<b>Prezident apreldə işğaldan azad olunan əraziləri açıqlayıb</b> - <span style="color: red;">YENİLƏNİB
25 iyun 2016 22:34 (UTC +04:00)

Prezident apreldə işğaldan azad olunan əraziləri açıqlayıb - YENİLƏNİB

“Aprel döyüşləri sübut etdi ki, Azərbaycanla hesablaşmaq lazımdır”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib. 

 

Dövlət başçısı deyib ki, Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, hərbi sahədə də artıq biz böyük nailiyyətlərə çata bilmişik: “Bu proses daim aparılacaq, döyüş qabilyyəti daim təkmilləşməlidir. Azərbaycan bundan sonra da qarşıda duran vəzifələri icra edəcək. Biz müharibə şəraitində yaşayırıq və hərbi sahəyə də böyük diqqət göstərilir. Bu, bizim gündəlik işimizdə əsas məsələdir və dövlət büdcəmizdə də bu siyasət öz əksini tapır”.

 

Prezident İlham Əliyev bildirib ki, uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır: “Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları, prinsipləri Ermənistan tərəfindən kobudcasına pozulur. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr icra edilmir, kağız üzərində qalır. Beynəlxalq hüquq əslində işləmir. Belə olan halda biz hərbi gücümüzü daha da artırmalıyıq. Bununla bərabər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik”.

 

Dövlət başçısı qeyd edib ki, aprel ayında Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün Azərbaycana  qarşı silahlı təxribata əl atıb, mövqelərimiz atəş altına düşüb: “Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi. Erməni təxribatı nəticəsində 6 mülki şəxs həlak oldu. Hərbçilərimiz həlak oldu, yaralı hərbçilərimiz oldu. Təbii olaraq Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaq. Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərib işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıb. Əminəm ki, bu hadisələr həm Ermənistana, həm də bu məsələlərlə məşğul olanlara cidldi siqnal olacaq. Çünki Ermənistanın istəyi bu proses  sonsuz proses kimi görmək, status-kvonu saxlamaqdır. Görəndə ki, onlara qarşı beynəlxalq vasitəçilər tərəfindən təzyiqlər artır, müxtəlif təxribatlara əl atırlar. 2014-cü ilin noyabrında da bizə qarşı silahlı təxribat törətmişdilər. Biz layiqli cavab verəndən sonra Ermənistan bundan istifadə edərək, bəhanə gətirərək demək olar ki, danışıqları dondurmuşdu.  2014-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər demək olar ki, heç bir danışıqlar aparılmırdı.  2015-ci ilin dekabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü formal xarakter daşıyırdı. Görəndə ki, bu il onlara vasitəçilər tərəfindən siyasi təzyiq artır, yeni silahlı təxribata əl atdılar. Amma əminəm ki, indi bunun acısını çəkirlər. Münaqişə tezliklə həll olunmalı, məsələ beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllini tapmalıdır”.

****

22:06

“Azərbaycanda hərbi sənaye kompleksi sürətlə inkişaf edir. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, həm də biz artıq xarici bazarlara da çıxmışıq”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib.

 

Dövlət başçısı deyib ki, Bakıda keçirilmiş hərbi sərgi bir daha göstərir ki, Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb: “Çünki birinci sərgiyə çox böyük maraq var idi. Orada nümayiş etdirilən hərbi təyinatlı məhsullar dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilmişdi. Azərbaycan onlardan bir hissəsini artıq əldə edib. Beləliklə, müxtəlif ölkələrdə ənənəvi olaraq keçirilən hərbi sərgilərlə yanaşı Azərbaycan da bu sahədə öz imzasını qoyub”.

 

Prezident İlham Əliyev bildirib ki, müxtəlif yerlərdə müharibələrdə, toqquşmalarda müşahidə olunan mənzərə ondan ibarətdir ki, texnoloji inkişaf, texniki tərəqqi digər amillərlə bərabər hərbi üstünlüyü təmin edir: " Ona görə də Azərbaycana gətirilən silah, sursat, texnika ən yüksək texnoloji səviyyəyə cavab verir. Mən bu yaxınlarda maddi-texniki təminatı daha da yaxşılaşdırmaq üçün müvafiq göstərişlər vermişəm".

 

Dövlət başçısı deyib ki, Azərbaycanın kifayət qədər maddi imkanlanı var,  müxtəlif ölkələrdən hərbi texnika, silah alır: "Bir mənbədən asılı deyilik. Bu sahədə də şaxələndirmə yolu ilə gedirik. Gələcəkdə də çalışmalıyıq ki, Azərbaycan ordusuna ən müasir texnika və silahı gətirək. Hərbçilərimiz də təlimlər keçərək, bu texnikadan istifadə etmək sahəsində böyük peşəkarlığa malikdirlər. Son vaxtlar təmas xəttində baş verənlər də bunu təsdiqlədi”.

 

Dövlət başçısı qeyd edib ki, ordunun döyüş qabiliyyətində əsgər və zabitlərin döyüş ruhu da böyük yer tutur: “Tam əminliklə deyə bilərəm ki, Azərbaycan ordusu güclü ordular sırasındadır. Ordumuzun döyüş qabiliyyəti artır, mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam-intizam yüksək səviyyədədir. Mən son illər dəfələrlə bəyan etmişdim ki, Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar