Bu barədə APA-nın Moskva müxbirinə etiraz aksiyasının təşkilatçılarından biri, Azərbaycan Yəhudi Dostluq İcması (AYDİ) təşkilatının həmtəsisçisi Paşa Alev məlumat verib.
P. Alev bu gün Moskva meriyasının Taqanski rayon prefekturasına çağırıldığını bildirib.
Meriyanın etiraz aksiyasının keçirilməsinə dair verdikləri icazəni ləğv etdiklərini söyləyən P. Alev bildirib ki, mitinqə icazənin ləğvinin səbəbi kimi başqa ölkənin işinə müdaxilə göstərilib: “Bizə Taqanski rayon prefekturasının səlahiyyətli nümayəndəsi Lebedevin imzası ilə fevralın 24-də paytaxtın “Yauzskie vorota” meydanında dinc etiraz aksiyası keçirilməyə icazənin verildiyi məktub göndərilib. Bu gün isə həmin icazəni ləğv etdiklərini bildirdilər. Səbəb kimi isə başqa ölkənin işinə qarışmağın yolverilməz olduğunu söyləyirlər”.
***
Rusiya paytaxtında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiyanın təşkilatçısı Azərbaycan-Yəhudi Dostluq İcması (AYDİ) təşkilatıdır.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, artıq Moskva meriyası təşkilatçılara aksiyasının keçirilməsinə razılıq verib. Moskva meriyasının Taqanskiy rayon prefekturasının təşkilata göndərdiyi cavab məktubunda Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı təşkil olunan aksiyanın fevralın 24-də Moskvanın “Kitay Qorod” metrosunun yaxınlığında yerləşən “Yauzskie vorota” meydanında keçirilməsinə icazə verildiyi bildirilir.
Aksiya saat 15:00-da başlayacaq.