Millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev və İlyas İsmayılov Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.
Bu mövzu ətrafında “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı və Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa arasında maraqlı söhbət oldu. Söhbətdə həm də müasir Azərbaycan tarixi ilə bağlı bir çox maraqlı məsələlərə də toxunulur...
Vüsalə Mahirqızı
- Bir müddət əvvəl Siz və daha iki millət vəkili həmkarınız Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı prezidentə müraciət ünvanlamışdınız. Biz bu mövzu ətrafında danışmaq istəyirik...
Fazil Mustafa
- Öncə onu deyim ki, çox sayda millət vəkili bu müraciətə imza atacağını bildirmişdi. Sadəcə, operativlik naminə işçi qaydada biz ancaq əlçatan varianta üstünlük verdik. Daha yaxın təmasımız olan millət vəkilləri Qüdrət Həsənquliyev və İlyas İsmayılovla telefonla zəngləşdim və onlara müraciət mətnini göndərdim. Öncədən aramızda bir fikir birliyi vardı, hər iki millət vəkili də heç bir düzəliş etmədən müraciətə imza atdılar və müraciəti prezidentə göndərdik. Müraciəti indiki ərəfədə göndərməyimizin səbəbi odur ki, qarşıdan 28 May- Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının 95 illiyi gəlir. Ümid edirəm ki, bu ərəfədə bu istiqamətdə müəyyən addımlar atılacaq və bu addımların içərisində də Nuru Paşanın xüsusi olaraq adının əbədiləşdirilməsi məsələsi əksini tapacaq.
Nuru Paşanın Azərbaycana gəlişi may ayının 20-dən sonrakı dövrə təsadüf edir, bu da 95 illikdir. Nura Paşa çox həssas bir addım ataraq özü ilə ayrı-ayrı türk zabitlərini götürüb. Naxçıvandan başlayaraq Yevlaxa qədər keçdiyi bütün ərazilərin hər birində bir neçə türk zabiti saxlayaraq, Azərbaycan əhalisinin silahlandırılması və onlara təlim keçilməsi tapşırığı verib. Yevlaxda onun qarşılanması mərasimində və sonra da Gəncəyə gəlişi ilə bağlı Məhəmməd Əmin Rəsulzadənin dilə gətirdiyi bir söz var. Məhəmməd Əmin Rəsulzadə deyir ki, Azərbaycan insanı göydən yerə bir mələyin endiyini təsəvvür edirdi. Azərbaycanın erməni işğalı altında, artıq ümidsiz bir vəziyyətdə olduğu məqamda Nuru Paşanın gəlişinə göydən bir mələyin enişi kimi baxılırdı.
Bəzi tarixçilərin uydurma ittihamları var ki, sanki Nuru Paşa Azərbaycanı işğal etməyə gəlib, Azərbaycanın müstəqil dövlət olmasını istəməyib. Azərbaycanın müstəqil dövlət olmasını necə istəməyib ki, paytaxt Bakının sentyabrın 15-də azad etdikdən sonra Azərbaycan hökumətinə Gəncədən Bakıya köçməklə bağlı müraciət edib, təhlükəsizliyə təminat verib. Sentyabrın 18-də Azərbaycan hökuməti Bakıya köçüb. İngilislərin maneçiliyinə baxmayaraq, Nuru Paşa bu addımı atıb. Ona görə də bu insanın ən azı ruhu qarşısında müəyyən addımların atılması vacibdir ki, biz həqiqətən qədirbilən, tarixə, şəxsiyyətlərə, bizim üçün fədakarlıq etmiş insanlara dəyər verən bir xalq olduğumuzu isbat edək. Bu, bizə lazımdır. Nuru Paşaya lazım deyil. Nuru Paşa rəhmətə gedib, öz haqqını da Azərbaycan xalqına halal edib. Amma biz bu halallığa nə dərəcədə layiqik? Bunu göstərmək üçün bu addımları atmalıyıq.
V.M.
