"Qubad İbadoğlu və Vurğun Əyyubun məsələsinə baxıla bilər” - AÇIQLAMA
08 dekabr 2014 12:56 (UTC +04:00)

"Qubad İbadoğlu və Vurğun Əyyubun məsələsinə baxıla bilər” - AÇIQLAMA

“Vurğun Əyyubun açıqlamaları Müsavat Partiyasının Nizamnaməsinə ziddir. Çünki o, qurultayın seçdiyi Məclisi və müvafiq strukturları tanımır”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib.

 

S. Hüseynova Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarlarının Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı yaratmasının Müsavatın Nizamnaməsi illə ziddiyyət təşkil etmədiyini açıqlayıb: “Qubad İbadoğlunun ictimai birlik yaratması Müsavatın Nizamnaməsinə zidd deyil. Çünki bu birlik partiya daxilində yaranmır. Partiya daxilində fraksiyanın yaradılması isə təbii ki, Nizamnaməyə zidd sayılacaq. Mən hesab edirəm ki, ictimai birliklərin də siyasi xəttinin olması və baş verən hadisələrə reaksiya bildirilməsi onların borcudur”.

 

S. Hüseynova Müsavat Məclisinin üzvü Vurğun Əyyubun qurultayın nəticələrini tanımamasına da münasibət bildirib: “Partiyanın hər bir üzvü onun ali orqanını tanımalıdır. Mən hesab edirəm ki, Müsavat Məclisi Vurğun Əyyubun məsələsinə münasibət bildirəcək. Zərurət yaranarsa, MNTK özü də bu məsələyə baxa bilər. Ancaq hələ ki Məclisi buna münasibət bildirməlidir. Qubad İbadoğlunun sonuncu müşavirədə mənim haqqımda və komissiya barədə çıxışı onun subyektiv fikridir. Təqdim etdiyi arayışa bizim cavabımız onu qane etmədiyinə görə qərəzli münasibəti var. Mən belə məsələdə çox prinsipial mövqe qoymağı bacarıram. Arayışa sənədlərlə, protokollarla çox dəqiq araşdırılaraq cavab verilib. Məni MNTK sədrliyindən ancaq MNTK üzvləri kənarlaşdıra bilər. Qubad İbadoğlu hələ Nizamnaməni yaxşı bilmir. MNTK-da hələ ki Qubad İbadoğlunun məsələsi müzakirə olunmayıb. Ancaq daha da irəli getsələr, zərurət yaranarsa, bu məsələlərə baxıla bilər”.

 

MNTK sədrinin sözlərinə görə, indiyədək partiyadan çıxarılan şəxslər haqqında qərarın hamısı əsaslandırılıb: “Çıxarılanların reaksiyası da təbiidir. Hesab edirəm ki, onlar haqqında tamamilə düzgün qərarlar qəbul edilib”.

# 105
avatar

Oxşar yazılar