Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan "Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs: Sülhü necə saxlamaq" ("Хрупкое перемирие в зоне Карабахского конфликта: как удержать мир?") adlı mətbuat konfransı keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Milli Xəbərlər Xidməti Radiosunda keçirilən tədbirin iştirakçıları Cənubi Qafqaz regionunda vəziyyətin 20 ildən çox müddətdə qeyri-sabitliyinə səbəb olan bu problemin tez bir zamanda həllinin vacibliyini vurğulayıblar.
"Bu gün Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün ilk öncə Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini tərk etməlidirlər"
Mətbuat konfransında çıxış edən, rusiyalı politoloq, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən danışıb: "Qarabağ münaqişəsi deyəndə, təkcə Dağlıq Qarabağ ərazisi deyil, işğal altındakı yeddi Azərbaycan rayonu da qeyd edilməlidir. Bu yeddi rayon da Dağlıq Qarabağ kimi Ermənistan tərəfindən işğal olunub. Ona görə də münaqişə barədə dəqiq anlayışa işarə vacibdir. Azərbaycan və Ermənistan əhalisi, rusiyalılar Qarabağda atəşkəsi deyil, sülhü istəyirlər. Bu ərazilərdə sülhün olması üçün əvvəlcə hansı dövlətin ərazi bütövlüyünün pozulmasına, hansı dövlətin ordusunun kimin torpağında olmasına diqqət yetirmək lazımdır. Əgər Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisində olsaydı, o zaman bu məsələlərlə məşğul olan beynəlxalq təşkilatlar və aparıcı dövlətlər prezident İlham Əliyevə müraciət etməli idilər ki, qoşunlar həmin ərazilərdən çıxarsın. Əgər Ermənistan qoşunları Azərbaycan ərazisindədirsə, onlar bu əraziləri tərk etməlidirlər. Təsəvvür edin ki, başqa bir dövlətin ordusu Rusiyanın ərazisini işğal edib. Belə olan halda Rusiya hakimiyyəti və xalqı hansı addımı atmalıdır? Əvvəlcə onlar bu məsələni sülh yolu ilə həll etməyə çalışmalıdır. Əgər sülh yolu ilə həll olunmursa, xalq ayağa qalxır və məsələ hərbi yolla həll olunur. Biz bunu tarixdən bilirik, Böyük Vətən Müharibəsindən başlamış bu günə kimi..."
"Ona görə də bu gün Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün ilk öncə Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini tərk etməlidirlər. Qeyd edim ki, Azərbaycan ərazisində yaşayan ermənilər yox, xarici dövlətin silahı qüvvələri Azərbaycan ərazisini tərk etməlidir. Bu məsələ bağlanan kimi, biz artıq atəş haqqında deyil, tam sülhdən və dövlətlərarası əməkdaşlıqdan danışacağıq. Əgər məsələ açıq qalsa, təəssüflər olsun ki, müharibənin başlanmasından danışmaq lazım gələcək. Azərbaycan xalqına da, erməni xalqına da müharibə lazım deyil, ümumiyyətlə müharibə heç kimə lazım deyil"-, deyə rusiyalı siyasi ekspert qeyd edib.
"İlk növbədə güc tətbiqi dayandırılmalı, qoşunlar Azərbaycan ərazilərdən çıxarılmalıdır"
Postsovet məkanını öyrənən Mərkəzin direktor müavini, siyasi ekspert Yevgeni Nikolayçuk Dağlıq Qarabağ münaqişəsinin praktiki nizamlanması üçün uzun müddətdir ki, bir planın mövcud olduğunu söyləyib: "Son döyüşlər onu göstərdi ki, bu planın həyata keçirilməsinə tezliklə başlamaq lazımdır. 22 ildir ki, qoşunların təmas xəttində hər iki tərəfdən insanlar səngərlərdə oturublar. Müntəzəm olaraq atışmalar olur. Bütün bunlar üst-üstə yığılır və gec-tez silahlı qarşıdurmaya çevrilir. Aydındır ki, hərbi yolla münaqişənin həll etmək olmaz. Madrid prinsiplərində münaqişəsinin həlli yolları dəqiq qeyd olunub. İlk növbədə güc tətbiqi dayandırılmalı, qoşunlar ərazilərdən çıxarılmalıdır. Azərbaycanın yeddi rayonu işğaldan azad olunmalıdır. İkincisi isə xalqların müqəddəratını təyinetmə və ərazi bütövlüyü məsələsidir".
"Bu gün Qarabağ ərazisi dağılıb. Bu əraziləri bərpa etmək lazımdır. Baxmayaraq ki, Ermənistan 20 ildən çoxdur ki, həmin əraziləri işğal edib, orada heç bir iş görməyib",- deyə rusiyalı politoloq vurğulayıb.
