(ümumiləşdirilmiş təhlil)
Heç bir dövlət inteqrasiyanı, imkanların yaratdığı səviyyədə əməkdaşlığı və tərəfdaşlığı özündə əks etdirən müasir qloballaşma şəraitində təcrid olunmuş vəziyyətdə öz mövcudluğunu təmin etmək iqtidarında deyil. Ancaq dövlətlərin inteqrasiya, tərəfdaşlıq və əməkdaşlıq əlaqələri onlar arasında fərqli münasibətlərin yaranmasını zəruri edir. Fərqli münasibətlər də fərqli potensialdan (resursların yaratdığı imkanlardan) meydana gəlir. Dövlətlərin güclərinə görə bölünməsi beynəlxalq əlaqələrin təbii bir prosesinə çevrilir. Məkanlar üzrə geosiyasət öz rüşeymini məhz əlaqələrdəki fərqli imkanlardan və güclərin fərqli olmasından götürür. Fərqli güc məkanlardakı resursları da fərqli əsaslarla hərəkətdə saxlayır. Hərəkətlər əlaqələr fonunda müxtəlif təsir imkanlarını ortaya qoyur.
Xarici siyasət fəaliyyətinin həyata keçirilməsini ölkədaxili və beynəlxalq ehtiyaclar zəruri edir. Beynəlxalq ehtiyaclar dövlətlərin regionda və regiondan kənar məkanlarda inteqrasiya olunmaq zərurətindən ortaya çıxır. Beynəlxalq əlaqələr həm də daxili ehtiyacların ödənilməsinə hesablanır. Ümumiyyətlə, heç bir dövlət “ümumdünya cəmiyyətində” təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Əlaqələr dövlətlərin genetik xarakterlərindədir. Dövlətlərin beynəlxalq əlaqələr sistemində bütövlüklərinin təmin olunması daxili fəaliyyətlə xarici fəaliyyətin vəhdətində öz əksini tapır. Bu vəhdət prinsipi dövləti beynəlxalq əlaqələr sisteminin iyerarxik strukturunda müvafiq yerləri tutmasına səbəb olur. Geosiyasət şəbəkələnmiş vəhdət siyasətindən meydana gəlir.
Məlumdur ki, dövlətin istər daxili, istərsə də beynəlxalq fəaliyyəti hüquqa (dövlətin hüququna) söykənir. Beynəlxalq əlaqələrdə hüquq normaları dövlətlərarası münasibətləri tənzim edir, eləcə də dövlətdaxili ehtiyacların ödənilməsinə yönəlir. Beynəlxalq hüquq normaları dövlətlərin qarşılıqlı yaşamalarına şərait yaradır. Onların qorunmasını təmin edir. Dövlət ümumən beynəlxalq əlaqələr sistemində bir bütöv kimi “hərəkətdə” olur. Hərəkətdə olması (əslində dövlət yox, dövlət hakimiyyəti və onun digər ünsürləri mütləq və konkret hərəkət vəziyyətində olurlar. Dövlət isə mücərrəd hərəkəti özündə əks etdirir) sayəsində dövlətin digər regionlarda geosiyasi maraqları meydana gətirir. Geosiyasi maraqlar dövlətlərin bir-birinin daxillərindəki elementlər üzərində təsirlərini yaradır. Bu elementlər dövlətlərin fəaliyyətini təşkil edən və əks etdirən struktur komponentləridir.
Bir daha qeyd etmək olar ki, dövlətlərin xarici siyasətləri, beynəlxalq münasibətlər üzrə aktları onların geosiyasətlərini meydana gətirir. Dövlət digər dövlətlərin məkanlarında öz geosiyasətlərini formalaşdırır. Burada sərhədlərdən kənarda geosiyasətin əsasları maraqlar üzərində formalaşır. Bu baxımdan hər bir dövlət üzərində geosiyasət meydana gəlir. Çünki dövlət və onun strukturlarının (canlı sistem olaraq) fəaliyyəti müəyyən məkanları əhatə edir. Hətta böyük dövlətlər üzərində də geosiyasi maraqlar meydana gəlmiş olur. Kiçik dövlətlər də böyük dövlətlərə təsir edə bilirlər.
