Məlum olduğu kimi, 1994-cü ildə “Əsrin müqaviləsinin” imzalanması ilə Azərbaycan yeni neft strategiyasının əsasını qoydu. Maraqlıdır ki, bu vaxta qədər İran və Rusiya Xəzərin statusunun yenilənməsi zərurəti haqqında məsələni heç müzakirə etmirdilər. Yalnız yeni müstəqil dövlət tərəfindən xarici neft şirkətlərinin Xəzər hövzəsinə cəlb edilməsi və yeni neft və qaz yataqlarının istismara verilməsi onları qıcıqlandıraraq bu məsələni ortaya atmalarına səbəb oldu. Xüsusən Rusiya Federasiyası tərəfindən “Xəzər dənizinin hüquqi statusuna münasibətdə Rusiya Federasiyasının mövqeyi haqqında” BMT-nin Baş Məclisinə yolladığı sənəddə deyilir ki, “...bəzi Xəzəryanı dövlətlər birtərəfli fəaliyyət yoluna qədəm qoyur və beynəlxalq hüquq prinsipləri və normaları ilə hesablaşmayaraq digər Xəzəryanı dövlətlərin hüquq və maraqlarına zidd olaraq birtərəfli üstünlüklər əldə etməyə çalışırlar”. Təbii ki, bu qıcıqlanmanı yalnız geoiqtisadi amillə izah etmək olmaz. Burada geosiyasi və hərbi strateji amil də xüsusi rol oynayır. Xəzərin geostrateji mövqeyinin Rusiya üçün nə qədər əhəmiyyətli olduğunu nəzərə alsaq, XX əsrin əvvəllərinə kimi burada hegemonluq edən Rusiya üçün buraya yeni güclərin cəlb edilməsi olduqca təhlükəli hesab olunur. Məhz buna görə də Rusiya yeni yaranmış müstəqil dövlətlərin Qərbə inteqrasiyasına, eləcə də, Qərb şirkətlərinin Xəzər dənizi hövzəsinə daxil olmasının maksimum dərəcədə qarşısını almağa çalışır.
Qeyd edək ki, 1992-95-ci illər arasında Rusiya tərəfindən nümayiş etdirilən qarşıdurma 1995-97-ci illərdə yumşalma ilə əvəz olunmuşdu. Əvvəlki dövrdə Rusiya daha çox güc tətbiqi ilə seçilirdisə, artıq 1995-ci ildən etibarən kompromisə meyl etməyə başlamışdı. 1997-ci ildə Rusiyanın irəli sürdüyü təklifə görə: hər bir hövzə ölkəsi yalnız 12 millik sektorlara tam sahib olurdu və qalan 25 millik sektor “iqtisadi zona” hesab olunurdu. Lakin bu təklifə görə Azərbaycan istisna olmaqla, bütün Xəzər hövzəsi ölkələrinin milli sektorlarındakı ehtiyatlar onların öz ərazisində qalırdı. Yalnız Azərbaycan Günəşli, Çıraq, Azəri və b. yataqlarından məhrum edilirdi ki, bunu da Rusiya ümumi istifadədə saxlamaqla gələcəkdə öz əlinə keçirmək və Azərbaycanı bu resurslardan məhrum etmək istəyirdi. Lakin ümummilli lider Heydər Əliyevin fəal diplomatik səyləri nəticəsində bir müddət sonra vəziyyət tamamilə dəyişir. Belə ki, 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalandı. Bununla da tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atdılar. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın, 13,8% İranın, 18,4% Türkmənistanın nəzarətində qaldı.
Mütəxəssislərin fikrincə, məhz bu üçtərəfli saziş Xəzərətrafı qüvvələr nisbətini köklü şəkildə dəyişdi və hələ 1992-ci ildə yaranmış “geosiyasi bloklaşma” prosesinə Azərbaycanın xeyirinə müsbət təsir göstərərək, yeni geosiyasi vəziyyət yaratdı.
Həmçinin “Əsrin müqaviləsi” Azərbaycanın Qərbdəki, Qərbin isə Xəzər hövzəsindəki mövqelərini xeyli möhkəmləndirdi ki, bu da Rusiyanın müqaviləni tanımasına əsas verdi. Buna əlavə olaraq, 1995-ci ilin aprelində ABŞ prezidenti Bill Klintonun Azərbaycan dövlət başçısı Heydər Əliyevə məktub göndərərək, Xəzərin sektorlara bölünməsi ilə bağlı bu ölkənin mövqeyini dəstəklədiyini bəyan etməsi Azərbaycanın öz milli sektoruna iddiasını tam rəsmiləşdirməsinə təkan verdi. Lakin Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin hüquqi statusuna dair üçtərəfli saziş imzalayaraq dənizin dibinin milli sektorlara bölünməsi ilə bağlı razılığa gəlsələr də, yekun rəy hələ də əldə olunmayıb. Burada da təbii ki, digər qeyri-konstruktiv mövqe sahibi İrandır.
Ləman Xəlilova
“Azerbaijan Realities”
Xəzərin hüquqi statusuna yanaşmada Rusiya Federasiyasının mövqeyi
746