dedi ki, mənim onlara ehtiyacım yoxdu, məni həmsədrliyə ona görə seçirlər ki, ağıllı adama ehtiyacları var. Bundan sonra isə qurultay üzvləri üstümə qaldı ki, bəsdir daha. Bilirsiz, hansı yara olur-olur, zamanla köz bağlayır və insan sağalır. Bu məsələ də artıq keçmişdə olan şeydir.
- - Araz müəllim, seçki platformasında analarla bağlı xüsusi məqamlara toxunan bir siyasətçinin anası ilə münasibətləri maraqlıdır.
- - Anamla həmişə can deyib, can eşitmişik. Mən çox dəcəl uşaq idim. Zərdüşt isə sakit idi. Əlbəttə ki, buna görə də anam məni çox cəzalandırırdı.
- - Döyürdü sizi?
- - Bəli. Hamıdan çox məni döyürdü. Anamın sözü var idi, deyirdi, get, ağacı götür, gəl, dur, yanımda. Zərdüştlə böyük bacım Nüşabə də ağacı götürüb gedib dururdular yanında. O da yavaşca vururdu. Mən deyirdim, gətirməyəcəm. Qaçdı-tutdu başlayırdı.
- - Tutanda nə edirdi bəs?
- - Tutanda da bərk döyürdü.
- - Ananız sizi döyəndə içinizdə ona qarşı bir acıq, qəzəb yaranmırdı?
- - Xeyr. Hətta mən ona minnətdaram. Mən ağrıya elə öyrəşmişdim ki, ondan sonra küçədə dava-filanda döyüləndə ağrı hiss eləmirdim.
- - Atanız necə, o da döyürdü sizi?
- - Yox, atam heç vaxt döyməyib bizi. O, mülayim adam idi.
- - Siz özünüz ziyalı ailəsində böyümüsünüz. Sizin üçün ziyalı anlayışı nədir?
- Ziyalılıq mənim üçün qəlbin vəziyyətidir. Mən özümü ziyalı hesab etmirəm. Ziyalı adam dava eləməz, ziyalı söyüş söyməz. Heç kəsə kəskin cavab qaytarmaz. Nə vaxtsa, kimsə mənə ziyalı deyəndə, bu mənə gülməli gəlir. Ziyalı nə elmdir, nə musiqi bəstələmək, şeir yazmaq. Ziyalı tamam ayrı şeydir. Ziyalı qətiyyətli, cəsarətli, sözünün arxasında duran, heç kimdən çəkinməyən adam olmalıdır.
- - Elə bir adam var ki, sizin üçün ziyalı məhz odur?
- - Hazırda mən tam ziyalı bir adam tanımıram.
- - Gənckən valideynlərinizi ziyalı hesab edirdiniz?
- - Atamı hə, anamı yox. Anam çox çılğın idi.
- - Çılğınlıq deyəndə nəyi nəzərdə tutursunuz?
- - Ziyalı məni döyməzdi (gülür). Atam isə ziyalı idi. Məsələn, bir vaxtlar mən Zərdüştü də ziyalı sayırdım. Artıq saymıram. Ziyalı yalan danışmaz, böhtan atmaz. İndi mənim üçün ziyalılığa çox yaxın insan akademik Vasif Məmmədəliyevdir.
- - Araz müəllim, mülayim atanız, çılğın ananız. Bir-birinə tərs xasiyyətli adamların olduğu ailədə münasibətlər necə idi?
- - Çox gözəl idi. Bir-birilərini tamamlayırdılar. Məhəbbət olan ailədə böyümüşük.
- - O məhəbbət uşaqlar arasında da bərabər bölünmüşdümü?