Geosiyasət daha çox regionları əhatə edir, eləcə də geosiyasi regionlar arasında “geosiyasi zolaqlar” da formalaşa bilir. Məsələn, Azərbaycan həm Qafqaz geosiyasi regionunun elementidir (mərkəzləşdirici subyekt kimi), həm də Avropa ilə Asiya arasındakı “geosiyasi zolağın” komponentidir (birləşdirici subyekt kimi). Digər dövlətlərlə əlaqələr geosiyasətin formalaşması proseslərini təbii olaraq şərtləndirir. Qarşılıqlı təsirlər fonunda dövlətlərin geosiyasi gücləri yaranır. Dövlətin ümumən geosiyasi gücü onun daxili və beynəlxalq gücünə söykənir. Daxili gücü onun geosiyasi nüvəsini təşkil edir. Geosiyasi məkanı mərkəzdən ətraflara doğru genişləndirir. Böyük dövlətlərin başqa regionlarda geosiyasi maraqlarının genişlənməsi də həmin dövlətlərin geosiyasi (beynəlxalq münasibətlər üzrə) nüvələrini meydana gətirir. Buradan da xarici siyasətin şəbəkələşmiş mərkəzləri formalaşmış olur. Burada dövlətin daxili siyasəti xarici siyasətini, xarici siyasəti də öz növbəsində daxili siyasətini tamamlayır. Tamamlama sayəsində dövlətin daxildən xaricinə doğru və əksinə istiqamətdə geosiyasi maraqları meydana gəlir və geosiyasi maraqların sferası onu təşkil edən elementlərin hərəkət sferasının formalaşmasına səbəb olur.
Dövlət digər dövlətin geosiyasi məkanına (burada geosiyasi məkan həm dövlətdaxili məkan, həm də dövlət sərhədlərinin kənarındakı dövlət maraqlarının əks olunduğu məkanlar aid oluna bilər) daxil olur. Bu istiqamət baza olaraq iki hissədən ibarət olur: birincisi, dövlət özünün milli vasitələri ilə başqa dövlətin geosiyasi məkanına - ölkədaxili məkanına daxil olur, təsir edir (hətta bir çox hallarda geosiyasi “eksterritoriallıq” yaranır, yəni başqa ərazilərdə imtiyaz və immunitetlər daha çox olur); ikincisi, öz ərazisində digər dövlətin mövcud olduğu məkan (xarici ölkələrin resurslarının yaratdığı məkan nəzərdə tutulur) üzrə təsir edir. Öz məkanında yerləşən digər dövlətin geosiyasi maraqları üzərində təsirlər etməyə çalışır. Dövlətlər həmçinin üçüncü və ya dördüncü dövlətlərin ərazilərində də təsirlər etməyə çalışırlar. Bu baxımdan da geosiyasətin təsir şəbəkəsi meydana gəlir. Bu təsir şəbəkəsi dövlətləri beynəlxalq münasibətlərin fərqli fəal üzvlərinə çevirir və eləcə də yaylı formalı münasibətləri meydana gətirir. Yaylı (tarazlı) münasibətlər və əlaqələr inkişafa və təhlükəsizliyə, sülh və sabitliyə xidmət edir. Fərqli güclərə görə geosiyasət amili dünyanın piramidal idarəetməsi formasını meydana gətirir.