- Amma bu məsələdə bu qədər birmənalı olmağınızı şəxsən mən qəbul etmirəm. Bəli, bəzi tarixçilər Nuru Paşanın Azərbaycanı işğal etməyə gəldiyini bildirirlər. Təbii ki, bir ordu generalının özbaşına işğal gerçəkləşdirməsi müzakirə mövzusu deyil. Amma məsələ odur ki, Nuru Paşa bura özü gəlməyib, gələ bilməzdi yəni. O, əmr icra edən bir hərbçi idi. Yəni Nuru Paşanın xidmətlərini bu qədər şişirtməyə dəyərmi?
F.M.
- Çox maraqlı bir mövzuya toxundunuz. Azərbaycan hökuməti o zaman formalaşmamışdı, amma Zaqafqaziya Seyminin tərkibində, Milli Şurada yer alan azərbaycanlılar qərara almışdılar ki, erməni işğalından qurtarmaq üçün mütləq Osmanlı ilə təmasa keçmək lazımdır. Osmanlının vəziyyəti ağır idi, Qərb cəbhəsində böyük məğlubiyyətlər vardı, Antantanın təzyiqləri güclü idi. Aprel ayında Nağı Şeyxzamanlını İstanbula göndərdilər. O zaman Azərbaycana gələn ordunun komandanı Fərrux Paşa təyin edilmişdi. Nağı Şeyxzamanlı Osmanlının hərbi naziri Ənvər Paşa ilə görüşərək çox təkidlə Azərbaycan tərəfinin xahişini çatdırır ki, Azərbaycana gələn orduya məhz Nuru Paşanın komandan təyin edilməsi arzulanır. Burada söhbət təkcə Osmanlı ordusunun Azərbaycana gəlişi, Azərbaycanın xilası, erməni zülmünə son verilməsindən getmirdi. Həm də Zaqafqaziya Seymindəki azərbaycanlılar araşdırdılar ki, kim fədakarlıq edə bilər. Bir var ki komandan tapşırıqla gəlir və öz funksiyasından çıxmır. Nuru Paşa isə Azərbaycana gələndə tamamilə öz funksiyasından kənara çıxdı. Elə məsələlər var ki, Nuru Paşa qarışmaya, fədakarlıq etməyə bilərdi. Nuru Paşa bu ölkənin vətəndaşı kimi Azərbaycanda əhalini silahlandırmaqdan, hökumətin qurulmasından tutmuş o qədər böyük təşəbbüslər irəli sürdü ki... Yəni Nuru Paşanın komandan təyin edilməsini azərbaycanlılar istəmişdi. Yoxsa Fərrux Paşa gəlməli idi. Fərrux Paşa isə çox məsuliyyətli adam kimi tanınmırdı. Nuru Paşanın Azərbaycana, Türk Dünyasına olan sevgisini bilənlər Nağı Şeyxzamanlını göndərdilər, Ənvər Paşadan xahiş edildi və o da Nuru Paşanı komandan təyin etdi. Həm də bu zaman Nuru Paşanın qohumluq əlaqəsini də nəzərə aldılar ki, Ənvər Paşa Nuru Paşanın nüfuzunun qalxması üçün müəyyən addımlar atacaq. Həm də Nuru Paşanın heç bir mövqedən geri çəkilməyən fədakar bir komandan olduğu nəzərə alındı. Ona görə də Nuru Paşanın gəlişi situasiyanı dəyişdi. Nuru Paşanın gəlişi zamanı da yerli şəraiti daha dəqiq bilməsi üçün Əhməd Ağaoğlunu ona qoşdular. Əhməd Ağaoğlu Nuru Paşanın məsləhətçisi oldu. Əhməd Ağaoğlu ilə də o zaman Azərbaycan idarəçiliyində olan insanların fikir, düşüncə tərzlərində xeyli fərqliliklər vardı, bunun da kökü 1905-ci illərə gedirdi. Əhməd Ağaoğlu daha çox islamçı niyyətli cizgini önə çəkirdi. O zaman Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, Azərbaycan öncülləri-daha çox milliyyətçi kursun aparıcı adamları idilər. Ona görə də Əhməd Ağaoğlunun kursunda ittihatçıların da hakimiyyətdə yer alması və Azərbaycanda bir az daha qaragüruhçu kəsimin hakimiyyətə qarşı çevirilməməsi taktikası önə çəkilirdi. Məhəmməd Əmin Rəsulzadənin mövqeyinin bəlkə müsbət tərəfi vardı, amma reallıq tərəfi az idi. Nuru Paşa da Əhməd Ağaoğlunun görüşlərinə üstünlük verdiyi üçün Məhəmməd Əmin Rəsulzadə ilə fikirləri üst-üstə düşmürdü.