- - Yox, Zərdüştü hamıdan çox sevirdilər. Mənim valideynlərim üçün əsas kitab oxumaq idi. Zərdüşt də hamıdan çox oxuyurdu. Məsələn, uşaq vaxtı Zərdüştün fənəri var idi, gecə işıqları söndürəndən sonra çarpayının altında o fənərlə kitab oxuyurdu. Mən həmişə ağa ağ, qaraya qara demişəm. Mən sizə deyim ki, Azərbaycanda ondan başqa savadlı politoloq yoxdur. Ancaq adam o zaman savadlı olur ki, onda həm də ədalətli olur.
- - Uşaq vaxtı valideynlərinizə sizi digər uşaqlarından az sevdikləri üçün qəzəb, bacı-qardaşınıza paxıllıq hiss etmirdiniz ki?
- - Yox, heç vaxt. Hətta mən bizneslə məşğul olanda deyirdim ki, əvvəl qardaşımın ailəsi təmin olunmalıdır, sonra mənim. Əgər uşaq vaxtından hansısa kin, qəzəb qalsaydı, onu eləməzdim.
- - Sizin üçün ləyaqət anlayışını nədir? Ləyaqətli adam kimdir və yaxud siz nəyi ləyaqətsizlik hesab edirsiniz?
- - Xəyanəti, yalançılığı, oğurluğu, korrupsiyanı ləyaqətsizlik hesab edirəm.
- - Özünüzü ləyaqətli adam hesab edirsiniz?
- - Bəli. Çünki heç vaxt əqidəmdən dönməmişəm. Heç vaxt heç kəsə xəyanət etməmişəm, heç vaxt heç kəsdən nəsə oğurlamamışam. Mümkün qədər insanlara əl tutmuşam. Mənə elə gəlir ki, elə buna görə də tale mənə qarşı amansız olmayıb.
- - Taleyinizdən razısınız yəni.
- - Bəli, baxmayaraq ki, həbsdə də, sürgündə də olmuşam, ancaq həyatımdan razıyam. Ona görə də əgər məndən soruşsalar ki, həyatının hansı anını dəyişmək istəyirsən, deyərdim, heç bir anını. Çünki mən nə etmişəmsə, özüm etmişəm.
- - Zərdüşt müəllimi necə, ləyaqətli hesab edirsiniz?
- - Mən Zərdüşt müəllimə ancaq 2000-ci ilə qədər qiymət verə bilərəm.
- - Demək istəyirsiniz, 2000-ci ilə qədər ləyaqətli idi?
- - Bəli, 2000-ci ilə qədər.
- - Belə bir fikir var ki, ləyaqətsiz adamlar bataqlığa düşənlər kimi hər dəfə özlərini yeniləməyə çalışırlar. Siz belə bir adam görmüsünüz heç?
- - Elələrini çox görmüşəm. Kömək eləməyə də çalışmamışam. Elələrinə kömək eləmək mümkün deyil. Onların xəmiri elə yoğurulub.
- - Ofisə girəndə fikir verdim, xeyli işçiniz var. İşçiləri, qərargahı necə saxlayırsınız? Maliyyə məsələlərini necə həll edirsiniz?
- - Partiyanın heç bir işçisi yoxdur. Hamısı dostlardır, könüllü gəlib gedir, mənə kömək edirlər. Qərargah isə dövlətdən icarəyə götürülüb. Ayda 200 manat ödəyirəm. Bir də 50-60 manat işıq pulu. Xərclərimiz bundan ibarətdir. Partiyamızda da bir-iki nəfər bizneslə məşğul olan üzvümüz var, onlar da xırda təsərrüfat xərcləri üçün maddi dəstək verirlər.
- - Prezident seçkilərində 1 faizdən də as səs toplayaraq, 10 namizəd arasında 7-ci olan Araz Əlizadə siyasi karyerasını necə davam etdirəcək? Yenə seçkilərə girib, topladığı imzalardan daha az səs yığmağa davam edəcəkmi?
- - Xalq məni sonuncu dəfə 1994-cü ildə görmüşdü. 19 ildən sonra 7-ci yer yaxşıdır. Gələcək seçkilərdə də iştirak edəcək, Allah mənə ömür versə, sosial demokrat ideyalarını yayacağıq.