"Suveren Azərbaycan dövlətinə öz ərazisindəki cinayətkarları məhv etməyi kim qadağan edə bilər?"
Rusiyalı tanınmış tarixçi və siyasi-analitik Oleq Kuznetsov çıxışında Dağlıq Qarabağ münaqişəsinin hüquqi məsələlərinə diqqəti yönəldib: "Dünyada Ermənistanda başqa Azərbaycanın ərazi bütövlüyünü tanımayan dövlət varmı? Beynəlxalq hüquq nöqteyi-nəzərindən hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab olunur. İkinci sual: qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıyan bir dövlət varmı? Hətta Ermənistanın özü belə bu qondarma qurumu tanımır. Əgər bu vəziyyətə Rusiya qanunvericiliyi nöqteyi-nəzərindən baxsaq, Dağlıq Qarabağda və ətraf yeddi rayondakı silahlı strukturların qanunsuz silahlı qruplaşmalar olduğunu görmək olar. Hansı ki, bu, Rusiya qanunvericiliyinə görə cinayət tərkibi daşıyır.
2-5 aprel tarixlərində münaqişənin eskalasiyasından sonra Ermənistan Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində ölən hərbçilərinin siyahısını açıqladı. Həmin siyahıda ölən hərbçilərin haranın sakinləri olduğu əks olunmuşdu. Həmin siyahıda olanların heç biri Dağlıq Qarabağ sakinləri deyildilər. Açıqlanan 57 nəfər hamısı Ermənistan vətəndaşları idilər. Əgər Ermənistan Dağlıq Qarabağı tanımırsa, o zaman Ermənistan vətəndaşları bu ərazilərdə qanunsuz silahlı qruplaşmaların tərkibində nə edirlər? Onlar hərbi muzdlulardırlar. Bütün hallarda bu cinayətdir. Bütün bunlardan çıxış edərək ağıllı sual ortaya çıxır. Suveren Azərbaycan dövlətinə öz ərazisindəki cinayətkarları məhv etməyi kim qadağan edə bilər? Buna kim maneə ola bilər? Heç kim. Suveren dövlət ya cinayətkarları məhv etməlidir, ya da onları öz ərazisindən çıxarmalı, gəldiyi yerə geri göndərməlidir. Ya da ki, imkan verməlidir ki, onlar özləri qonşu dövlətlərin ərazisinə keçsinlər. Bu, Rusiya, İran, Türkiyə və Gürcüstana lazımdırmı? Yox əlbəttə. Ona görə də Rusiya qanunvericiliyi baxımından Dağlıq Qarabağ münaqişəsinin bir həll variantı mövcuddur: Ermənistan Azərbaycan ərazisindəki cinayətkarlarını yığışdırır, onlar üzərində öz ərazisində məhkəmə qurur və bunlara paralel olaraq işğal altındakı əraziləri Azərbaycan Respublikasının yurisdiksiyasına qaytarır. Digər variantlar mövcud deyil".
Yazıçı, tarixçi Aleksandr Qoryanin Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışıb: " Biz, bu münaqişənin necə başlanmasını yaxşı xatırlayırıq. 1984-cü ildə, senzuranın yanından milçəyin belə uça bilmədiyini təsəvvür etdiyimiz dövrdə Zori Balayan azərbaycanlılara nifrət dolu "Ocaq" kitabını yazdı. Silva Kaputikyan və digərləri oda yağ tökürdülər. Jurnalistlər mənə deyəndə ki, müharibəyə onlar başlamırlar, mən bununla razılaşıram, lakin sonra əlavə edirəm ki, jurnalistlər müharibənin başlanması üçün əllərindən gələni edirlər. Sonra bu alovu söndürmək çox çətin olur. Çünki, sadə insanlarda nifrət hissi alışır yanır. Sadə insanlar ekrandan onlara müraciət edənlərə inanırlar. Bu günlərdə də eyni hadisələr baş verdi. Ekranlardan hər kəs bir ağızla baş verənlərdə Türkiyəni günahlandırdılar, Türkiyənin suyu bulandırdığını deyirdilər. Lakin bunun sübutu yoxdur. Bu fərziyyədir, lakin hamı bu barədə əminliklə danışır. Mən dərhal 80-ci illərin sonunu, Qarabağ hadisələrinin başlandığı vaxtı xatırladım. Jurnalistləri öyrətmək olmaz, lakin yenə də onlara diqqətli və ehtiyatlı olmağa, hadisələri düzgün qiymətləndirməyə və nifrəti alovlandırmamağa çağırmaq lazımdır".