V.M.
- Hə, bir də məsələnin bu tərəfi var. Siz indi deyirsiniz ki, bəzi tarixçilər Nuru Paşanın Azərbaycanı işğal etməyə gəldiyini yazırlar və bunu uydurma adlandırırsınız. Amma yanılmıramsa, Əlimərdan bəy Topçubaşovun da Nuru Paşa ilə bağlı mənfi fikirləri olub və o bu fikirləri həm parlamentdə, həm də ayrı-ayrı məktublarında yazıb.
F.M.
- Tamamilə doğrudur. Bu mənfi fikirlər ola bilər. Bu gün idarəetmə tərzində müxtəlif siyasi düşüncənin sahibi olan insanların fikirləri fərqli ola bilər.
V.M.
- Əlimərdan bəy Topçubaşov Nuru Paşa ilə bağlı fikirlərini parlamentdə çıxışı zamanı da bəyan edib. Çıxışında deyib ki. Nuru Paşa Azərbaycanın maraqlarının təmsilçisi deyil.
F.M.
- Müxtəlif mülahizələr, qiymətləndirmələr ola bilər. Deyirlər ki, əməllər niyyətə görədir. Nuru Paşanın niyyəti nədir? Biz fakta baxırıq. Nuru Paşa Azərbaycanı erməni işğalından qurtarmağa, Bakını işğaldan azad etməyə gəlmişdi. Nuru Paşa Batum həbsxanasından qaçırılandan sonra getmək imkanı, şansı vardı. Niyə Azərbaycana qayıtdı? Nuru Paşanın dəfələrlə müraciəti olub ki, Azərbaycan vətəndaşı olaraq heç bir statussuz qalır. İngilislər buna izn vermədilər, çünki onu böyük təhlükə sayırdılar. Heç bir statusu olmadan Qarabağa gedib Şuşada hərbi parad keçirib! Bu gün tarixdən mifik, yaxud qeyri-real qəhrəman obrazlarını Azərbaycan gəncinə təqdim etmək əvəzinə, Qarabağı işğaldan azad etməyin mümkünlüyünə inanan bir qəhrəman obrazını təqdim etmək lazımdır. Bu, Nuru Paşadır. Əlində heç bir status, səlahiyyət olmadan zəif birliklərlə, türk birliklərinin Azərbaycan birlikləri ilə sintezini yaradaraq Qarabağda erməni silahlıları 1 ay ərzində tərksilah edib. Hamısını Azərbaycan hökumətinə tabe etdirdi və ondan sonra yenə məcburi Azərbaycanı tərk etməli oldu.
