“Xalq Cəbhəçi Partiyasının fəxri sədrlik məsələsi ilə bağlı mövqeyi bəllidir. Milli Şuranın sessiyasında da bu açıqlanıb və məhz Əli bəyin təklifi ilə Rüstəm İbrahimbəyov qurumun fəxri sədri seçilib. Öz mövqeyimizi də hər zaman əsaslandırmağa hazırıq. Ancaq indiki halda Müsavat Partiyasının danışıqlara hansı təkliflə gələcəyi bizə məlum deyil. Yəqin ki, bu məsələlər danışıqları zamanı bəlli olacaq. Biz də o zaman Müsavat Partiyasının mövqeyinə öz adekvat yanaşmamızı sərgiləyəcəyik”.
Bunu Lent.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, Müsavat Partiyasının Milli Şuradakı fəaliyyətini bu qurumdakı partiya və təşkilatlarla ayrı-ayrılıqla müzakirəyə çıxaracağı qərarına münasibət bildirib.
Qeyd edək ki, Müsavat Partiyası Divanının dünən keçirilən iclasında partiyanın Milli Şuradakı gələcəyinin müəyyənləşdirilməsi üçün bu qurumdakı digər müttəfiqləri ilə ayrı-ayrılıqda görüşüb, müzakirələr apardıqdan sonra qərar veriləcəyi ilə bağlı nəticə əldə edilmişdi.
Müsavat Partiyasının Milli Şuradakı fəaliyyətini davam etdirməsi üçün fəxri sədrlik məsələsini şərt kimi irəli sürərsə, AXCP-nin buna münasibətinin necə olacağı ilə bağlı da danışan F.Qəhrəmanlı deyib ki, fəxri sədrlik mövzusu üzvü olduğu partiya üçün artıq geridə qalıb: “Rüstəm bəy artıq Milli Şuranın fəxri sədridir. Nə deyək, durub demək olmaz ki, Rüstəm bəy istefa versin. Bu, absurddur. Rüstəm bəy Milli Şuranın qərarı ilə fəxri sədr seçilib. Mən hesab edirəm ki, artıq heç bir halda bu məsələ müzakirə predmeti ola bilməz”.
Müsavat Milli Şurada qalmaq üçün orada bir sıra qüvvələrin qurumdan uzaqlaşdırılması barədə təklif verərsə, bu məsələyə AXCP nə reaksiya verəcək?
AXCP sədrinin müavininin sözlərinə görə, təəssüf ki, bəziləri Ə.Kərimlinin irəli sürdüyü "demokratik qüvvələrin geniş birliyi" ideyasını pozmaq üçün "real qüvvələrin birliyi" ideyasını ortaya atır.
O bildirib ki, əgər real qüvvələr deyəndə AXCP və Müsavat nəzərdə tutulursa, o zaman heç Milli Şuranı da yaratmağa ehtiyac olmazdı, çünki İctimai Palata formatı çərçivəsində bu birlik təmin olunmuşdu: “Digər tərəfdən isə real qüvvələrin birliyi tezisini irəli sürənlərin məntiqi ilə cəmiyyətdə nüfuz sahibi olan dəyərli ziyalılarımızı, media təmsilçilərini, vətəndaş cəmiyyəti nümayəndələrini kənarda qoymaq lazımdır ki, siz real qüvvə deyilsiniz, təşkilati strukturlarınız yoxdur, ona görə də sizə ehtiyac yoxdur. Bu, qədim Hindistanda olduğu kimi siyasi "kastalar" yaradıb demokratik qüvvələri bir birindən uzaq salmaq, parçalamaq siyasəti olardı”.
F.Qəhrəmanlı hesab edir ki, bu gün Milli Şuranı parçalamaq istəyənlər də məhz real qüvvələrin birliyi tezisi ilə geniş birlik modelini dağıtmağı planlayırlar.