<b>"Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır" - <span style="color:red;">İLHAM ƏLİYEV </b>
15 mart 2017 10:35 (UTC +04:00)

"Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır" - İLHAM ƏLİYEV

“Mən Sizi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdiyimiz bir dönəmdə qarşılayıram. Fransa 1992-ci il yanvarın 3-də Azərbaycanın müstəqilliyini tanıyıb. Beləliklə, həqiqətən də Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Əslində mən “bərpa olunmuş müstəqilliyini” sözlərini söyləməli idim. Çünki 1918-ci il mayın 28-dən 1920-ci ilin aprelinə kimi artıq Azərbaycan Demokratik Respublikası mövcud olmuşdur və onun yaranması tarixi hər il Azərbaycanın milli günü kimi qeyd olunur. Biz bir neçə gün əvvəl Beynəlxalq Qadınlar Gününü qeyd etdiyimizə görə onu da xatırlatmaq istərdim ki, Azərbaycan Demokratik Respublikası dünyada qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən olub”.

 

Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, bunu Fransa prezidenti Fransua Olland martın 14-də Fransada prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi zamanı çıxışında deyib.

 

O, Azərbaycanla Fransa arasındakı münasibətlərin qədimliyindən də danışıb: “Əslində xalqlarımız arasındakı əlaqələrin tarixi 25 illik diplomatik münasibətlərdən daha qədimdir. Bizim ölkələri birinci növbədə ticarət əlaqələri yaxınlaşdırıb. Bu əlaqələrin ilk izlərinə IX və X əsrlərdən başlayaraq Azərbaycandan keçən tarixi İpək Yolunda rast gəlmək olar. XIII əsrdən isə bu yolu fransız səyyahları da keçməyə başlayıblar.

 

Daha sonra Fransanın qədim tarixə malik olan şərqşünaslıq ənənəsi bizi mədəniyyət sahəsində də yaxınlaşdırıb. Bartelemi Derblo 1700-cü ildə işıq üzü görmüş məşhur “Şərq kitabxanası” əsərində sizin ədəbiyyatınızı ilk dəfə olaraq ölkəmizə tanıdıb. Amma ölkənizi fransızlara ən çox tanıdan 1858-1859-cu illərdə Qafqaza səfər etmiş və öz əsərində Bakını təsvir edən Aleksandr Düma olub. Artıq o vaxtdan ölkələrimiz arasında möhkəm əlaqələr qurulub və mən münasibətlərimizin istisnasız hər bir mövzuya toxunmağa imkan verən səmimiliyini və açıqlığını çox qiymətləndirirəm”.

 

Olland çıxışında Dağlıq Qarabağ mövzusuna da toxunub: “Mən nitqimi sülhün və sabitliyin vacibliyini qeyd edərək bitirmək istərdim. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatıb. Danışıqlar artıq 23 ildir ki, davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməyiblər. Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmayıb.

 

Siz Fransanın ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri ilə birlikdə çıxış yolunun tapılmasına nə qədər səy göstərdiyini bilirsiniz. Bir neçə gün əvvəl Parisə səfər edən prezident Sarkisyana söylədiyim kimi, mən bunu Sizin qarşınızda da təkrar edirəm: Bu münaqişə hərbi yolla həll edilə bilməz. Belə ki, Amerika və Rusiya ilə birlikdə Fransa öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək. Bu səylər hərbi yola əl atmamaq, dövlətlərin ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər bir təşəbbüs göstərməyə hazırdır.

 

Cənab Prezident, Sizin Parisə bu səfəriniz bizim üçün uzunmüddətli münasibətlərimizdə yeni bir mərhələnin başlanğıcıdır. Fransa Azərbaycan üçün hər zaman mübadilələrimizi, xüsusilə də insan hüquqları sahəsində mübadilələri artırmaq, regionda təhlükəsiz və sabit bir gələcəyin olması naminə birgə işləmək istəyən açıq və səmimi bir tərəfdaş olaraq qalacaqdır”.

 

Daha sonra çıxış edən Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında siyasi əlaqələr yüksək səviyyədə olmasından məmnunluğunu qeyd edib: “Qarşılıqlı səfərlərimiz artıq ənənəyə çevrilmişdir. Mən Azərbaycan Respublikasının Prezidenti kimi Fransada dəfələrlə səfərdə olmuşam. Siz, cənab Prezident, iki dəfə Bakıda səfərdə olmusunuz. Qarşılılıqlı səfərlər onu göstərir ki, Fransa-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Aramızda çox fəal siyasi dialoq aparılır. Fransa Respublikasına bugünkü səfərimizin diplomatik münasibətlərimizin qurulmasının 25 illiyinə təsadüf etməsindən olduqca məmnunam.

 

Fransa regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılıb və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Status-kvo qəbuledilməzdir. Fransa digər həmsədrlər kimi, bu barədə dəfərlərlə bəyanatlar verib. Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz”.

 

Dövlət başçısı Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr sürətlə inkişaf etdiyindən də danışıb: “Fransa şirkətləri bu günədək Azərbaycanda energetika, aviasiya, kosmik sənaye, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı və digər sahələrdə təxminən iki milyard ABŞ dolları dəyərində 27 layihədə podratçı kimi iştirak etmişlər. Enerji sahəsində əməkdaşlıq iqtisadi münasibətlərimizin əsas istiqamətlərindən biridir. Fransa şirkətləri Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən layihələrdə iştirak edirlər. Azərbaycanın təşəbbüsü ilə uğurla icra edilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

 

Humanitar sahədə də əməkdaşlığımız çox genişdir. Fransız dili uzun illərdir Azərbaycanda tədris olunur. Azərbaycanın 338 məktəbində 50 minə yaxın şagird fransız dilini öyrənir. Azərbaycanın yeddi ali təhsil müəssisəsində fransız dili tədris edilir. Bakı Slavyan Universitetində Viktor Hüqo adına Fransız Dili və Ədəbiyyatı Mərkəzi, Azərbaycan Dillər Universitetində Fransa Mərkəzi yaradılmışdır. Üç il əvvəl biz Bakı Fransız Liseyini yaratdıq. Cənab Prezident, Sizinlə bu liseyin açılışında iştirak etmişik. Ötən il isə Azərbaycan-Fransız Universiteti fəaliyyətə başladı. Artıq bir neçə ildir ki, Fransada da Azərbaycan dili tədris olunmağa başlayıb. Eyni zamanda, mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq aparılır”.

# 142
avatar

Oxşar yazılar