Nuru Paşa ilə bağlı məsələ bir az də gələcəyimiz üçün vacibdir. Bəzən “Facebook” səhifəsində də bəzən mənə yazırlar ki, bizim qəhrəman Mübariz İbrahimovdur, niyə onu yox, Nuru Paşanı qabardırsınız? Əvvəla, Mübariz qəhrəmandır və onun xatirəsi əbədiləşdirilib. Bir var ki, fərdi qəhrəman, bir də var ki, komandan, sərkərdə kimi qəhrəmanlıq göstərən və ölkəni işğaldan azad edən! Mübariz İbrahimov fərdi qəhrəmanlıq nümunəsi göstərib, Azərbaycan gəncləri üçün simvola çevrilən bir insandır. Biz buna dəyər veririk. Bir də var ki, bütövlükdə ölkəni xilas edən, Qarabağı azad edən simadan, şəxsiyyətdən söhbət gedir. Nuru Paşanın təşkilatçılıq nümunəsi görünməmiş bir nümunədir. Bu baxımdan bu məsələdə müqayisə aparmaq qüsurludur. Tarixçilərin də məsələyə yanaşmasında Nuru Paşanın niyyətini bir kənara qoyub, faktiki öz mülahizələri ortaya qoyması, Azərbaycanı işğal etməyə gəldiyini söyləmələri düzgün deyil. Hətta Osmanlı ordusu Azərbaycanı işğal etmiş olsaydı, bunu nə üçün edəcəkdi? Ermənilərin Azərbaycanı işğal etməməsi üçün bu addımı atacaqdılar. Yoxsa Osmanlının ən imkanı vardı ki, bu ərazilərdə torpaq tutsun. Həmin Ənvər Paşaya Moskvada gözəl şərait yaratmışdılar, niyə ov adı ilə Buxaraya getdi, Pamir dağlarında döyüşdü, 1922-ci ildə şəhid oldu?! Hər adam bunu edərmi?! Ənvər Paşa və Nuru Paşa idealist insanlar idilər. İdealist olmayan insanlar bu ağırlığı üzərinə götürə bilməzdi. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır.
V.M.
- Fazil bəy, məsələnin digər tərəfi də var. Azərbaycan millət vəkilindən Azərbaycanı işğaldan azad etmiş türk generalından daha çox Azərbaycanda dövlət qurmuş Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və digərlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müraciət gözləmək olardı.
F.M.
- Məhəmməd Əmin Rəsulzadənin irsinin araşdırılması ilə bağlı bir sıra işlər görülüb, tədqiqatlar aparılıb, çoxlu kitablar dərc olunub. Kənddə də olsa, heykəli də var. Mən Nuru Paşa ilə bağlı, ümumiyyətlə, heykəl məsələsini qabartmıram. Bu heykəl önəmli deyil. Tutaq ki, hərbi məktəbə Nuru Paşanın adını vermək olar. Yəni hər kəsə öz təyinatına görə qiymət vermək lazımdır. Nuru Paşa Azərbaycan hərbçisi üçün modelə çevrilməlidir. Yəni sən Nuru Paşa kimi yetişib Qarabağı azad edə , qəhrəman ola bilərsən mesajını verməliyik. Bunun nümunəsi tarixdə var, bu, artıq Koroğlu, yaxud 13-cü, 15-ci əsr, feodalizm dövrü deyil, yaxın bilinən tarixdir. Mənim yanaşma tərzim budur. İkincisi, Əlimərdan bəy Topçubaşovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı prezident tərəfindən çox müsbət addım atıldı, adı əbədiləşdirildi. Bunu yalnız müsbət dəyərləndirirəm, böyük addımdır. Məhəmməd Əmin Rəsulzadə ilə bağlı bəzi məsələlər artıq son dövrlər gündəmdən çıxıb. Bu da sevindiricidir. Niyə Nuru Paşanın üzərində dayanıram? Onlar Azərbaycan aurasının insanlarıdır, onların haqqı ilə bağlı ədalətsizlik də edə, ədalətli də ola bilərsən. Bu, özümüzünküdür, özümüzə bir köynək daha yaxındır. Amma söhbət Azərbaycan üçün Türkiyədən gəlib bu qədər azərbaycanlıdan daha böyük fədakarlıq edən insanın haqqını verə bilməkdən gedir. Bu adamın etdiyi fədakarlığı hansısa azərbaycanlının etməsini təsəvvürümə bir az az gətirirəm. Ona görə unudulmuş bu haqqı qaytarmaq laxımdır. İllah da Azərbaycanın qəhrəmanı olması üçün Türkiyə vətəndaşı olmaq lazımdırmı? Azərbaycanın qəhrəmanı olmaq üçün sadəcə, fədakarlıq etmək lazımdır. Bunu bir rus da edə bilər. Bizim Qarabağ döyüşlərində həlak olan Kavalyov kimi rus təyyarəçilər var. O qədər böyük qəhrəmanlıqlar etdilər ki! Mənim üçün nə fərqi var ki, o, rusdur, ləzgidir, talışdır, tatdır! Azərbaycan üçün yanan hər bir insan bizim üçün qəhrəmandır. Bəzi dostlarımız da mənə deyir ki, başqa ölkədən adamı qəhrəmana çevirmək düzgün deyil, belə anlaşılacaq ki, özümüzün gücümüz çatmayıb. Niyə utanırıq?!
