İş № 585: Prokuror oğlu ekstaziyə görə tələbə qızdan inciyir
09 dekabr 2008 23:17 (UTC +04:00)

İş № 585: Prokuror oğlu ekstaziyə görə tələbə qızdan inciyir

Əvvəli - http://lent.az/news.php?id=13562

“Ekstazi işi” ilə bağlı yazımızda bu dəfə də sizin diqqətinizə BDU-nun hüquq fakültəsinin qızlarının istintaqa verdiyi ifadələri çatdıracağıq. Ötən dəfə Valera Zaytsevanın ifadəsi ilə tanış oldunuz. Qeyd edək ki, tələbə qızlar iş üzrə təqsirləndirilən qismində cəlb olunmayıblar. Onlar, sadəcə, şahiddirlər. Amma bir neçə dəfə ekstazi qəbul edilən məclislərdə olublar.

Qızlar Milli Təhlükəsizlik Nazirliyində dindiriliblər. “Ekstazi işi” isə artıq Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə məhkəmə araşdırılır. Bu məhkəmədə 14 nəfər mühakimə olunur. Onların arasında dəstə başçıları kimi Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov göstərilir. Dəstə üzləri arasında xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, polis kapitanı və digərləri də var.

Hüquq fakültəsinin digər tələbəsi Fərəh Qüdrətovadır. F.Qüdrətova ifadəsində bildirir ki, o, 2007-ci ildə BDU-nun hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub. Elə həmin il də Lera deyə çağırdığı Valera Zaytseva ilə tanış olub. 2007-ci ilin oktyabr ayında Fərəh kitab götürmək üçün Leragilə gedir. Və bu zaman Leranın mobil telefonuna zəng gəlir. Lera bildirir ki, zəng edən onun oğlanı Mahirdir və o, tezliklə onlara gəlir. Bir neçə dəqiqədən sonra Mahir Leragilə gəlir və Lera onları tanış edir. Bundan sonra Mahir Leranın arxasınca tez-tez BDU-ya gəlib. Sevgililər “Take Five” kafesinə gedir və Fərəhi də dəvət edirlərmiş. Fərəh həmin kafedə maşın ustası Əli, Mahirin dostu Ruslan və “Kama” kimi çağırdıqları Kəmalə adlı qızla tanış olurlar. Beləliklə, Əli ilə tanışlıq inkişaf edir və özünün dediyi kimi, Əli onun oğlanı olur.

Ekstazi ilə ilk xoşagəlməz təmas

2007-ci il oktyabr ayında Leragildə olanda Mahirlə Əli gəlib onları Abşeron mehmanxanasına bilyard oynamağa aparırlar. Həmin gün Mahirin birinci dəfə ekstazi qəbul etdiyi gün olur. Mahir o gün ekstazi qəbul etdikdən sonra özünü pis hiss etmiş və ayaqyolunda qaytarmışdı. Fərəh ifadəsində qeyd edir ki, Mahirin vəziyyəti o qədər pisləşib ki, rəngi ağarıb. Hətta Əli bildirib ki, Mahir ayaqyolunda qan qusdu. Vəziyyət pisləşdiyindən dostlar ayrılıb və onu evə Əli taksi ilə yola salıb.

“Sevgimiz elə bu qədərmiş...”

Sonra Fərəh 2007-ci il noyabrın 24-də Mahirgilin Bilgəhdəki bağ evində düzənlənən məclisdən danışır. Bu barədə əvvəlki yazılarımızda qeyd etmişdik. Bütün ifadələrdə bildirilirdi ki, o gün məclisdə toplaşan gənclərin hamısı ekstazi qəbul edir. Ancaq Fərəh qeyd edir ki, Mahir ona dərman təklif edəndə o, bunu rədd edib. Və buna görə də Mahir ondan inciyib. İfadəyə əsasən, həmin gün o, Əli ilə dalaşıb və bütün münasibətləri kəsib.

Fərəh qeyd edir ki, həmin hadisədən təxminən bir-iki ay sonra yenə Leragilə gedir. Orada Lera ilə Mahirin telefon danışığının şahidi olur. Lera Mahirə bildirir ki, ekstazi satışı ilə məşğul olduğuna görə əvvəl-axır “zibilə düşəcək”. Fərəh hiss edir ki, Lera Mahirin bu əməlindən ciddi narahatlıq keçirir.

2008-ci ilin yanvarında Fərəh, Lera Mahir və Muxa Mahirgilin Dövlət Statistika Komitəsinin yanındakı evlərinə toplaşırlar. Az sonra Əli, Səbinə və Kama da ora gəlir. Həmin gün orada olan oğlanlar həb qəbul edirlər. Səbinə və Kama isə deyirlər ki, onlar həbi “X-site” barında içmək istəyirlər. Beləliklə, onlar bara gedirlər və Səbinə ilə Kama da həbləri orada qəbul edir.

Fərəh Mahir və dostlarının ekstazi qəbul etdiyinin bir daha şahidi olur. Fərəhin sözlərinə görə, martın 10-da Mahirin ad günü məclisinə toplaşırlar. Məclis Mahirgilin bağ evində qurulur. Orada gənclər yenə ekstazi qəbul edir. Fərəhin sözlərinə görə, dərman qəbul etdikdən sonra Mahirlə Ruslanın vəziyyəti o qədər də yaxşı olmayıb. Xeyli müddət süst vəziyyətdə qalıblar. Ad günündən az sonra Mahir həbs edilir.

Bununla da “ekstazi işi”nin istintaqı ilə bağlı silsilə yazılarımızı yekunlaşdırırıq. İndən sonra bu mövzunu əməkdaşımızın məhkəmə prosesindən hazırladığı reportajlardan izləyə bilərsiniz.

Səbinə Əvəzqızı

# 2687
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar