Xəyal Bəşirov,  Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
05 iyul 2021 21:07 (UTC +04:00)

Xəyal Bəşirov,  Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Postmüharibə dönəmində mediaya dəstək qələbəmizin təminatlarından biridir

10 mart 2020-ci il tarixdə altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev ölkəmizdə genişmiqyaslı islahatlar prosesi çərçivəsində ciddi siyasi dəyişikliklərin zəruriliyinə toxundu. Siyasi islahatların aparılması üçün partiyalararası real və geniş dialoq mühitinin vacibliyini və əhəmiyyətini qeyd etdi. Dövlət başçısı həmin çıxışı zamanı artıq Azərbaycanda yeni siyasi konfiqurasiyanın yaradılması və dərinləşdirilməkdə olan islahatlar prosesinin ölkəmizin dövlət əhəmiyyətli bütün istiqamətlərini əhatə edəcəyi ilə bağlı konkret hədəflərə də toxundu. Təbii ki, ölkənin birinci şəxsi tərəfindən verilən bu mesajlar geniş vüsət almış dəyişikliklər və islahatlar prosesinin ən vacib sahələrdən biri kimi IV hakimiyyət olan Mediadan da yan keçməyəcəyinə işarə idi.

Çox təəssüflər olsun ki, bu prosesə ümumbəşəri bəlaya çevrilən pandemiya ilə yanaşı, Azərbaycanın özünün haqqını bərpa etmək üçün məcburi olaraq başlatdığı əks-hücum xarakterli azadlıq müharibəsi də müəyyən qədər ciddi maneələr törətdi. Ancaq ortada qəti iradənin və prinsipial mövqeyin olması bu maneələrin aşılmasını, pandemiya ilə yanaşı, təcavüzkar düşmənlə də uğurlu müharibənin aparılması ilə paralel qarşıya qoyulan hədəflərə mərhələli şəkildə nail olunmasını təmin etdi. Müharibənin bizim üçün qələbə ilə bitməsinə və pandemiyanın da bitməkdə olmasına baxmayaraq, uğurlu dəyişikliklər və islahatlar prosesi geniş miqyasda davam etməkdədir. 1995-ci il konstitusiyasının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri, o cümlədən də mətbuatla bağlı dövlət senzurasının qadağan olunduğu Azərbaycanda hazırda məlumat azadlığının yəni, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq, yaymaq və ümumilikdə kütləvi informasiyanın azadlığını yeni dünya şərtlərinə uyğun təmin etmək üçün çox mühüm nəzəri və praktiki işlər görülməkdədir. Bu istiqamtdə artıq ölkədə tam yeni media siyasəti formalaşdırılmış və müvafiq sahə ilə bağlı özünü doğrultmayan KİVDF-nin əvəzinə Medianın İnkişafı Agentliyi yaradıldı. Ölkədə dövlətin idarə edilməsi sahəsində kadr bazasının gəncləşdirilməsi siyasətinə uyğun olaraq bu sahəyə də gənc və peşəkar kadrların təyinatı aparıldı. İnstitusional yeniliklə yanaşı, paralel olaraq nəzəri baxımdan da dəyişikliyin aparılması məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı fərmanla “Media haqqında” qanunun hazırlanması prosesinə də başlanılıb. 

Qeyd olunan bu tədbirlərin həyata keçirilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə ən yaxşı halda mövcud proses başa çatdıqdan sonra nail olunacağı məlumdur. Ancaq həyat davam etdiyi kimi, informasiya istehsalı və onun yayılması prosesi də dayanmır. Buna görə də, atılan mühüm addımların məntiqi nəticələrini gözləmədən dövlətimiz konstitusion azadlıq olan və xüsusilə də postmüharibə dövründə informasiya mübarizəsi baxımından Azərbaycan üçün ən həssas sahələrdən biri kimi məlumat azadlığının təminatında ciddi problemlərin yaranmasının qarşısını almaq üçün medianın yanında olmaqda davam edir. Bu məqsədlə də, yeni Agentlik tərəfindən tam şəffaf və ədalətli rəqabət şəraitində çap mediası və onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlətimiz və cəmiyyətimiz üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi baxımından müsabiqə təşkil edilib. Ümumilikdə ölkədə IV hakimiyyət hesab olunan və bütün dünyada mövcud olan praktikaya uyğun olaraq Mediaya və onun inkişafına dövlət dəstəyinin göstərilməsi prosesində şəffaflığın təmin olunması üçün alternativi olmayan bu addımlar atılır. 

Bütün dünyada, hətta oxucu və izləyici sayının on dəfələrlə çox olduğu və reklam bazarının hələ on illiklər öncə formalaşdığı ölkələrdə belə analoji praktika mövcuddur və dövri olaraq media qurumlarına dövlət dəstəyi göstərilir. Əksər məqamlarla bağlı ölkəmizi müqayisə edərkən Qərb dövlətlərinə istinad edən və o ölkələri bizə nümunə gətirməyə çalışanlara yenidən eyni təcrübəyə müraciət etmələrini tövsiyə edərdim. Statistik rəqəmlərə görə insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının ən yüksək səviyyədə olduğu iddia olunan Qərb dövlətlərində Mediaya ayrılan subsidiyanın həcmi digər dünya dövlətlərindən dəfələrlə çoxdur. Xüsusilə də, planetar bəlaya çevrilən və bütün sahələrə geniş miqyasda zərər vuran pandemiya şəraitində dövlətlərin müvafiq sahəyə ədalətli və şəffaf şərtlər əsasında dəstək göstərmələri və qanunvericiliyə uyğun subsidiyalar ayırmaları əslində təqdir olunmalıdır.

