“İsa Qəmbər Rüstəm bəyin Rusiya vətəndaşı olduğunu bildiyi halda, onun Milli Şuranın sədrliyinə namizədliyini irəli sürmüşdü”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının Lent.az-a müsahibəsi.
- Milli Şuranın dünənki sessiyasında məlum oldu ki, AXCP sədri Əli Kərimli həmsədr olmaq istəmədiyini və MŞ-in sədri postundan ayrılmaq istədiyini bəyan edən Rüstəm İbrahimbəyovun həmsədr olmasına, bu olmadıqda isə fəxri sədr olmağa razılaşmasına israr edib. Müsavat Partiyasının həmsədrlik məsələsi ilə bağlı mövqeyi bilindiyi halda, AXCP sədrinin bu məsələdə R.İbrahimbəyova israr etməsinin məqsəd nə olub?
- Əvvəla, Rüstəm bəyin həmsədr olması ilə bağlı təklif onun özü tərəfindən gəlib. AXCP-nin bu təklifi müdafiə etməsinin isə Müsavat Partiyası ilə hər hansı əlaqəsi yoxdur. Əksinə, Müsavat Partiyasının “Rüstəm İbrahimbəyov həmsədr olmasın” mövqeyinin əsaslandırılmasına ehtiyac var idi. Hakimiyyətin Rüstəm bəyə qarşı mövqeyi fonunda, Müsavat bu məsələdəki mövqeyi başa düşülən deyil.
Daha sonra Rüstəm bəy həmsədr olmaq istəmədiyini və sədrlikdən də getmək istədiyini bəyan elədi. Bu halda isə AXCP-nin mövqeyi ondan ibarət oldu ki, müxalifətin Rüstəm bəyə qarşı dönüklük etdiyi, onun gördüyü işlərin bir kənara atılması görüntüsü yaranmasın. Rüstəm bəy bundan sonra da Milli Şurada qalacağı müddətdə bu quruma yalnız xeyir gətirə bilər. Onun indiyə qədərki fəaliyyətinə daha ehtiramlı qiymət verən fəxri sədr olması təklif edilmişdi, Rüstəm bəy də buna etiraz etməmişdi. Təklif Milli Şurada çoxluğun səsini qazandı.
Nəzərə almaq lazımdır ki, Müsavat başqanı İsa Qəmbər Rüstəm bəyin Rusiya vətəndaşı olduğunu bildiyi halda, onun Milli Şuranın sədrliyinə namizədliyini irəli sürmüşdü. Ona görə də indi daha çox mənəvi əhəmiyyət daşıyan fəxri sədr statusuna bu cür kəskin etiraz edilməsi başa düşülən deyil. Rüstəm İbrahimbəyovu Milli Şuranın sədrliyini, prezidentliyə namizədliyini dəstəkləyən Müsavatın indi fəxri sədrliyə kəskin etirazında heç bir məntiq tapmaq mümkün deyil.
- Arif Hacılı Lent.az-a açıqlamasında deyib ki, Müsavat R.İbrahimbəyovu Azərbaycana qayıdıb, siyasi proseslərə rəhbərlik edəcəyi vədlərinə güvənərək dəstəkləyib.
- Söhbət ondan gedir ki, Rüstəm bəy artıq fəxri sədrdir və bu, heç bir hüquqi statusu ehtiva etmir. Burada daha çox Rüstəm bəyə münasibət ortaya çıxır. Mənə də maraqlıdır ki, Rüstəm bəyə bu münasibətin kökündə nə dayanır. Müsavat Partiyasının Rüstəm bəyi inkar edən, ona mənfi münasibət mövqeyi cəmiyyət tərəfindən də başa düşülən deyil. Bu baxımdan, Rüstəm bəyin fəxri sədr seçilməsi həm də onu göstərdi ki, müxalifət ziyalımıza laqeyd mövqe sərgiləmir. Bizim mövqeyimiz bu formada əsaslandırılıb. Müsavat Partiyasının isə bu məsələ ilə bağlı mövqeyi anlaşılan deyil.
- İsa Qəmbər bildirib ki, başqa ölkə vətəndaşı olan bir şəxsin Azərbaycan müxalifətinə rəhbərlik etməsi Müsavat Partiyası üçün məqbul deyil. Başqa ölkənin vətəndaşı olan birinin müxalifətə rəhbərlik etməsi AXCP üçün hansı əsaslarla məqbuldur?
- Rüstəm bəyin Rusiya vətəndaşlığı məsələsi çox qabardılır. Azərbaycan qanunlarında ikili vətəndaşlıq olmadığı üçün Rüstəm bəyin Rusiya vətəndaşı olması, onun Azərbaycan vətəndaşı olduğu gerçəyini dəyişmir. Bu məsələdən sadəcə ona qarşı mənfi münasibəti pərdələmək üçün spekuliyasiya vasitəsi kimi istifadə olunur. Rüstəm bəy Rusiya vətəndaşı olanda necə olurdu ki, onun sədr olmasına, prezidentliyə namizəd olmasına dəstək verilirdi, ancaq indi bu məsələ problem yaratdı? O zaman da bilinmir axı ki, Rüstəm bəyin vətəndaşlığı ləğv ediləcək, ya yox? Bu sadəcə bir gözlənti idi. Bu zaman isə müəyyən suallar yaranır ki, nəyə görə Rüstəm bəyə belə aqressiv və düşmən münasibət bəslənilir?
- Müsavat başqanının və Arif Hacılının açıqlamalarından belə başa düşülür ki, bu partiyanın Milli Şuradan çıxması ehtimalı var. Müsavat Milli Şuradan çıxacağı halda, AXCP-nin atacağı addımlar hansılar olacaq?
- Açığı, biz Müsavatın Milli Şuradan çıxacağını gözləmirik. Çünki əgər bu gün Rüstəm bəyin fəxri sədrliyinə görə yollar ayrılırsa, belə aydın olacaq ki, ortada bir getmək istəyi olub. Gedəni isə saxlamaq mümkün deyil. Biz ümid edirik ki, Müsavat bu məsələni müzakirə edəcək və buna ciddi yanaşacaq. Müsavat Milli Şuradan ayrılsa, bunu cəmiyyətə də izah etmək çətin olar. Rüstəm bəyin fəxri sədr olması nə qədər mühüm məsələdir axı? Ona görə də fəxri sədrlik məsələsi əsas yox, daha çox bəhanə xarakteri daşıyır. Buna görə də məhz bu məqama görə Müsavatın Milli Şuradan ayrılacağına inanmıram.