“Avropa Birliyi Azərbaycanın ÜTT-yə daxil olmasını çox dəstəkləyir” - MÜSAHİBƏ
13 iyun 2014 16:40 (UTC +04:00)

“Avropa Birliyi Azərbaycanın ÜTT-yə daxil olmasını çox dəstəkləyir” - MÜSAHİBƏ

Avropa Komissiyasının prezidenti Joze Manuel Durao Barrozonun APA-ya müsahibəsi

 

- Cənab Barrozo, Ukraynada baş verən hadisələrdən sonra "Cənub Axını" layihəsini dayandırmaq təklif olunub. Bunu necə şərh edə bilərsiniz?

 

- “Cənub Axını” Avropa Birliyində istənilən digər enerji layihəsi kimi Avropanın enerji, rəqabət, dövlət satınalmaları və s. kimi qaydalarına 100% cavab verməlidir. Bu, həm də yeni qəbul edilmiş Avropa Enerji Təhlükəsizliyi Strategiyasında vurğulanır. Bu strategiya “Cənub Axını” layihəsinin AB qanunvericiliyinə tam şəkildə uyğun olmasına çağırır. Avropa Komissiyası öz-özlüyündə “Cənub Axını” layihəsinə qarşı deyil və bunu bir neçə dəfə bəyan edib. Eyni zamanda bu layihə prioritet layihə deyil, çünki o, Avropa üçün qaz təchizatı mənbələrini çoxşaxəli şəkildə inkişaf etdirmir. Avropa Komissiyası üçün “Cənub Axını” layihəsinin tənzimləyici və təşkilati quruluşunun və müvafiq hökumətlərarası sazişlərin AB qanunvericiliyinə uyğunluğu şübhəli gəlib, AK maraqlı üzv dövlətlərə bu haqda məlumat verib.

 

- Azərbaycan və AB arasında olan ümumi enerji layihələrinin həyata keçirilməsini necə qiymətləndirərdiniz? Yeni ideyalar varmı? İki tərəf arasında daha çox saziş imzalana bilərmi? 

 

- Bakı-Tbilisi-Ceyhan neft kəməri 2005-ci ildə uğurla tamamlandıqdan sonra son illərdə Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizinin tikintisi energetika sektorunda ümumi prioritetimizə çevrilib. Prezident Əliyev və mən 2011-ci ilin yanvar ayında Bakıda Cənub Qaz Dəhlizinə dair Birgə Bəyanatı imzaladıqda bu öhdəliyi vurğulamışıq. 2013-cü ilin dekabr ayında “Şahdəniz II” konsorsiumunun üzvləri tərəfindən Yekun İnvestisiya Qərarının verilməsi ilə Cənub Qaz Dəhlizinin ilk mərhələsi həyata keçib. 2020-ci ilədək Azərbaycandan Avropaya ən azı 10 milyard kub metr qaz təchiz ediləcək. Cənub Qaz Dəhlizi ilə həcmləri artırmaq və onun infrastrukturunu genişləndirmək, o cümlədən Türkmənistanla Transxəzər Boru Kəməri ətrafında aparılan danışıqlar vasitəsilə Avropa və Azərbaycan növbəti illərdə birlikdə çox yaxından işləməyə davam edəcək.

 

Avropa Birliyi maliyyə və texniki yardım göstərməklə Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi ticarətinin genişlənməsini dəstəkləyib. 2006-cı ildə imzalanmış Enerji sahəsində Əməkdaşlıq haqda Anlaşma Memorandumu çərçivəsində biz enerji sektorunda zəruri islahatların aparılmasında Azərbaycana yardım göstərəcək, gələcək üçün ümumi infrastruktur sahəsində davamlı olaraq əlavə prioritetlər müəyyən edəcəyik.

 

- Ümumdünya Ticarət Təşkilatının üzvü olmaq istiqamətində Azərbaycanın üzləşdiyi əsas problemlər hansılardır?

 

- Avropa Birliyi Azərbaycanın ÜTT-yə daxil olmasını çox dəstəkləyir. Bu, Azərbaycanın öz iqtisadiyyatını çoxşaxəli şəkildə inkişaf etdirməsi, proqnozlaşdırıla bilən və qaydalara əsaslanan işgüzar mühitin təmin edilməsi baxımından qoyduğu məqsədə nail olmasında ölkəyə yardım edə bilər. Son iki ildə Azərbaycan ÜTT-yə daxil olmaq istiqamətində yaxşı tərəqqi əldə etmiş, ÜTT-nin İnformasiya Texnologiyası Sazişinə qoşulub. Tariflərin azaldılması və xidmət ticarətinin liberallaşdırılmasına dair təkliflərin verilməsi bazara çıxış üzrə aparılan danışıqların ilk mərhələsinə daxil olmaq üçün yaxşı təməl təşkil edir. Bu danışıqlarda Azərbaycan hələ də kənd təsərrüfatı və sənaye malları, əsas xammallara qoyulan ixrac rüsumları və xarici rəqabətə hələ açıq olmayan bəzi xidmət sektorlarında ölkə bazarına çıxışla əlaqədar bəzi məsələləri ünvanlamalıdır. Azərbaycanın ÜTT-yə daxil olması prosesində canlanmış cari tempin qorunub saxlanacağına və Azərbaycanın ÜTT-yə üzv olması üçün ölkənin danışıqları tezliklə yekunlaşdıra biləcəyinə ümid edirəm.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520
avatar

Oxşar yazılar