Bu gün günorta saatlarında İran Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində mülki obyektləri dronla vurub. Naxçıvan Hava Limanına və Şəkərabad kənd orta məktəbinin yaxınlığına düşən dron hücumu nəticəsində 4 nəfər xəsarət alıb, infrastruktura ziyan dəyib. Naxçıvan hava limanın eniş-qalxış zolağı sıradan çıxıb.
Məsələ ondadır ki, Azərbaycan digər qonşu və dost hesab etdiyi dövlətlərlə olduğu kimi, İranla da balanslaşdırılmış qonşuluq siyasəti və diplomatik münasibətlər qurub.
Münaqişə başlayandan dərhal sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçıya zəng edərək, Azərbaycan ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dediyi fikirləri bir daha xatırladıb.
Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsi ilə bağlı bu ölkəyə başsağlığı verən nadir dünya liderlərindən biri olub. Prezident İranın Azərbaycandakı səfirliyini şəxsən ziyarət edib, başsağlığı verib.
Azərbaycan İranla sərhəd-keçid məntəqəsindən keçidi təmin edərək, həm İrandakı digər ölkə vətəndaşlarının təxliyəsinə, həm də İran vətəndaşlarının öz ölkələrinə keçidinə şərait yaradıb.
Məlumata görə, Azərbaycan İrana humanitar yardım göstərməyi də planlaşdırırmış.
Bütün bunlara baxmayaraq, molla rejimi bu gün hədəfləri arasına Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını daxil edib. İran rejiminin hədəf aldığı obyektlər isə məktəb və mülki aeroport olub.
Bu isə İran rejiminin beynəlxalq hüquqa və ölkələrin suverenliyinə hörmət etmədiyini də göstərir.
Hadisənin hüquqi aspektinə toxunan hüquqşünas Şamil Paşayev APA-ya bildirib ki, mülki əhaliyə və mülki infrastruktura qarşı həyata keçirilən belə hücumlar beynəlxalq humanitar hüququn ən ağır pozuntuları sırasına daxildir: “Belə əməllər Cenevrə Konvensiyasının kobud pozuntusu hesab olunur və beynəlxalq hüquq çərçivəsində ağır cinayət kateqoriyasına daxildir. Beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri mülki şəxslərin və mülki obyektlərin qorunmasıdır. Müharibə şəraitində belə mülki əhaliyə qarşı qəsdən hücumların həyata keçirilməsi qəti qadağandır və bu cür hallarda məsuliyyət həm dövlət səviyyəsində, həm də fərdi məsuliyyət formasında ortaya çıxa bilər.”

Şamil Paşayev, hüquqşünas
Regiondakı təhlükəsizlik mühitinə toxunan İsrail Knessetinin sabiq deputatı və akademik tədqiqatçı Elina Bordaç-Yalov isə bildirib ki, molla rejiminin davranış modeli uzun illərdir dəyişməz qalır: “Uzun illərdir ki, İran rejimi İsrailə proksi qüvvələrdən istifadə etməklə hücum edir, biz bunu Livanda Hizbullah, Suriyada İranın dəstəklədiyi silahlı qruplar, eyni zamanda İranın maliyyələşdirdiyi və silahlandırdığı Həmas vasitəsilə görmüşük. Bu model göstərir ki, rejim öz strateji maraqları ilə ziddiyyət yarandıqda digər dövlətlərin suverenliyini və təhlükəsizliyini nəzərə almağa hazır deyil”.

Elina Bordaç-Yalov, İsrail Knessetinin sabiq deputatı və akademik tədqiqatçı
Amerikalı siyasi şərhçi Peter Teyz APA-ya bildirib ki, Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu regionda onsuz da mövcud olan təhlükəsizlik gərginliyini daha da artıran hadisə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, belə insidentlər hərbi və siyasi ritorikanın sərtləşməsinə səbəb olur və regional təhlükəsizlik mühitini daha həssas vəziyyətə gətirir.