V.M.
- Tarix göstərib ki, gücümüz çatmayıb da. Tarix budur…
F.M
- Bəli, gücümüz çatmayıb, gəlib bizi xilas edib. Şamaxıda, Bakıda, digər yerlərimizdə 30 min azərbaycanlını qətlə yetirmişdilər, hamı ağlayırdı, qan içində idi. Əgər o meyarla bolşeviklərin məhv edən adamın haqqını verməyə razılaşmırsınızsa, bir şeyi unutmamaq lazımdır. Tez-tez deyirik ki, Qarabağ Türk Dünyasının problemdir və bir yerdə həll etməliyik. Biz Nuru Paşanın haqqını verməməklə Türk Dünyasından gələn komandanın, əsgərin yolunu bağlayırıq.
V.M.
Məncə, bizdə tarixdən bir az da qorxmaq var. Deyək ki, 26-ların heykəlini sökürük, Karl Marksın heykəlini götürürük. Təkcə götürmürük, həm də ümumiyyətlə itiririk. Sovet dövrü ilə bağlı olan heç nəyi görmək istəmirik, iqnor edirik. Tutaq ki, “Komsomol” poemasını yazdığına görə Səməd Vurğunu aşağılayırlar. Başqa biri də çıxıb əslində Səməd Vurğunun “Komsomol” yox, “Azərbaycan” poeması yazdığını deyib, sanki ona bəraət verir. Fakt odur ki, bu sər yazılıb, bütün bu olanlar bizim indiki reaksiyamızın nə olmasından asılı olmayaraq, baş verib, yaşanıb və bitib. Eynilə türklərin həmin vaxt gəlməsinə də bu münasibət var ki, başqa ölkə niyə gəlib? Amma reallıq budur ki, bacarmamışıq, gəlib, xilas edib. Bir qisim isə bunu eşitmək istəmir ki, türklər həm də öz maraqları üçün gəliblər. Bir ordu başqa bir torpağa gəlirsə, öz marağı da var. Yəni bir millətin, ölkənin tarixini redaktə eləmək cəhdi, məncə, yaxşı hal deyil...
F.M
- Çox gözəl bir mövzuya toxundunuz. Hamı bilir ki, ölülər dirilməyəcək. Amma daxili bir qorxu yaşayan, özünü aciz hesab edəndə ölülərlə savaşa girirlər. Birdən dirildi, birdən rəqabət apardı və üstün gəldi?! Bu, çox təhlükəli bir şeydi, artıq insan çevikliyini, rəqabət gücünü itirməyə və keçmişlə savaş içində olmağa, keçmişdən qorxmağa başlayır. Məsələn, niyə bizim Milli Məclisdə o parlamentin ilk sədri Topçubaşovun portreti olmamalıdı? Normal mədəni ölkələrdə Leninin heykəllərini muzeyə qoydular. Kirovun, digərlərinin heykəlinin olduğu bir muzey yaratmaqdan imtina etdik? Hətta Şaumyanın, 26-ların heykəllərini muzeyə qoymaqdan niyə imtina etdik. Bu, tarixdir.
V.M.
- Yeri gəlmişkən, gözəl bir kompleks idi, ya muzeyə qoymaq, ya da yerində saxlayıb üzərinə bir lövhə vurmaq, hansı tarixlə bağlı olduğunu yazmaq olardı.