Azərbaycan üçün əsaslı və ya əsassız nümunə obyekti kimi göstərilən bəzi dövlətlərin bu sahədə ən son təcrübələrinə diqqət yetirək. Məsələn, Danimarka höküməti ötən ilin ilk yarısında ölkə daxilindəki Media qurumlarına qarşıdakı dörd ili əhatə edəcək dəstək proqramına uyğun olaraq 122 milyon avro həcmində maliyyə ayırıb. Danimarka dövlətinin Mediaya dəstək adı altında həmin dörd illik proqramının ümumi dəyəri 976 milyon avro təşkil edir. Ölkənin müvafiq sahəyə məsul şəxsi olan naziri bunu “peşəkar medianın demokratiya üçün vacibliyi və dövlətin ona maddi dəstəyinin zəruriliyi” ilə izah edib.

Digər Avropa dövləti olan İsveç də, ötən ilin ilk altı ayı üçün mətbuata milli valyuta ilə 200 milyon SEK (18 milyon avro) maddi yardım ayırıb. İsveçin mədəniyyət naziri isə hökümətin bu addımına bu cür şərh verib ki, “Ənənəvi KİV-lərə maddi dəstək verilməsi təkcə medianın yaşaması üçün deyil, həm də vətəndaşların keyfiyyətli xəbərlər almaları üçün vacibdir. Bu demokratiya üçün müsbət haldır.”

İsveçə qonşu olan digər skandinaviya dövləti Norveç höküməti isə müvafiq dövr ərzində ölkə mediasına milli valyuta ilə 300 milyon NOK (27 milyon avro) maliyyə yardımı ayırıb. 

Amerika Birləşmiş Ştatlarının 2019-cu ilin dövlət büdcəsində media institutlarının həm ölkə daxilindəki, həm də xaricdəki fəaliyyəti üçün ayrı-ayrı media qurumlarına maliyyə dəstəyinin də daxil olduğu informasiya və media sahəsi üçün nəzərdə tutulan vəsaitin həcmi 661 milyon dollar idi ki, bu da əvvəlki 2018-ci illə müqayisədə 24 milyon dollar az idi.

Ümumiyyətlə ölkəmizdə özlərini vətəndaş cəmiyyəti institutlarının nümayəndələri adlandıran bir çoxlarının ağız dolusu danışdıqları Avropa və dünyanın aparıcı dövlətləri və təşkilatları mediaya maddi dəstəyi nəinki pisləmir, əksinə onu təbliğ edir və ayrı-ayrı ölkələri bu cür addımlar atmağa təşviq edirlər. Avropa ölkələrində KİV-ə dəstəyi nəzərdə tutan dövlət proqramları ATƏT-in media komissarının 2020-ci il 3 may Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə yayımlanan məruzəsində də alqışlanır və ayrı-ayrı dövlətlərə pandemiya şərtlərindən ciddi zərər görən mediaya maddi cəhətdən dəstək olmaqla bağlı çağırışlar edilir.

Azərbaycan dilində ilk mətbu nəşri olmaqla mətbuatımızın yaranmasının simvolu olan “Əkinçi qəzeti”nin 146 illiyini qeyd etməyə hazırlaşan dövlətimizi postmüharibə dövrünün amansız informasiya müharibəsi dönəmində ən çox narahat edən sahələrdən biri də mediamızdır. Biz otuz ilə yaxın dövr ərzində bizə qarşı işğalçılıq və təcavüzkar siyasəti yürüdən Ermənistana, onun havadarlarına və dünya erməniliyinə qarşı əldə etdiyimiz möhtəşəm qələbəni təkcə döyüş meydanında əldə etmədik. Bu qələbədə informasiya platformasının önəmini və əhəmiyyətini Prezident və Ali Baş Komandan İlham Əliyevin Azərbaycana informasiya müharibəsi açmış dünyanın aparıcı və nəhəng media qurumlarına verdiyi müsahibələrdəki qətiyyətli və hədəfi sərrast vuran zərbələrinin nəticələrindən bir daha görmüş olduq. Artıq geridə qalan münaqişənin və müharibənin nəticələrinin rəsmiləşdirilməsi və bütün dünya tərəfindən qəbul edilməkdə olan regionun yeni reallıqlarının tam bərqərar edilməsi baxımından media siyasətinin önəmi dövlətimiz üçün heç vaxt olmadığı qədər artmışdır. Bu baxımdan da düşünürəm ki, Azərbaycan dövlətinin və xalqının milli və dövlətçilik maraqları ilə uzlaşan informasiya siyasətimizin yürüdülməsində ən kiçik rol oynayanlar belə dövlətin diqqətindən və dəstəyindən kənarda qalmamalıdırlar.

Xəyal Bəşirov, 
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri,
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini

# 2820
avatar

Oxşar yazılar