Peter Teyz, Amerikalı siyasi şərhçi
Peter Teyzin fikrincə, Yaxın Şərq və ətraf regionlarda baş verən münaqişələrin təcrübəsi göstərir ki, bu cür hərbi insidentlər tez zamanda daha geniş eskalasiya riskini artırır.
O vurğulayıb ki, Naxçıvanın təhlükəsizliyi və regional sabitlik baxımından əsas məsələ hərbi gərginliyin artmasının qarşısını almaq və diplomatik mexanizmlərin işə salınmasıdır. Ekspertin sözlərinə görə, əks halda belə hadisələr regionda daha geniş təhlükəsizlik problemlərinə səbəb ola bilər.
Regiondakı siyasi vəziyyətə diqqət çəkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov qeyd edib ki, hazırkı mərhələdə molla rejimi faktiki olaraq beynəlxalq arenada təcrid vəziyyətindədir: “Dini rejimin apardığı siyasət nəticəsində dövlətin dostları yoxdur və mövcud müttəfiqlər də hərbi-siyasi sahədə aktiv dəstək vermir. Bu vəziyyət İranın regionda və beynəlxalq sistemdə getdikcə daha çox təcrid olunmasına səbəb olub. Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikasına dronların düşməsi Azərbaycan üçün ciddi narahatlıq doğurur və bu hadisə regionda təhlükəsizlik balansına təsir edə biləcək yeni risklər yaradır.”

Zaur Məmmədov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Elmlər üzrə fəlsəfə doktoru
Beynəlxalq hüquq baxımından hava məkanının pozulması məsələsinə toxunan türkiyəli siyasətçi və siyasi elmlər üzrə akademik Ufuk Uras isə APA-ya bildirib: “Bir ölkənin hava məkanına daxil olmaq, hədəfin nə olmasından asılı olmayaraq, həmin dövlətin suverenliyinin pozulması deməkdir. Dövlətlərin ərazi bütövlüyü və hava məkanı üzərində suveren hüquqları beynəlxalq hüququn əsas prinsiplərindən biridir və bu prinsiplərin pozulması regionda gərginliyi artıran ciddi addım hesab olunur. Belə hallarda diplomatik mexanizmlərin işə düşməsi və hadisənin siyasi müstəvidə araşdırılması vacibdir.”

