Müstəqil jurnalist, Dağlıq Qarabağ müharibəsinin iştirakçısı Rey Kərimoğlu Lent.az-da yayımlanan “Kəşfiyyatçının xatirələri” silsiləsindən “Qəfil atəş, buzlu çayda silah axtarışı, polkovnikin üsyan dolu məktubu” adlı məqaləsində 1992-ci ildə Azərbaycan ordusunda baş verən özbaşınalıqlara toxunub. R.Kərimoğlu məqaləsində qeyd edib ki, 1992-ci ilin may ayında Ağdam Ərazi Özünümüdafiə bölmələri Aranzəmin və Ağbulaq kəndlərini ələ keçirib. Ancaq bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi qərəzli məlumat yayaraq hərbiçilərin bu uğuru qarşısında onları bir başa ittiham edib. Bütün bunlara etiraz olaraq Ağdam rayonu Ərazi Özünümüdafiə alayının komandiri, polkovnik Şirin Mirzəyev 24 may 1992-ci ildə Müdafiə Naziri R.Qazıyevə, Azərbaycan Respublikası Radio və Televiziya verilişləri redaksiyasına və “Xalq ordusu” qəzetinin redaksiyasına etiraz məktubu ünvanlayıb. Jurnalist qeyd edib ki, mərhum polkovnik Ş.Mirzəyevin məktubu işıqlandırılmayıb.
Məktubdan oxuyuruq: “Qəzetinizin 12 may 1992-ci il (N: 25) tarixli nömrəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Mərkəzinin verdiyi məlumata istinad edərək xəbər verilmişdir ki, guya Ağdam Ərazi Özünümüdafiə bölmələri hücumu genişləndirərək, erməni işğalçılarının ixtiyarında olan Aranzəmin, Ağbulaq, Dəhraz və Pircamal kəndlərini azad etmişdir. Və Guya Naxçıvanik kəndini ələ keçirmək uğrunda mübarizə aparılır. Əfsuslar olsun ki, bu heç də belə deyildi. Ruslar demişkən “eto bıla jelanie vıdat mnimoe za realnost”. Həqiqətən yuxarıda deyilənlər hücum planında nəzərdə tutulmuşdu. Əslində isə yalnız Aranzəmin və Ağbulaq kəndləri ələ keçirilmişdi. Döyüşün operativ idarə olunmaması və müqavimətlə qarşılaşma nəticəsində döyüşçülərimiz Aranzəmin kəndindən geri çəkilməyə məcbur olmuşdular və yalnız Ağbulaq kəndini əldə saxlaya bilmişdilər - bu günə kimi də saxlamaqdadırlar. Döyüşü təşkil edənlər ehtiyat qüvvələrdən düzgün istifadə etməklə və döyüşə yeni qüvvələr daxil etməklə, deyilən planı müvəffəqiyyətlə başa çatdır bilərdilər. Əfsuslar olsun ki, bu belə olmadı, döyüşü yarımçıq qoyub Bakıya başa çatmamış əməliyyat barədə tələsik məlumat verdilər. Bu vaxtı ilə Respublikamızda dəbdə olan pambıq planını yalandan, vaxtından qabaq yerinə yetirmək oyununa bənzəmirmi? Pambıq planını yerinə yetirməkdəki “pripiskanın” ağır nəticələri bizə məlumdur, hərbi işdə isə “pripiska” xəyanət deməkdir. Çünki Müdafiə Nazirliyinin sonrakı bəyanatında deyilirdi ki, alınan dörd kənd xəyanət nəticəsində geri qaytarılmışdır. Əslində isə xəyanəti yalançı məlumat verənlər etmişdilər. Gəlin hər bir uğursuzluqlarımızı xəyanətlə bağlamayaq, fədakarlıqla döyüşən əsgər və zabitlərimiz arasında şübhə, inamsızlıq yaradıb, xəyanətkar axtarmayaq. Yaxşı olar ki, uğursuzluqlarımızın səbəblərini öyrənib onlardan nəticə çıxardaq. Bəs yalan məlumatı kimlər verib? Müdafiə Nazirliyinin mətbuat mərkəzi bu məlumatı şəxsən kimlər tərəfindən verildiyini yaxşı bilməlidir”.
Jurnalist Ekspert Mərkəzi bu hadisəyə aydınlıq gətirmək məqsədi ilə sorğu keçirib.
1992-ci ildə Azərbaycanın müdafiə naziri olan Rəhim Qazıyevlə əlaqə saxlayan JEM əməkdaşına açıqlamasında keçmiş nazir deyib ki, mərhum polkovnik Şirin Mirzəyevin məktubundan xəbərsizdir: “1992-ci ildə Müdafiə Nazirliyi yeni yaradılmış qurum idi. İnfrastruktur yox vəziyyətindəydi. Ola bilər ki, polkovnik Şahin Mirzəyevin məktubu nazirliyə gəlib. Ancaq onu mənə verməyiblər. Belə qüvvələr var idi”.
Həmin ərəfədə Müdafiə Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Leyla Yunus olub. JEM-in əməkdaşı onunla da əlaqə saxlayıb. L.Yunus Ağdam rayonu Ərazi Özünümüdafiə alayının komandiri, polkovnik Ş.Mirzəyevin məktubu ilə tanış olmadığını bildirib. O, səbəb kimi 1992-ci ilin may ayında vəzifəyə yeni təyin olunmasını göstərib: “Mən Müdafiə Nazirliyinin mətbuat xidməti vəzifəsinə 1992-ci ilin may ayında təyin olunmuşam. Sizin dediyiniz tarixdə işə yeni başladığım üçün baş verən proseslərlə o dərəcədə yaxından tanış deyildim”.
1992-ci ildə “Xalq ordusu” qəzetinin baş redaktoru işləmiş ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da Ş.Mirzəyevin adından hansısa etiraz məktubunun onun rəhbərlik etdiyi qəzetə daxil olmasını xatırlamır: “Mən xatırlamıram ki, mərhum polkovnik Şirin Mirzəyevdən redaksiyaya hər hansı etiraz məktubu daxil olsun və biz onu qəzetimizdə dərc etməyək. Onu da deyim ki, Nazirliyin Mətbuat Mərkəzinin hər gün televiziya və ya radio ilə xalqa çatdırılan cəbhə xəbərlərini biz də qəzetimizdə olduğu kimi işıqlandırırdıq. Bu ümumi qəbul olunmuş bir qayda idi və həmin iş prinsipi bu gün də qüvvədədir”.