F.M
- Tamamilə doğrudur. Mən bir məsələni də qeyd etmək istəyirəm. Əkrəm Əylislinin yazdıqları Fəxri Xiyabandakı “Müsavat cəlladları tərəfindən qətlə yetirilmişdir” sözünün davamıdır. Buna yol verməmək üçün onu götürüb muzeyə qoy! Əli Bayramovun abidəsini də muzeyə qoy! Xalqın tarixi ideal bir tarix deyil. İnsanın həyatı necə ideal deyilsə, keçmişində səhvləri, savabı, yaxşılığı ilə bu həyatı yaşayırsa, tarix də belədir. Məsələn, bu gün Nəriman Nərimanova baxış dəyişməlidir. Bir az millətçi, radikal dalğada Nəriman Nərimanovu tamam silmişdik. Nəriman Nərimanovun 4-5 ildə yaşadığı sıxıntını, apardığı mübarizəni oxuyanda...
V.M.
- Nəriman Nərimanov aciz vəziyyətdə qalmışdı.
F.M
- Bəli. Məhəmməd Əmin Rəsulzadəgilin yanaşması bu idi ki, toxumu səpək, cücərəcək. Bu, idealist yanaşma idi. Nəriman Nərimanov isə daha realist idi. Nəriman Nərimanov deyirdi ki, dünyanın başı qarışıb, bu qaba güc isə gəlir. Bu qaba güc gələndə Azərbaycanın xilası üçün hamınınmı eyni qütbə yığışması lazımdır?
V.M.
- Yox.
F.M
- Təsəvvür edin ki, 1929-cu ilə qədər Azərbaycanın rəhbəri Mirzoyan erməni idi. Görün ki, nə dərəcədə münbit şərait var idi ki, türk respublikanın rəhbəri erməni idi.
V.M.
- Belə demək mümkünsə, Nəriman Nərimanov bacara bilmədi.
F.M
- Bəli. Nəriman Nərimanov azlıqda idi. Səməd Ağamalıoğlunun, Mirzə Davud Hüseynovun səviyyəsi nə idi? Səməd Ağamalıoğlu parlamentə çıxışında kürd yatan toyuqdan danışır, səviyyəsiz formada polemikalara girir. Onlar müəyyən mənada fəhlə elitasından çıxan, təhsilsiz adamlar idi və sovet hökuməti onları yerli nümunə, brend kimi qaldırmaq istəyirdi, amma alınmırdı.
Tarixə qorxaq yanaşmaq olmaz. Bir də Azərbaycanda özümüzün bu qədər məğlubiyyət, işğal, özümüzə bu qədər yazıqlıq kompleksi aşılamaq bizi tarixdən daha çox mədət ummağa meylləndirir. Əslində ağıllı millətlər tarixdən mədət ummaq, enerji almaq yolunu seçmirlər. Tarixdən çox enerji almağa girişmək olmaz. Gələcəyə baxışın üzərində düşünməlisən ki, sənin mövcud sistemin budur. Yəni tarixdə olan qəhrəman kodu ilə DNK-mız dəyişib.
V.M.
- Bəlkə də bu, tarixə düzəliş etmək cəhdidir. Biz deyirik ki, 15-ci əsrdə Şah İsmayıl Xətai imperiya yaratdı, sonra Koroğlu oldu, daha sonra Qaçaq Nəbi və digər qəhrəmanlıq dastanları. Gəlirik 19-cu əsrə, keçirik 20-ci əsrə, ancaq bizə edilən zülmlər var, biz heçmi müqavimət göstərməmişik? Ancaq hücumlar var, cavablar yoxdur. Ermənilər bir müddət özlərini yazıq göstərdilər, bəlkə də hansısa dövrdə bu işə yarayırdı. Amma müasir dövrdə insanlar dəyişiblər. Mən də baxıram ki, belə şey ola bilməz. Mənim millətim tarix boyu imperiyalar qurub, birdən-birə son iki əsrdə yalnız millətimizi qırıblar.
F.M.