Azərbaycan da dünyanın digər dövlətləri kimi geosiyasətin aktiv üzvlərindən biridir. Azərbaycanın geosiyasəti özünün təkamül və inkişaf mərhələsini yaşayıb və bu gün də həmin proseslər davam etməkdədir. Ölkənin XX əsrin sonlarını əhatə edən geosiyasətinin formalaşmasının başlanğıcı müstəqillik qazandıqdan sonra qoyulub. Xarici siyasətin ilkin aktları, bu baxımdan ölkə müstəqilliyinin de-fakto və de-yure (SSRİ-dən ayrıldığı faktiki əraziləri üzrə hüquqi baxımdan) tanınması və dövlətlərarası diplomatik münasibətlər, sahələr üzrə əlaqələrin qurulması geosiyasətin başlanğıcı üçün əsasları meydana gətirmiş oldu. Sonrakı mərhələlərdə (1994-cü ildən başlayaraq) isə xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunması və çoxsahəli əlaqələr, o cümlədən geosiyasət elementlərinin sayının çoxalması məhz geosiyasi mühitin inkişafında növbəti mərhələni meydana gətirdi. Ölkənin yerləşdiyi məkan və məkan üzərindəki strukturlar və elementlər geosiyasi mühitin əsaslarını təşkil etməyə başladı. Dövlətin daxilən güclənməsi, onun iqtisadi və siyasi strukturlarının inkişafı geosiyasi nüvənin əsaslarını zənginləşdirdi. Azərbaycan regionda radiuslu dalğalar üzrə öz geosiyasi məkanını böyütməyə başladı. Bu proseslər artıq XXI əsrin başlanğıcından bu yana baş verməkdədir.
Azərbaycanın mövcud durumdakı geosiyasətinin formasına iki aspektdən yanaşmaq olar: birincisi, Azərbaycanın özünün sərhədlərindən kənar məkanlar və məkanlardakı strukturlar üzrə geosiyasi maraq dairəsi -buraya ölkənin regionda və regiondan kənarda formalaşdırdığı geosiyasi məkanlar aiddir. Məkanlardakı geosiyasi vasitələr və onların imkanları dövlətlərin geostrateji maraq sferalarını təşkil edir. Azərbaycanın tranzit mövqeyi və transmilli korporasiyası (SOCAR) bu istiqamətdə makro təsirlər etməkdədir. Regional enerji layihələri də geosiyasətin makro formasını yaradan elementlər kimi əhəmiyyət kəsb edir; ikincisi, Azərbaycan üzərində formalaşan geosiyasət. Buraya isə Azərbaycana diqqət göstərən kənar ölkələrin strateji maraqları aid olur. Strateji maraqlara iqtisadi, mədəni, hərbi sahələr aid olunur. Əgər biz regional geosiyasi məkanı xarici ölkələrin maraq istiqamətləri üzrə xəyali olaraq dairələrə alsaq, onda belə qənatə gələ bilərik ki, Azərbaycan xarici ölkələrin dairələrində öz dairəsini böyütmək siyasətini həyata keçirir. Bu böyüyən dairə də öz növbəsində xarici dairələrin kəskin şəkildə toqquşmasının və ölkəni tamamilə əhatə etməsinin qarşısını alır. Ölkənin geosiyasi nüvəsi xarici ölkələrin periferik geosiyasətinə qarşı sanki bir sipər rolunu oynayır. Buradan da ölkənin regional təhlükəsizliyinin təmin olunması məsələləri müəyyən qədər həll olunmuş olur. Hər iki istiqamət Azərbaycanın geosiyasi mövqeyini və statusunu müəyyən edir. Deməli, geosiyasi mövqe və geosiyasi status ölkənin regional geosiyasətini formalaşdıran istiqamətlərdəndir.
Azərbaycan dövləti bu iki xüsusiyyət, iki istiqamət arasında müəyyən bir mövqe tutur. Azərbaycan özünün geosiyasi mövqeyindən dövlətin regionda və regiondan kənarda güclənməsinə zəmin hazırlamış olur. Azərbaycan üzərində formalaşan geosiyasi maraqlar və Azərbaycanın özünün formalaşdırdığı maraqlar qarşılıqlı olaraq dövlətin geosiyasi baxımdan möhkəmlənməsinə xidmət edir. Bu iki güc istiqamətindən istifadə edən ölkə regionda tarazlı siyasəti həyata keçirə bilir və iki istiqamətin rəvan bağlayıcılığını meydana gətirir. Geosiyasətin bu xarakterindən milli maraqlar daha yaxşı səviyyədə təmin oluna bilir. Azərbaycanın özünün geosiyasəti ilə ölkə üzərində formalaşan geosiyasət birlikdə dövlətin regional gücünün formalaşmasına təsirlər edir.
Azərbaycan regional layihələri həyata keçirməklə özünün beynəlxalq statusunu möhkəmləndirir. Eləcə də bu beynəlxalq statusdan istifadə edərək üzərində formalaşan geosiyasi gücün (xarici geosiyasət sisteminin) dövlətin tam şəkildə daxili işlərinə qarışmasının qarşısını alır. Azərbaycanın özünün geosiyasəti xarici geosiyasətin təsirlərini minimuma endirmək iqtidarında olur.
Azərbaycanın geosiyasəti (özünün və xarici ölkələrin) cəlbetmə və cəzbetmə istiqaməti üzrə formalaşır. Öz resurslarını başqa məkanlarda hərəkət etdirir, başqa məkanlarda təsir imkanları qazanır və əks dövlətin təsirlərini öz məkanında azaldır. Digər tərəfdən də başqa dövlətlərə təsir olaraq (resurslardan təsir elementləri kimi yararlanır) öz ərazisini onlar üçün açıq elan edir. Azərbaycanın açıq qapılar siyasəti dövlətin geosiyasətini möhkəmlədir.
Məlumdur ki, Azərbaycanın geosiyasətini formalaşdıran əsas faktor onun makro milli sərvətləridir. Bu sərvətlər hesabına həm xarici ölkələrin maraqlarını formalaşdırır, həm də öz resurslarını reallaşdırır. Azərbaycanın geosiyasi sistemini meydana gətirən elementlər tək iqtisadi sərvətlər deyil, həm də digər amillər də burada aktiv iştirak edə bilir: coğrafi mövqe, əhalinin elmi-mədəni potensialı, dinə rasional baxışlar, müxtəlif dinlər arasında barışıq mövqe tutmaq, rasional (dünyəvi) dövlət siyasəti və s.
Azərbaycanın da iştirak etdiyi geosiyasi regionları (məkanları) bu kimi istiqamətlər üzrə təsnif etmək olar:
- postsovet geosiyasi məkanı, o cümlədən Xəzər regionunun Mərkəzi Asiya geosiyasi məkanı;
- Xəzər regionu daxilində Qafqaz geosiyasi məkanı-buraya Şimali Qafqazı da aid etmək olar;
- Qara dəniz-Xəzər regionu geosiyasi məkanı;
- Avro-Asiya geosiyasi məkanı;
- Xəzər dənizi-Aralıq dənizi-Qara dəniz birləşmiş “dairəvi” geosiyasi məkan;
- Şimal-Cənub geosiyasi qovşaq məkanı - buraya Ərəb dünyası ilə Slavyan dünyası, həmçinin Türk dünyası ilə Rus-Slavyan dünyası arasındakı birləşdirici məkan aiddir;
- Türk dünyası - Mərkəzi Asiya ilə Anadolu türkləri arasında birləşdirici geosiyasi məkan;
- Rusiya və Türkiyəni, eləcə də İran və Rusiyanı birləşdirən və sözügedən dövlətlərin maraqlarını uzlaşdıran bir məkan;
- Türkiyə və İranı birləşdirə biləcək bir məkan, məsələn, bu istiqamətdə İranda yaşayan çoxmilyonlu Azərbaycan türklərindən dayaq elementi kimi istifadə oluna bilər. Türkiyə və İranın gələcəkdə “Avrasiya” ittifaqına inteqrasiyalarında mühüm rola malik ola biləcək geosiyasi məkan;
- Cənubi Qafqaz-Rusiya tranzit geosiyasi məkanı;
- Dinlərarası qovşağı yaradan və müxtəlif sivilizasiyalar malik olan xalqları birləşdirən bir məkan.
Azərbaycan özünün geosiyasi mövqeyindən barışdırıcı rol oynaya bilir və eləcə də müxtəlif sivilizasiyaları bir araya gətirmək imkanlarına malikdir. Məsələn, dinlərarası dialoq uğurla təşkil olunur, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətdədir. Beynəlxalq humanitar forumların və digər tədbirlərin mərkəzlərindən biri rolunu oynaya bilir.
