Corc Brinbaum: ”Seçki günü 838 “exit-poll” məntəqəmiz olacaq”- MÜSAHİBƏ
25 sentyabr 2013 16:30 (UTC +04:00)

Corc Brinbaum: ”Seçki günü 838 “exit-poll” məntəqəmiz olacaq”- MÜSAHİBƏ

“Artur Finkelstein müasir “exit-poll”un ən yaxşı bilicilərindən sayılır”


 

APAHolding” MMC-nin dəvəti ilə oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll” təşkil edəcək ABŞ-ın “Arthur J. Finkelstein and Associates” (AJF) şirkətin icraçı direktoru Corc Birnbaumun (George E. Birnbaum) APA-ya müsahibəsi

 

Öncə şirkətiniz, fəaliyyətiniz, həyata keçirdiyiniz layihə barədə məlumat verməyinizi istərdik.

 

- “Arthur J. Finkelstein and Associates” şirkəti 40 ildir siyasi konsaltinq və araşdırma sahəsində çalışır. Biz ABŞ-dan başlayaraq Avropa, Afrika, Yaxın Şərq regionlarda böyük işlər görmüşük. Bizim əsas fəaliyyətimiz araşdırma aparmaqdan ibarətdir və bu fəaliyyət çərçivəsində biz seçki təhlili və “exit-poll” təşkil edirik. Təşkilatın icraçı direktoru Artur Finkelstein ötən əsrin 60-cı illərində NBC telekanalı tərəfindən işə götürülüb ki, “exit-poll”arda istifadə olunan ilk metodologiyanı inkişaf etdirsin. Bu standartlardan bu gün də istifadə olunur. Qürur duyuruq ki, bu metodologiyanı inkişaf edən şəxs siyasi konsaltinqin “şərəf lövhəsi”nə düşüb, bu da etibarlılığın bir işarəsidir. Azərbaycanda “APA Holding”lə birgə və yerli “Tərəqqiyə elmi dəstək” İctimai Birliyinin (TED) tədqiqatlarından istifadə etməklə, gələcək prezident seçkilərdə “exit-poll” məlumatlarının real vaxt ərzində təhlilini təqdim edəcəyik. Biz çox həyəcanlıyıq. Bu günə kimi çox gözəl proses keçirilib. Azərbaycana gəlməklə, burada mövcud yerli tədqiqat formalarını öyrənir, seçkiqabağı araşdırma aparırıq. TED-lə tanış olanda gördük ki, onların geniş təcrübəsi, bilikləri var və ona görə də onlarla əməkdaşlıq edirik. Seçkiqabağı dəyərli araşdırmalar aparıb, məlumatlar toplamışıq. Məlumat toplamaq prosesi, texnologiya və metodologiyası standartlara tam uyğun aparılıb.

 

- Əvvəllər hansı ölkələrdə fəaliyyət göstərməsiniz? Bu, Sizin regiona ilk gəlişinizdi?

 

- Biz Albaniya, Macarıstan, Rumıniya, Çexiya, Serbiya, İsrail və bəzi Afrika ölkələrində işləmişik. Azərbaycana ilk səfərimizdir. Bundan əvvəl isə Gürcüstanda fəaliyyət göstərmişik.

 

Məlumat toplanmasında hansı metodologiyadan istifadə olunur?

 

- Metodologiyanın ən əsas hissəsi ondan ibarətdir ki, seçim təsadüfi aparılır. Yəni əvvəlcədən müəyyən edilmiş şəxslə deyil, əhalinin müxtəlif nümayəndələri ilə sorğu keçirilir. Məsələn, əgər əhalinin 52 faizini qadınlar təşkil edirsə, biz çalışırıq qadınların təxminən 55 faizi ilə müsahibə edək. Əgər hansısa regionda yaşayan insanların sayı ümumi əhalinin sayının 20 faizini təşkil edirsə, çalışırıq ki, həmin region bizim araşdırmanın da 20 faizini təşkil etsin. Biz əhalinin tərkibini müəyyənləşdiririk və çalışırıq ki, nəticələr ölkənin reallığını əks etdirsin. Buna görə, şirkətimiz TED-lə ciddi işbirliyi qurub. Respondentlər arasında sorğu aparan əməkdaşlarımız ölkənin bütün regionlarında - həm böyük, həm kiçik şəhərlərdə, hətta ən ucqar kəndlərdə müxtəlif insanların tet-a-tet rəyini öyrəniblər.

 

- Seçki günü fəaliyyətiniz nədən ibarət olacaq?

