Məmmədyarov: "Ermənistan humanitar hüquq normalarını açıq-aşkar pozur"
12 may 2016 10:49 (UTC +04:00)

Məmmədyarov: "Ermənistan humanitar hüquq normalarını açıq-aşkar pozur"

 

Azərbbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin beynəlxalq məsələlər üzrə aparıcı beyin mərkəzlərindən olan Alman Xarici Siyasət Cəmiyyətində “Azərbaycan və onun qonşuluğu. Xarici və təhlükəsizlik siyasətinin çağırışları” mövzusunda geniş məruzə ilə çıxış edib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov çıxışında Azərbaycanın regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın tarazlaşdırılmış xarici siyasəti, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş danışıb.

 

Nazir beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq qətnamə və qərarlarını xatırladaraq Ermənistanın beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına əməl etmədiyini, əksinə, son vaxtlar cəbhə xəttinə yaxın ərazidə yaşayan azərbaycanlı mülki əhaliyə qarşı hücumları artırdığını və beynəlxalq humanitar hüquq normalarını açıq-aşkar pozduğunu bildirib.

 

Sonra E. Məmmədyarov tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

Bütövlükdə 150-yə qədər iştirakçının qatıldığı tədbirdə Azərbaycan Milli Məclisinin və Almaniya Bundestaqının deputatları, Almaniyanın dövlət orqanlarının təmsilçiləri, bu ölkənin siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkə diplomatları, mətbuat təmsilçiləri və tələbələr iştirak ediblər.

# 87
avatar

APA Baycan

Oxşar yazılar