“Dövlət sirri haqqında” qanunun iki maddəsinə əlavə və dəyişikliklər təklif edilir
Azərbaycanda dövlət sirrinin qorunması, xüsusi əhəmiyyətli məlumatların öyrənilməsi ilə bağlı qaydaları dəyişdirilir və şərtləri sərtləşdirilir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı “Dövlət sirri haqqında” qanunun 21.5 və 23-cü maddələrinə əlavə və dəyişikliklər təklif edilir.
Yeni layihəyə əsasən, qanunun 21.5-ci maddəsinə belə bir bənd əlavə edilir: “Vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Baş Prokurorluq, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir. Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir”.
Qanunun 23-cü maddəsi (Dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın hüquqlarının məhdudlaşdırılması) isə tamamilə dəyişdirilərək yeni şərtlərlə təqdim edilir: “Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aşağıdakılardır:
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti hesab edilən
- Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə də digər xüsusilə ağır və ağır cinayətlərə görə məhkum edilməsi (məhkumluğun ödənilməsi və götürülməsindən asılı olmayaraq)
- müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahıya uyğun olaraq, dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması
- xarici ölkədə daimi yaşaması
- Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi
- yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycanın təhlükəsizliyi üçün qorxu yaradan hərəkətlərinin aşkara çıxması
- yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi”.
Maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın hüquqları müvəqqəti məhdudlaşdırıla bilər. Məhdudiyyətlər aşağıdakılara aid ola bilər:
- vətəndaşın dövlət sirri ilə işləməyə buraxılması rəsmiləşdirilərkən əmək müqaviləsində (sazişində) müəyyənləşdirilmiş müddətdə xaricə getmək hüququ;
- dövlət sirri təşkil edən məlumatları yaymaq və bu cür məlumatları əks etdirən kəşflərdən və ixtiralardan istifadə etmək hüququ”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 30-da müzakirəyə çıxarılacaq.