Ufuk Uras, türkiyəli siyasətçi və siyasi elmlər üzrə akademik
Hüquqi məsuliyyət məsələsini genişləndirən Şamil Paşayev qeyd edib ki, mülki obyektlərə qəsdən zərbə vurmaq artıq beynəlxalq hüquqda “grave breach” kimi qiymətləndirilir: “Mülki obyektlərə qəsdən zərbə vurmaq artıq ‘grave breach’ – yəni ağır pozuntu kateqoriyasına düşür və beynəlxalq cinayət məsuliyyətini doğurur. Bu cür hallarda yalnız siyasi məsuliyyət deyil, həm də hüquqi məsuliyyət məsələsi gündəmə gəlir. Həm milli məhkəmələr, həm də beynəlxalq tribunal və məhkəmələr bu kimi hadisələri araşdırmaq səlahiyyətinə malikdir və zərər çəkmiş dövlətlər beynəlxalq hüquqi mexanizmlərdən istifadə etmək hüququna sahibdir.”
Regiondakı təhlükəsizlik strategiyasına toxunan Elina Bordaç-Yalovun fikrincə, bu hadisə daha geniş təhlükəsizlik problemlərinin bir hissəsidir: “Bu, İran rejiminin əsas xarakterini ortaya qoyur. Rejim qonşularına hörmət etmir və öz ambisiyaları ilə ziddiyyət təşkil etdikdə digər dövlətlərin suverenliyini tanımır. Azərbaycanın hədəfə alınması aydın şəkildə göstərir ki, Tehran müharibənin bir hissəsi olmayan ölkələrə belə hücum etməyə hazırdır və bu, regionda təhlükəsizlik sisteminin nə qədər kövrək olduğunu bir daha nümayiş etdirir.”
Azərbaycanın diplomatik davranışına diqqət çəkən Zaur Məmmədov bildirib ki, rəsmi Bakı münaqişə başlayandan daim döst və qonşu münasibəti göstərib: “Azərbaycan Prezidenti İlham Əliyev Xameneyinin ölümündən sonra İran Prezidentinə başsağlığı verən azsaylı dövlət başçılarından biri olub. Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyi də mütəmadi olaraq iranlı həmkarları ilə əlaqə saxlayıb və rəsmi bəyanatlarla çıxış edib. Hətta müharibə başlamazdan əvvəl də Azərbaycan deskalasiya üçün mümkün səylər göstərib.”
Regional problemlərin həlli məsələsinə toxunan Ufuk Uras isə hesab edir ki, mövcud gərginlik yalnız diplomatik yollarla aradan qaldırıla bilər: “Regiondakı məsələləri həll etmək üçün diplomatiya və danışıqlar kifayətdir. Rasional olmayan, emosional və qeyri-sabit addımlar problemlərin həllinə deyil, əksinə onların daha da dərinləşməsinə səbəb olur. Dövlətlər arasında münasibətlər məntiq, qarşılıqlı hörmət və sülh prinsipləri üzərində qurulmalıdır.”
Hüquqi nəticələr barədə danışan Şamil Paşayev əlavə edib ki, belə hücumlar müharibə cinayəti kimi qiymətləndirilə bilər: “Bu cür əməllərin hamısı müharibə cinayəti kateqoriyasına daxildir və həm milli qanunvericiliyə, həm də beynəlxalq konvensiyaların tələblərinə əsasən cinayət məsuliyyəti yaradır. Vurulmuş zərərin kompensasiyası təmin edilməli, məsul şəxslər isə hüquqi məsuliyyətə cəlb olunmalıdır.”
Molla rejiminin regional strategiyasına toxunan Elina Bordaç-Yalov bildirib ki, Tehran uzunmüddətli təsir siyasəti yürüdür: “Bölgədəki bütün ölkələr bunu çox açıq başa düşməlidir: İranın əsl dostu yoxdur. Onun malik olduğu isə strateji ambisiyalar, regional genişlənmə vizyonu və böyük səbirdir. Tehran təsirini artırmaq üçün illərlə, bəzən onilliklərlə gözləməyə hazırdır.”
Azərbaycanın təhlükəsizlik imkanlarına diqqət çəkən Zaur Məmmədov isə qeyd edib ki, ölkə öz suverenliyini qorumaq üçün kifayət qədər güclü potensiala malikdir: “Azərbaycan ordusu güclü və müasir hərbi texnikaya malikdir. Ölkə həm öz ərazisində suverenliyi qoruyub saxlaya, həm də strateji məntəqələrdə lazım olan əməliyyatları həyata keçirə bilər.”
Regional əməkdaşlığın əhəmiyyətini vurğulayan Ufuk Uras Türkiyə və Azərbaycanın ortaq iradəsi və əməkdaşlığının regionda sabitlik üçün mühüm platforma olduğunu qeyd edib: “Hər iki ölkə bu gərgin vəziyyətin sakit və məntiqi müstəviyə daşınması üçün mühüm rol oynaya bilər.”
Beləliklə, Naxçıvana yönələn dron hücumu yalnız bir hərbi insident kimi deyil, həm də beynəlxalq hüquq, regional təhlükəsizlik və geosiyasi balans baxımından geniş nəticələr doğuran hadisə kimi qiymətləndirilir. İran rregional gərginiyi pik həddinə çatdırmaq əməllərindən əl çəkməklə yanaşı, Azərbaycana izahat verməli, hadisə ilə bağlı üzr istəməlidir.