Nikol Paşinyan
28 may 2021 13:59 (UTC +04:00)

Nikol Paşinyan

“Paşinyanın planı Rusiyaya qarşı çağırışdır” - EKSPERT

Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədində ABŞ və Fransadan olan beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə bağlı planı Rusiyaya qarşı çağırışdır.

Bu barədə APA-nın Moskva müxbirinə müsahibəsində Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, hərbi-siyasi analitik Aleksandr Perenciyev bildirib. O, Paşinyanın bu planının Rusiya ilə yanaşı həm də Türkiyəyə qarşı olduğunu söyləyib:

“Paşinyan bu bəyanatı ilə iki ölkənin sərhədində yaşanan problemi nizamlamır, əksinə, onun plan olaraq verdiyi təklif regionda vəziyyəti qeyri-stabilləşdirməyə yönəlib. Ona görə də, Paşinyanın bu təklifini təxribat hesab edirəm. Aydındır ki, ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridirlər. Lakin burada söhbət danışıqlar meydançası olan ATƏT-in Minsk Qrupundan getmir. Ermənistan Fransa və ABŞ-ın silahlı kontingentinin Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsini istəyir. Bu tamam fərqli məsələdir. Hesab edirəm ki, Paşinyanın bu planı təxribatdır və mövcud vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyır”.

“Paşinyanın məqsədi ölkəsində revanşist qüvvələri qaldırıb fransalıların köməyi ilə 44 günlük müharibə zamanı itirdikləri əraziləri faktiki qaytarmağa cəhd etməkdir”

Rusiyalı ekspert Paşinyanın məqsədinin ölkəsində revanşist qüvvələri qaldırmaq, Fransa və ABŞ sülhməramlılarının arxasında gizlənib, elə həmin fransalıların köməyi ilə 44 günlük müharibə zamanı itirdikləri əraziləri faktiki qaytarmağa cəhd etmək olduğunu söyləyib: “Belə bir misal var. Bulanıq suda balıq tutmaq. Paşinyanın işi ona bənzəyir. Paşinyan suyu bulandırır və gözləyir ki, bundan nəsə çıxacaq. Sərhədin müəyyən olunması ilə bağlı şəffaf danışıqlar, dəqiq nizamlanma prosesi Paşinyana lazım deyil”.

“KTMT Azərbaycan-Ermənistan sərhədinin müəyyən olunması məsələsinə heç vaxt maneə olmayacaq”

Perenciyev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki gərginliklərə qarışmayacağını da söyləyib: “Ermənistanın hər zaman KTMT-yə Azərbaycan ərazilərinin işğal atında qorunub saxlanılması aləti kimi baxıb. Lakin KTMT və xüsusi ilə də Rusiya bu cür alət olmaqdan imtina ediblər. Paşinyan son sərhədyanı insidentlər zamanı KTMT-nin vasitəsi ilə yenidən “sıyıq bişirmək” istəyirdi. Ermənilər özlərinin yerinə KTMT-nin həmin “sıyığ”ı yeməsini istəyirdilər. Lakin onlar bir şeyi anlamırlar ki, Azərbaycan -Ermənistan sərhədinin müəyyənləşdirməsi məhz bu iki dövlətin arasında olan məsələdir. Burada Ermənistanın müttəfiqi və müttəfiqlərindən söhbət gedə bilməz. Çünki Azərbaycan tərəfindən Ermənistan ərazisinə aqressiya təhlükəsi yoxdur. Ona görə də, KTMT-nin məlum məsələ ilə heç bir bağlılığı ola bilməz. Burada söhbət iki dövlətin sərhədinin müəyyənləşdirilməsindən gedir. Azərbaycan və Ermənistan sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı sənədi imzalamağa razılığa gəlməlidirlər. KTMT ancaq bu məsələdə yardımçı ola bilər. KTMT bu prosesə heç vaxt maneə olmayacaq. Ona görə ki, Azərbaycan Ermənistan ərazisinə heç bir hücum etmir. Aydın məsələdir ki, bu proses konfliktsiz ötüşə bilməz. Bunun üçün də yaxşı olardı ki, Azərbaycan və Ermənistan tərəfindən sərhədin müəyyənləşməsi ilə bağlı birgə komissiya yaradılsın. Həmin komissiya sərhəd xəttini dəqiq müəyyənləşdirsin. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi bu cür komissiyanın yaradılmasını istəmir. Prinsipcə, bu birgə komissiyanı yaradıb, sərhədin delimitasiyasını və demarkasiyasını həyata keçirib, sərhəd haqqında müqaviləni imzalamaq olar. Bununla da hər şeyə nöqtə qoymaq mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2376
avatar

Oxşar yazılar