- Düz qeyd edirsiniz. 1918-ci ildə Azərbaycanın qarşısına necə bir elita çıxdı? Əlimərdan bəy Topçubaşovu, Məhəmməd Əmin Rəsulzadəni kim yetişdirib? Rusiya işğalından sonrakı mühitdə yetişiblər. Yetişməyən kimdir? “Dəli Kür” romanında uşaqlarını Qori seminariyasına buraxmayan azərbaycanlı! Şahbaz ağanı Parisə oxumağa göndərməyən Hətəmxan ağa! Mühiti açıblar, deyiblər ki, yetiş! Burada təfəkkür tərzinin bir müqaviməti var. Kim ki, bu müqaviməti yarıb gedib, 1918-ci ildə elita yaradıb. Hətta 1990-cı illərdə biz bu elitanı tapa bilmədik. O miqyasda, Əlimərdan bəy Topçubaşov ampulasında bir adam çıxara bilmədik. Bu o deməkdir ki, DNK-mızın formalaşmasında Türkmənçay müqaviləsindən sonrakı dövrün özəl bir yeri var və artıq o tarixə də yenidən baxmalıyıq. O tarix də bizim yenidən diriliş tariximizdir. Nəyə görə? Türkmənçay müqaviləsindən sonra Axundovlar, Mirz' Cəlillər, Həsən bəy Zərdabilər bəhrə verməyə başladı. Bu baxımdan tarixə mütləq qürur yeri kimi baxılmaz. Tarixə faydalanacaq yer kimi baxılmalıdır. Nədən faydalanacağıq? Azərbaycanda tarix fəlsəfəsi inkişaf etməyib. Azərbaycanda mənbəşünaslıq, arxivşünaslıq var, gerçək mənada fəlsəfi tarixşünaslıq yoxdur. Hamı arxiv materialları əsasında bəlli bir fikir, mülahizə yürüdə bilir, amma hamı tarix haqqında fəlsəfi mülahizə yürüdə bilmir. Ona görə də tarixlə bağlı hansısa fikir söyləyəndə hamı üzərinə düşür ki, mənim oyuncağımı niyə əlimdən alırsan.
V.M.
-
Tarixə tabu kimi baxmaq olmaz.
F.M
- Bəli, bu, tamamilə yanlışdır. Bir şeyi unutmamalıyıq. Biz türk xalqının davamıyıq. Həm də İran dini sistemində formalaşan mədəniyyətin davamçısıyıq, onun içərisində formalaşmışıq. Amma biz bu gün yeni xalqıq. Biz Türkmənçaydan doğulan bir xalqıq. Siyasi coğrafiyaya görə yeni bir xalq kimi özümüz də azərbaycanlını modelini qəbul etmişiksə, artıq yeni xalq olmaqdan utanmaq lazım deyil. Bir də erməni sindromundan çıxmalıyıq. Torpağı tarixlə işğal etmirlər, ordu və diplomatiya ilə işğal edirlər. Erməni Rusiya ilə bizdən daha ağıllı münasibət qurub, Rusiya bu güc sahibi olduğu üçün torpaqlarımızı alaraq Ermənistana verib. Torpaqları azad etməyin yolu da ağıllı diplomatiya və güclü ordu quruculuğudur. Tarixə isə qürur mənbəyi kimi baxmaq, tarixdə oyalanmaq, nisgil yaşamaq... Bunlar insani duyğulardır, amma insanı yaşadan duyğular deyil. İnsanı yaşadan bu günün yeməyi, reallıqları, qonşularla münasibətdir. Ona görə də tarixdən ancaq faydalanmaq yolunu tapan millətlər ağıllı millətlərdir. Biz buna gəlməliyik. Tarixdən faydalanmaq baxımından Nuru Paşanı qeyd edirəm. Nuru Paşa bizim üçün model sərkərdədir. Bu gün Azərbaycan üçün yaxşı bir alim, yaxşı bir dövlət adamı modelinə ehtiyac var. Amma bu gün Azərbaycanın yaxşı bir sərkərdə modelinə də ehtiyacı var. Savaşı udmuş bir generalın modeli ilə Azərbaycan gəncini qəhrəmana çevirə bilərsən. Bu xətt izlənməlidir ki, uduzmayaq. Ona görə də Nuru Paşanın xatirəsini əbədiləşdirmək lazımdır.