 

- Seçki günü ölkə boyu səpələnmiş 60 000 nəfər çalışacaq. “Exit-poll” zamanı onlar seçki məntəqələrindən çıxan insanlara bir neçə qısa sual verəcəklər. Əldə olunmuş nəticələr bizim məlumat mərkəzinə ötürüləcək və orada kompüterə daxil ediləcək. Nəticələr Nyu-Yorkda yerləşən mərkəzi ofisimizə ötürüləcək və real vaxt ərzində nəticələr emal və təhlil olunacaq, seçki məntəqələri bağlandıqdan bir neçə saat içərisində Azərbaycana göndəriləcək. Seçki günü 838 “exit-poll” məntəqəmiz olacaq. Bütün ölkə üzrə “exit-poll” keçirmək mümkünsüzdür. Əvvəlki araşdırmalarda xətanın nisbəti 4-5 faiz təşkil edirdisə, 60 000 min müsahibə alan əməkdaşlarla bu rəqəm təxminən 0,7 faiz təşkil edəcək. Sorğuların mümkün qədər dəqiq olması üçün çoxlu məlumat toplamalıyıq. Nəticələrin tələm-tələsik dərc edilməsi professionallıq baxımından düzgün olmazdı, çünki səhv buraxmaq ehtimalı yüksək ola bilər. Ona görə məlumatı gün boyu toplayacaq, Nyu-Yorkda emal edəcəyik. Biz səsvermə başa çatandan sonra nəticələri mümkün qədər tez elan etmək istəyirik. Məlumatları seçkidən sonra emal etməyə başlasaq, çox vaxt tələb edəcək. Biz Nyu-Yorkdakı əməkdaşlarımıza bildirmişik ki, özləri ilə çoxlu qəhvə götürsünlər, çünki bütün gecə çalışmaları lazım gələcək.

 

- Müsahibə alacaq insanlar üçün treninqlər keçirmisinizmi? Onları hansı meyarlarla seçmisiniz?

 

- Treninqlər çox vacibdir. Bizim burada nümayəndəmiz olub. O, spesifik olaraq müsahibə alacaq şəxslər üçün treninqlər keçirilməsinə kömək edib. Seçkiqabağı araşdırma aparmağımız da treninqin bir hissəsidir. Metodologiyamız bir az fərqlidir. Biz əmin olmaq istəyirdik ki, həmin şəxslər neçə sorğu aparırlar, müsahibəni necə tamamlayırlar və s. Deməliyəm ki, onların səviyyəsi bizdə xoş təəssürat oyatdı. İşlədiyimiz ölkələrdə çox vaxt müsahibə alan insanlar şagirdlər və ya tələbələr olur, onlar müsahibəni heç bir treninqsiz, bu sahədə heç bir biliyə sahib olmadan edirdilər. Burada isə biz həqiqi intervüyerləri gördük. Onların müsahibə almaq üzrə bilikləri var, çalışqandırlar, qeydlər aparırlar. Biz nəticələrin dəqiqliyindən çox məmnun qaldıq və bu, bizə inam verir ki, seçki günü də belə olacaq. Biz intervüyerlərin seçimində heç bir meyar qoymadıq, bunu TED etmişdi. Onlar insanların xüsusiyyətlərini bilirlər, biz də onların tarixinə və təcrübəsinə əsaslanaraq, onlarla iş görməyə başladıq.

 

- Sizcə, Azərbaycan “exit-poll” keçirilməsinə görə digər ölkələrdən nə ilə fərqlənir?

 

- Bu mənada bəzən mədəni fərqləri müşahidə etmək olar. Bəziləri 10 suala cavab verməyə hazırdır, bəziləri də 4 suala. Ümumilikdə isə götürsək, insanlar səsvermədə iştirak etdiyinə görə qürur duyurlar. ABŞ-da səs verəndə, sənə üzərində “Mən səs vermişəm” yazılan yapışqan kağız verirlər və insanlar onu yaxalarına taxıb, bütün günü gəzirlər. İraqda, ya da Əfqanıstanda insanlar işarələnmiş barmağını göstərərək bildirirlər ki, səs veriblər. Ona görə, onlar “kimə səs vermisən” kimi suallara cavab verməyə açıqdırlar. Mən bu nöqteyi-nəzərdən heç bir fərq görmürəm.

 

- Bəziləri iddia edir ki, şirkətiniz “exit-poll” keçirməkdə təcrübəsizdir...

 

- Əvvəlində dediyim kimi, əgər Artur Finkelstein 60-cı illərdə bu gün Amerika telekanallarında “exit-poll” üçün istifadə edilən metodologiyanı inkişaf etdiribsə, düşünürəm ki, biz bu sahədə təcrübəliyik. Artur müasir “exit-poll”un ən yaxşı bilicilərindən sayılır. Bilmirəm bu məlumatlar haradan yaranıb, lakin bu metodologiyanın yaranmasından bəri Artur onun üzərində çalışırdı. Düşünürəm ki, bu cür xəbəri yayanlar sadəcə ev tapşırığını həll etməyiblər.

 

 

# 1047
avatar

Oxşar yazılar