Cari ilin 3 sentyabr tarixində Parisdə AŞPA Monitorinq Komitəsinin iclası keçirildi. Həmin iclasda Azərbaycan üzrə həmməruzəçilərin monitorinq proseduru çərçivəsində 19-21 may 2014-cü ildə ölkəmizə səfərlərinə dair məlumat qeydləri təqdim edildi. Həmməruzəçilər öz məlumat qeydlərini təqdim etdilər. Onlar Azərbaycana səfər zamanı diqqəti hüququn aliliyi, eləcə də hakimiyyətin bölünməsi və qarşılıqlı nəzarət sistemi üçün başlıca ilkin şərtlərdən biri olan məhkəmənin müstəqilliyi kimi əsas suala cəmləmək qərarına gəldiklərini bildirdilər. Bu səbəbdən məlumat qeydində əsas məsələlərdən biri kimi Azərbaycan məhkəmə sistemi barədə məlumat verildi və bu məlumat Komitə üzvləri tərəfindən müsbət qarşılandı.
Həmməruzəçilər məlumat qeydini təqdim edərkən qondarma siyasi məhbus məsələsi ilə bağlı öz qeydlərini bildirərək Assambleyanın bir sıra yerli və beynəlxalq QHT-lərin Azərbaycanda çoxsaylı siyasi məhbusların olması barədə iddialarından narahatçılığını ifadə etdilər. Onlar eyni zamanda vurğuladılar ki, kimin istənilən fikir ayrılığını boğmaq məqsədi daşıyan siyasi motivli təqibin qurbanı olub-olmadığını müəyyənləşdirmək bizim üçün olduqca çətindir, biz yalnız yerli QHT-lər, fəallar, jurnalistlər və yaxud müxalif siyasətçilərin sözünə arxalana bilmərik, onların dilində danışmırıq, hər məhkəməyə nəzarət edə bilmirik və tarazlaşdırılmış dəyərləndirmə aparmağa çalışırıq.
Daha sonra həmməruzəçilərin məlumat qeydi üzrə müzakirələr aparıldı. Müzakirələr zamanı Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov geniş çıxış etdi. O, öz çıxışında məhkəmə-hüquq sistemində aparılan islahatlar, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi irəliləyişlər barədə ətraflı məlumat verdi.
Müzakirələr zamanı Birləşmiş Solçular (UEL) siyasi qrupunun rəhbəri Tiny Kokx və həmməruzəçilər Azərbaycanda siyasi məhbus məsələsinə dair müxtəlif tərəflərin iştirakı ilə beynəlxalq dəyirmi masa və ya konfransın keçirilməsi təklifi ilə çıxış etdi. Bu təklif müsbət qarşılandı və bu tədbirin vətəndaş cəmiyyəti nümayəndələri, dövlət rəsmiləri, AŞPA və digər beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçirilməsi zərurəti vurğulandı.
Mən çıxış edərək qondarma siyasi məhbus məsələsinin hüquqi məsələ olduğunu və həbsdə olanlar barədə məhkəmə qərarları mövcudluğunu bildirdim. Xüsusi olaraq vurğuladım ki, məhkəmənin qərarı yalnız mövcud olan hüquqi mexanizmlərdən istifadə edilməklə dəyişdirilə bilər. Bu səbəbdən bu və ya digər şəxsin siyasi məhbus hesab edilməsinə qərar verə bilən siyasətçilər yaxud Assambleya deyil, bu səlahiyyətə yalnız məhkəmələrin malik olduğunu iclas iştirakçılarının diqqətinə çatdıraraq kimin siyasi məhbus olub-olmaması barədə məhkəmə iddiaları və qərarlarının olmasının zəruriliyini bildirdim.
Bildirdim ki, bəzi yerli QHT-lər xarici qurumlar və güc mərkəzləri tərəfindən maliyyələşərək, onların sifarişləri əsasında qondarma siyasi məhbus siyahıları tərtib edirlər. Bu qondarma siyasi məhbus məsələsini ortaya atanların əsas məqsədlərinin isə Azərbaycanı avtoritar ölkə kimi təqdim edərək onun beynəlxalq imicinə zərbə vurmaqdan, beynəlxalq aləmin diqqətini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyri-qanuni işğal altında olması faktından yayındırmaqdan ibarət olduğunu və bununla onların Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinə xidmət etdiklərini vurğuladım.
Çıxışımı yekunlaşdıraraq belə bir şəraitdə qondarma “siyasi məhbus” məsələsi ilə bağlı Azərbaycan tərəfinin aşağıdakı vahid mövqeyini Komitə üzvlərinin diqqətinə çatdırdım: siyasi məhbusların olmasını iddia edən tərəf (QHT, beynəlxalq təşkilatlar və s.) siyasi məhbus hesab etdikləri şəxs barədə məhkəmədə iddia qaldırmalı və həmin iddia ilə bağlı məhkəmə qərarı olmalıdır.
Sonda bir daha vurğuladım ki, bu, Azərbaycan tərəfinin vahid mövqeyidir.