V.M.
- Bunun üçün nə etməyi təklif edirsiniz?
F.M
- Mən yaxın günlərdə “Facebook” sosial şəbəkəsində də təklif edəcəyəm ki, Nuru Paşa həftəliyi keçirilsin. Demirəm ki, yaxşı, yaxud pis insan olduğunu təbliğ edək. Həmin həftəlikdə media quruluşlarından xahiş edəcəyəm ki, təmənnasız Nuru Paşanın real kimliyini tanıtıma açaq. Qoy əleyhinə olanlar da çıxsınlar. Nuru Paşa haqqında çəkilmiş filmləri göstərək, Qafqaz İslam Ordusunun fəaliyyətini ortaya qoyaq, Nuru Paşa ilə bağlı kitablardan iqtibaslar verək, müəyyən materiallar dərc olunsun. Bir həftə Azərbaycan cəmiyyətinin diqqətini bura çəkək ki, bu, sizin qəhrəmanınızdır. Mən gələcəkdə imkan tapıb onu edəcəyəm. Fikirləşirəm ki, hər bir azərbaycanlının evinə Nuru Paşanın gözəl, nəfis hazırlanmış portretini vermək lazımdır. Heykəl qoymaq lazım deyil. Hər bir azərbaycanlı evində atasının, qardaşının, əzizinin şəklini necə asırsa, eləcə də onun atasını, anasını, bacısını xilas etmiş Nuru Paşanın portretini asmalıdır. Özünün minnətdarlıq borcunu duyan hər bir azərbaycanlı bunu etməlidir. Biz bunu edə bilsək, bu, Azərbaycanda başqa bir duyğu yaradacaq. Biz ab-havanı xeyli dəyişə biləcəyik. Yalançı vətənpərvərliyə, pafosa girməsin, amma bu, bir şeyləri dəyişəcək.
V.M.
- Yəni deyirsiniz ki, Azərbaycan insanına Nuru Paşanı tanıtmaq lazımdır.
F.M
- Bəli. Nuru Paşanın hansı situasiyada hansı qəhrəmanlıq etdiyini görmək lazımdır. Nuru Paşaya ciddi təzyiqlər, o cümlədən beynəlxalq təzyiqlər olub. İngilis qüvvələrinin komandanı Tomson tələb qoymuşdu ki, Nuru Paşa Azərbaycanda olmamalıdır. Həyatı üçün hər cür təhlükə olan insan gedib Şuşada hərbi parad keçirirsə, Şuşada hərbi parad keçirməyi arzulayan hər bir azərbaycanlı üçün bundan gözəl model ola bilərmi?! Nəhayət, ən sonda bu, Türkiyəyə bir qardaşlıq jestimizdir. Bizim Türkiyə insanına fərq qoymadığımızı, eyni qəhrəmanı eyni cür paylaşdığımızı göstərəcək. Həm də bədbəxtlik nədir? Türkiyə cəmiyyətində də Nuru Paşanın, Ənvər Paşanın qiyməti verilməyib. Türkiyə cəmiyyətində də bəlli bir ideoloji tabulara görə onları çox qaldırmayıblar. Kazım Qarabəkir Paşanın qiyməti verilməyib, amma Naxçıvanın xilası Kazım Qarabəkir Paşanın adı ilə bağlıdır. Mən Nuru Paşa məsələsini deyəndə onları qıraqda tutmuram. Sadəcə, onların simvollaşan modeli kimi qeyd edirəm. Nuru Paşa Bakını azad edərək paytaxtımızı bizə bəxş edən, ogünkü azərbaycanlının xilaskar bir mələk kimi gördüyü insandır. 95 ildən sonra başqa azərbaycanlı Nuru Paşa bir xilaskar mələk kimi qəbul etmək istəmirsə, nəsillərin deqradasiyasını göstərməmək üçün Nuru Paşaya qiymət verməyin tərəfdarıyam.