Azərbaycan geosiyasətinin gələcək perspektivləri və onları formalaşdıran vasitələr
Ölkə daxilində - iqtisadi istiqamətdə
- ölkənin daxili geosiyasi gücünü, nüvəsini artırmaq, bu baxımdan texno-millətin formalaşması və aralıq geosiyasi məkanda yüksək texnologiyalar mərkəzinə çevrilmək - burada enerji sərmayələri təkrar olaraq ölkənin sənaye sahələrinə yatırıla bilər;
- ölkəni informasiya texnologiyaları istehsal edən mərkəzə çevirmək;
- ölkədə iqtisadi dinamik aktivliyi qorumaq və işsizliyin qarşısını almaq məqsədilə “beynəlxalq şəhərlər” və “beynəlxalq mədəniyyət mərkəzləri” tikintisini həyata keçirmək;
- ölkəni regional (Qafqaz-Xəzər regionu) banklar mərkəzinə çevirmək və əhalinin banklardan asılılığını artırmaq;
- xarici ölkə vətəndaşlarının depozitlərinin daha çox cəlb etmək siyasətini həyata keçirmək;
- Mərkəzi Asiya regionunun və digər geosiyasi istiqamətlərdəki məkanların (məsələn, İran, Türkiyə, Asiya vətəndaşlarının və digər ölkələrin fiziki və hüquqi şəxslərinin) maliyyə resurslarını maksimum səviyyədə ölkəyə cəlb etmək;
- ölkə daxilində milli valyuta ilə yanaşı, digər valyutaların da paralel işləməsini təmin etmək;
- milli valyutanı hələlik beynəlxalq valyuta olan ABŞ dolları ilə eyni kursda saxlamaq və ABŞ dollarının da ölkə daxilində alış-satış vasitəsi kimi istifadəsini təmin etmək;
- dövlətin özünün iştirak etdiyi iqtisadiyyat sektorunu gücləndirmək və azad sahibkarlığı tarazlı şəkildə inkişaf etdirmək;
- ölkəyə turistləri cəlb etmək çalarlı mədəniyyət tədbirlərini (məsələn, “Novruz paradlarını” təşkil etmək) həyata keçirmək və s.
Ölkə daxilində - siyasi istiqamətdə
- beynəlxalq aləmi cəlb edə biləcək rasional cəmiyyətin yaranmasını təmin etmək;
- ölkəni regionda beynəlxalq təşkilatlar mərkəzinə və beynəlxalq konfranslar mərkəzinə çevirmək;
- miqrasiya siyasətini sadələşdirmə yolu ilə təkmilləşdirmək və vizalar məsələsini sadələşdirmək və s.
Ölkə xaricində - iqtisadi istiqamətdə
- xarici ölkələrin (Rusiya, Türkiyə, İran, Gürcüstan, Şərqi Avropa, Mərkəzi Asiya və s. ölkələrin) makroiqtisadi mühitində təsir imkanları əldə etmək, bu ölkələrin sənaye sahələrində və bank sektorlarında nüfuzlar əldə etmək;
- Azərbaycan banklarının xarici ölkələrdə fəaliyyətinə çalışmaq;
- Rusiya bazarında böyük nüfuzlar qazanmaq və Qafqaz bölgəsində sərmayələr yatırmaq, ümumiyyətlə, iqtisadi sferanı genişləndirmək;
- sadələşdirilmiş gömrük siyasətini həyata keçirmək və azad gömrük zonalarının yaranmasına çalışmaq;
- Azərbaycanın milli valyutasının işləmə diapazonunu genişləndirmək;
- texno-azərbaycanlı insanın potensialını yaratmaq və xaricə ixrac etmək və s.
Ölkə xaricində - siyasi istiqamətdə
- diaspora və lobbiçilik fəaliyyətini gücləndirmək;
- xarici ölkələrdə “azəritaunların” yaradılmasına çalışmaq;
- xarici ölkələrin ali məktəblərində və elm mərkəzlərində çalışan azərbaycanlıların sayının çoxalmasını təmin etmək;
Sözügedən vasitələr və istiqamətlər Azərbaycanın regionda geosiyasi mövqeyinin artmasına şərait yaradar və aralıq geosiyasi məkanda güclü dövlətlərin genişlənən maraq sferalarında “əzilməsi”nin qarşısını alar.
Elşən Nəsibov
Siyasi elmlər üzrə fəlsəfə doktoru